Ardıcıl ordu
quruculuğu siyasəti Azərbaycanı hərbi
cəhətdən güclü dövlətə
çevirib
Prezident İlham
Əliyev: Ordu quruculuğu
prosesi uğurla gedir, orduda islahatlar
dərinləşir, nizam-intizam artır
Məlum olduğu kimi, Azərbaycanda ordu quruculuğu siyasəti dövlətin ən çox önəm verdiyi sahələrdən biridir. Bu da səbəbsiz deyil. Respublikamızın ərazi bütövlüyünün bərpasına yönələn bu siyasət müharibə şəraitində yaşayan ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, ordu quruculuğu prosesi cari ildə də uğurla davam etdirilir. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev hərbi məsələlərə xüsusi diqqətin göstərildiyini bildirib: “Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında son on ildə həyata keçirilən islahatlar, ardıcıl siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri sürətli inkişaf yolu keçib, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilib, döyüş qabiliyyəti yüksəldilib.
Məsələn, son 10 il ərzində Azərbaycanın hərbi xərcləri 20 dəfədən çox artıb. Yeri gəlmişkən, Azərbaycanın 2014-cü il dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 637 milyon 362 min manat nəzərdə tutulub. Bu, 2013-cü ildə büdcənin müdafiə xərcləri üzrə nəzərdə tutulan vəsaitdən 7,1 faiz çoxdur. Nəticədə bu gün Azərbaycanın təkcə müdafiəyə ayrılan vəsaiti Ermənistanın ümumi dövlət büdcəsini 2 dəfə üstələyir.
Azərbaycan ordusunun maliyyə imkanları ilə yanaşı, hərbi-texniki təchizatı da yüksək səviyyədə təmin olunub. Azərbaycanda son illərdə müdafiə sənayesi əsaslı inkişaf yolu keçib. Artıq ölkəmiz güclü hərbi sənayeyə malikdir. Azərbaycanın müdafiə sənayesinin məhsulları dünya sərgilərində nümayiş etdirilir və ildən-ilə respublikamızın ixrac imkanları artır. Ölkəmiz həm xaricdən ən müasir hərbi texnikalar alır, həm də yerli hərbi sənayesini daha da inkişaf etdirir və genişləndirir. Bu məqsədlə, Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan silah-sursat və hərbi təyinatlı digər məhsullar, eləcə də, xaricdən alınan hərbi texnika ilə Azərbaycan ordusunun ən müasir tələblərə uyğun təchizatı həyata keçirilir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunub və bu proses davam etdirilir.
Ordunun hərbi-texniki təchizatı ilə yanaşı, hərbçilərin sosial müdafiəsi də yüksək səviyyədə təmin edilir. Hərbçilərin maaşları, pensiyaları vaxtaşırı qaldırılır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən, orduda 20 il qüsursuz xidmət göstərmiş şəxslərə dövlət tərəfindən mənzillər verilir. İndiyədək bu Fərman əsasında 200-ə qədər hərbçiyə mənzil verilib. Bu ilin sonuna qədər veriləcək mənzillərin sayı 500-ə çatacaq. Bu, dövlətin öz hərbçilərinə olan diqqətinin təzahürüdür.
Yeri gəlmişkən, maddi-texniki bazası durmadan təkmilləşdirilən ordumuzun peşəkarlığı da artır. Vaxtaşırı keçirilən təlimlər də bunu təsdiq edir. Xatırladaq ki, bu il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilib. Dövlət başçısının da izlədiyi təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilib. Təlimlərdə Azərbaycan Respublikası ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması məqsədilə Silahlı Qüvvələrimizin və başqa silahlı birləşmələrimizin birgə fəaliyyətinin planlaşdırılması və təşkili, həmçinin, dövlət sərhədinin mühafizəsi və müdafiəsi, əks-hücuma keçməklə təcavüzkarın əsas qüvvələrinin məhv edilməsi üzrə vəzifələrin yerinə yetirilməsi əsas hədəf olub.
Yeri gəlmişkən, dövlət başçısı Nazirlər Kabinetinin iclasındakı nitqində ölkədə son zamanlar keçirilən hərbi təlimləri müsbət qiymətləndirib: “Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir”.
Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan yüksək vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Ermənistan ordusunda işğal edilən ərazilərdə, onlara aid olmayan torpaqlarda məhv olmaq qorxusu geniş yayılıb. Azərbaycan hərbçiləri isə Vətən qarşısında müqəddəs borcu yerinə yetirərək tarixi torpaqlarımızı işğaldan azad etmək üçün mübarizəyə hər an hazır vəziyyətdədirlər.
