Azərbaycan-Gürcüstan əlaqələri dərin tarixi köklərə əsaslanır

 

Digər tərəfdən, Gürcüstan rəsmilərinin timsalında dəfələrlə bəyan edilib ki, Azərbaycanın mövcud xarici siyasət kursu həm regional əməkdaşlıq təhlükəsizliyə mühüm strateji töhfədir, həm Gürcüstan-Azərbaycan münasibətlərinin əsaslarını möhkəmləndirməkdədir. Bəli, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclüsuveren aktoruna çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir. Məsələn, Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin gerçəkləşdirilməsi yönündə atılan addımları, aparılan mübarizəni xatırlayaq. “Dəmir İpək Yolu” adlandırılan və Qərblə Şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və əsas addımlar Azərbaycan tərəfindən atıldı. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Məhz bu amilin fonunda dünyanın ən nəhəng nəqliyyat marşrutlarından birinin reallaşdırılması yönündə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmaqla bu prosesə mühüm təkan verdi. Bütün bu proseslərin qanunauyğun nəticəsi kimi, dünyanın nüfuzlu analitik mərkəzləri BTQ ətrafında cərəyan edənlərə məhz bu cür qiymət verdi: “BTQ layihəsinin müəllifi və təkanvericisi Azərbaycanı Qərblə Şərqi birləşdirən transmilli mərkəzə çevirmək istəyən və bu yöndə xüsusi addımlar atan Prezident İlham Əliyevdir. “Dəmir İpək Yolu” - BTQ Asiya ilə Avropa arasında təhlükəsiz və əlverişli yükdaşımalarını həyata keçirmək üçün olduqca effektiv bir layihədir. Layihə, öncə gündəmə gələndə güclü siyasi iradə tələb olunurdu. Bu iradə isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti tərəfindən nümayiş etdirildi...”

Yuxarıda sadalananlara bənzər fikirlər BTQ layihəsinin tərəfdaşları Türkiyə və Gürcüstanın dövlət başçıları tərəfindən də əminliklə səsləndirildi. Türkiyənin Prezidenti Abdullah Gül layihənin reallaşdırılması işinə məhz bu cür münasibət bildirdi: “Bu tikintinin maliyyə dəstəyi də artıq təmin edilmişdir. Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin layihəyə verdiyi önəmli dəstək onun həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır”.

Gürcüstanın o zamankı Prezidenti Mixeil Saakaşviliöz növbəsində BTQ layihəsi ətrafında cərəyan edən prosesləri məhz bu cür qiymətləndirdi: “Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi və yaxından köməyi olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmazdı”.

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə mühüm məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir. Bildiyimiz kimi, Gürcüstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini hər zaman dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın əsas problemi olan separatizmi pisləyir, bu ölkənin ərazi bütövlüyünün pozulmasını qeyri-qanuni və bəşəri prinsiplərə zidd hesab edir. Bundan başqa, müasir dövrün reallıqları ölkələrimiz arasında müxtəlif sahələr üzrə daha möhkəm əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini zəruri edir.

Onu da vurğulamaq gərəkdir ki, son illərdə əsasən iqtisadi əməkdaşlığa əsaslanan bu əlaqələrin inkişafı qaynar strateji-coğrafi mövqedə yerləşən Azərbaycanla Gürcüstanın suverenliyinin gücləndirilməsinə, eləcə də, hər iki ölkənin nəinki bölgənin, hətta qonşu regionların siyasi-iqtisadi həyatında da böyük rol oynamasına gətirib çıxarıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr artıq region üçün strateji əhəmiyyət kəsb edir. Enerji siyasətində şaxələndirməyə üstünlük verən Azərbaycanın bu strategiyasının gerçəkləşməsində Gürcüstanla əməkdaşlığı həlledici rola malikdir. Məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli çox böyük layihələr gerçəkləşib. Bunlar, heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərləridir.

