Hücum diplomatiyası - zəfər yolumuz

 

Dünya sisteminin və beynəlxalq təhlükəsizlik sisteminin hələ formalaşma mərhələsində olduğu bir zamanda optimal xarici siyasi strategiyanın müəyyənləşdirilməsi və həyata keçirilməsi olduqca çətindir, bir çox aktorlar üçün isə hətta qeyri-mümkündür. Həqiqətən də, müasir beynəlxalq münasibətlər müstəvisindəki reallıqlar göstərir ki, dünyanın əksər ölkələri hazırkı mürəkkəb şərtlər daxilində baş çıxarmaq iqtidarında deyillər. Mövcud beynəlxalq vəziyyət zamanın nəbzini dəqiqliklə tutmağı və anbaan dəyişən beynəlxalq aləmdən gələn impulslara çevik, düşünülmüş, milli maraqları özündə ifadə edən reaksiyanın nümayiş etdirilməsini tələb edir. Azərbaycan dövləti hazırkı olduqca mürəkkəb beynəlxalq münasibətlərin azsaylı aktorlarındandır ki, özünün unikal xarici siyasi strategiyasına malik olmaqla, milli maraqlarını yüksək səviyyədə qoruya bilir.

Sirr deyil ki, ölkəmiz Ermənistanın əsassız ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində münaqişəyə cəlb olunmuşdur. İşğalçı Ermənistan dövləti xarici havadarlarının yaxından siyasi, iqtisadi və hərbi dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini zəbt etmişdir. Belə bir şəraitdə ölkənin xarici siyasi strategiyasının trendlərinin uğurla müəyyənləşdirilməsi əlahiddə uzaqgörənlik, müdriklik sayəsində mümkün ola bilərdi. Yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müasir beynəlxalq hüququn ən güclü subyektlərindən birinə çevrilməsini təmin edən xarici siyasi strategiyanın formalaşdırılmasını şərtləndirmişdir. Ulu öndərin müəyyənləşdirdiyi həm daxili, həm də xarici fəaliyyət strategiyaları ölkənin kompleks inkişafını təmin etməklə yanaşı, həmçinin, düşmənin zərərsizləşdirilməsinə və dövlətin ərazi bütövlüyünün təmin edilməsinə yönəlmişdir. Heydər Əliyevin Azərbaycanı müstəqilliyinin ilk illərində düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün müəyyənləşdirdiyi strategiya olduqca unikal konseptual əsaslara söykənirdi. Bu strategiyada hər hansı bir təsadüfi elementin mövcudluğu qeyri-mümkün idi. Çünki onun banisi bəşər tarixinin çox nadir dahilərindən olan Heydər Əliyev idi. Ümummilli liderin əsasını qoyduğu strategiyanın istisnasız olaraq bütün elementləri Azərbaycanın tərəqqisinə, ən başlıcası isə, işğal altında olan torpaqlarımızın azad olunmasına xidmət edir. 1993-cü il oktyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə etdiyi çıxışında Ümummilli lider müstəqil dövlət üçün xarici siyasətin olduqca önəmli olmasını diqqətə çatdıraraq qeyd etmişdir: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.

Ümummilli lider Heydər Əliyev Özününqeyd etdiyi istiqamətdə qısa bir zaman kəsiyində titanik fəaliyyət həyata keçirərək, Azərbaycanın milli maraqlarına tam cavab verən xarici siyasət konsepsiyasını yaratmışdır. Ulu öndərin hakimiyyətə qayıdışının ilk vaxtlarından diqqət yetirdiyi əsas məqamlardan biri erməni təbliğat maşınını sıradan çıxarmaqla bağlı olmuşdur. Ulu öndər qısa zaman kəsiyində Ermənistanın ölkəmiz ətrafında yaratdığı informasiya blokadasını aradan qaldırmışdır. Belə ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olması haqqında dünya ictimaiyyətinə əsaslı arqumentlər təqdim etmiş və Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğal olunması faktının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyətə start vermişdir. Ardıcıl olaraq münaqişə vəziyyəti ilə bağlı əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmaqla işğalçı Ermənistanın həyata keçirdiyi siyasətin mahiyyəti haqqında obyektiv təsəvvürlər formalaşdırmaq mümkün olmuşdur. Bununla da, informasiya mübarizəsində ilk qələbələrimizi qazanmağa başladıq. Ümummilli lider ermənilərin xalqımıza, dövlətimizə qarşı törətdiyi bütün təxribatlar, vəhşiliklər haqqında ən ali tribunalardan bütün dünyanı məlumatlandırmış və cəmiyyətin bütün üzvlərini bu məsələdə fəallıq nümayiş etdirməyə çağırmışdır. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı çıxışlarından birində demişdir: “Əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir”.

