14 iyul
1969-cu il Azərbaycanın
intibahının başlanğıc, tariximizin
qızıl dövrüdür...
Müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli lider Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Ulu öndər Heydər Əliyev birinci hakimiyyəti dövründə Azərbaycanın işıqlı gələcəyinə, parlaq və zəngin xoş sabahlarına, onilliklərlə davam edəcək inkişaf zirvəsinə çatmasına yol açdı. Dahi şəxsiyyət 45 il əvvəl möhkəm təməlini qoyduğu milli inkişaf platformasını gerçəkləşdirməklə adını Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazdırdı.
Ona görə də, Ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri Azərbaycanın intibah, tariximizin qızıl dövrü kimi qiymətləndirmək olar.
1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev respublikanın keçmiş Sovet İttifaqı miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq, mövcud vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, mövcud resursları səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına nail olmuşdur.
Hakimiyyətə gəldiyi ilk günlərdən Ümummilli liderin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdu. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar Ulu öndər Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlini təşkil edən siyasətinin əməli nəticələridir.
Azərbaycan güclü sənaye respublikasına çevrildi...
Ulu öndər Heydər Əliyev yaxşı başa düşürdü ki, respublikanın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən istehsal və sənaye müəssisələri məhz Azərbaycanda inşa olunmalıdır. O illərdə Ümummilli lider Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. Ötən əsrin 70-80-ci illərində Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda, Naxçıvanda və digər bölgələrdə inşa olunan iri müəssisələr bu günün özündə də iqtisadiyyatın güclü emal və sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Bu baxımdan, Ulu öndərin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır. 1970-ci illərin əvvəllərində mərkəzi rəhbərlik bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar versə də, şəxsi nüfuzundan istifadə edən Ümummilli lider Heydər Əliyev Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsinin vacibliyini konkret dəlillərlə əsaslandıraraq son nəticədə istəyinə nail olmuşdur. 1975-ci ilin dekabrında Bakı Məişət Kondisionerləri Zavodunun işə düşməsi məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətinin məntiqi nəticəsi idi. Eyni zamanda, bu gün neft sənayemizin inkişafında mühüm rolu olan Bakı Dərin Özüllər Zavodunun inşası üçün 70-ci illərdə SSRİ büdcəsindən 400 milyon manat vəsaitin ayrılması da məhz Ulu öndərin tarixi xidmətlərindən biri kimi xatırlanır.
Ümummilli lider Heydər Əliyev respublikamızın aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına, aqrar cəmiyyətdən sənaye cəmiyyətinə, aqrar sivilizasiyadan yüksək sənaye sivilizasiyasına çatmasına nail olmuşdur. Məhz həmin dövrdə ölkədə yüzlərlə zavod, fabrik, istehsal sahələri yaradılmışdır. 1969-cu ilədək olan 100 illik dövrdə Azərbaycanda təxminən 735 böyük sənaye obyekti tikilmişdisə, Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə onların sayı 1048-ə çatmışdır. Azərbaycan bir çox istehsal sahələrinin inkişafına görə Sovet İttifaqında aparıcı yerlərdən birini tutmuşdur. Bu dövrdə Azərbaycanda istehsal olunan məhsullar dünyanın 65 ölkəsinə ixrac edilirdi. Həmin dövrdə istehsal olunmuş sənaye məhsulunun həcmi əvvəlki 50 ildə istehsal olunmuş ümumi sənaye məhsulunun həcminə bərabər idi.
Ulu öndərin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda istehsalın ümumi həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə ittifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə çoxalmışdı.
Müstəqil Azərbaycanın milli inkişaf və zəngin gələcəyə aparan “Yol xəritəsi”...
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın milli iqtisadiyyatını formalaşdırmış, qısa vaxt ərzində ölkə iqtisadiyyatı dərin iqtisadi böhrandan xilas olmuşdur.