HƏRBİ GÜC AMİLİ BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ MÜHÜM ROL OYNAYIR
Məlum olduğu kimi, son illərdə beynəlxalq münasibətlər sistemində dövlətlərin hüquqi çərçivələrdən kənara çıxan addımlar atması halları artıb, buna qarşı hüquqi mexanizmlərin işləkliyi azalıb. Beynəlxalq hüquq sisteminin böhranının bariz göstəricisi olaraq, dövlətlər hərbi üsula, güc tətbiqinə daha tez-tez əl atır, bir çox hallarda isə bu, başqa bir dövlətin suveren hüquqlarının tapdanmasına, ərazi bütövlüyünün, daxili sabitliyinin pozulmasına gətirib çıxarır.
Təbii ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulub və bir müddət əvvəl Prezident İlham Əliyevin Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqində də söylədiyi kimi, Azərbaycan öz ərazilərinin bərpası üçün başqa üsullara əl ata bilər: “Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi, əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur”.
Bu məqamda qeyd edək ki, müəyyən maraqlardan asılı olaraq, beynəlxalq hüququn fərqli interpretasiyası nəticəsində bəzi münaqişələrin həllinə aparıcı təşkilatlar və dövlətlər tərəfindən ciddi səylər göstərildiyi halda, bir sıra beynəlxalq konfliktlərin nizamlanmasına uzun illər lazımi diqqət yetirilmir. BMT-nin Təhlükəsizlik Şurası başda olmaqla, nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tələb edən qərar və qətnamələrinin şərtlərinin indiyədək yerinə yetirilməməsi məhz belə bir ikili yanaşmanın göstəricisidir.
Digər tərəfdən, işğalçı Ermənistan rəhbərliyi də təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil. Belə olan halda, Azərbaycan tərəfi haqlı olaraq, münaqişənin hərbi yolla həlli imkanını daim diqqətdə saxlayır. Dövlət başçısının da dediyi kimi, Azərbaycan dünyada güc amili ilə bağlı mövcud reallığı nəzərə almalıdır: “Ona görə bizim ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər vaxtında atılan addımlar idi”.
AZƏRBAYCANIN ARTAN HƏRBİ GÜCÜ DANIŞIQLARA MÜSBƏT TƏSİR EDİR
Məlum olduğu kimi, Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həlli imkanlarının mövcudluğunu nəzərə alaraq, danışıqları davam etdirir. Eyni zamanda, Azərbaycan özünün diplomatik imkanlarından geniş yararlanaraq status-kvonun saxlanması ilə barışmadığını göstərir. Dövlət başçısının da söylədiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mütləq həllini tapmalıdır: “Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər”.
Bu məqsədlə Azərbaycan Ermənistanın siyasi və iqtisadi baxımdan regionda müəyyən dərəcədə blokada şəraitində saxlanmasına nail ola bilib. Mühüm regional iqtisadi layihələrdən kənarda qalan Ermənistanda iqtisadi və demoqrafik böhran dərinləşir, ölkə getdikcə daha ağır duruma düşür. Bu isə ölkənin xaricdən asılılığını artırıb, beynəlxalq siyasi aləmdə tamamilə nüfuzdan düşməsinə səbəb olub. Əlbəttə ki, bütün bunlar Azərbaycanın uğurlu diplomatik və iqtisadi fəaliyyətinin nəticəsidir. Ölkəmiz həm də hərbi gücünü artırmaqla işğalçı Ermənistanı psixoloji təzyiq altında saxlayır. Təsadüfi deyil ki, Azərbaycan ordusunun güclənməsi Ermənistanda ciddi təşviş yaradır, işğalçı ölkə rəhbərliyi də ölkənin müdafiə qabiliyyətinin olmadığını etiraf edir.
Həmçinin, dövlət başçısının söylədiyi kimi, Azərbaycanın hərbi cəhətdən güclənməsi Minsk qrupunun həmsədrlərini də müəyyən dərəcədə fəallaşmağa sövq edir: “Hesab edirəm ki, son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallıq bizim artan iqtisadi və hərbi gücümüzlə əlaqəli olan məsələdir. Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik”.
Əminliklə demək olar ki, ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanın hərtərəfli güclənməsi münaqişənin həlli prosesinə müsbət təsirini göstərəcəkdir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 16 iyul.- S. 4.