YAP İdarə
Heyətinin üzvü, partiyanın Səbail
rayon təşkilatının sədri, professor Zahid Qaralovun 80 illik yubileyinə
həsr olunmuş konfrans
keçirilib
Əli Əhmədov:
Zahid Qaralovun keçdiyi zəngin həyat yolu,
sözün həqiqi mənasında, bir nümunədir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, elm xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov əvvəlcə Z.Qaralovu 80 illik yubileyi münasibətilə təbrik edib. Əli Əhmədov bildirib ki, istənilən siyasi təşkilatın, partiyanın ictimai nüfuzunu müəyyənləşdirən amillər arasında xüsusi əhəmiyyət kəsb edən məqam insan amilidir. Onun sözlərinə görə, YAP-ın gücünü, əzəmətini müəyyənləşdirən, onu cəlbedici edən də bu partiyanın sıralarında birləşərək Heydər Əliyev ideyalarının həyata keçirilməsində fədakarlıq göstərən 600 mindən yuxarı insanlardır.
“Məhz bu insanlar və onların fədakarlığı YAP-ın möhtəşəm ictimai dayağını müəyyənləşdirir, onu Azərbaycanın ictimai sisteminin həlledici bir qurumuna çevirir. Bu gün böyük yubileyini qeyd etdiyimiz professor Zahid Qaralov da dediyim həmin insan amili içərisində əhəmiyyətli yer tutan şəxsiyyətlərdəndir. Zahid müəllim YAP-ın yaranmasına, formalaşmasına, inkişafına öz vətəndaş mövqeyi, ziyalı fədakarlığı ilə böyük töhfələr vermiş bir insandır. Biz onu məhz bu mövqeyi ilə tanımışıq və o, partiyamızın şərəfli tarixinin yazılmasına öz töhfələrini verib. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Zahid müəllim böyük və zəngin həyatı boyu həmişə həm ictimai, həm də elmi fəaliyyət baxımından yüksək fəallıq nümayiş etdirib. Gənc yaşlarından Azərbaycanın təhsil quruculuğuna böyük töhfələr verib, maarif nazirinin müavini olub, eyni zamanda, məktəb pedaqogikasının inkişafına öz əsərləri, praktik fəaliyyəti ilə ciddi töhfələr verib. Azərbaycanın pedaqoji ictimaiyyəti Zahid Qaralovu bu cür tanıyır və qiymətləndirir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov Z.Qaralovun Heydər Əliyev ideyalarına sadiqliyini də yüksək qiymətləndirib. Onun fikrincə, bu mövqe 1980-ci illərin sonu 90-cı illərin əvvəlində daha aydın şəkildə özünü büruzə verib. “1990-ci illərdə Azərbaycan öz həyatının çox həssas anlarını yaşayarkən Zahid Qaralov Heydər Əliyev ideyalarının müdafiəsinə qalxan Azərbaycan ziyalılarından olub. Heydər Əliyevin müdafiə komitəsini yaradaraq ziyalıları cəlb edən və bu ideyaların yayılmasına böyük töhfəsini verən vətəndaşlardan biridir. Onun həyatının əhəmiyyətli bir hissəsi o dövrə təsadüf edir. YAP-ın yaranmasından tutmuş partiyanın möhkəmlənməsində, gücünün, əzəmətinin artmasında Zahid Qaralovun böyük xidmətləri bütün partiya üzvlərinin gözlərinin qarşısında cərəyan edib. Buna görə də, partiyamızın hər bir üzvü xüsusilə gənclər Zahid Qaralova böyük örnək kimi baxır və ona ehtiramla yanaşırlar”, deyən Baş nazirin müavini Zahid Qaralovun Azərbaycanda yerli özünüidarəetmə orqanlarının bir təsisat kimi formalaşmasında da xüsusi xidmətlərinin olduğunu vurğulayıb. Əli Əhmədovun fikrincə, Zahid Qaralov vaxtilə Milli Məclisin komissiya sədri olaraq bu təsisatın yaranmasında müstəsna xidmətlər göstərib. Bu ilin sonlarında ölkəmizdə dördüncü dəfə bələdiyyə seçkilərinin keçiriləcəyini deyən YAP Sədrinin müavini qeyd edib ki, bu təsisat Azərbaycanın yerli idarəetmə strukturlarının formalaşmasında əhəmiyyətli rol oynayıb: “Biz bələdiyyələrin inkişafından, onun yerli demokratiyanın inkişafındakı rolundan danışarkən bu istiqamətdə böyük səylər göstərmiş Zahid Qaralovun əməyini də birmənalı şəkildə vurğulayırıq”.
