Azərbaycan ilə
Pakistan arasında yüksək
strateji əməkdaşlıq
mövcuddur
İki ölkə arasında iqtisadi əməkdaşlıq da yüksək səviyyədə inkişaf etməkdədir. İqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış Hökumətlərarası Birgə Komissiyanın indiyədək dörd iclası keçirilib.
Bir sözlə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bundan sonra da ölkələr arasında formalaşan mehriban dostluq və sıx əməkdaşlıq əlaqələrinin daha yüksək zirvəyə çatması üçün geniş imkanlar və böyük potensial mövcuddur. İki ölkə arasında humanitar sahədə əlaqələr daha yüksək səviyyədə inkişaf edib. Pakistan hökuməti tərəfindən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar dəfələrlə qaçqın və köçkünlərimizə humanitar yardımlar göstərilib. İndiyədək Pakistan İslam Respublikası Azərbaycan qaçqınlarına və məcburi köçkünlərə kömək məqsədilə geyim əşyaları və dərmandan ibarət 25 tondan artıq humanitar yardım göstərib. 2005-ci ildə Pakistan İslam Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkmiş insanlara yardım etmək məqsədilə, Azərbaycan Hökuməti tərəfindən Pakistan İslam Respublikasına əlavə olaraq bir milyon ABŞ dolları yardım edilib. Daha öncə isə 500 min ABŞ dolları və zəruri ləvazimatlarla dolu təyyarə fəlakət zonasına göndərilmişdi.
Bundan başqa, Pakistan İslam Respublikası Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Ötən ilin fevralında Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələrin soyqırımı kimi tanınması ilə bağlı qətnamə qəbul edib. Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımı pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır. Senat habelə, beynəlxalq ictimaiyyətdən Ermənistanı BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırmağı xahiş edir, eləcə də, Xocalıdakı faciəli hadisələrin günahkarlarının məsuliyyətə cəlb edilməsinə çağırmağı tələb edir.
Vurğulamaq lazımdır ki, Azərbaycan-Pakistan münasibətləri dost ölkədə də yüksək səviyyədə təbliğ olunur. Məsələn, ötən ilin iyununda Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetində “Azərbaycan Pakistanda humanitar fəaliyyətini genişləndirir” sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycanın Pakistanda həyata keçirtdiyi humanitar layihələrin genişləndirildiyi bildirilib. Vurğulanıb ki, layihələr səhiyyə, təhsil və digər sahələri əhatə edir. Yazıda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun senatorlar Hacı Qulam və Hacı Adilin dəvəti ilə Dünya Qan Donoru Günü ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Hayber Paxtunxva əyalətinin Peşavar şəhərinə səfər etdiyi qeyd edilib. Bildirilib ki, “Hər bir donor qəhrəmandır” devizi altında keçirilən tədbirin məqsədi ictimaiyyətin diqqətini könüllü donorların fədakarlıqlarına cəlb etmək olub. Məqalənin müəllifi yazır ki, qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fondunda çıxış edən D.Şikarov qurumun gördüyü işləri yüksək qiymətləndirib. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adından Həmzə Fondunun təsisçisi İcaz Əli Xana xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və iki min ədəd qanköçürmə paketini təqdim edib. Məqalədə qeyd edilib ki, D.Şikarov Peşavaraya səfəri çərçivəsində Xayber Göz Fondunda olub, bu təşkilatın nəzdində fəaliyyət göstərən göz klinikasının yeni korpusunun təməlqoyma mərasimində iştirak edib. Səfir Heydər Əliyev Fondu adından Xayber Göz Fonduna maddi yardım təqdim edib.
Yazıda qeyd olunub ki, mərasimdə iştirak edən senator Hacı Qulam Əli və Xayber Göz Fondunun sədri Malik Məhəmməd Əli Mehriban xanım Əliyevaya göstərdiyi yardıma görə minnətdarlığını bildirib, bu yardım nəticəsində bir çox imkansız insanların şəfa tapacaqları vurğulanıb.
Bu ilin yanvar ayında isə Pakistanan Xayber Paxtunxva Əyalətinin Peşavar şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin derutatı Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılışı mərasimi keçirilib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Xayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılıb, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə təşkil edilib, göz klinikasının tikintisinə maddi yardım göstərilib. Həmçinin, 2012-2013-cü illərdə Qurban bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr icra olunub.
Tədbirdə çıxış edən Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Can Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, əyalətin imkansız adamlarına göstərilən bu diqqət Mehriban Əliyevanın humanistliyinin, İslam dəyərlərinə sadiqliyin, həmçinin, xalqlarımız arasında məhəbbətin göstəricisidir. Bildirilib ki, müasir avadanlıqla təchiz olunmuş klinikada Pakistanın aparıcı oftalmoloqları çalışır və burada minlərlə imkansız insana pulsuz tibbi xidmət göstərilir.
Bu ilin fevralında isə Pakistanda Xocalı soyqırımı ilə bağlı növbəti bəyannamə qəbul edilib. “Pakistan Observer” qəzetində dərc olunan “Pakistanın tanınmış şəxsləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırırlar. “Pakistan Observer” məsələnin sülh yolu ilə həlli üçün ictimai birliyi səfərbər edir” sərlövhəli məqalədə bildirilir ki, Pakistan Senatı sədrinin müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunverici və icra orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox ictimai-siyasi xadim Xocalı soyqırımını törədənlərin qanlı əməllərini pisləyən bəyannamə qəbul edib.
Bəyannamədə keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı, təcavüz nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyi bildirilib. Sənəddə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qanlı səhifəsi olduğu qeyd edilib. Bildirilib ki, 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalıb, şəhər dağıdılıb, insanlar gülləbaran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 83 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.
Bəyannamədə deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş qırğını hərbi cinayət və ya insanlığa qarşı cinayət adlandırıb, faciənin miqyası nəzərə alınaraq bu qətliamda əli olanların məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.
Sənəddə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, eyni zamanda, BMT Baş Məclisinin sənədləri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı (Aİ), NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarları, həmçinin, digər müraciətlər xatırlanıb, bu sənədlərə əməl olunmasının vacibliyi qeyd olunub.
Bəyannamədə deyilir: “Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edir və bu məsələnin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır. Biz beynəlxalq ictimaiyyəti davamlı sülhün bərqərar olması naminə Dağlıq Qarabağ məsələsinə biganə qalmamağa, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq”.
Bəyannamənin yekununda deyilir ki, Dağlıq Qarabağ, Kəşmir və Fələstin kimi problemlər ədalətli şəkildə həll olunmayana qədər dünyada sülh təhlükə altında qalacaq.
Beləliklə, göründüyü kimi, iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu əlaqələr Azərbaycanın dünyada artan siyasi nüfuzunun və humanitar sahələrdəki fəaliyyətinin bariz göstəricisidir.
əvvəli var
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.-4 iyul.- S. 8.