İtaliya Azərbaycana Qafqazda sabitliyin təminatçısı kimi yanaşır

 

İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir

 

Azərbaycan xarici ölkələrlə bərabərhüquqlu münasibətlər çərçivəsində fəal əməkdaşlıq edir. Ölkəmiz Avropanın, bütövlükdə dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olan İtaliya ilə əlaqələrin inkişafına da böyük önəm verir. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri bunu bir daha təsdiq edir.

Məlum olduğu kimi, iyulun 13-də Prezident İlham Əliyev İtaliya Respublikasına rəsmi səfər edib. Qeyd edək ki, səfər çərçivəsində iyulun 14-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Həmin gün Prezident İlham Əliyev Romada İtaliya Senatının sədri Pietro Qrasso ilə də görüşüb. Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu vurğulanıb, iqtisadi əməkdaşlığımızın şaxələndirilməsinin önəmi qeyd edilib. Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərməsinin əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib. Ölkələrimiz arasında əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında mühüm rol oynadığı qeyd olunub. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə, İtaliyanın isə Avropa İttifaqına sədrliyi dövründə birgə fəaliyyətin həyata keçirilməsinə əminlik ifadə edilib. İtaliya Senatının sədri ölkəsinin Azərbaycana Qafqazda sabitliyin təminatçısı kimi yanaşdığını bildirib. Prezident İlham Əliyev İtaliya Senatının sədrinə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, o cümlədən, dostluq qruplarının rolunun önəmi qeyd olunub, bu sahədə gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Rəsmi səfər çərçivəsində Romada, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə görüşü olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirilib, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edilib. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulanıb. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Azərbaycanla İtaliya arasında mühüm sənədlər də imzalanıb. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul olunub. Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədrliyinin Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamenti - İdman Ofisi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumu” imzalanıb.

Qeyd edək ki, dövlətimizin başçısı iyulun 14-də Romanın “Mercati di Traiano” muzeyində də olub, burada şəhərin meri İqnatsio Marino ilə görüşübİtaliya jurnalistlərinə müsahibə verib. Dövlətimizin başçısına Romanın “Mercati di Traianomuzeyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, nadir eksponatların qorunduğu bu muzey qədim Roma tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi ərazidə müxtəlif vaxtlarda aparılan arxeoloji qazıntılar bir çox nadir memarlıq nümunələrini üzə çıxarıb. Digər tərəfdən, bu qazıntılar qədim dövr tarixinin müxtəlif mərhələlərinin tədqiqinə geniş imkanlar açıb. Ona görə də “Mercati di Traianomuzeyinin əhəmiyyəti heç vaxt azalmır, onun ümumbəşəri dəyəri getdikcə daha da artır.

Daha sonra keçirilən görüşdə Roma şəhərinin meri İqnatsio Marino Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin genişləndiyini bildirib, ölkəmizdə gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. Bunun ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanımaları üçün yaxşı imkan yaratdığını deyib. Roma şəhərinin meri Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq əlaqələrinə toxunaraq Fondun dünyada ümumbəşəri dəyəri olan bir çox mədəni və humanitar layihələri uğurla həyata keçirdiyindən xəbərdar olduğunu bildirib. İqnatsio Marino Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Romada keçirilən görüşünü xatırlayaraq Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətinə toxunub. “Mercati di Traianomuzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən mer buna görə təşəkkürünü çatdırıb.

Prezident İlham Əliyev bu memarlıq və mədəniyyət mirasının təkcə Romaya deyil, bütün bəşəriyyətə aid olduğunu deyib, arxeoloji qazıntı işlərində Azərbaycanın da iştirak etməsindən fərəh hissi keçirdiyini bildirib. “Düşünürəm ki, bu, bizim ikitərəfli əlaqələrimizin vacib elementidir”, - deyən dövlətimizin başçısı mədəniyyət sahəsində əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev İtaliya tarixinin və mədəniyyətinin Azərbaycanda yaxşı tanındığını, ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyəyə çatdığını deyərək İtaliyanın Avropadadünyada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirib. Hazırda tərəfdaşlığımızın enerji sektorunda uğurla həyata keçirildiyini, Avropanın enerji xəritəsini dəyişəcək TAP layihəsinin Azərbaycan üçünböyük önəm təşkil etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, əməkdaşlıq əlaqələri gələcəkdə infrastruktur, tikinti, yüksək texnologiyalar və iqtisadiyyatın digər sahələrini də əhatə edəcəkdir. Görüşdən sonra Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Daha sonra dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak edib. Bu sazişMercati di Traianomuzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. Mərasim başa çatdıqdan sonra dövlətimizin başçısı və Roma şəhərinin meri arxeoloji qazıntı işlərinin aparılacağı ərazini, həmçinin, Roma şəhərinin mənzərəsini seyr ediblər.

Sonda Prezident İlham Əliyev İtaliya jurnalistlərinə müsahibə verib. Dövlətimizin başçısı bildirib ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir: “Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır.

Bu gün biz merlə müzakirələr apardıq və əməkdaşlığımızı davam etdirəcəyik. Bu gün imzalanan Saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir. Bu gün ölkələrimiz arasında mədəniyyətlərarası münasibətlər, insanlar arasında təmaslar, bir-birimizin tarixinə göstərdiyimiz qarşılıqlı maraq bu tərəfdaşlığı gücləndirir. Ona görə də biz bu gün ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışa bilərik, çünki o, həyatın bir çox sahələrini əhatə edir.

Bu yerdən sizin şəhərinizə açılan füsunkar mənzərəyə baxmaq çox gözəldir. Çünki mənim əvvəllər Romaya dəfələrlə səfərlərim olub, lakin bu yerdən Romaya baxmamışdım. Ümid edirəm ki, biz birlikdə tezliklə bu ərazilərdə əhəmiyyətli tapıntılar aşkarlayacağıq”.     

 

 

 Nardar Bayramlı

Yeni  Azərbaycan.-2014.- 18 iyul.- S. 8.