Zahid Qaralovun, həmçinin, YAP Səbail rayon təşkilatının yaranan gündən ona rəhbərlik etdiyini xatırladan Əli Əhmədovun sözlərinə görə, partiyanın ən möhtəşəm yerli qurumlarından birinin Səbail rayon təşkilatının olması da Zahid Qaralovun YAP-ın ideyalarının Azərbaycanda geniş yayılmasına nə qədər böyük önəm verdiyini bir daha göstərir. O bildirib ki, Səbail rayon təşkilatı YAP-ın kəmiyyət və keyfiyyət baxımından ən nümunəvi strukturlarından biridir: “Bu da bir tərəfdən bütövlükdə partiyamızın gücü ilə əlaqədardırsa, digər tərəfdən Zahid Qaralovun əməyi, fədakarlığı, onun Heydər Əliyev idayalarına bağlılığı, Prezident İlham Əliyevin həyata keçirdiyi işlərə öz əməyi ilə töhfə vermək istəyi ilə əlaqədardır. Bütün bunların hamısı bir vətəndaş-ziyalı, YAP-ın yaradıcılarından olan Zahid Qaralovun insani keyfiyyətlərindən, ictimai-siyasi fəallığından, tükənməyən enerjisindən xəbər verir. Məmnunluq hissi ilə demək istəyirəm ki, Zahid Qaralovun enerjisi hamımız üçün nümunə ola bilər. Hesab edirəm ki, Zahid Qaralovun həyatı, fəaliyyəti, fədakarlığı, Heydər Əliyev ideyalarına və Prezidentimizin həyata keçirdiyi siyasətə bağlılığı YAP-ın üzvləri, xüsusilə gənclər üçün möhtəşəm örnək ola bilər. Təsadüfi deyil ki, o, tez-tez gənclərlə görüşür, öz həyat təcrübəsini onlara öyrədir, təcrübəsini paylaşır. Sevinirik ki, Zahid müəllim bu gün də böyük enerji ilə yaşayıb işləyir, onun həyat eşqi, tükənməz enerjisi YAP-ın gəncləri üçün böyük örnəkdir. YAP öz insan kapitalına və bu kapitalın gözəl təcəssümü olan insanlarına həmişə böyük diqqət və sevgi ilə yanaşıb. Biz bu kapitaldan enerji alırıq, partiya üzvlərinin tükənməyən sevgisi Zahid Qaralovun azalmayan enerjisinin üzərinə əlavə güc qatır. Zahid müəllimə cansağlığı, uzun ömür arzulayırıq”.
Tədbirdə daha sonra YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov “Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğində Zahid Qaralovun fəaliyyəti” mövzusunda məruzə edib. Ş.Əsgərov professor Zahid Qaralovu Heydər Əliyev ideyalarının fəal təbliğatçısı kimi xarakterizə edib. O bildirib ki, hələ 1990-cı illərin əvvəlində Zahid Qaralov mətbuatdakı çıxışlarında Heydər Əliyev şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətini dəfələrlə vurğulayıb. Ş.Əsgərov deyib ki, hələ o zaman Zahid Qaralov bu yazılarda Ulu öndər Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu aydın şəkildə göstərirdi. Məruzəçi çıxışında yubilyarın ictimai-siyasi fəaliyyəti, partiya quruculuğu yönündəki xidmətləri haqqında geniş məlumat verib.
