Azərbaycan qlobal
miqyasda etibarlı tərəfdaş kimi tanınır
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin II turu öz işini davam etdirir
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin II turu öz işini davam etdirir. İyulun 16-da, ənənəvi olaraq, seminar-diskussiya olub, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, layihə iştirakçıları üçün meşə gəzintisi və ziyafət təşkil edilib. Günün ikinci yarısında isə müxtəlif interaktiv oyunlar, idman yarışları və əyləncə tədbirləri keçirilib.
“Dünyanın müasir siyasi xəritəsində dövlətlərarası ziddiyyətlər” mövzusunda keçirilən seminarda müasir dünya siyasətinin əsas tendensiyaları, XXI əsrin geostrateji reallıqları, eləcə də, müstəqil Azərbaycan Respublikasının çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu barədə səmərəli fikir mübadiləsi aparılıb.
Seminarda çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Oğuz II tur qrupunun rəhbəri Hikmət Babaoğlu müasir beynəlxalq münasibətlər sisteminin səciyyəvi xüsusiyyətlərindən bəhs edərək əsas ziddiyyətlərin hegemon güclərin geostrateji maraqlarından qaynaqlandığını bildirib. Baş redaktor diqqətə çatdırıb ki, müasir dünya siyasətində ziddiyyətlərdən bəhs edərkən əsas etibarilə sivilizasiyaların toqquşması məsələsi önə çəkilir və siyasi, ideoloji amillər əsas rol oynayır.
Beynəlxalq münasibətləri xalqlararası mübarizə, əməkdaşlıq və rəqabət sistemi kimi xarakterizə edən Hikmət Babaoğlu modern beynəlxalq əlaqələrin əsasları və yeni dünya nizamından bəhs edib: “SSRİ-nin dağılması nəticəsində tamamilə fərqli keyfiyyətdə yeni beynəlxalq münasibətlər formalaşmağa, bununla da artıq panideya sahibi olan və öz iradəsini dünyaya diktə edən milli aktorların sayı daha da azalmağa başladı. Beləliklə, dünyada təkqütblü və təkmərkəzli sistem formalaşmasına start verildi. Güclü maliyyə axını və qloballaşma ilə müşahidə olunan bu proses nəticə etibarilə ona gətirib çıxardı ki, artıq dünyanın vahid mərkəzdən idarə edilməsi məsələsi aktuallaşdı. Şübhəsiz, bu ideya milli dövlətlərə qarşıdır və onları sıradan çıxarmağa yönəlib”.
Müasir dünya siyasətinin hegemon güclərin geostrateji maraqları əsasında idarə edildiyini deyən baş redaktor bildirib ki, artıq dünyaya nəzarət “yumşaq güc” vasitəsilə həyata keçirilir: “Yumşaq güc hərbi deyil, sırf siyasi, ideoloji vasitələrlə konkret maraqların təmin olunmasına xidmət edən mexanizmdir. Məlumdur ki, imperialist güclər geostrateji baxımdan əlverişli mövqeyə sahib və zəngin resurslara malik olan müxtəlif ölkələrdə dini və milli zəmində qarşıdurma yaratmaqla “idarə edilən xaos” formalaşdırıblar. Məhz bu kontekstdə “yumşaq güc”dən əsas vasitə kimi istifadə edilir. Vətəndaş cəmiyyətinə dəstək adı altında müəyyən planların həyata keçirilməsi, transmilli media və internetin imkanlarından istifadə etməklə xaos mühitinin yaradılması, dini-etnik müstəvidə bölücülük meyillərinə dəstək verilməsi və digər vasitələr bu sırada yer alır”.
Dünya siyasətində beynəlxalq təşkilatların funksionallığı, rolu və təsir imkanlarından bəhs edən Hikmət Babaoğlu bildirib ki, II Dünya müharibəsindən sonra dünya siyasətinə regional və beynəlxalq təşkilatların daxil olması və bu sistemdə özünəməxsus funksional instituta çevrilməsi beynəlxalq münasibətlərə yeni keyfiyyət gətirmiş oldu: “İlkin mərhələdə, doğrudan da, milli dövlətlər arasında bir növ tənzimləyici və əlaqələndirici funksiya yerinə yetirmək üçün nəzərdə tutulan beynəlxalq təşkilatlar sonrakı mərhələdə bu məqsəddən kənara çıxaraq ayrı-ayı güclü milli aktorların təsiri altına düşməyə başladılar. Bir sözlə, beynəlxalq təşkilatlar hegemon güclərin siyasi iradəsini ifadə edən yardımçı siyasi institutlara çevrildilər. Məsələn, Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi, əslində, millətlərin iradəsini, guya, ifadə edəcək bir təşkilat elə yarandığı gündən dərhal sonra məhz ayrı-ayrı milli aktorların diktəsi ilə qərarlar qəbul etməyə başladı. Müasir dövrdə BMT-nin funksionallığı məsələsi kifayət qədər ciddi müzakirə mövzusudur. Hesab edirik ki, BMT-nin fəaliyyəti qəbul etdiyi deyil, icra etdiyi qərarlarla qiymətləndirilərsə, onun fəaliyyəti ilə bağlı söylənilən neqativ fikirlər öz təsdiqini tapmış olar. Bu yanaşma onu göstərir ki, BMT məhz bir sıra aparıcı hegemon aktorların bir növ struktur vahidinə çevrilib.
Elə son dövrlərdə Azərbaycana münasibətdə də məhz BMT, ATƏT və eyni zamanda, BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun fəaliyyətinə bu nöqteyi-nəzərdən baxmaq lazımdır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, həmin sənədlər icra edilməmiş qalır. Amma bəzi hallarda sözügedən qurum tərəfindən qəbul edilmiş qətnamələr dərhal icra olunur”, - deyən qrup rəhbəri bütün bunların beynəlxalq təşkilatların imperialist güc mərkəzlərinə xidmət etdiyinin təsdiqi olduğunu bildirib.
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan ölkəmizin xarici siyasət kursundan söhbət açan baş redaktor deyib ki, Azərbaycan hazırda qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir: “Azərbaycanın xarici siyasət kursu çoxşaxəli və praqmatikdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış, səmərəli xarici siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə uğurla davam etdirilir. Buna görə də Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış edir. Ölkəmiz yüksək beynəlxalq nüfuza malikdir. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bunu göstərən mühüm faktlardan biridir. Dünyaya yeni tolerantlıq modeli bəxş edən Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir”.
Daha sonra YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədr müavini, Oğuz II tur qrupunun məsul şəxsi Elməddin Əmirov çıxış edərək müasir dünya siyasətinin reallıqlarından bəhs edib. Azərbaycanın uğurlu xarici siyasət kursuna toxunan E.Əmirov deyib ki, ölkəmiz yüksək beynəlxalq nüfuza malikdir. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin qarşısında yeni imkanlar açır.
YAP Xətai rayon təşkilatının Gənclər Birliyinin sədri Sərxan Əliyev isə deyib ki, Azərbaycan beynəlxalq səviyyədə çoxşaxəli əməkdaşlıq əlaqələrinə malikdir. “Ölkəmizin iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Azərbaycan, eyni zamanda, enerji təhlükəsizliyi başda olmaqla, beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil xarici siyasət kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada gənclərin sualları cavablandırılıb. Qeyd edək ki, gənclər həmçinin, Yeni Azərbaycan Partiyasını simvolizə edən “YAP” flaşmobu keçiriblər.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 17 iyul.- S. 4.