Ümummilli liderin müəyyənləşdirdiyi və həyata keçirdiyi xarici siyasi strategiyanın unikallığı ondan ibarət idi ki, bu strategiya lap başlanğıcdan qalibiyyətli hücum xarakteri daşıyırdı. Məsələn, sadəcə, bir məqama diqqət yetirməklə buna əmin olmaq mümkündür. Ulu öndər Heydər Əliyev Azərbaycanla eyni mövqedən çıxış edən dövlətlərlə əlaqələri inkişaf etdirməklə yanaşı, həm də Ermənistanın maraqlarına uyğun siyasət yeridən dövlətlərlə də sıx diplomatik əlaqələrin yaradılmasına böyük əhəmiyyət verirdi. Bu, Ümummilli liderimizin xarici siyasi kursunun ən səciyyəvi xüsusiyyətlərindən biri idi. Heydər Əliyev bununla həmin dövlətlərin Azərbaycanın mövqelərindən çıxış etmələrinə nail olmağa çalışırdı. Bu mənada, Ulu öndər Heydər Əliyev erməni diasporunun güclü olduğu dövlətlərlə əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri həmin dövlətlərin rəhbərlərinə çatdırmağa çalışırdı. Bu baxımdan, Ümummilli liderin xarici siyasətində Ermənistanı ən yaxından dəstəkləyən Fransanın xüsusi yeri var idi.

Məlum olduğu kimi, Fransanın Ermənistana real təsir imkanları kifayət qədər böyükdür. Bunu nəzərə alan Ulu öndər Heydər Əliyev prezident kimi xarici dövlətlərə ilk səfərini Fransaya etmişFransa şirkətlərinin Azərbaycanda qurmaları üçün lazımi şəraiti yaratmışdır. Nəticədə, Ulu öndər Heydər Əliyevin bu səfəri zamanı Fransanın o vaxtkı prezidenti Fransua Mitteran Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan etmişdir. Göründüyü kimi, düşmən ölkəni beynəlxalq himayədən məhrum etmək, informasiya mübarizəsində ona ardıcıl, həlledici zərbələr endirmək dövlətin ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirilən strategiyanın vacib istiqamətini təşkil etmişdir.

Bu gün isə Ulu öndərin banisi olduğu mütərəqqi xarici siyasi strategiya ölkə Prezidenti İlham Əliyev tərəfindən sürətlə dəyişən dünyanın tələblərinə uyğun yeni elementlərlə zənginləşdirilərək məharətlə davam etdirilməkdədir. 2003-cü ildə keçirilən seçkilərdə xalqımızın böyük dəstəyi ilə qələbə qazanan Prezident İlham Əliyev Heydər Əliyev siyasətinə, ideyalarına sadiq qalacağına söz vermişdir. O, verdiyi sözə əməl edərək Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı daha da mükəmməlləşdirərək, ölkəmizi Ulu öndərin arzuladığı yüksək inkişaf səviyyəsinə çatdırmışdır.

Ümumiyyətlə, strateji istiqamətlərinin böyük uzaqgörənliklə müəyyənləşdirildiyi milli diplomatiyamızın başlıca məqsədlərini Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, erməni işğalına qətiyyətlə son qoyularaq, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, dövlətimizin beynəlxalq münasibətlər sisteminin ən güclü aktorlarından birinə çevrilməsi, beynəlxalq arenada milli maraqlarımızın etibarlı qorunması təşkil edir. Ölkəmizin balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa, ciddi töhfələr verməkdədir. Təsadüfi deyildir ki, məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, praqmatik təşəbbüsləri sayəsində Azərbaycan dövləti Avropada etibarlı tərəfdaş imici qazanıb və bu imic getdikcə daha da möhkəmlənməkdədir.

