Azərbaycan ilə Pakistan arasında yüksək strateji
əməkdaşlıq mövcuddur
Pakistanın “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışı ilə bağlı məqalə dərc edilib
Pakistanın “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında baş redaktor, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO və Qafqaz üzrə mütəxəssis Ansar Battinin Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışı ilə bağlı məqaləsi yayılıb. Məqalədə bildirilir ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqlarının təmin edildiyini deyib. Həmçinin, dövlətimizin başçısının Azərbaycanda yüzlərlə çap mediasının fəaliyyət göstərməsi, internetin azad olması, əhalimizin 70 faizdən çoxunun internetdən istifadə etməsi ilə bağlı fikirləri yer alıb. Qeyd edilir ki, Prezident İlham Əliyev Azərbaycanın çox fəal xarici siyasəti ilə seçildiyini, ölkənin hazırda etibarlı tərəfdaş sayıldığını vurğulayıb. Dövlət başçısının beynəlxalq ictimaiyyətin bir çox üzvləri, xüsusən, Avropa ölkələri ilə fəal ikitərəfli münasibətlərin prioritetlərdən biri olması fikri oxucuların diqqətinə çatdırılır.
Müəllif məqalədə dövlət başçısının Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlarla bağlı fikirlərinə də yer verir: “Azərbaycan çoxsaylı mühüm beynəlxalq təsisatların üzvüdür. Biz bu üzvlüyü dünya ilə daha yaxşı əlaqələr qurmaq fürsəti kimi qəbul edirik. Biz Qoşulmama Hərəkatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və bir çox digər beynəlxalq təşkilatların üzvüyük”.
Prezident İlham Əliyevin Azərbaycan xalqının ikili standartlardan narahat olması ilə bağlı fikirlərini diqqətə çatdıran A.Batti dövlətimizin başçısına istinadən yazır ki, “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunur. Digər qətnamələr isə sadəcə kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir. Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanması Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o cümlədən, beynəlxalq ictimaiyyət üçün prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların qərarları kağız üzərində qalacaqdır. Həmin təşkilatlara olan etimad da azalacaq”.
Müəllif yazır ki, Prezident öz müqəddəratını təyinetmə prinsipinin ölkələrin ərazi bütövlüyünü şübhə altına salmamalı olduğunu söyləyib. Ermənilərin müstəqil dövləti olduğunu deyən dövlət başçısı vurğulayıb ki, onlar artıq öz müqəddəratını təyin ediblər. Buna görə də, tarixi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir əsas yoxdur. Nəzərə almalıyıq ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb.
Qeyd edilir ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın təhlükəsizliyə və əməkdaşlığa töhfə verdiyini vurğulayıb. “Enerji diplomatiyası vasitəsilə biz artıq regional əməkdaşlığı qurmuşuq və genişləndiririk. Bu gün planlarımız region hüdudlarından kənara çıxır. Enerji siyasətində ənənəvi tərəfdaş və müttəfiqlərlə yanaşı, bu gün biz təşəbbüslərimizə qoşulmaq üçün avropalı tərəfdaşlarımızı da dəvət edirik”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan ilə Pakistan İslam Respublikası arasında yüksək səviyyəli strateji müttəfiqlik mövcuddur. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci ilin iyunundan başlayır. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda və 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının İslamabadda səfirlikləri açılıb. 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi Azərbaycan ilə Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməsinə təkan verdi. Belə ki, Pakistan İslam Respublikası hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair atılan addımlarda Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Rəsmi İslamabadın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-də Pakistan İslam Respublikasının sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan İslam Respublikası bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər yaratmayıb.
Ulu öndər Heydər Əliyevin dəvəti ilə 1995-ci il oktyabrın 9-11-də Pakistan İslam Respublikasının keçmiş prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana ilk rəsmi səfərini edib. Bu səfər iki dövlət başçısı arasında mövcud olan xüsusi dostluq münasibətləri ruhunda yüksək səviyyədə, qarşılıqlı anlaşma şəraitində keçib və dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafında xüsusi əhəmiyyət daşıyıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hər iki ölkə başçıları bir neçə dəfə qarşılıqlı səfərlər ediblər. 1996-cı ilin aprelində Pakistan İslam Respublikası Prezidentinin dəvəti ilə Ulu öndər Heydər Əliyevin Pakistana, 2004-cü ildə Pakistan İslam Respublikasının keçmiş Prezidenti Pərviz Müşərrəfin Azərbaycan Respublikasına, 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərləri bunun əyani göstəricisidir. Səfərlər zamanı əməkdaşlığın müxtəlif sahələri ətrafında danışıqlar və fikir mübadilələri aparılıb, müvafiq istiqamətlər üzrə ikitərəfli sənədlər imzalanıb.
Bu baxımdan, 2005-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri xüsusi olaraq qeyd edilməlidir. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişafında yeni mərhələnin başlanğıcı sayılan bu səfər zamanı dövlət başçılarının görüşündə Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin strateji tərəfdaş qismində inkişafından razılıq ifadə edilib. Pakistan tərəfi Azərbaycanla birgə imzalanmış ikitərəfli sənədlərin bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Pakistan və Azərbaycan əsas problemlərə eyni mövqedən yanaşır. Məhz Kəşmir problemi barədə Azərbaycanın açıq mövqeyi və Ermənistanın Azərbaycana təcavüzünün Pakistan tərəfindən daim pislənməsi xüsusi olaraq vurğulanıb. Bildirilib ki, rəsmi İslamabad Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləyir və öz mövqeyinə hər zaman sadiq qalacaq. Digər tərəfdən, Pakistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyini vəd edib.
