Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
barədə AŞ PA-da səsləndirdiyi
fikirlər erməni təbliğat maşınını alt-üst edib
Prezident İlham Əliyev: Azərbaycan çox konstruktiv şəkildə çıxış edir. 20 ildən artıqdır ki, biz danışıqlar prosesinə sadiq qalmışıq. Lakin hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses daim davam edə bilməz
Xəbər verdiyimiz kimi, iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında nitq söyləyib, daha sonra parlamentarilərin suallarına tutarlı cavablar verib. Əlbəttə ki, hazırda Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edən Azərbaycana AŞ PA-da maraq böyükdür. Məhz belə bir məqamda Prezident İlham Əliyevin Öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dilə gətirməsi, Ermənistanın işğal siyasətini, beynəlxalq ictimaiyyətin münaqişəyə ikili yanaşmasını növbəti dəfə ifşa etməsi ölkəmiz üçün əlamətdar hadisə oldu.
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ BÜTÜN REGİONU TƏHDİD ALTINDA SAXLAYIR
Qeyd edək ki, çıxışı zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı danışaraq, Ermənistanın işğal siyasətinin ağır nəticələrini avropalıların diqqətinə çatdırıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib, öz torpaqlarında yaşayan azərbaycanlılar erməni silahlıları, Ermənistan ordusu tərəfindən etnik təmizləməyə məruz qalıb. “Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir” - deyə, dövlət başçısı bildirib.
Lakin bu ədalətsizlikdən zərər çəkən təkcə Azərbaycan deyil. Ermənistanın işğal siyasəti, münaqişəni uzatmağa yönələn fəaliyyəti bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olmasında əsas maneəyə çevrilib. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün regionu təhlükə altına salır.
Bəzi hallarda Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə kimi təqdim olunması da reallığı əks etdirmir. Çünki bu münaqişənin davam etməsi regionda daimi təhlükə ocağına çevrilib və işğalçı ölkənin Azərbaycanın zəbt olunmuş torpaqlarında qeyri-qanuni əməlləri münaqişəni daha da dərinləşdirir. Mövcud təhlükənin aradan qaldırılmasının yeganə yolu isə bu münaqişənin ədalətli həllini tapmasıdır.
ERMƏNİLƏR DAĞLIQ QARABAĞA SONRADAN GƏLİBLƏR
Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sözlərinin ən yaddaqalan məqamlarından biri də konfliktlə bağlı tarixi həqiqətləri aydın və birmənalı şəkildə ifadə etməsi, beynəlxalq ictimaiyyəti və erməniləri təkzibolunmaz faktlarla üz-üzə qoymasıdır. Belə ki, dövlət başçısı Öz çıxışında Dağlıq Qarabağın Azərbaycanın tarixi hissəsi olduğunu, azərbaycanlıların bölgədə əsrlər boyu yaşadığını, ermənilərin isə bu yerlərdə 2 yüz ildən az müddət öncə yaşamağa başladığını vurğulayıb.
Əlbəttə ki, ermənilərin Cənubi Qafqazda yerləşmələrinin XIX əsrdə çarizmin köçürmə siyasətinin nəticəsi olması tarixi faktlarla çoxdan təsdiqini tapmış məsələdir. Lakin bu həqiqətin beynəlxalq tribunadan səsləndirilməsi erməni yalanlarının ifşa olunması, tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından olduqca mühüm addımdır: “Artıq qeyd etdiyim kimi, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəli addır. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır”.
İRƏVAN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TƏRƏFİNDƏN ERMƏNİSTANA PAYTAXT KİMİ VERİLİB
Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi kimi, ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Erməni tərəfinin daim istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Bu yanaşma ATƏT-in Helsinki Yekun Aktının müddəalarında da əksini tapıb. Ona görə də, ermənilərin Azərbaycan torpaqlarında ikinci erməni dövlətini yaratmaq cəhdləri baş tutmayacaqdır.
Ermənilərin artıq öz müqəddəratını təyin etdiyini bildirən dövlət başçısı daha bir mühüm tarixi faktı, ermənilərin hər vəchlə qapalı saxlamağa çalışdığı tarixin daha bir səhifəsini açıb. Prezident İlham Əliyev ermənilərin, əslində Azərbaycanın tarixi torpaqları hesabına yaradılmış Ermənistan dövlətinə malik olduqlarını söyləyib: “Bəlkə də Assambleyanın bir çox üzvü bilmir. Amma erməni nümayəndə heyəti bunu, əlbəttə, bilir ki, Rusiya imperiyasının dağılması nəticəsində 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan dövlətinə verilməsi idi. Bir sözlə, onların artıq öz dövləti vardır. Onlar bununla neçə erməni dövlətinə nail olmaq istəyirlər? Onlar yaşadıqları hər bir yerdə öz dövlətini yaratmaq istəyirlər? Nəyə görə Azərbaycanda bu gün belə dövlət olmalıdır? Buna görə, öz müqəddəratını təyinetmə ərazi bütövlüyünü pozmalı deyildir”.