Məlum olduğu kimi, əksər ölkələrdə dərin siyasi, iqtisadi böhranlar hökm sürdüyü, kəskin daxili-siyasi münaqişələrin mövcud olduğu bir vaxtda Azərbaycan dinc şəraitdə davamlı inkişafını qoruyub saxlamaqdadır. Həqiqətən də, artıq bütün dünya etiraf edir ki, müasir dünyamızda münaqişələrin, xüsusilə də daxili-siyasi münaqişələrin sürətlə artdığı, beynəlxalq terrorizmin daha təhlükəli xarakter aldığı, dərin qlobal iqtisadi böhranın qaldığı və ümumiyyətlə, beynəlxalq təhlükəsizliyin kifayət qədər kövrək olduğu bir məqamda Azərbaycan dövləti sabit, stabil və təhlükəsiz bir şəkildə inkişafına davam edir. Əsl milli liderin bütün keyfiyyətlərinə malik olan ölkə Prezidentinin dəqiqliklə ölçülüb-biçilmiş, praqmatik addımları Azərbaycanı bütün təhlükələrdən və risklərdən etibarlı şəkildə qoruyub. Azərbaycan Respublikası siyasi, iqtisadi kataklizmlərlə zəngin olan müasir dünyanın tək-tək dövlətlərindəndir ki, burada əmin-amanlıq, sülh, təhlükəsizlik hökm sürürzamanla daha da möhkəmlənir. Məhz bu reallıq Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq ictimai şüurda dünyanın güc mərkəzlərinin hesablaşdığı və dərin rəğbət bəslədiyi müdrik siyasi lider obrazının formalaşmasını şərtləndirmişdir.

Ölkə Prezidenti hücum diplomatiyasını dövlətimizin xarici siyasətinin əsası kimi müəyyənləşdirmişdir. Hücum diplomatiyasının mahiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri tutarlı arqumentlərlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdan, erməni saxta təbliğat maşınını məhv etməkdən, beynəlxalq ictimaiyyəti dövlətimizin ədalətli mövqeyini dəstəkləməyə sövq etməkdən ibarətdir. Həmçinin, Azərbaycanın dostları çevrəsinin genişləndirilməsi və bununla da, Ermənistanın təklənmiş vəziyyətə salınması da ölkə Prezidentinin müəyyənləşdirdiyi və həyata keçirdiyi hücum diplomatiyasının mühüm hədəflərindəndir. Biz yuxarıda qeyd etdik ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə münasibətdə əsassız ərazi iddiaları ilə çıxış edən və torpaqlarımızı işğal altında saxlayan Ermənistanı buya digər səviyyədə dəstəkləyən dövlətlərlə daha sıx təmasların qurulmasına xüsusi diqqət yetirirdi. Həmçinin, möhtərəm Prezidentimiz İlham Əliyev də bu unikal strategiyanı davam etdirməkdədir. Belə ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanla Fransa, İran, Rusiya, Yunanıstan və s. kimi ölkələr arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Məhz Prezident İlham Əliyevin müdrik taktiki gedişləri sayəsində vaxtilə sırf “ermənilərin dostukimi səciyyələndirilən Fransa ilə münasibətlərimiz strateji xarakter almışdır. Bu gün Fransa Azərbaycan dövlətinin ikinci ticarət tərəfdaşıdır. Azərbaycan Respublikası fransız xalqının mədəni irsinin qorunmasına yaxından töhfəsini verməkdədir. Bu məqamda qeyd etmək lazımdır ki, Fransa-Azərbaycan təmaslarının sıxlaşmasında, əlaqələrinin genişlənməsində Heydər Əliyev Fondunun prezidenti, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın da xüsusi rolu olmuşdur. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Fransanın Strasburq, Versal, Normandiya kimi bölgələrində müxtəlif dəyərli layihələr həyata keçirilmişdir. Heydər Əliyev Fondu fransızlar üçün böyük mənəvi dəyər kəsb edən Luvr, Strasburq Kafedral Kilsəsi, Versal Sarayı və digər bir sıra tarixi abidələrin bərpasında yaxından iştirak etmişdir. Bütün bunlar Fransanın mədəni irsinin qorunması istiqamətində atılan böyük addımlardır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Luvr muzeyinin İslam incəsənəti departamentinin yaradılmasında iştirak etmişdir. Parisdə Azərbaycanın mədəniyyət mərkəzi fəaliyyətə başlamışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mədəni dəyərlərimizin Fransa ictimaiyyətinə yaxından tanıdılması istiqamətində də davamlı silsilə tədbirlər həyata keçirmişdir. Ən başlıcası isə, Dağlıq Qarabağ münaqişəsi ilə, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılmasında misilsiz fəaliyyət göstərmişdir və bu fəaliyyətini bu gündavam etdirməkdədir. Mehriban xanım Əliyevanın sayəsində Fransa ictimaiyyətində Azərbaycanın olduqca pozitiv imici formalaşmışdır.