Azərbaycan Prezidenti İlham Əliyev də Öz növbəsində ölkələr arasındakı münasibətlərin daimi xarakter daşıdığını söyləyib. Dövlət başçısı xüsusi vurğulayıb ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsi BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və Azərbaycanın haqq işini müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir. Ölkə başçısı həm də bildirib ki, Azərbaycan tərəfi Kəşmir problemi ilə bağlı beynəlxalq müzakirələrdə həmişə Pakistanın mövqeyini müdafiə edib və bundan sonra da edəcək.
Azərbaycan ilə Pakistan arasındakı münasibətlərdə hərbi sənayenin inkişafı ilə bağlı məsələ xüsusi yer tutur. 2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında “Müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlıq haqqında” protokol və Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında” saziş imzalanıb. Bu protokol və sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi və iki ölkə arasında bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından Pakistan İslam Respublikasının Birləşmiş Qərargahlar Komitəsinin rəisi M.Ə.Xanın 2004-cü ilin avqust ayında Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edib. 2004-cü ilin oktyabr ayında Pakistan İslam Respublikasının Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyətə dair” qaldırdığı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınmasının lehinə səs verməsi beynəlxalq birliyin bu məsələnin ədalətli həlli naminə dəstəyinə ümidvar olan Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edib.
Qeyd etdiyimiz kimi,
iki ölkənin rəsmiləri
arasında keçirilən görüşlər münasibətlərin
inkişafına mühüm töhfələr
verib. 2006-cı il 5-7 may tarixlərində İqtisadi
Əməkdaşlıq Təşkilatının IX Zirvə
Toplantısında iştirak etmək məqsədilə
Pakistan İslam Respublikasının Baş
naziri Şövkət Əziz Azərbaycana
səfər edib. 2006-cı il mayın 3-də Pakistanın xarici
işlər naziri X.M.Kasuri
İqtisadi Əməkdaşlıq Təşkilatının
Zirvə Toplantısı ilə əlaqədar Bakıda səfərdə
olub. 2008-ci ildə Pakistan
Senatının Xarici əlaqələr üzrə daimi komitəsinin
nümayəndə heyəti Azərbaycana səfər edib. 2008-ci ilin
sentyabrında Bakıda keçirilmiş
İƏT üzv dövlətlərinin kənd
təsərrüfatı nazirlərinin IV toplantısında Pakistan İslam
Respublikasının nümayəndə heyəti iştirak edib. 2008-ci ilin oktyabrında isə Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin
nümayəndə heyəti Pakistana səfər
edib. Səfər zamanı
Azərbaycan-Pakistan ikitərəfli İşçi
Qrupu Forumunun da ilk iclası keçirilib. 2008-ci ilin
noyabrında isə Azərbaycanın müdafiə sənayesi
naziri Yavər Camalovun
başçılıq etdiyi nümayəndə
heyəti Pakistanın Kəraçi şəhərində təşkil
olunmuş V Beynəlxalq Müdafiə sərgisi
və seminarında (İDEAS-2008) iştirak
edib. Pakistanın Müdafiə Məhsulları
İxracının Təşviqi Təşkilatı, Pakistan Ticarət İnkişafı Agentliyi və “E-Commerce Gateway Pakistan” təşkilatının
birgə keçirdiyi sərgidə 60
ölkədən 256 şirkət iştirak
edib. Səfər çərçivəsində
iki ölkənin hərbi-sənaye
kompleksləri arasında əməkdaşlıq sahələrini
müəyyən etmək məqsədilə ekspert
qrupu yaradılıb. 2009-cu ilin may ayında isə
Pakistanın müdafiə sənayesi naziri
Abdul Qəyyum Xan Catoyun rəhbərlik etdiyi
nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı Prezident İlham Əliyev nazir A.Q.X.Catoyu qəbul edib. 2009-cu ilin avqustunda isə Pakistan Hərbi
Dəniz Qüvvələri Komandanı admiral
Noman Bəşir Azərbaycana səfərə
gəlib. 2009-cu ilin oktyabrında isə Pakistan Silahlı Qüvvələrinin Qərargah
rəisləri komitəsinin sədri general
Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana
səfər edib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul
edilən general T.Məcid ölkələrimiz
arasında müsbət əlaqələrin inkişafında
maraqlı olduqlarını bildirib. 2010-cu ilin martında Azərbaycan Respublikasının
Müdafiə Nazirliyinin nümayəndə
heyəti Pakistan İslam
Respublikasında səfərdə olub.
Səfər çərçivəsində Azərbaycan
nümayəndə heyəti Elektron Optik Cihazlar zavodu, Pakistan silah-sursat kompleksi, Taksila Ağır Sənaye zavodu,
Kamra Aviasiya Kompleksi, AERO şirkəti və Milli Radio Teleqraf
Korporasiyasının fəaliyyəti və məhsulları ilə
tanış olublar. 2010-cu ilin
aprelində ölkəmizdə səfərdə olan Pakistanın keçmiş müdafiə katibi
Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul
edilib. Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın
və tərəfdaşlıq əlaqələrimizin səviyyəsinin
razılıq doğurduğunu bildirib. Ölkəsinin Azərbaycan ilə əlaqələrinin
uğurla inkişaf
etdiyini bildirən Pakistanın müdafiə
katibi Səyid Əthar Əli ölkələrimizin
beynəlxalq forumlarda bir-birinin
mövqelərini daim dəstəkləmələrinin
önəmini qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
məsələsinin Azərbaycan üçün
ən ümdə məsələ olduğunu
vurğulayan qonaq məhz
bununla bağlı Pakistanın Ermənistanı
tanımadığını bildirib.
Ardı var
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.-3 iyul.- S. 8.