İşimizi asanlaşdıran ünvan - “ASAN xidmət”...

 

Bu qurumun fəaliyyəti Azərbaycanda məmur-vətəndaş ünsiyyətinin təşkilinin təkmilləşdirilməsi, neqativ halların aradan qaldırılması, vətəndaşlara daha rahat və şəffaf xidmətlərin göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir

Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca hədəflərindən biri vətəndaşların hərtərəfli rahatlığının təmin edilməsi, onlara göstərilən xidmətlərin keyfiyyətinin ən yüksək həddə çatdırılması, vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu baxımdan, ölkəmizdə 2013-cü il yanvarın 1-dən tətbiq olunan “ASAN xidmət” (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi - Azerbaijan Service and Assessment Network) dünya təcrübəsində unikal hal olmaqla bərabər, vətəndaşların ən müxtəlif sənədləşdirmə ilə bağlı işlərini xeyli dərəcədə asanlaşdırıb.

Bu qurumun yaradılması Azərbaycanda dövlət orqanlarının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi, korrupsiyanın və rüşvətxorluğun aradan qaldırılması istiqamətində görülən işlərin ardıcıllığını təsdiq edir. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, onlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olmaq, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın yüksəlməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə, elektron xidmətlərdən daha geniş istifadə, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin yüksəldilməsidir.

Hazırda “ASAN xidmət” mərkəzlərinin sayı 3-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə olmaqla 5-ə çatdırılıb. Vətəndaşların “ASAN xidmət”ə müraciətlərinin bu qədər yüksək səviyyədə olmasını qurumun şəffaf fəaliyyəti və insanlara yaratdığı rahat imkanlarla izah etmək mümkündür.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində işin təşkili, orada vətəndaşlara göstərilən xidmət və yaradılan şəraitlə tanış olmaq üçün 1 saylı “ASAN xidmət” mərkəzində olduq. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov dedi ki, müasir cəmiyyətin, elektron idarəetmənin təmin olunmasında birbaşa əsas məqsəd insanlara xidmətin keyfiyyətliliyini təmin etməklə yanaşı, dövlət-insan formulunun ən yüksək şəffaflıq indeksini möhkəmləndirməkdir. Yeni yaranmasına baxmayaraq, “ASAN xidmət”in bu vacib funksiyanı öz üzərinə götürdüyünü deyən Anar Hüseynov qeyd etdi ki, bu addım vətəndaşların rifahının yaxşılaşdırılması və insan hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən sistemli islahatların tutarlı nümunəsidir: “ASAN xidmət”-in fəaliyyəti, əsasən korrupsiyaya qarşı mübarizəyə, yeni texnologiyaların tətbiqinə, habelə dövlət qulluqçusu-vətəndaş münasibətlərində keyfiyyətcə yeni yanaşmanın formalaşdırılmasına yönəlib”.

“ASAN xidmət” - xalqa xidmət...

“ASAN xidmət” mərkəzinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri bildirib ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə tənzimlənir. “ASAN xidmət” klassik vahid məkan prinsipinə əsaslanan 10 dövlət orqanının - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 25 hüquqi xidmətini göstərdiyi qurumdur: “Mərkəzlər, əlavə olaraq özəl şirkətlər və müəssisələrin 22 növ funksional dəstək xidmətlərini yerinə yetirir. Ümumilikdə isə, “ASAN xidmət” mərkəzləri vətəndaşları 150 xidmət növü ilə təmin edir. Əlavə xidmətlərin göstərilməsində məqsəd bir neçə məsələnin eyni vaxtdavahid məkanda həll olunmasıdır. Bütün bunlar vətəndaşların xərclərinin azaldılmasını, vaxta qənaəti, eləcə də, şəffaflığı və rahatlığı təmin edir. Bundan başqa, 108 nömrəsinə zəng edib “Çağırı mərkəzi” ilə əlaqə saxlayaraq göstərilən xidmətlərlə bağlı ətraflı məlumat əldə etmək olar. Qeyd etmək lazımdır ki, respublikanın istənilən regionundan stasionar telefonlardan 108 nömrəsinə zənglər ödənişsizdir. Bununla yanaşı, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı məlumatları www.asan.gov.az internet səhifəsindən, eləcə də, sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram) əldə etmək mümkündür.

Müxtəlif dövlət orqanlarının göstərdiyi xidmətlərin əhaliyə vahid məkandan təqdim olunması və müasir texnologiyalar vasitəsilə həyata keçirilməsi ideyasının özü “ASAN xidmət - xalqa xidmət” anlayışı ilə müəyyən olunur”.

Xidmət sizə yaxın gəlir...

