Azərbaycanda iqtisadi islahatlar çox ciddi sosial proqramlarla təmin edilir

 

Prezident İlham Əliyev: Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub

 

Sosial-iqtisadi siyasət sahəsində varisliyin təmin edilməsi, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu kursun Prezident İlham Əliyev tərəfindən müasir çağırışlar yeni hədəflər nəzərə alınmaqla qətiyyətlə davam etdirilməsi müstəqil Azərbaycanı dinamik inkişaf mərhələsinə çıxarıb. Hazırda Azərbaycan sürətli sosial-iqtisadi inkişaf tempinə və müsbət makroiqtisadi göstəricilərinə görə dünyanın ən qabaqcıl ölkələri ilə bir sırada dayanır. İqtisadiyyatın bütün sahələrində qazanılan böyük uğurlarbu əsasda sosial məzmunlu layihələrin reallaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəlməsi son illərdə Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətdir.

Azərbaycanın dinamik iqtisadi inkişafı təmin edilib

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində respublikamızda iqtisadiyyatın keyfiyyətcə yeni səviyyəyə qalxması təmin edilib. Ölkədə modern, rəqabətqabiliyyətli və ixracyönümlü istehsalat sahələrinin sayı artıb, əsas makroiqtisadi göstəricilər daha da yaxşılaşıb. Ölkəmizin dinamik iqtisadi inkişaf göstəricilərinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına maksimal dərəcədə keçə və eyni zamanda, rəqabətədavamlı iqtisadiyyat yarada bildik”.

Son 10 ildə ümumi daxili məhsulun həcminə görə Azərbaycan dünya ölkələri arasında 40 pillə irəliləyərək 2003-cü ildəki 106-cı yerdən 2013-cü ildə 66-cı yerə yüksəlib. Ölkədə makroiqtisadi sabitlik təmin edilib, inflyasiya 2,4 faiz civarındadır. Respublikamızın strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını ötüb. Strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizini təşkil edir.

2013-cü ildə ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Sevindirici haldır ki, iqtisadiyyatımıza yatırılan investisiyalar portfelində daxili sərmayələrin həcmi üstünlük təşkil edir. Ötən il daxili mənbələrdən iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilən investisiyaların həcmi 17,5 milyard ABŞ dolları təşkil edib.

Qeyri-neft sektorunun artım dinamikası daha yüksəkdir

Azərbaycan neft ölkəsi olsa da, son illərdə burada iqtisadi inkişaf dinamikası əsasən qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı İlham Əliyevin səyləri sayəsində Azərbaycanda iqtisadiyyatın məqsədli diversifikasiyası siyasəti həyata keçirilir. Ölkəmizdə müəyyənləşdirilmiş strateji xəttə uyğun olaraq neft gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilir. Bunun nəticəsidir ki, Azərbaycan bir sıra neft ölkələrinin üzləşdikləri fəsadlardan, o cümlədən də neftdən asılılıq sindromundan yan keçə bilib.

Son illərdə respublikamızda ümumi daxili məhsulun artımı əsasən qeyri-neft sektorunun hesabına formalaşır. Ötən il qeyri-neft sektorunda 9,8 faizlik artıma nail olunub. Cari ildə isə qeyri-neft sektorunun ÜDM-də payının 60 faizi ötəcəyi proqnozlaşdırılır.

Məlum olduğu kimi, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2014-cü il Azərbaycanda “Sənaye ilielan edilib. Respublikamızda həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində ötən il qeyri-neft sənayesində məqsədyönlü tədbirlər davam etdirilib. Diqqət əsas etibarı ilə dövlət başçısının “Gələcəkdə iqtisadiyyatın, bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir” tapşırığına uyğun olaraq ənənələr, respublikanın iqtisadi potensialı nəzərə alınmaqla rəqabət və ixracqabiliyyətli məhsullar istehsal edən, müasir, innovasiyalara əsaslanan sənaye güclərinin yaradılmasına yönəldilib. Belə ki, gəmiqayırma, sement, alüminium, qızıl zavodları, karton qablar, seramik plitələr istehsal edən müəssisələr, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox iri sənaye müəssisəsi istifadəyə verilib. Hazırda respublikanın müxtəlif bölgələrində 90-dan çox müasir sənaye müəssisəsinin tikintisi davam etdirilir. Yaxın gələcəkdə ötən il təməli qoyulan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə qeyri-neft sektorunun inkişafına yeni impuls verəcək. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı yeni layihələr hazırlanarkən bir qayda olaraq regionların ənənələri və mövcud potensial əsas götürülür.

