Azərbaycan-Gürcüstan əlaqələri
dərin tarixi köklərə əsaslanır
David Usupaşvili: Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür
Xəbər verildiyi kimi, Gürcüstan parlamentinin sədri David Usupaşvili iyulun 6-da Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar. David Usupaşvili aeroportda jurnalistlərə müsahibəsində bildirib ki, səfərin məqsədi Azərbaycan ilə Gürcüstanın qanunverici orqanları arasında müxtəlif sahələri əhatə edən, məsələləri o cümlədən, iqtisadi və hüquqi sahədə qarşılıqlı əməkdaşlıq məsələlərini ətraflı müzakirə etməkdir.
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Parlamentlərimiz arasında əlaqələrin önəmini vurğulayan Prezident İlham Əliyev parlamentlərarası, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafından məmnunluğunu ifadə edib. Prezident qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, parlamentlər arasında əlaqələrin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini bildirib.
Gürcüstan parlamentinin sədri David Usupaşvili isə öz növbəsində rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində məqsədin iki ölkə parlamentləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsindən ibarət olduğunu bildirib. Qonaq qarşılıqlı-faydalı və strateji münasibətlərimizin qurulması işində deputatların rolunu qeyd edərək, Gürcüstanda yeni seçilmiş parlamentin Azərbaycan ilə bundan sonra da uğurlu əməkdaşlığı davam etdirəcəyini məmnunluqla vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb. Azərbaycan-Gürcüstan əlaqələrinin dərin tarixi köklərə əsaslandığını deyən Baş nazir Artur Rasizadə hər iki ölkənin prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan və Gürcüstan parlamentlərinin uğurla əməkdaşlıq etdiyini bildirən Baş nazir bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib. Baş nazir Artur Rasizadə Azərbaycanın və Gürcüstanın bir sıra iri regional iqtisadi layihələr həyata keçirdiyini və “Bakı-Tbilisi-Qars” dəmiryol xəttinin tikintisinin başa çatmaq üzrə olduğunu bildirib. Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib, Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü deyib. Artur Rasizadə Ermənistanın işğalçılıq siyasətinin region üçün təhlükə olduğunu, bu siyasətdən Ermənistanın özünün də əziyyət çəkdiyini bildirib. Baş nazir Ermənistanın hazırkı rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımının törədildiyini diqqətə çatdırıb.
Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkəsinin Azərbaycanın iqtisadi və siyasi sahədə təcrübəsi ilə yaxından maraqlandığını deyib. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirərək bunun üçün regionda sabitliyin vacib amil olduğunu vurğulayıb. David Usupaşvili, həmçinin, Gürcüstanın iki ölkə parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Azərbaycan Respublikasının Milli Məclisində də olub. Gürcüstan parlamentinin sədri Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev xatirə zalı ilə tanış olub. Xatirə zalında Ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar David Usupaşvilidə dərin təəssürat yaradıb. Qonaq xatirə kitabına ürək sözlərini yazıb. Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri David Usupaşvili arasında təkbətək görüş keçirilib. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Oqtay Əsədov bildirib ki, bu cür səfərlər ölkələrimiz, eləcə də parlamentlərimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir.
Azərbaycan-Gürcüstan əlaqələrinin qədim tarixi köklərə malik olduğunu xatırladan Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkənin xalqları arasında da dostluq və qardaşlıq münasibətləri var. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəviyə qalxıb. Sevindirici haldır ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin möhkəm hüquqi bazaya malik olduğunu deyən Oqtay Əsədov vurğulayıb ki, bu günə qədər iki ölkə arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 660 milyon dollardan yuxarı olub.
Azərbaycanın və Gürcüstanın iştirakı ilə regionda reallaşdırılan irimiqyaslı layihələrə toxunan Oqtay Əsədov “Bakı-Tbilisi-Qars” dəmiryol xəttinin ilin sonuna qədər yekunlaşacağını qeyd edib. Milli Məclisin sədri hər iki ölkənin parlamentləri arasında da yüksək səviyyəli münasibətlərin olduğunu bildirib, əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin önəmini qeyd edib. O.Əsədov hər iki ölkənin parlament nümayəndələrinin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələrinin əhəmiyyətli olduğunu vurğulayıb.
Oqtay Əsədov Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə üçtərəfli formatda keçirilən görüşlərin önəmli olduğunu bildirib, bu cür görüşlərin parlamentlərin komitələri arasında da keçirilməsini yüksək qiymətləndirib.
Azərbaycanda səfərdə olmasından məmnunluğunu bildirən Gürcüstan parlamentinin sədri David Usupaşvili isə bu görüşün iki ölkə arasındakı münasibətlərin müzakirəsi baxımından önəm kəsb etdiyini bildirib. David Usupaşvili deyib: “Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Biz bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsini istəyirik. Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür”.
David Usupaşvili iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını bildirib. Gürcüstan parlamentinin sədri, həmçinin, ölkələrimizin birgə həyata keçirdikləri layihələrin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da iyulun 7-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb. Görüşdə Elmar Məmmədyarov Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu söyləyib, ölkələrimizin irimiqyaslı regional layihələrin həyata keçirilməsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Nazir Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafında parlamentlərarası diplomatiyanın kəsb etdiyi əhəmiyyətdən danışaraq bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistanın bölgədəki inkişaf proseslərindən və regional layihələrdən kənarda qalmasının əsas səbəbinin bu ölkənin işğalçı siyasəti ilə bağlı olduğunu deyib. Gürcüstan parlamentinin sədri David Usupaşvili Azərbaycanın regionun sabitliyinə və inkişafına mühüm töhfə verdiyini söyləyib.
O, Azərbaycan ilə Gürcüstan arasında dostluq və mehriban qonşuluq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirib və hər iki ölkənin parlamentinin bu xüsusda töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və regional layihələr barədə fikir mübadiləsi aparılıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə arasında birgə iqtisadi komissiya fəaliyyət göstərir. Bundan başqa, hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb və xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur.
Heç şübhəsiz, hər iki ölkə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Digər tərəfdən, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunub. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir. 2008-ci il mart ayının 14-də BMT Baş Məclisində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib.
Qeyd etdiyimiz
kimi, Azərbaycanla Gürcüstan
strateji tərəfdaş ölkələrdir
və dövlətlər arasında münasibətlər
yüksək səviyyədədir. Hər iki dövlət arasında siyasi,
iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib
çatmasında Azərbaycan və Gürcüstan
xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban
qonşuluq münasibətləri mühüm baza rolunu oynayır. Son
illərdə ölkələrimiz arasında mehriban
dostluq və qardaşlıq münasibətlərinin
daha da möhkəmlənməsi
hər iki respublikanın parlaq
gələcəyinin təmin olunması üçün
möhkəm əsas yaradır.
Sadayoğlu, Pərviz.
Yeni Azərbaycan.-2014.- 9 iyul.-
S. 8.