Azərbaycan Meksika əlaqələri uğurla inkişaf edir

 

Bu ölkənin “Mundo Internacional” jurnalında “Azərbaycanın Milli Günü” sərlövhəli məqalə dərc olunub

Xəbər verildiyi kimi, Meksikanın “Mundo Internacional” jurnalının yay buraxılışında “Azərbaycanın Milli Günü” sərlövhəli məqalə dərc olunub. Məqalə Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Mexikoda təşkil olunmuş qəbulda ölkəmizin Meksikadakı səfiri İlqar Muxtarovun çıxışı əsasında hazırlanıb. Məqalədə 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının böyük tarixi hadisə olduğu vurğulanır. Bildirilir ki, hələ o dövrdə Azərbaycan müsəlman Şərqində qadınlara seçib-seçilmək hüququ vermiş ilk respublikadır. Şərqdə ilk operauniversitet də məhz Azərbaycanda yaradılıb. Lakin 2 il sonra məlum səbəblər üzündən Azərbaycan müstəqilliyini itirmişdir.

Yazıda qeyd olunur ki, Azərbaycan 1970-ci ildən etibarən Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yüksək inkişaf yoluna qədəm qoyub və müstəqilliyini bərpa etdikdən sonra da həmin proses davam edib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ciddi çətinliklərlə üzləşib, Ermənistanın hərbi təcavüzünə və etnik təmizləmə siyasətinə məruz qalıb, ərazisinin 20 faizi işğal altına düşüb.

Həmçinin, məqalədə Azərbaycanın artıq bu gün dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınmasından, nüfuzlu beynəlxalq təşkilatların üzvü olmasından söhbət açılır. Bildirilir ki, aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə münbit investisiya mühiti yaranıb və son on ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 5 faizə enib. Bu gün Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri arasında 39-cu yerdə qərarlaşdığı və regionda istehsal edilən ümumi məhsulun 75 faizinin ölkəmizin payına düşdüyü qeyd olunub.

Məqalədə Azərbaycan Hökuməti tərəfindən altı il bundan əvvəl Latın Amerikasında ilk olaraq Meksikada səfirliyin açıldığı, habelə artıq Argentina, Braziliya, Kolumbiya, UruqvayKubada səfirliklərinin fəaliyyətə başladığı diqqətə çatdırılır. Bildirilir ki, Meksika Hökuməti cari ildə Azərbaycanda səfirlik açmaq üçün qərar qəbul edibbu mühüm hadisə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfəsini verəcək.

Eyni zamanda, qeyd olunub ki, ötən altı ildə Azərbaycan Hökuməti Meksika iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyub. Habelə həmin dövrdə Azərbaycandan Meksikaya yüksək səviyyəli rəsmi şəxslərin səfərləri həyata keçirilib.

Sonda vurğulanıb ki, Azərbaycanda bütün azadlıqlar - ifadə azadlığı, mətbuat azadlığı, toplaşma azadlığı tam şəkildə təmin edilir və respublikamızda yüksək tolerantlıq şəraiti mövcuddur. Bütün bunlar müasir Azərbaycanın reallıqlarının bariz nümunəsidir.

Ümumiyyətlə, vurğulamaq lazımdır ki, son illərdə Azərbaycanla Meksika arasında münasibətlər daha da möhkəmlənib. Bu isə, ilk növbədə, iki ölkə münasibətlərinin möhkəm əsasa söykənməsi ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan-Meksika münasibətlərinin təməli Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən qoyulub. Meksika ölkəmizin müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər isə 1992-ci il fevralın 10-da qurulub.

2006-cı il oktyabrın 2-də Milli Məclisin qərarı ilə iqamətgahı Mexiko şəhərində olmaqla, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyinin təsis edilməsi haqqında Qanun qəbul edilib. Bundan 3 il sonra İ.Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan və Meksika parlamentlərarası səviyyədə əməkdaşlığa malikdir. Bu məqsədlə hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb. 2005-ci ildə Milli Məclisdə Azərbaycan-Meksika Parlamentlərarası Dostluq Qrupu təsis olunub. 2010-cu ilin aprelində Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu fəaliyyətə başlayıb.

2012-ci ildə isə ölkəmizə səfər edən Meksika Birləşmiş Ştatları Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo Prezident İlham Əliyevin qəbulunda olub. Görüşdə dövlət başçısı Azərbaycan ilə Meksika arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Son illərdə iki ölkə əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Meksikanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə Meksika arasında iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Meksikalı qonaq isə ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyib.

Azərbaycana səfəri çərçivəsində P.M.Ledo Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüb. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan parlamenti nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də, dünyanın bir çox ölkəsinin qanunverici orqanları ilə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, Meksika dövləti və parlamenti ilə əlaqələrin inkişaf etdirilməsi də Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir və artıq Azərbaycan-Meksika münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycanın iqtisadi potensialından, sülhün və təhlükəsizliyin təmin olunmasında dünyadakı rolundan danışan S.Seyidov ağrılı problemimiz - Dağlıq Qarabağ münaqişəsi barədə də qonağa ətraflı məlumat verib, Azərbaycanın öz gücü hesabına və dünyadakı dostlarının dəstəyi ilə torpaqlarını erməni işğalından azad edəcəyini diqqətə çatdırıb.