Ölkənin sosial-iqtisadi inkişafında regionların xüsusi çəkisi var

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin prioritetlərindən biri də sənaye coğrafiyasının genişləndirilməsidir. Yuxarıda gətirdiyimiz faktlardan da göründüyü kimi, istehsal sahələrinin əsasən bir məkanda-paytaxtda təmərküzləşməsi məqbul hesab edilmir, iri sənaye güclərinin həm də bölgələrdə yaradılmasına üstünlük verilir.

Ümumiyyətlə, son 10 ildə Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. 2003-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən iki Dövlət Proqramı müvəffəqiyyətlə icra edilib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Hazırda 450-dən çox müəssisənin tikintisi davam etdirilir.

Regionların tarazlı sosial-iqtisadi inkişaf siyasəti qarşıdakı illərdə də davam etdiriləcək. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair artıq icrası uğurla başa çatan iki Dövlət Proqramının davamı olaraq 2014-2018-ci illəri əhatə edən yeni Dövlət Proqramı qəbul edilib. Yeni Dövlət Proqramında qeyri-neft sektorunun inkişafı, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi, sahibkarlığın inkişafı, yol və nəqliyyat infrastrukturunun, rabitə xidmətlərinin, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması və s. istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı beynəlxalq miqyasda etiraf edilir

Ölkəmizin son 10 ildə sosial-iqtisadi sahədə qazandığı uğurlar nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. “Dünya rəqabətqabiliyyətliyi 2013-2014” hesabatında Azərbaycan artıq 5 ildir ki, MDB ölkələri arasında birincidir. Hesabatda makroiqtisadi mühit göstəricisi üzrə ölkəmiz dünyada 8-ci, ümumi milli yığımın ÜDM-ə nisbətinə görə 10-cu yerdə qərar tutubinflyasiya tempinin ən aşağı olduğu ölkə kimi qeydə alınıb.

Dünyanın nüfuzlu reytinq agentlikləri “Fitch”, “Moodys” və “Standard and Poors” Azərbaycanın investisiya səviyyəli kredit reytinqini bir daha təsdiqləyiblər. Ötən il Davos İqtisadi Forumunun Cənubi QafqazdaOrta Asiyada ilk dəfə olaraq Bakıda keçirilməsi də məhz Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək qiymətin, həmçinin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Güclü iqtisadi inkişaf etibarlı sosial rifaha yol açır

Məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi-maliyyə imkanlarının genişlənməsi öz növbəsində ölkədə genişməzmunlu sosial layihələrin həyata keçirilməsini şərtləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir.

Respublikamızda həyata keçirilən sosial siyasətin əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsindən, sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsindən, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Son 10 ildə respublikamızda orta aylıq əməkhaqqı 5,5, pensiyalar 9,3, əhalinin əmanətləri 27,2 dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə enib. Ölkədə bütün çadır düşərgələri ləğv olunub, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınıb, 140 min məcburi köçkün mənzillə təmin edilib. Haqqında bəhs olunan dövrdə ölkə üzrə 1 milyon 200 mindən çox yeni yerləri açılıb ki, onların da böyük əksəriyyəti daimidir.

Respublikamızda genişmiqyaslı sosialyönümlü layihələr reallaşdırılır. Ötən 10 il ərzində 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzinin inşa edilməsi, tarixi abidələrimizin, mədəniyyət ocaqlarının təmir-bərpa olunması bunun təsdiqidir.

Şübhə yoxdur ki, iqtisadiyyatı getdikcə güclənən Azərbaycanın dövlət siyasətində sosial sahə bundan sonra da prioritet istiqamət olaraq qalacaq.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 3 iyul.- S.2.