Azərbaycan Müstəqil
Dövlətlər Birliyinin tədbirlərində
fəal iştirak edir
Təşkilatın Müdafiə Nazirləri Şurasının toplantısında ölkəmizin müdafiə naziri Zakir Həsənov iştirak edib
Azərbaycan beynəlxalq təşkilatların işində fəal iştirak edir. Bu mənada Müstəqil Dövlətlər Birliyinin (MDB) tədbirlərində də ölkəmizin fəal iştirakı qeyd olunmalıdır.
Məlum olduğu kimi, iyulun 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti toplantısı keçirilib. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib. Şura çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi və onun prioritetlərinin təyin olunması iclasın əsas müzakirə mövzusunu təşkil edib. Birlik iştirakçısı olan ölkələr arasında əlaqələrin gücləndilməsi mövzusu da daxil olmaqla iclasda 20 məsələ ətrafında müzakirə aparılıb. İclasda birlik ölkələri arasında uçuş təhkükəsizliyinin təmin edilməsi, minalardan təmizlənmə və ərazilərdə kimyəvi və bioloji qiymətləndirmənin aparılması yolları barəsində fikir mübadiləsi edilib.
İyunun 5-də isə Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 36-cı iclası keçirilib. İclasda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin nümayəndə heyəti də iştirak edib. Tərəflər Birlik ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığını və qarşılıqlı fəaliyyətini daha səmərəli etmək imkanlarını nəzərdən keçiriblər. Məsələn, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının razılaşdırılmış fəaliyyət sahələrində beynəlxalq terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə, mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa və digər cinayət növlərinə qarşı birgə mübarizə tədbirləri müzakirə edilib.
Şuranın üzvləri Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının bu ilin noyabrında Astanada keçiriləcək 37-ci iclasının ilkin gündəliyini razılaşdırıblar. Tədbir çərçivəsində, eyni zamanda, Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyi ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin başçılarını və MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevi qəbul edib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmiz Müstəqil Dövlətlər Birliyinin daxilində islahatların həyata keçirilməsində və tədbirlərdə fəal iştirak edir. Ümumiyyətlə, müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır. Belə ki, Azərbaycan-MDB münasibətləri regional əhəmiyyəti və qarşılıqlı maraqlara xidmət etməsi ilə səciyyələnir. İlk növbədə qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin əsası 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus rəhbərlərinin Minsk görüşündə SSRİ-nin buraxılması və Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında əldə etdikləri razılaşma ilə qoyulub. Daha sonra, yəni, həmin il dekabrın 21-də Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılaşmaya əsasən, quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Moldova və Ermənistan daxil olmaqla daha 8 ölkə qatılıb. Təşkilatın yaradılması Sovetlər Birliyinin dağılmasından sonra keçmiş ittifaqa daxil olan respublikaların bir-biri ilə bağlı olan iqtisadiyyatının bərpası yönündə atılmış bir addım idi. Məlum olduğu kimi, Sovet imperiyasının parçalanması ərəfəsində ittifaq respublikaları arasında uzun illər boyu mövcud olan mədəni, mənəvi, iqtisadi əlaqələr xeyli zəifləmişdi. 1991-ci ilədək mövcud olan çoxşaxəli əlaqələrin birdən-birə kəsilməsi isə həmin ölkələrdəki sosial-iqtisadi vəziyyətə mənfi təsir göstərmişdi. Bu səbəbdən, belə bir qurumun yaradılması keçmiş ittifaq respublikaları arasında qarşılıqlı münasibətlərin bir-birinə hörmət və milli dövlət maraqları çərçivəsində davam etdirilməsinə şərait yaratdı. Müstəqil Dövlətlər Birliyinin strukturuna Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Parlamentlərarası Assambleya, 1993-cü ildən Minskdə fəaliyyət göstərən İcraedici Katiblik daxildir. Təşkilatın digər orqanları içərisində Xarici İşlər Nazirləri Şurasını, MDB ölkələrinin Müdafiə Nazirləri Şurasını, Sahəvi əməkdaşlıq orqanını, Xarici İqtisadiyyat Təsisatların Rəhbərlərinin Şurasını, Neft və Qaz üzrə Hökumətlərarası Şuranı və İqtisadiyyatın digər sahələri üzrə rəhbərlərin hökumətlərarası şurasını göstərmək olar. Vurğulamaq gərəkdir ki, Azərbaycanın Müstəqil Dövlətlər Birliyi ilə əməkdaşlığında iqtisadi maraqların təmini mühüm əhəmiyyət kəsb edir. Keçmiş SSRİ ölkələri arasında dövlətlərarası siyasi və iqtisadi münasibətlərin inkişafı məqsədini daşıyan bu əməkdaşlıq hazırda daha çox üzv ölkələr arasında iqtisadi inteqrasiyanın konkret çərçivələrinin müəyyənləşdirilməsinə və reallaşdırılmasına xidmət edir. Bu əlaqələrin inkişafına önəm verən Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə daxil olması ilə əlaqədar 1993-cü il noyabrın 5-də Nazirlər Kabinetinin yanında Dövlətlərarası ticarət-iqtisadi münasibətlərin əlaqələndirilməsi Komissiyasının yaradılması haqqında qərar qəbul olunub. Qərara əsasən, qurumun əsas vəzifələri sırasında respublikalararası ticarət-iqtisadi sazişlərin bağlanmasına dair bütün hazırlıq işlərinin yerinə yetirilməsi, bağlanmış sazişlərin həyata keçirilməsinə nəzarət edilməsi, bu zaman meydana çıxan məsələlərin həlli üçün müvafiq sənədlərin hazırlanması və onların həyata keçirilməsi, öz iclaslarında respublikalararası ticarət-iqtisadi əlaqələr sahəsində işin təşkili və yerinə yetirilməsi üzrə nazirliklərin, baş idarələrin, müəssisə və təşkilatların rəhbərlərinin hesabat və məlumatlarının dinlənilməsi müəyyənləşdirilib.