Bütün bu məqamları ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının mühüm elementləri kimi nəzərdən keçirmək üçün ciddi əsaslar vardır. Qeyd etdiyimiz kimi, ölkə Prezidentinin bütün xarici siyasi fəaliyyətinin əsas istiqaməti mütləq ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlib. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa ilə əlaqələrin hazırkı yüksək səviyyəyə çatdırılması ədalətli mövqeyimizin bu ölkə tərəfindən dəstəklənməsi üçün real zəmin yaradır. Bildiyimiz kimi, Fransa Prezidenti Fransua Olland bu ilin may ayında Cənubi Qafqaz ölkələrinə rəsmi səfərini məhz Azərbaycandan başlamışdır. Nəzərə alsaq ki, üç il öncə keçmiş prezident Nikola Sarkozi Cənubi Qafqaza səfəri çərçivəsində ilk olaraq Ermənistana getmişdir, Ollandın öz səfərini Bakıdan başlaması yuxarıda qeyd etdiklərimizi bir daha sübut edir. Yəni, biz Fransaya Azərbaycanın Ermənistandan qat-qat gərəkli tərəfdaş olduğunu göstərə bilmişik. Bu həm də ondan xəbər verir ki, Fransada son dövrlərə qədər böyük fəallıq göstərən erməni lobbisinin imkanlarını ciddi şəkildə məhdudlaşdırmışıq. Bununla da Ermənistana tutarlı zərbə vurduğumuzu söyləyə bilərik.

Məlum olduğu kimi, İranın da son dövrlərə qədər işğalçı ölkəyə münasibəti bir sıra hallarda cəmiyyətimizdə müəyyən narazılıq yaradırdı. Lakin son reallıqlar ondan ibarətdir ki, Azərbaycan-İran münasibətləri yeni mərhələyə qədəm qoymaqdadır. Azərbaycan Respublikasının Prezidenti İrana sayca üçüncü rəsmi səfərini etmişdir. İranla münasibətlərin inkişaf etdirilməsi regional dövlətlərlə qarşılıqlı-faydalı, çoxtərəfli əlaqələrin inkişafına xidmət etməklə yanaşı, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi vəziyyətində İranın obyektiv mövqe nümayiş etdirməsinə nail olmağa hesablanmışdır. Bu istiqamətdə artıq uğurlarımızdan danışa bilərik. Belə ki, ölkə Prezidenti İlham Əliyevin bu ilin aprel ayında İrana sonuncu səfəri zamanı İranın Ali Dini rəhbəri Seyid Əli Xameneiİran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini aydın şəkildə dilə gətirdilər. İran Prezidenti Həsən Ruhani xüsusilə vurğulamışdır ki, Qarabağ münaqişəsinin tənzimlənməsi beynəlxalq hüququn prinsiplərinə uyğun həyata keçirilməlidir və regiondakı coğrafi sərhədlərin dəyişdirilməsinə yol verilməməlidir. Bununla da, İran Ermənistanın işğalçılıq siyasətinə və Dağlıq Qarabağın hüquqi statusunun dəyişdirilməsinə qarşı olduğunu rəsmən bəyan etmiş oldu. İranla Azərbaycan arasındakı münasibətlərin istiləşməsi regionda Ermənistanın qəti şəkildə təcrid olunmasını şərtləndirə bilər.

Son dövrlər erməni politoloqlarının özləri də etiraf etməyə başlayırlar ki, Ermənistan artıq əhəmiyyətsiz, mövqeyi nəzərə alınmayan bir subyektə çevrilmişdir. Rusiya-Azərbaycan arasında təmasların sıxlaşması Ermənistanda sözün əsl mənasında “soyuq duşeffektini verməkdədir. Rusiyanın Azərbaycanla təmasların intensivləşməsinə və əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi maraq göstərməsi Azərbaycanın Rusiya üçün strateji əhəmiyyətinin ciddi şəkildə artmasından xəbər verir. Bütün dünya ölkələri kimi Rusiya da Azərbaycanın siyasi, iqtisadi potensialını və yüksək inkişaf perspektivlərini qiymətləndirir. Azərbaycan tərəfi də öz növbəsində Rusiya ilə əlaqələrin inkişaf etdirilməsini strateji xətt kimi müəyyənləşdirmişdir və bu istiqamətdə real addımlar atmışdır. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, ictimai-siyasihumanitar sahələrdə Azərbaycan-Rusiya münasibətləri nümunə ola bilər. Rusiya ilə strateji əlaqələrin dərinləşməsi Azərbaycanın yeganə problemi olan ərazi bütövlüyünün təmin olunmasında real təsirini göstərə bilər. Təsadüfi deyildir ki, Ermənistanda artıq Dağlıq Qarabağ məsələsinin yaxın gələcəkdə yalnız Azərbaycanla Rusiya arasında müzakirə obyekti olacağı ilə bağlı fikirlər səslənməkdədir. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi unikal xarici siyasi strategiya dövlətimizin geosiyasigeoiqtisadi əhəmiyyətinin və üstünlüklərinin dünya dövlətləri, həmçinin də, Rusiya tərəfindən aydın dərk edilməsini şərtləndirmişdir. Belə şərtlər daxilində, təbii ki, Azərbaycan öz milli maraqlarını daha qətiyyətlə müdafiə etmək imkanlarına malik olur və ərazi bütövlüyünün etibarlı təmin olunacağı günü də yaxınlaşdırır.

