Azərbaycan-Böyük Britaniya əlaqələri inkişaf
edir
İki ölkə arasında qarşılıqlı etimada əsaslanan sıx dostluq münasibətləri mövcuddur
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Maykl Fallon Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Maykl Fallon ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, enerji və qeyri-enerji sektorunda inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Öz növbəsində dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, enerji və qeyri-enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Son altı ayda qeyri-enerji sektorunda iqtisadiyyatın dinamik şəkildə artdığını bildirən Prezident İlham Əliyev bunu ölkə iqtisadiyyatının şaxələndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə bp arasında 20 illik uğurlu əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji, infrastruktur, inşaat və digər birgə layihələrin həyata keçirilməsində Böyük Britaniya şirkətlərinin bundan sonra da yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Baş nazir Devid Kemeronun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş edib.
Bu məqamda qeyd edək ki, Azərbaycanla Böyük Britaniya arasında əlaqələr bir çox sahələri əhatə edir. Bu mənada hər iki dövlətin parlamentlərinin də əməkdaşlığını qeyd etmək olar. Xatırladaq ki, may ayının sonlarında Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində, həmçinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. Mayın 29-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş nazirin müavini Əli Həsənov Böyük Britaniya parlamentinin nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.
Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən, Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb. Əli Həsənov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.
Ermənistanın Azərbaycan ilə qonşuluqda yaşamalı olduğunu vurğulayan Əli Həsənov deyib ki, təcavüzkar dövlət ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Bu 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb. Komitə sədri vurğulayıb ki, Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olub. Müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar. Baş nazirin müavini bildirib ki, Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir.
Öz növbəsində Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçer bildirib ki, 80 nəfər üzvü olan dostluq qrupu ilk dəfədir Azərbaycana belə böyük tərkiblə səfər edir. Bu da onu göstərir ki, Böyük Britaniyada Azərbaycana getdikcə maraq daha da artmaqdadır. Böyük Britaniya parlamentində Azərbaycan haqqında fikirlər müxtəlifdir və buna görə də, digər deputatlara Azərbaycan ilə bağlı obyektiv məlumat vermək dostluq qrupunun üzvlərinin borcudur.
Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən disklər təqdim edilib.
Ümumiyyətlə, müstəqil Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı etimada əsaslanan sıx dostluq münasibətləri yaranıb. Ölkələrimiz arasında siyasi əlaqələrin əsası isə 1991-ci ilin dekabrında Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasından sonra qoyulub. Azərbaycanla Britaniya arasında diplomatik əlaqələr bu ölkə Xarici İşlər Nazirliyinin dövlət naziri Hon Duqlas Hoqqun 1992-ci ilin martında Bakıya səfəri ilə qurulub. Həmin səfər çərçivəsində qarşılıqlı diplomatik əlaqələrin qurulması barədə razılaşmanın imzalanması ilə hökumət başçıları, parlamentlərarası səviyyədə, habelə iqtisadi, humanitar, təhsil və digər sahələrdə münasibətlərin təməlinin qoyulmasına şərait yaranıb. Bundan qısa müddət sonra, yəni 1992-ci ilin sentyabrından Britaniyanın ölkəmizdəki səfirliyi fəaliyyətə başlayıb. 1994-cü ilin yanvar ayında isə Britaniyada Azərbaycan səfirliyi açılıb. Bu illər ərzində iki ölkə arasında baş tutan çoxsaylı qarşılıqlı səfərlər müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verib. 1996-cı ildə Britaniyanın xarici işlər üzrə dövlət katibi, parlamentin üzvü Malkolm Rifkind Bakıda səfərdə olub. Britaniya parlamentinin üzvü, sənaye və energetika məsələləri üzrə dövlət naziri Malkolm Viks 2007-ci ilin sentyabrında Azərbaycana səfər edib. Avropa məsələləri üzrə nazir Cim Mörfi isə respublikamızda 2008-ci ilin mayında səfərdə olub. Həmin ilin iyun ayında isə Britaniyanın ticarət məsələləri üzrə naziri Lord Diqbi Cons Azərbaycana səfər edib.
Öz növbəsində, Azərbaycan da Britaniya ilə əlaqələrə hər zaman böyük önəm verib. Ulu öndər Heydər Əliyev 22-25 fevral 1994-cü il tarixində ilk dəfə Böyük Britaniyada rəsmi səfərdə olub. Səfər zamanı iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən əsas saziş - Azərbaycan Respublikası və Böyük Britaniya arasında “Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə” imzalanıb. 19-24 iyul 1998-ci il tarixində Ulu öndər Heydər Əliyevin Böyük Britaniyaya ikinci rəsmi səfəri baş tutub. Səfər ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında əsaslı rol oynayıb. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin Böyük Britaniya kraliçası II Yelizaveta ilə rəsmi görüşündə kraliça Azərbaycanın dövlət başçısına Onun Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu sahəsində fəaliyyətinin diqqətlə izləndiyini bildirib. Səfər zamanı Ulu öndər Heydər Əliyev Böyük Britaniyanın Baş naziri ilə də görüşüb. Böyük Britaniyanın Baş naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “bp”, “RAMCO” və “Monument Oil” şirkətləri arasında üç mühüm saziş imzalanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev də Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin 2004-cü ilin dekabrında Böyük Britaniyaya səfəri zamanı bu ölkə ilə 1998-ci ildə imzalanmış “Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə” yenidən təsdiqlənib, eyni zamanda, ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike qəbul edilib. Dövlətimizin başçısı İlham Əliyev səfər çərçivəsində Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) “Yeni Azərbaycan - regional və qlobal münasibətlərdə” mövzusunda çıxış edib.
Prezident İlham Əliyev 12-13 iyul 2009-cu il tarixində Böyük Britaniyada növbəti səfərdə olub. Dövlət başçısı İlham Əliyevlə görüşdə Böyük Britaniyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın antiterror koalisiyasında iştirakının Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər. Prezident İlham Əliyevi demokratiya sahəsində əldə edilmiş uğurlar münasibətilə təbrik edən Böyük Britaniya rəsmiləri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsini müsbət hal kimi dəyərləndiriblər. Keçirilən görüşlərdə Böyük Britaniyanın Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə əlaqələri genişləndirmək əzmində olduğu vurğulanıb. Böyük Britaniyanın yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı İlham Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regional inkişafa böyük əngəl törətdiyini bildirib.
Azərbaycanın dövlət başçısı Londona işgüzar səfəri çərçivəsində 2012-ci il avqustun 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə görüşüb. Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən, enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq vardır və bu əlaqələrin perspektivləri böyükdür.
Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirilib. Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi münasibətlər də kifayət qədər yüksək səviyyədədir. Enerji sektoru iki ölkə arasındakı aparıcı əməkdaşlıq sahəsi hesab olunur. Azərbaycana yatırılan xarici sərmayənin 51 faizini Böyük Britaniya sərmayələri təşkil edir. Hazırda Azərbaycanda təxminən 170-ə qədər böyük, orta və kiçik Britaniya şirkətləri fəaliyyət göstərir. Britaniya şirkətlərinin əksər hissəsi neft və qaz sahəsində fəaliyyət göstərsə də, bu əməkdaşlıq son illərdə pərakəndə satış, informasiya texnologiyaları, layihələrin idarə olunması, maliyyə-bank xidmətləri və kənd təsərrüfatı kimi sahələrə doğru genişlənir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 15 iyul.- S. 8.