Heç də təsadüfi deyil ki, 1993-2003-cü illər müasir və müstəqil Azərbaycanın “qızıl onilliyi” adlandırıla bilər. Ulu öndər Heydər Əliyevin ikinci hakimiyyəti dövründə güclü sabitlik potensialını təmin etdikdən sonra bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanın milli inkişaf proqramları hazırlandı. Çoxmülkiyyətli bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı. “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Maliyyə sənaye qrupları haqqında” “Sahibkarlıq haqqında” qanunlar qəbul edildi. Nəticədə ölkədə maliyyə, pul-kredit, büdcə, vergi, gömrük sahəsində dövlət siyasətinin iqtisadi səmərəliliyi artdı. Ölkənin Əsas Qanunu olan Konstitusiyada bazar iqtisadiyyatının əsas prinsipləri öz əksini tapdı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılmasını təmin etdi, dünya ölkələri ilə sıx inteqrasiyasına yol açdı. Konstitusiya Azərbaycanın bazar iqtisadiyyatına uyğun dəyişikliklərin, iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyalar, azad sahibkarlıq üçün şərait yaradılması və onun mənafelərinin qorunması, xüsusi mülkiyyətin inkişafının təmin olunması yerli biznesin Avropa bazarlarına çıxışı üçün əlverişli imkanlar formalaşdırdı.
Ulu öndərin yaratdığı demokratik islahatlar platformasının, inkişafın mükəmməl və özünütəsdiq vektorlarının trendləri güclü dövlətçilik institutunun, uzunömürlü sabitlik indikatorlarının möhkəmlənməsinə səbəb oldu. Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı, dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. 1994-cü il sentyabrın 20-də Ulu öndərin gərgin əməyinin, qətiyyətinin nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının əsası qoyuldu. Bu kontrakt siyasi-iqtisadi və hüquqi baxımdan qlobal əhəmiyyəti ilə bərabər, milli maraqlarımızın təmin olunması üçün güclü strateji saziş idi. Bununla da Azərbaycan öz maddi sərvətlərinə, neft-qaz ehtiyatlarına sahibliyini qətiyyətlə təsdiqlədi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq dinamik inkişafın təməl prinsiplərindən birinə çevrildi. “Əsrin müqaviləsi” ölkəmizin müstəqilliyinin, iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan templə davamlı inkişafı üçün dərin zəmin yaratmaqla yanaşı, respublikamızın iri trans-kommunikasiya və qlobal layihələrdə iştirakına, Böyük İpək Yolunun bərpasına, trans-nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə yol açdı. Bu saziş Azərbaycanın enerji və iqtisadi təhlükəsizliyinin möhkəmlənməsi, güclü maliyyə ehtiyatlarının formalaşması, iqtisadiyyatın kapital resurslarına olan ehtiyacının ödənilməsi üçün möhkəm əsaslar demək idi. Ulu öndərin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də əhalinin rifahının yüksəldilməsinin prioritetliyinin təmin edilməsi oldu. Həyata keçirilən tədbirlər sayəsində ölkədə sosial siyasət dərinləşdi, 1996-2003-cü illərdə əməkhaqqı təxminən 5,6 dəfə, orta aylıq pensiya 73 dəfə artdı. Heydər Əliyevin iqtisadi strategiyasının reallaşması sayəsində ölkəmizin ümumi inkişaf tempi də ilbəil artmağa başladı. 1996-2003-cü illərdə ÜDM 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,5 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulu 25,2 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə artdı.
Ənənə davam edir, güclü sosial dövlət quruculuğu möhkəmlənir...
Ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyev respublikamızın davamlı inkişafını sürətləndirən kompleks islahatlar həyata keçirir. Hazırda Azərbaycan iqtisadiyyatının strukturundakı keyfiyyət dəyişikliyini, sosial islahatların davamlılığını təmin edən konsepsiya isə məhz Ulu öndər Heydər Əliyevin müəllifi olduğu iqtisadi modelin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının davamlı uğurlarından xəbər verir. Prezident İlham Əliyev qarşıdakı dövr üçün fəaliyyət proqramını, Azərbaycanın uzunmüddətli inkişaf platformasının başlıca hədəflərini açıqlayıb və dövlət başçısının bəyan etdiyi islahatların ana konturları, inkişaf ssenariləri çox ümidverici, nikbin və daha irəliyə baxmaq üçün stimullu fundamental konsepsiya təsiri bağışlayır. Bu konsepsiyanın başlıca məzmunu Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər açan sosial dövlətin inkişafına geniş imkanlar yaratmaqdan ibarətdir.
Aydın Hüseynov
YAP Siyasi Şurasının
üzvü, YAP-ın İqtisadi
məsələlər komissiyasının sədr müavini
Yeni Azərbaycan.-2014.- 12 iyul.- S. 5.