Porfirio Munyoz Ledo əlavə edib ki, Meksika parlamentinin hər iki palatası - SenatDeputatlar Palatası Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Qonaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli həll olunacağına və Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə əminliyini ifadə edib. O, Meksikanın mərkəzi meydanlarından birinə Ümummilli lider Heydər Əliyevin adının, birinə də Xocalı adının verilməsini iki ölkə arasında olan dostluq münasibətinin bariz nümunəsi kimi qiymətləndirib. P.Munyoz Ledo, eyni zamanda, vurğulayıb ki, Meksika müxtəlif sahələr üzrə Azərbaycanla sıx əməkdaşlıq etməkdə maraqlıdır.

Bütövlükdə, görüşdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu, Azərbaycan ilə Meksika arasında iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ümumiyyətlə, iki ölkə rəsmiləri arasında görüşlər mütəmadi olaraq keçirilir. 2006-cı ildə Meksikanın səhiyyə naziri ölkəmizdə səfərdə olub. İki ölkənin xarici işlər nazirləri və nazir müavinləri səviyyəsində dəfələrlə keçirilən görüşlər, aparılan müzakirələr və məsləhətləşmələr Azərbaycan ilə Meksikanın beynəlxalq siyasi arenada tərəfdaşlıq əlaqələrindən xəbər verir.

Bundan əlavə, iki ölkə mədəniyyət, biznes, energetika, rabitə, kənd təsərrüfatı, neft sənayesi və digər sahələr üzrə də əməkdaşlıq edir. Belə ki, 2010-cu ilin mart ayında Meksikada Azərbaycan mədəniyyəti günləri keçirilib. Həmin ilin sentyabrında isə Meksikanın biznes, siyasət və mədəniyyət dairəsini təmsil edən nümayəndə heyəti Azərbaycana səfər edərək müxtəlif nazirliklərdə, ARDNŞ, Dillər Universiteti və Azərbaycan Diplomatik Akademiyasında görüşlər keçiriblər.

Azərbaycan və Meksika arasında imzalanan sənədlər içərisində “Azərbaycan Respublikası Xarici İşlər NazirliyiMeksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyi arasında akademik diplomatik əməkdaşlıq haqqında Sazişi, “Azərbaycan Respublikası Xarici İşlər NazirliyiMeksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrin təsis edilməsinə dair Anlaşma Memorandumunu və “Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında Sazişi göstərmək olar.

Son iki ildə isə Azərbaycan-Meksika münasibətlərində əhəmiyyətli irəliləyiş gözə çarpır. Belə ki, 2012-ci ilin əvvəlində Meksikaya səfəri zamanı xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin yüksək rəsmi şəxsləri ilə görüşlər keçirib.

Meksika ilə münasibətlərin genişləndirilməsi həm də Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlıq siyasətinin tərkib hissəsidir. Ölkəmizin xarici siyasətində yeni olan bu tendensiya ondan ibarətdir ki, Azərbaycan artıq ənənəvi münasibətdə olduğu ölkələrlə əməkdaşlığı genişləndirməklə yanaşı, bu vaxtadək münasibətlərin sıx olmadığı dövlətlərlə də yeni əlaqələr yaradır. Bu çərçivədə, Latın Amerikası ölkələri, habelə Meksika ilə əməkdaşlıq hazırda diqqət mərkəzindədir. Qeyd edək ki, Prezident İlham Əliyev də çıxışlarında bu məsələyə dəfələrlə toxunaraq, ölkənin maraqlarını ifadə edib: “Latın Amerikası ölkələri ilə əlaqələrimiz daha da güclənir və qarşılıqlı səfərlərin keçirilməsi bunu göstərir. Eyni zamanda, Latın Amerikasında həm siyasi, həm də iqtisadi maraqlarımızın təmin edilməsi üçün gözəl şərait vardır. Azərbaycan investisiyaları orada tələb olunurbiz bu məsələyə çox diqqətlə baxırıq”.

Bildiyimiz kimi, bu bölgə erməni lobbisinin uzun illərdir ki, geniş fəaliyyət göstərdiyi regionlardandır. Erməni lobbisi bölgədəki nüfuzsiyasi təsir imkanlarından, birinci növbədə, qondarma “erməni soyqırımı”nı tanıtdırmaq məqsədilə istifadə edir. Lakin son dövrlərdə erməni lobbisinin fəaliyyətinə qarşı inamla əks hücuma keçən Azərbaycan rəhbərliyi və diasporu ölkə həqiqətlərinin tanıdılmasında mühüm uğurlara nail olub. O cümlədən, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər öz nəticələrini verməkdədir.

Göründüyü kimi, Azərbaycan ilə Meksika arasındakı münasibətlərin genişlənməsi hər iki ölkənin siyasi, iqtisadi maraqlarına uyğundur və hazırda əlaqələr inkişaf mərhələsindədir.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 5 iyul.- S. 8.