Keçmişə qısaca nəzər salaraq xatırladaq ki, 1918-ci il may ayının 27-də və 28-də Gürcüstan və Azərbaycanın öz müstəqilliklərini elan etdiyi zaman Cənubi Qafqazda təqribən bir əsrə yaxın müddətdə yaşayan ermənilər də dövlət yaratmaq həvəsinə düşmüşdülər, lakin yeni yaradılacaq dövlət üçün siyasi mərkəz sayıla biləcək şəhər tapa bilmirdilər. May ayının 29-da Tiflisdə Azərbaycan Milli Şurasının keçirdiyi iclasda əhalisinin çoxu azərbaycanlılar olan İrəvanın ermənilərə verilməsinin qarşılığında onlardan Azərbaycanın Qarabağ və digər bölgələrinə hücumlarını dayandırmaları tələb olunurdu. Lakin zaman göstərdi ki, Cümhuriyyət rəhbərliyinin göstərdiyi səxavət ermənilərin torpaq iştahını daha da artırdı, sonradan hadisələr hazırkı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması yönündə cərəyan etdi.
ATƏT-in FAKTARAŞDIRICI MİSSİYASI ERMƏNİSTANIN VANDALİZM ƏMƏLLƏRİNİ TƏSDİQLƏYİB
Məlumdur ki, Ermənistanın işğalçı əməlləri Azərbaycana 400 milyard dollar həcmində ziyan vurub. İşğalın, Dağlıq Qarabağ və ətraf ərazilərdə Azərbaycan xalqına məxsus izlərin silinməsini, təbii resursların istismarının davam etməsini nəzərə aldıqda zərərin həcmi ilbəil artmaqdadır. Prezident İlham Əliyev çıxışında işğal altındakı maddi-mədəniyyət nümunələrimizin dağıdılmasından da geniş bəhs edib: “Əfsuslar olsun ki, bu işğal nəticəsində tarixi abidələrimiz məhv edilib, məscidlərimiz yerlə-yeksan edilib, qəbiristanlıqlarımız dağıdılıb. İşğal edilmiş ərazilər bu gün tam məhvə məruz qalmış torpaqlardır”.
Dövlət başçısı ATƏT-in işğal edilmiş ərazilərə iki dəfə göndərilən faktaraşdırıcı və vəziyyəti qiymətləndirən missiyalarının hesabatlarında həmin ərazilərdə erməni vandallığının nəticəsinin aydın göründüyünü bildirib.
Xatırladaq ki, Azərbaycanın işğal altında olan ərazilərində ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə ATƏT-in Faktaraşdırıcı missiyasının bölgəyə 2005-ci il səfəri və 7-12 oktyabr 2010-cu il tarixlərində həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının (SQM) apardığı müşahidələrin nəticələrini əks etdirən hesabatlarda zəbt olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşdırma siyasətinin davam etdirildiyi, infrastruktur dəyişikliklərinin və iqtisadi fəaliyyətin həyata keçirildiyi təsdiqlənib. Müəyyən olunub ki, konfliktdən öncə regionda mövcud olan şəhərlər və kəndlər demək olar ki, tamamilə talan edilib və büsbütün dağıntılar altındadır. Bundan əlavə, bölgədə ciddi inzibati dəyişikliklərin həyata keçirilməsi, tarixi yer adlarının erməniləşdirilməsi də hesabatlarda əksini tapıb.
Sadalananlar Ermənistanın işğal altındakı ərazilərdə dağıdıcı fəaliyyətini davam etdirdiyini və münaqişənin təxirasalınmaz həllinin zəruriliyini əsaslandırır.
ERMƏNİSTAN RƏHBƏRLİYİ İRQÇİ SİYASƏT YÜRÜDÜR
Bildiyimiz kimi, Ermənistanın prezidenti Serj Sarkisyan başda olmaqla, bu ölkənin rəhbərliyində yer almış bir sıra şəxslər Azərbaycana qarşı işğal siyasətinin həyata keçirilməsində, soydaşlarımızın didərgin salınmasında, qətlə yetirilməsində birbaşa iştirak ediblər. Təbii ki, müharibə cinayətkarlarından formalaşmış hakimiyyətin könüllü olaraq sülh siyasəti yürüdəcəyini gözləmək doğru olmazdı.
