Azərbaycan İƏT-ə daxil olan ölkələrlə
əlaqələrin daha da
inkişaf etdirilməsində
maraqlıdır
Təşkilatda
təmsil olunan ölkələrlə Azərbaycan
arasında çox sıx əməkdaşlıq
mövcuddur
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin daha da genişlənməsində, xarici ölkələrlə, o cümlədən beynəlxalq təşkilatlarla münasibətlərin inkişaf etdirilməsində həlledici rol oynadı. Əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin də davam etdirdiyi xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmlə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə zəmin yaratdı. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və quruma daxil olan ölkələrlə də yüksək əlaqələrə malikdir.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev bildirib ki, bir çox məsələlər, ənənələr bizim xalqlarımızı birləşdirir: “Mən çox şadam ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin həllində biz çox fəal əməkdaşlıq edirik”.
Ölkə başçısı qeyd edib ki, müsəlman ölkələri beynəlxalq arenada daim bir-birlərini dəstəkləyir: “Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Beynəlxalq hüquq normaları Ermənistan tərəfindən kobudcasına pozulub. Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar, Xocalı soyqırımını törətmişlər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, öz rolunu artırır: “İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun qaldırılması işinə biz praktiki töhfəmizi veririk. İki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu iki il ərzində iki dəfə bu mötəbər quruma sədrlik etmişdir. İki dəfə bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs nəticəsində məsələlər müzakirəyə çıxarılmışdır. Onlardan biri beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərinə aid idi. Beynəlxalq terrorizmə qarşı mübarizə bizim ümumi işimizdir. İkinci mövzu isə İslam Əməkdaşlıq Təşkilatı ilə BMT arasındakı əməkdaşlıq məsələləri idi. Bu, əslində bizim prioritetlərimizi əyani şəkildə göstərir. Əminəm ki, gələcəkdə də bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edəcək və biz bir-birimizi daim dəstəkləyəcəyik”.
Tədbirdə çıxış edən Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami bildirib ki, ötən illər ərzində Azərbaycan mədəniyyətlərarası dialoq, insan inkişafının təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji və digər mövzulara həsr olunmuş beynəlxalq konfranslara ev sahibliyi edib. Bu sırada Humanitar Forumu, Davos Dünya İqtisadi Forumunu və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə dəstək üzrə beynəlxalq konfransı qeyd etmək olar: “Bütün bu nailiyyətlər Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunu təsdiq edir. Sizin müdrik və tarazlaşdırılmış siyasətiniz nəticəsində Azərbaycan regional və beynəlxalq əhəmiyyətli məsələlərin sülh yolu ilə həllinə töhfə verir. Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatının mövqeyini bir daha vurğulayır və ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll ediləcəkdir”.
Bu məqamda xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün beynəlxalq qurumlarla yüksək işgüzar münasibətdə olan Azərbaycan ilə İƏT arasında müsbət əlaqələr mövcuddur. Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlər xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. İƏT (sonradan İƏT) 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb, 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iƏt yanında müşahidəçi statusuna malikdirlər. İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. Təşkilat 1975-ci ildən bəri BMT yanında müşahidəçi statusu alıb. 1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İƏT-nin ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən, sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr fəaliyyət göstərir.
Vurğulamaq lazımdır ki, İƏT ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəli və davamlı xarakterə malikdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet respublikaları arasında ilk olaraq məhz Azərbaycan İƏT-ə üzv olmaq barədə müraciət edib.
Qurumla ölkəmiz arasındakı münasibətlər Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha möhkəm xarakter alıb. 1994-cü ilin may ayından etibarən Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İƏT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən, İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanılıb.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri Azərbaycan-İƏT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında Onun müqəddəs Kəbədə ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırıb. Ümummilli liderin İƏT baş katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İƏT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə Konfransında iştirakı və İƏT baş katibi, həmçinin, bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində İƏT Zirvə görüşləri tarixində ilk dəfə olaraq, Kasablankada “Ermənistan-Azərbaycan münaqişəsi haqqında” siyasi qətnamə qəbul edildi, həmin ildən etibarən İƏT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunun mütəmadi salınmasına nail olunub.
Qeyd olunmalıdır ki, gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında” başlığı ilə ilk dəfə olaraq, 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İƏT xarici işlər nazirlərinin 24-cü Konfransı və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İƏT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayıb. Xatırladaq ki, siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsi, bu problemə dair baş katibin ənənəvi illik hesabatları, İƏT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İƏT-yə üzv ölkələr tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İƏT dövlətlərinə narazılığını bildirməsi ilə müşayiət olunsa da, əks-rezonans doğurub. Eyni zamanda, qeyd olunan qərar və qətnamələr əsasında həm İƏT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilib.
Azərbaycan da öz növbəsində İƏT çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, həmçinin, Fələstin probleminə münasibətdə daim konstruktiv mövqe sərgiləyib, özünün birmənalı və dəyişməz mövqeyini nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2005-ci ilin dekabrında
İƏT-nin Məkkədə keçirilmiş
III fövqəladə Zirvə görüşündə
iştirakı, Onun təşəbbüsü
ilə 2006-cı ilin 19-21 iyun
tarixlərində Bakıda İƏT xarici
işlər nazirlərinin növbəti 33-cü
Konfransının, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə 2008-ci il 10-11 iyun
tarixlərində Bakıda “Mədəniyyətlərarası
Dialoqda Qadınların rolunun
genişləndirilməsi” mövzusunda
beynəlxalq forumun keçirilməsi, həmçinin,
digər konfrans və tədbirlərə
Azərbaycanın ev sahibliyi
etməsi yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Pərviz Sadayoğlu
Yeni Azərbaycan.-2014.- 22 iyul.- S. 8.