Sadalananlar bir daha o qənaəti ifadə etməyə imkan verir ki, Prezident İlham Əliyevin xarici siyasəti hücum diplomatiyası əsasında həyata keçirməsi real nəticələrini vermişdir. Cənab Prezidentin Özününqeyd etdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində hücum diplomatiyamız artıq bəhrəsini verir. Bu unikal diplomatiya sayəsində Ermənistanın işğalçı dövlət olması artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmaqdadır. Prezident İlham Əliyev istənilən səviyyədə və formatda keçirdiyi görüşlər, apardığı danışıqlar zamanı əsas diqqəti Ermənistanın işğalçılıq siyasətinə və bu günə kimi nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyə yönəldir. Artıq Avropada aydın dərk edirlər ki, Ermənistanın qeyri-konstruktiv davranışları bütövlükdə Avropanın özünün bir sıra strateji maraqlarının təmin olunmasının qarşısını alır. Dövlətimizin reallaşdırdığı hücum diplomatiyasının real nəticəsi ondan ibarətdir ki, artıq bütün dünya Azərbaycan dövlətinin ərazi bütövlüyü məsələlərində zərrə qədər də olsa heç bir güzəştə getməyəcəyini dərk edir və qəbul edir. Son illərdə bir neçə nüfuzlu beynəlxalq və regional təşkilat tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ölkəmizin maraqlarına cavab verən qətnamələrin qəbul olunması da Prezident İlham Əliyevin hücum diplomatiyasının real uğurudur. Təhlillərimiz göstərir ki, ölkə Prezidentinin hücum diplomatiyası dünya birliyinin mütləq əksəriyyətinin Dağlıq Qarabağ problemi ilə bağlı birmənalı mövqeyinin formalaşmasını şərtləndirmişdir. Belə ki, artıq qeyd etdiyimiz kimi, ölkəmizin ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyü dərk edilir. Cənab Prezident 2013-cü ilin oktyabrının 19-da andiçmə mərasimində söylədiyi nitqində məsələ ilə bağlı demişdir: “Biz bundan sonra da siyasidiplomatik səylərimizi artıracağıq, bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasiregional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik. Eyni zamanda, bizim bu məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaqdır”.

Qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının effektivliyini Heydər Əliyev Fondunun həyata keçirdiyi kompleks fəaliyyət daha da artırmışdır. Bu fəaliyyət sayəsində Ermənistanın əsassız ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində cəlb olunduğumuz münaqişə vəziyyəti ilə bağlı reallıqları davamlı olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün olmuşdur. Artıq beynəlxalq ictimai şüurda Ermənistanın işğalçı və terroru dəstəkləyən bir dövlət imici formalaşmışdır. Beləliklə, erməni vandalizminin beynəlxalq ifşası istiqamətində Heydər Əliyev Fondu da olduqca mühüm işlər görməkdədir. Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə Heydər Əliyev Fondu xalqımızın üstün mədəni dəyərləri, zəngin tarixi keçmişi, ən əsası isə, münaqişə vəziyyətində ölkəmizin ədalətli mövqeyi haqqında dünya xalqlarında dolğun təsəvvürlərin formalaşması üçün tarixi addımlar atır. Fondun vitse-prezidenti Leyla Əliyevanın qlobal miqyasda reallaşdırdığı “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasına xidmət edir. Artıq dünyanın bir neçə ölkəsinin parlamentlərində Xocalı soyqırımı ilə bağlı sənədlərin qəbuluna nail olunmuşdur ki, bu da informasiya mübarizəsində ermənilərin ciddi məğlubliyyətini sübut edən məqamlardandır.

Beləliklə, Prezident İlham Əliyev tərəfindən böyük müdrikliklə müəyyənləşdirilmiş və ciddi ardıcıllıqla həyata keçirilən hücum diplomatiyası zəfər yolumuz olmaqla, ölkəmizin ərazi bütövlüyünün etibarlı şəkildə təmin olunacağı günü sürətlə yaxınlaşdırmaqdadır.

 

Elşad MirbƏşiroğlu,

Azərbaycan Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının dosenti,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Yeni  Azərbaycan.-2014.- 5 iyul.- S. 5.