Digər tərəfdən, Ermənistan nəinki azərbaycanlılara, istənilən fərqli toplumun nümayəndələrinə qarşı ayrı-seçkilik, irqçilik mövqeyində dayanır. Prezident İlham Əliyevin Öz çıxışında söylədiyi kimi, Ermənistanın əvvəlki prezidenti çıxışlarının birində ermənilər ilə azərbaycanlılar arasında milli uyğunsuzluğun olduğunu deyib: “Onun davamçısı, Ermənistanın indiki rəhbəri münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməz yanaşmadır. Ondan başlayaq ki, azərbaycanlıların heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə ermənilərdə bu meyar vardır. Özü də tək bizimlə deyildir. Bu gün həmin ölkə monoetnikdir. Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədən, azərbaycanlılar qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma danışıqlarda üstünlük təşkil edə bilməz”.
QƏTNAMƏLƏRİN İCRA EDİLMƏMƏSİ İKİLİ STANDARTLARDAN XƏBƏR VERİR
Qeyd edək ki, dövlət başçısı çıxışında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in Minsk qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri - Birləşmiş Ştatlar, Rusiya və Fransa prezidentlərinin dəfələrlə status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarını, AŞ PA-nın 2005-ci ildə qəbul etdiyi qətnaməni, Avropa Parlamentinin müvafiq qətnaməsini, ATƏT-in qərarlarını xatırladaraq Ermənistan qoşunlarının zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmalı olduğunu bildirib: “Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur”.
Dövlət başçısı Ermənistanın status-kvonu saxlamağa çalışdığını bəyan edib: “Azərbaycan çox konstruktiv şəkildə çıxış edir. İyirmi ildən artıqdır ki, biz danışıqlar prosesinə sadiq qalmışıq. Lakin hər kəs, o cümlədən, ermənilər anlamalıdır ki, bu proses daim davam edə bilməz”.
DANIŞIQLAR MEXANİZMİNDƏ YENİLİK TƏKLİFİ
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışında ATƏT-in Minsk qrupuna daha əlverişli alternativin olmamasına baxmayaraq, bu formatın fəaliyyətinin indiyədək səmərə vermədiyini vurğulayıb. Bu səbəbdən də dövlət başçısı Avropa Şurasının münaqişənin həllində iştirakının vacibliyini əsaslandırıb. Ölkə Prezidenti 2005-ci ildə Avropa Şurasında vəziyyət, işğal və işğala son qoymaq zərurəti ilə bağlı qətnamənin qəbulundan sonra yaradılan xüsusi komitəni xatırladaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi və komitəni boykot etməsi səbəbindən hazırda onun fəaliyyətini dayandırdığını söyləyib: “Lakin düşünürəm ki, Avropa Şurası bu məsələyə daha fəal baxmalıdır və fikrimizcə, xüsusi komitənin fəaliyyətinin bərpa edilməsi çox vacib addım olardı”.
Əlbəttə ki, Azərbaycan Prezidentinin növbəti belə konstruktiv çıxışı və təklifi münaqişənin həllini istəməyən Ermənistan üçün yeni diplomatik çətinlik deməkdir.
AZƏRBAYCAN PREZİDENTİNİN ÇIXIŞI ERMƏNİSTAN İCTİMAİYYƏTİNİ SARSIDIB
Təsadüfi deyil ki, erməni mətbuatında Azərbaycan Prezidentinin AŞ PA sessiyasında səsləndirdiyi fikirlərə geniş yer ayrılıb. Sessiyadakı çıxışı və sualları cavablandırması zamanı dövlət başçımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərə, tarixi faktlara geniş yer ayırması daim tarixi saxtalaşdırmaq yolu ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışan erməniləri çox ciddi narahat edib.
Əlbəttə ki, Ermənistan tərəfi Azərbaycan Prezidentinin yüksək informasiyalılığına, fikrini dəqiq, təkzibolunmaz arqumentlərlə əsaslandırmaq bacarığına bələd olduğu üçün AŞ PA-dakı erməni deputatlar sessiya zamanı dövlət başçımıza sual verməkdən imtina etmişdilər. İstənilən halda, erməni parlamentarilərin sual verib-verməməsinin heç nəyi dəyişmədiyi özünü aydın göstərdi. Azərbaycan həqiqətləri AŞ PA tribunasından bütün dünyaya aydın şəkildə çatdırıldı.
Erməniləri təşvişə salan digər məqam Azərbaycan Prezidentinin Öz çıxışında ölkənin milli maraqlarını qərəzli mövqedə dayanan bəzi parlamentarilər qarşısında olduqca inamla və qətiyyətlə müdafiə etməsi oldu. Öz prezidentlərinin, yəni, Serj Sarkisyanın müxtəlif ölkələrin liderləri qarşısında boynunu bükməsinə alışan ermənilər üçün Azərbaycan Prezidentinin timsalında əsl liderlik, azad iradə, müstəqil dövlətçilik nümunəsi görmək kifayət qədər sarsıdıcı olub. Əlbəttə ki, Azərbaycanın güclənməkdə, Ermənistanın isə öz işğal siyasəti nəticəsində tənəzzülə uğramaqda davam etməsi bu fərqi daha da kəskinləşdirəcəkdir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 2 iyul.- S.4.