Professor Abdulla Mehrabov isə “Zahid Qaralovun ictimai-siyasi və elmi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. A.Mehrabov bildirib ki, Zahid Qaralov respublikamızda pedaqoji elmin inkişafında xüsusi əməyi olan şəxsdir. Onun sözlərinə görə, elmi fəaliyyətlə yanaşı, Zahid Qaralov cəmiyyətimizin ictimai-siyasi proseslərində fəal iştirak edib. Yubilyarın keçdiyi həyat yolundan danışan A.Mehrabov xüsusilə onun elmi-pedaqoji fəaliyyətinə diqqət çəkib. Məruzəçi deyib ki, 45 kitabın, 600-dən çox elmi əsərin müəllifi olan Zahid Qaralov 173 nəfərin elmi rəhbəri olub.
Konfransda, həmçinin, Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov çıxış edərək deyib ki, hər yubiley bir hesabatdır. Onun sözlərinə görə, Zahid Qaralov xalqımızın dəyərli elm xadimlərindən biridir: “Zahid müəllim kimi ziyalılar milli ideologiyanın formalaşmasında və inkişafında böyük xidmətlər göstəriblər. 173 nəfərə elmi rəhbərlik etmək böyük fədakarlıqdır. Bu o deməkdir ki, Zahid müəllim elmi məktəb yaradıb”.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Zahid Qaralovun yubileyinin əlamətdar gün ərəfəsinə təsadüf etdiyini deyib. İyulun 14-də Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45 ilinin tamam olduğunu deyən F.Heydərovun sözlərinə görə, Z.Qaralovla tanışlığı məhz Ulu öndərin hakimiyyətə gəlməsinin ilk illərində olub: “Biz 1970-ci illərin əvvəlində Ordubad rayonunda keçirilən tədbirdə tanış olduq və o zamandan dostluğumuzun təməli qoyulub. Zahid müəllim elm-təhsil, siyasi sahədə göstərdiyi mövqe ilə yanaşı, dostluqda da sədaqətli olduğunu təsdiq edib. Bu, onun şərəfli həyat yoludur”.
YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə gənc yaşlarında partiya sıralarına qoşulması və bu prosesdə Z.Qaralovun rolundan danışıb. A.Fərzəliyev bildirib ki, Zahid Qaralovun keçdiyi zəngin həyat yolu gənc nəsil üçün böyük örnəkdir.
Konfransda, həmçinin, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, ağsaqqal Aydın Məmmədov, professorlar Adilə Abasova, Ramiz Məmmədzadə, Ramiz Əliyev və ilahiyyatçı alim Məmmədəli Babaşov çıxış edərək Zahid Qaralovun həyat və fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Tədbirdə çıxış edən yubilyar Zahid Qaralov göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan Zahid Qaralov dövlət başçısının ziyalılara olan qayğısını yüksək dəyərləndirib. “Heç vaxt işdən yorulmamışam” deyən yubilyar, hazırda Ulu öndər Heydər Əliyev haqqında “Heydər Əliyev: milli ləyaqət nümunəsi” adlı kitab yazdığını diqqətə çatdırıb. O qeyd edib ki, payız aylarında kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Zahid Qaralov xoş sözlərə və arzulara görə bütün tədbir iştirakçılarına təşəkkür edib.
Konfransa yekun vuran Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Zahid Qaralovun həyatı, sözün həqiqi mənasında, bir nümunədir. Yubilyarın zəngin həyat yaşadığını deyən Əli Əhmədovun fikrincə, bu zənginlik onun həm elmi, ictimai-siyasi fəaliyyətində, həm məsuliyyətli ailə başçısı olmasında, həm də uzunömürlüyündədir. YAP Sədrinin müavini xüsusilə gənc nəslə bu zəngin həyat yolundan faydalanmağı tövsiyə edib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 10 iyul.- S. 4.