İtaliya Azərbaycana
Qafqazda sabitliyin təminatçısı kimi
yanaşır
İki ölkə arasında
münasibətlər yüksələn
xətlə inkişaf
edir
Mer İqnatsio Marino isə göstərdiyi bu yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib: “Onu da deyim ki, ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunuq. Təbii ki, bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında imzalanmış bu mühüm Saziş ölkələrimizin mədəniyyət sahəsində əlaqələrinin inkişafından xəbər verir. Biz buna böyük əhəmiyyət veririk. Əminəm ki, bu sənəd əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsinə töhfəsini verəcəkdir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri iyulun 15-də başa çatıb.
Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, Azərbaycanla İtaliya arasında əlaqələr müxtəlif sahələri əhatə edir. İki ölkə arasında enerji sahəsində yaxşı əməkdaşlıq mövcuddur. Amma iqtisadi əməkdaşlıq enerji sahəsi ilə məhdudlaşmır. İndiyədək keçirilən Azərbaycan-İtaliya biznes-forumlarında müzakirə olunan əsas məsələlər neft və qaz sahəsində əməkdaşlıqdan başqa, qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə tutur. Tərəflər iqtisadiyyatın bir çox sahələri üzrə geniş əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətindədirlər. Onu da bildirmək yerinə düşər ki, hazırda hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda İtaliya öncül sıralarda qərarlaşıb. Ötən müddət ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasında daha bir neçə şirkəti fəaliyyətə başlayıb. Bu məqam ötən il noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya biznes-forumunda bir daha vurğulanıb.
Hər iki ölkənin şirkətləri arasında əlaqələrin qurulması baxımından böyük əhəmiyyət kəsb edən həmin forumda 130-dan artıq italiyalı iş adamı iştirak edib. Ümumiyyətlə, italyanlar respublikamızda kənd təsərrüfatı, qida sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət avadanlıqları, geyim, mebel və digər sahələr üzrə fəaliyyət göstərirlər.
Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, İtaliya Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Faktlara diqqət yetirək. Məlum olduğu kimi, bir neçə il öncə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub. Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub. Görüş zamanı Azərbaycan parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca vacibdir. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.
Həmin görüş zamanı Azərbaycanın neçə illərdən bəri üzləşdiyi ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ xüsusilə diqqət mərkəzində olub. İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini isə bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoyaraq qeyd edib: “Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir”.
Əlbəttə, bu fakt onu göstərir ki, İtaliya tərəfi bu problemə haqq və ədalət müstəvisində çox həssaslıqla yanaşır. Xatırladaq ki, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Senat Yeni Avropa Xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsinin vacibliyini qeyd edir. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Qeyd etdiyimiz kimi, bu vaxta qədər Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair təxminən 30 sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin gücləndirilməsində maraqlıdır. Regionda beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşına çevrilməsi İtaliya tərəfindən də yüksək dəyərləndirilir.
Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, onların parlament assambleyaları səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq edir və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, hazırda iki ölkənin qanunvericilik orqanları arasında əlaqələr də yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna olan diqqətin və marağın artmasının şahidi oluruq. Senat üzrə dostluq qrupunun üzvlərinin sayı 32 nəfərdən ibarətdir.
Azərbaycan İtaliyanın Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır.
İtaliya Respublikası, həmçinin, Avropa İttifaqında da söz sahiblərindən biridir. 2006-cı ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin mart ayında Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadır və bu baxımdan, Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən, İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır. Qeyd olunmalıdır ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avroatlantik qurumlara inteqrasiya, o cümlədən, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesində İtaliyanın ölkəmizə dəstəyi şübhə doğurmur. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək. Bir sözlə, İtaliyanın Trentino Alto Adige regionunun dil azlıqları və sülh üçün ədalət üzrə konsulu Cüzeppe Detomasın da vurğuladığı kimi, Azərbaycan ilə İtaliyanı dərin köklərə əsaslanan münasibətlər birləşdirir. Bu ilin martında AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışan C.Detomas diqqətə çatdırıb ki, bu sıx əməkdaşlığı bir çox sahələrdə müşahidə etmək mümkündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan C.Detomas problemin tezliklə tənzimlənəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, İtaliya münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli dünyanın bir sıra bölgələrində davam edən münaqişələrə son qoyulması üçün nümunə ola bilər.
Yeri gəlmişkən, ölkəmizdəki tolerant mövqe İtaliya siyasətçiləri tərəfindən xüsusi olaraq vurğulanmaqdadır. Belə ki, bu ilin martında Azərbaycanın İtaliyadakı səfirliyinin, bu ölkənin “Vox Populi” və “İl Nodo di Gordio” aparıcı elm mərkəzlərinin birgə təşkilatçılığı ilə Trento şəhərində keçirilən “Muxtariyyət və xalqlar arasında birgəyaşayış. Azərbaycanda dini etiqadın, dilin və sivilizasiyanın yeni sərhədləri” mövzusunda elmi konfransda həmin məsələ bir daha vurğulanıb. Məsələn, tədbirin moderatoru, “İl Nodo di Gordio” elm mərkəzinin rəhbəri Daniele Ladzeri dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin geniş yayıldığı bir zamanda sürətlə inkişaf edən Azərbaycanda mövcud olan etnik-dini tolerantlığın, sivilizasiyalararası əlaqələrin müzakirəsi baxımından konfransın yaxşı imkan yaradacağını vurğulayıb. Öz növbəsində, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev bildirib ki, ölkəmiz dinlərarası münasibətlərin tənzimləndiyi önəmli bir məkana çevrilib.
Bütün bunlar Azərbaycanla İtaliya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Dövlətimizin başçısının bu ölkəyə rəsmi səfəri isə əlaqələrin daha da güclənəcəyinə təminat verən başlıca amildir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 19 iyul.- S. 10.