Azərbaycan Respublikası bir sıra Müstəqil Dövlətlər Birliyi ölkələri ilə azad ticarət rejimini yaradıb, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunub. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyi çərçivəsində bir sıra mühüm sənədlər qəbul olunub. Bunların içərisində Müstəqil Dövlətlər Birliyinin 2020-ci ilə qədərki dövr üçün iqtisadi inkişaf strategiyasını, MDB-nin 2020-ci ilə qədərki dövr üçün iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin (2009-2011-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planını, 2003-2010-cu illərdə iqtisadi sahədə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər arasında əməkdaşlığın səmərəliliyinin artırılması və inkişafına yönəlmiş tədbirlərin İcra Planını, MDB-yə üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələr, sosial-iqtisadi vəziyyəti əks etdirən, eyni zamanda, inkişaf perspektivləri haqqında illik məcmuələri nümunə göstərə bilərik. Azərbaycanla Müstəqil Dövlətlər Birliyi arasındakı əməkdaşlıqdan danışarkən bir vacib məqamı da qeyd etmək yerinə düşər. Heç kəsə sirr deyil ki, keçmiş SSRİ-nin dağılması ərəfəsində bir sıra regionlarda alovlanan münaqişə ocaqları bu gün hələ də qalmaqdadır. Xüsusən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükə daşıması baxımından tezliklə ədalətlə həll edilməsi vacib olan problemdir. Məlum olduğu kimi, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişədə Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal olunub, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, ölkəmizə milyardlarla dollar məbləğində maddi zərər dəyib. Hazırda Ermənistanın işğal altındakı ərazilərdə həyata keçirdiyi talan siyasəti dəyən zərərin miqdarını və miqyasını genişləndirir. Nəticədə, Ermənistanın aqressiv siyasəti bu gün bütün Avrasiyada olduğu kimi, Müstəqil Dövlətlər Birliyi məkanında da ən önəmli regionlardan olan Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq mühitinə zərbə vurub. Müstəqil Dövlətlər Birliyinin üzvü kimi, Azərbaycanla Ermənistan arasında belə bir konfliktin mövcudluğu təşkilat daxilindəki birlik, əməkdaşlıq mühitinə, eləcə də, bu çərçivədə inteqrasiya proseslərinə mənfi təsir göstərir. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dağlıq Qarabağ münaqişəsinə münasibətinə gəlincə, Ermənistan istisna olmaqla, digər ölkələr Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin ayrı-ayrılıqda konfliktlə bağlı mövqeyi münaqişənin sülh yolu ilə ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin vacibliyindən ibarətdir. Təşkilata üzv ölkələrin bir çoxu BMT-nin, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasını tələb edən qərar və qətnamələrinin qəbulunda iştirak ediblər. Bu fakt da üzv ölkələrin Ermənistanın işğalçı siyasətinə mövqeyini ifadə edir. Təşkilatın fəaliyyətində ən aparıcı rol oynayan ölkə olan Rusiyanın, eyni zamanda, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq, Azərbaycan ictimaiyyəti Müstəqil Dövlətlər Birliyindən məsələ ilə bağlı daha qətiyyətli mövqe gözləməkdə haqlıdır.
Və sonda onu da bildirək ki, Azərbaycan həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində keçirilən tədbirlərdə ev sahibi kimi də fəal rol oynayır. Bu istiqamətdə sonuncu belə tədbir iyunun 4-də baş tutub. Belə ki, həmin tarixdə Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının (MDB GXRŞ) 59-cu iclası keçirilib. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev qonaqları salamlayaraq ümidvar olduğunu bildirib ki, onlar Azərbaycanın nailiyyətləri, ölkəmizin mədəniyyəti, milli mətbəxi və görməli yerləri ilə tanış ola biləcəklər. Aydın Əliyev may ayında Azərbaycana idxal edilmiş avtomobillərin sayının azalması məsələsinə toxunaraq qeyd edib ki, avtomobil bazarında boşluq yaranmayacaq. DGK sədri daha sonra deyib: “Azərbaycana gətirilən avtomobillər yalnız buraxılış ili göstəricisinə əsasən idxal edilmir. Maşınlara baxış keçirilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə zəruri nəzarət tədbirləri həyata keçirilir”.
İclasda 2014-cü il üçün MDB GXRŞ katibinin təyin edilməsi, Şuranın əvvəlki iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi məsələlərinə baxılıb, malların təkrar ixracı və təkrar ixraca icazə verilməsi qaydalarına dair 15 aprel 1994-cü il tarixli sazişə dəyişikliklər edilməsi haqqında protokolun layihəsi, MDB ölkələrinin gömrük bəyannaməsi və onun doldurulması qaydaları, internet-ticarət problemləri, habelə MDB GXRŞ-nin 60-cı iclasının keçiriləcəyi vaxt və yer məsələsi müzakirə edilib. Sonda Azərbaycan və Moldovanın gömrük xidmətləri arasında saziş imzalanıb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 8 iyul.- S. 8.