Milli mətbuatımız heç vaxt indiki qədər azad, müstəqil və təminatlı
olmayıb
Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə bəzi informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər.
Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Bildiyimiz kimi, 1875-ci il iyul ayının 22-də Azərbaycan mətbu tarixinin əsasını qoyan “Əkinçi” qəzetinin nəşrinə başlanıb.
Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Ona görə ki, 1875-ci ildə Azərbaycan müstəqil respublika deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni, iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi - nəzərdən mühüm bir hadisə idi. Bu şərtləri nəzərə alsaq, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabinin nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacardığını daha aydın dərk edərik. Hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edirdi.
Bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf edib, dövrün spesifik xüsusiyyətlərinə uyğun üzərinə götürdüyü məsuliyyətli vəzifəni uğurla yerinə yetirməyə çalışıb.
Müstəqil Azərbaycan mətbuatının inkişafından danışarkən 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini elan etməsi və bundan sonra mətbu həyatda baş verən yenilikləri, tendensiyaları xüsusi qeyd etmək lazımdır.
O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı. Vaxtilə kommunizm ideallarını tərənnüm edən mətbuat avtomatik və qeyri-iradi olaraq keçiddən sonra demokratiyanı mənimsəməyə başladı. Çox təəssüf ki, o dövrdə ilkin mərhələdə formalaşan Azərbaycan mətbuatı cəmiyyətdə həqiqi demokratik əsasların formalaşmasına layiqli töhfə verə bilmədi. Bunun səbəbləri isə kifayət qədər aydındır. 1991-ci ildən əvvəlki dövrdə olan mətbuatın nümayəndələri kommunizmi ideallaşdırırdısa, 1991-ci ildən sonrakı dövrdə biz demokratiyanın ideallaşdırılmasını gördük. Bu, bizi sonrakı illərdə həqiqi demokratiyadan bir qədər uzaqlaşdırdı. Əgər o dövrün kommunistləri kommunizm ideallarını istismar edirdilərsə, 1991-1993-cü illərdə özlərini demokratik adlandıranlar demokratiya ideallarını istismar edirdilər. Hesab edirik ki, bunların o qədər də ciddi fərqi yoxdur. Lakin həqiqi demokratiya daha geniş, daha dərin məzmun kəsb etdiyi üçün daha geniş kütlələrin və daha rəngarəng mətbuatın bu istiqamətdə səmərəli fəaliyyətini şərtləndirirdi. Çox təəssüf ki, bu günə qədər də o istismar cəhdlərinin davam etdiyinin bəzən şahidi oluruq. Bəzi qəzetlər, “ən demokratik, ən çox tirajla çıxan qəzet bizik” kimi epitetlərlə istismar mövqeyində dayanmağı doğru hesab edirlər. Bütün bunlara baxmayaraq, 1990-cı illərin əvvəllərində müstəqil Azərbaycan mətbuatı formalaşırdı. Müstəqil Azərbaycan mətbuatı artıq yeni, həqiqi vətənpərvərliyi, ideoloji Sovet vətənpərvərliyini deyil, məhz milli vətənpərvərliyi, milli müstəqilliyi, milli inkişafı, milli iqtisadiyyatı tərənnüm edirdi. Ona görə də, bu dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə formalaşması məhz bu gün şahidi olduğumuz intellektual, inkişaf etmiş mətbuata gətirib çıxardı. Amma bu yol da asan olmadı. Bildiyimiz kimi, o dövrdə çox ciddi əngəllər var idi. Bunlardan biri mətbuata dövlət nəzarətini təmin edən baş idarə-senzura idi. 1993-cü ilin əvvəllərində AXC-“Müsavat” hakimiyyəti dövründə hərbi sirlərin qorunması ilə bağlı xüsusi fərman imzalandı və bu, mətbuatın azadlığını, söz azadlığını bir qədər də məhdudlaşdırdı. Beləliklə, Azərbaycan mətbuatı yağışdan çıxıb yağmura düşmüşdü. Yalnız Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, son iki sənəd bu gün hakimiyyətə iddialı olan radikal müxalifətin liderləri tərəfindən imzalanmışdı. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
2003-cü ildən sonra Prezident İlham Əliyev bu sahəyə göstərilən diqqət və qayğını daha da artırdı. Prezident İlham Əliyevin Sərəncamı ilə kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məhz cənab Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Buna paralel olaraq jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görüldü. Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları aradan qalxdı. Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə idi. Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi.
Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - “KİV haqqında” Qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən uyğun qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı. Yəni, senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən “inqilabçı jurnalistika”, yaxud “reket jurnalistikası” yavaş-yavaş sıradan çıxmağa başladı.
Bütün bunlardan sonra 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Düşünürük ki, Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Fondun ötən illərdəki fəaliyyəti kifayət qədər effektiv olmaqla, mətbuat nümayəndələrinin sosial-vəziyyətinin yaxşılaşdırılmasına əsaslı şərait yaradıb.
Bundan başqa, Azərbaycan mətbuatının 135 illik yubileyində Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında” Sərəncamı ilə ölkəmizin bir sıra bölgələrində silsilə tədbirlərin keçirilməsi, öz fəaliyyətində fərqlənən 38 jurnalistə “Əməkdar jurnalist” fəxri adının verilməsi, onlarla jurnalistin “Tərəqqi” ordeni ilə təltif edilməsi, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi jurnalistlərin fəaliyyətinə stimullaşdırıcı təsir göstərməklə yanaşı, bu sahənin inkişafını daha da sürətləndirdi. Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər institutlarının da diqqətini jurnalist peşəsinə yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə nüfuzunun artmasını şərtləndirən xüsusi amil oldu. Həmçinin, ötən ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda, “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncamın imzalanması da bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir.
Beləliklə, 139 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçmişdir. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, 22 iyul tarixi Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin arzularının çin olduğu, ruhunun şad olduğu bir gündür. Çünki Azərbaycan mətbuatı fəaliyyət göstərdiyi 139 illik tarixi boyunca heç bir zaman bu qədər azad və müstəqil olmayıb. Söz və mətbuat azadlığı heç bir zaman bu qədər dövlət tərəfindən dəstəklənməyib və himayə edilməyib. Bu da onun göstəricisidir ki, Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə sivil, demokratik, hüquqi cəmiyyətin bərqərar olmasında maraqlıdır, siyasi iradə olaraq alternativ fikrə dözümlüdür. Fərqli düşüncəli mətbuatı qəbul edir, amma haqlı olaraq neqativ tendensiyaların doğru olmadığı fikrini də irəli sürür.
Hikmət BABAOĞLU
Yeni Azərbaycan.-2014.- 22 iyul.-
S.4.