Respublikamızın iqtisadi qüdrətinin artması, eyni zamanda, azərbaycanlı sahibkarların maliyyə imkanlarının genişlənməsi ölkəmizə məxsus dövlət və özəl şirkətlərin Gürcüstana böyük həcmdə investisiyalar yatırmasına da imkan verir. Bu mənada, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. ARDNŞ-in Gürcüstan dəniz limanlarındakı fəaliyyəti, açılan yanacaqdoldurma məntəqələri və digər işlər bu ölkənin iqtisadiyyatına böyük töhfədir. Bu ölkənin ən çətin vaxtlarında da Azərbaycan və o cümlədən, ARDNŞ öz köməyini əsirgəməyib. Belə ki, bir neçə il bundan öncə Azərbaycan Gürcüstana güzəştli qiymətlərlə qaz ixrac etdi. 2008-ci ilin avqust hadisələrindən sonra isə ARDNŞ Gürcüstanı təbii qazla təmin etmək barədə qərar verdi. Hal-hazırda Gürcüstanın qaza olan tələbatının təxminən 70 faizi Azərbaycan qazı hesabına ödənilir. Azərbaycan şirkətləri Gürcüstanda digər sahələrə də böyük məbləğdə investisiya yatırırlar. Ölkəmizin adamları Batumi və digər şəhərlərdə öz işlərini qururlar. Azərbaycan sahibkarları Gürcüstanın turizm sahəsinə böyük maraq göstərirlər. Qeyd edək ki, gürcüstanlı adamları da Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir, ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsinə investisiyalar ayırırlar.

İki dövlət arasında qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsinə yol açıb. Məlumat üçün bildirək ki, Gürcüstan Respublikasının Prezidenti Georgi Marqvelaşvili bu il fevralın 12-13-də Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev mətbuata bəyanatında Gürcüstan və Azərbaycanı bir-birinə dəstək verən müstəqil ölkələr kimi xarakterizə edib. Dövlət başçısı vurğulayıb ki, xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır: “Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub”.

Öz növbəsində, Bakıda səmimi qarşılandığını xatırladan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bildirib ki, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar: “Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçündaha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regiondaonun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir”.

Qeyd edək ki, səfər çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Heydər Əliyev Mərkəzində olub. O, İçərişəhərlə, həmçinin, Qəbələyə gedərək bir sıra istehsalemal müəssisələri, turizm obyektləri ilə yaxından tanış olub.

Eyni zamanda, səfər çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili və Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə birgə işçi nahar ediblər. Səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən, iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bundan başqa, Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olub.

Ümumiyyətlə, tarixi qonşu, həmçinin, strateji tərəfdaş sayılan Azərbaycan və Gürcüstan dövlətləri hər zaman öz nümunəvi qonşuluq münasibətləri ilə seçiliblər. Uzun illər keçmiş SSRİ-nin tərkibində olan bu iki xalqı həm də ortaq tarix birləşdirib. Şübhəsiz ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan və Gürcüstan dövlətləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf edibdaha da möhkəmlənib. Qeyd etdiyimiz kimi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yüksək səviyyəli dialoqstrateji tərəfdaşlıq əlaqələri bu günuğurla davam etdirilir və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik inkişaf tendensiyasına malikdir.

Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlər ötən il noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də əsas müzakirə mövzusu olub. Səmimi şəraitdə keçən görüşdə Baş nazir Artur Rasizadə tarixən dostqonşu olan ölkələrimiz arasında ikitərəfli münasibətlərin müasir dövrdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, hər iki ölkə arasında bərqərar olan iqtisadi-ticarət əlaqələrini yüksək qiymətləndirərək deyib ki, eyni zamanda, aqrar sektorun inkişafında da müvafiq qurumların məsləhətləşmələri, təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən nazir Şalva Pipiya Gürcüstan hökuməti rəhbərliyinin salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. O, Bakıda keçirdiyi görüşlər barədə Baş nazir Artur Rasizadəyə ətraflı məlumat verib. İqtisadiyyatın bütün istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinə böyük ehtiyac olduğunu vurğulayan Şalva Pipiya səfər zamanı ona göstərilən yüksək diqqət və qonaqpərvərliyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Bir sözlə, yuxarıda da sadalananlardan göründüyü kimi, bu gün Azərbaycan-Gürcüstan əlaqələri nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlusabit inkişafının qarantına çevrilib.

 

əvvəli var

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 10 iyul.- S. 8.