Yeri gəlmişkən, Anar Hüseynov onu da vurğulayıb ki, ölkə başçısının göstərişinə əsasən, “ASAN xidmət” mərkəzi olmayan regionlarda səyyar xidmətlər göstərilir və “ASAN səyyar xidmət” “ASAN” brendinin əsasını təşkil edən xidmətlərdəndir: “Lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi avtobuslar vasitəsilə əhaliyə yerlərdə xidmət göstərilir. Bu təcrübə, özü-özlüyündə dövlət xidməti göstərilməsində unikal bir təcrübədir. “ASAN səyyar xidmət” çərçivəsində 60 mindən çox insana xidmət göstərilib. Bu yolla, vətəndaşlar, öz yaşayış və ya yerini tərk etmədən qanunla müəyyən olunmuş xidmət haqqını ödəməklə “ASAN xidmət”in xidmətlərindən yararlana bilir. Səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün pulsuzdur. “ASAN səyyar xidmət” rahat olmağı ilə yanaşı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını da təmin edir. Cari il ərzində 41 rayonun sakininə müvafiq xidmətlərin səyyar formada göstərilməsi nəzərdə tutulub”.

Bundan başqa, xidmətin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri bildirib ki, “ASAN xidmət” tərəfindən həyata keçirilən layihələr dünya təcrübəsində ilk nümunələrdən biridir: “Artıq, cari ilin fevral ayının 3-dən Bakı şəhəri üzrə də səyyar formada xidmətlərin göstərilməsinə başlanılıb. Səyyar xidmətlər dedikdə şəxs qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparmaqla onun ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər”.

7 dəqiqə ərzində cəmi 18 manat ödəməklə sürücülük vəsiqəsi...

Əlbəttə ki, belə yüksək səviyyəli xidmətin təşkili ictimaiyyətdə məmnunluqla qarşılanıb. Elə 1 saylı “ASAN xidmət” mərkəzində rəyini soruşduğumuz sakinlər də bu qənaəti ifadə etdilər. İlk həmsöhbətimiz Əhməd Osmanov “ASAN xidmət”in işindən məmnun qaldığını dedi. Müsahibim bildirdi ki, bu xidmət Bakıda yaşayan, lakin rayonlarda qeydiyyatda olan vətəndaşların rayona gedib şəxsiyyət vəsiqələrinin dəyişdirilməsində, yenidən alınmasında, sürücülük vəsiqəsinin dəyişdirilməsində yaradılan süni əngəlləri aradan qaldırdı: “Əla xidmət, xoş təbəssüm, insana sevgi... Bir sözlə, “ASAN xidmət” ölkədə sanki, yeni bir dəyər yaradır. “ASAN xidmət” bu təəssüratı mənə 7 dəqiqə ərzində cəmi 18 manat ödəməklə əldə etdiyim sürücülük vəsiqəsi üçün müraciət edərkən bağışladı”.

“ASAN xidmət” insanlarımızın həyatını asanlaşdırır

Həmsöhbət olduğumuz digər bir vətəndaş - Vaqif Rzayevbildirdi ki, “ASAN xidmət”yarandığı dövrdən insanlar ora rahatlıqla müraciət edirlər: “Hələ indiyə kimi əhali arasında “ASAN xidmət”lə bağlı neqativ heç bir fikrə rast gəlməmişəm. Hər kəs, hər bir vətəndaş rəsmi dövlət rüsumundan əlavə heç kimə heç bir ödəniş etmir. Hər şey açıq və şəffafdır. Sakinlər sənədləşmə ilə bağlı bir neçə işini 1 saatın içində eyni məkandan ayrılmadan həll edə bilirlər. Bu isə həm vaxtın, həm maddiyyatın səmərəli istifadəsini təmin edir. Mən şəxsən onlayn növbəyə yazılmışdım. Gəldiyim zaman rahat, növbə gözləmədən işimi görə bildim. Uzun müddət ala bilmədiyim, xalq arasında “kupçakimi tanınan evlərin çıxarışını dövlət rüsumunu ödəyərək rahat bir şəkildə əldə etdim. Bütün bunlar biz vətəndaşların işini asanlaşdırır. Həqiqətən də, gözəl addımdır”.

İşlərimi çox asanlıqla həll etdim...

Həmsöhbət olduğumuz İlqar Əhmədzadə də bu xidməti təqdirəlayiq hesab etdi. Onun sözlərinə görə, “ASAN xidmət” bəzi dövlət qurumlarının fəaliyyətini demək olar ki, həm asanlaşdırır, həm də yükünü azaldır: “ASAN xidmət”ə müraciət etmişəm. İşlərim cox asanlıqla həll edilib. Bunu yüksək qiymətləndirirəm. Hər bir qaydasında və ardıcıllıqla aparılır”.

 

OKTAY    

 Yeni  Azərbaycan.-2014.- 2 iyul.- S. 6.