YAP Milli Mətbuat
Günü münasibətilə jurnalistləri
mükafatlandırıb
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası mətbuatla əlaqələrin
inkişafına böyük əhəmiyyət
verir
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi
qərargahında Azərbaycan
milli mətbuatının
yaranmasının 139-cu ildönümü
münasibətilə bir
qrup jurnalistin mükafatlandırılması mərasimi
keçirilib.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.
S.Novruzov bildirib ki, mətbuat hər bir cəmiyyətin, o cümlədən, Azərbaycan cəmiyyətinin həyatının informasiya ilə təmin edilməsində, ictimai-siyasi proseslərin işıqlandırılmasında, insanların maarifləndirilməsində, bütövlükdə, ölkənin mədəni səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. 139 il ərzində milli mətbuatımızın şərəfli bir yol keçdiyini deyən S.Novruzovun sözlərinə görə, hazırda ölkəmizdə yüksək səviyyəli kütləvi informasiya vasitələri formalaşıb: “1875-ci ildən başlayaraq bu günə qədər olan dövrə nəzər salsaq görərik ki, bütün zamanlarda mətbuat xalqın inkişafı, onun maarifləndirilməsi, informasiya ilə təmin olunmasında, müxtəlif problemlərin üzə çıxarılıb həll edilməsində xüsusi rol oynayıb”.
S.Novruzov bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında da mətbuatımız müstəsna xidmətlər göstərib. Onun sözlərinə görə, hətta bu yöndə peşə fəaliyyətini yerinə yetirən zaman şəhid olan jurnalistlərimiz də var. Millət vəkili deyib ki, mətbuatın inkişafı daim diqqət mərkəzindədir, o dördüncü hakimiyyət funksiyasını uğurla yerinə yetirir. “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuat inkişaf etməyə başlayıb, mətbuat-dövlət əlaqələri sıx olub, əlaqələr inkişaf edib. Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması, qəzetlərin dövlət nəşriyyatına olan borclarının dondurulması və mətbuatın inkişafına xidmət edən digər məsələlər ilə bağlı verilən qərarlar böyük əhəmiyyət kəsb edib. Mətbuat işçiləri Ulu öndərimizin bu fəaliyyətini yüksək qiymətləndirərək Onu “Jurnalistlərin dostu” seçiblər. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir və dövlət başçısı da “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə dövlətimiz mətbuatımıza ciddi dəstək verir. Eyni zamanda, ölkə başçısının qərarı ilə dövlət hesabına mətbuat işçiləri üçün yaşayış binası tikilib istifadəyə verilib. Artıq 250 mənzildən ibarət olacaq ikinci bina da tikilməkdədir və gələn ilin sonlarında jurnalistlərin ixtiyarına veriləcək” - deyə, YAP İcra katibinin müavini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv olunandan sonra KİV nümayəndələri tərəfindən Mətbuat Şurası yaradılıb ki, şura səmərəli fəaliyyət göstərir. S.Novruzov deyib ki, ölkəmizdə mətbuat, o cümlədən internet tam azaddır: “Bu gün bir çox ölkələrdə internet üzərində nəzarət mövcuddur. Lakin Azərbaycanda həmin ölkələrdən fərqli olaraq bu cür nəzarət yoxdur. Ölkəmizdə internet azaddır. Hazırda Azərbaycanda çoxlu sayda internet portalları, saytları fəaliyyət göstərir. Bu da həm dünyada, həm regionda, həm də ölkə daxilində baş verən hadisələrin insanlara çatdırılmasında mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkilinin sözlərinə görə, mətbuat cəmiyyətdə ictimai nəzarət funksiyasını həyata keçirir.
S.Novruzov, həmçinin, Yeni Azərbaycan Partiyasının da kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, partiya mətbuatla əlaqələrin inkişafına böyük əhəmiyyət verir: “YAP olaraq mətbuatla sıx əlaqələr qururuq. Siyasi partiyalar mətbuatla bilavisitə işləyir. Çünki onlar öz fəaliyyətlərini mətbuat vasitəsilə cəmiyyətə təqdim edirlər”.
Hər il jurnalistlərlə belə görüşlərin keçirildiyini xatırladan YAP İcra katibinin müavini bu ənənənin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
S.Novruzov deyib ki, bu gün ölkə mətbuatı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, Azərbaycanın inkişafını, reallaşdırılan islahatları geniş şəkildə işıqlandırır və təbliğ edir. Onun sözlərinə görə, ölkəmizin inkişafının, daxili ictimai-siyasi sabitliyinin nəticəsidir ki, bu gün Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Təkcə son iki ayda ölkəmizdə keçirilən ATƏT Parlament Assambleyasının illik sessiyısına və NATO Parlament Assambleyasının “Rouz-rout” seminarına diqqət yetirsək, nə qədər əhəmiyyətli tədbirlər olduğunu deyə bilərik. Bu və digər tədbirlər nəticəsində dünyadan ölkəmizə yüzlərlə xarici qonaqlar gəlir. Mətbuatımız həmin tədbirləri geniş işıqlandırmaqla yanaşı, ölkəmizin reallıqlarını da onlara təqdim edir. Bu cür beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzundan xəbər verir. Gələn il Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə, birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Mətbuatımız bu tədbirə də ciddi hazırlaşmalıdır”.
“Hazırda dünyada ziddiyyətli hadisələr baş verir. Yaxın Şərqdə, Avropada, regionumuzun ayrı-ayrı ölkələrində ciddi münaqişələr dinc insanlar üçün fəlakət gətirir” - deyən, S.Novruzov əlavə edib ki, münaqişələr etnik-dini problemlər, ərazi mübahisəsi və təbii sərvətlər uğrunda mübarizə zəminində baş verir. Onun sözlərinə görə, böyük dövlətlərin apardığı bu mübarizədən həmin ölkələrin xalqları əziyyət çəkir. “Elə bölgələr var ki, orada xeyli sayda dinc sakinlər, xüsusilə uşaqlar qətlə yetirilirlər. Eləcə də, həmin münaqişələrin olduğu bölgələrdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlər də öldürülür. Azərbaycan bu acı təcrübəni yaşayıb. Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi zamanı dinc insanlarımızın öldürülməsinin şahidi olmuşuq. Ona görə də, indi dünyanın qaynar nöqtələrində baş verən hadisələrdə dinc insanların ölümünün acılarını yaxşı anlayırıq. Hesab edirik ki, dinc insanların, xüsusilə uşaqların öldürülməsi beynəlxalq ictimaiyyəti ciddi narahat etməlidir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Belə bir şəraitdə Azərbaycanda sabitliyin dünya dövlətləri üçün nümunə olduğunu deyən S.Novruzov qeyd edib ki, kütləvi informasiya vasitələri bu reallığı daha geniş təbliğ etməlidir. Gələn il milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunacağını deyən YAP İcra katibinin müavini bu yubileyin də mətbuat işçiləri üçün yaddaqalan olacağını vurğulayıb.
Daha sonra S.Novruzov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mükafatlar təqdim edib. Mükafatlandırılanlar arasında qəzetimizin əməkdaşı Nardar Bayramlı da var.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 22 iyul.- S. 4.