Ağdam rayonunun ermənilər tərəfindən işğal olunmasından 21 il ötür

 

Azərbaycanın dilbər guşələrindən olan Ağdam rayonunun Ermənistan tərəfindən işğalından 21 il ötür. Xatırladaq ki, hazırda böyük bir hissəsi erməni işğalı altında olan rayonun 10 kəndi Azərbaycanın nəzarətindədir. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərib. Ağdam rayon Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər rayonları ilə həmsərhəddir. Rayon 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.

Qeyd edək ki, ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk cəlb olunan rayon Ağdam oldu. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşdü. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd-yuvalarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam sovet ordusuna arxalanaraq bununla kifayətlənməyib Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. Ağdamın işğalı dövlət idarəetmə sükanı arxasında oturan o zamankı hakimiyyətin yarıtmaz fəaliyyəti, AXC-”Müsavatcütlüyü təmsilçilərinin arasında gedən çəkişmələr və ziddiyyətlərin nəticəsində baş verdi. Həmin zaman kəsiyində ölkəni bürümüş xaos, anarxiya Azərbaycanın bu dilbər guşəsinin işğalı ilə sonuclandı. Yarıtmaz idarəçilərin Ağdamın bütün kəndlərində yerli özünümüdafiə dəstələrini siyasiləşmiş hərbi batalyonlarla əvəzləmələri və “Ağdamı yerli camaat yox, dövlət qoruyacaq” - kimi pafoslu bəyanatları işğala zəmin yaratdı.

Beləliklə, 1993-cü il iyulun 23-də Ermənistan hərbi qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə yeksan edildi. 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi. Ermənilər uşaqböyük, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək, bununla da bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərindən birini törətdilər. Bu döyüşlərdə qəhrəman ağdamlılar son ana qədər döyüşdülər.

Məlumat üçün bildirək ki, Ağdam rayonunun 16 Milli Qəhrəmanı var: Şirin Mirzəyev, Asif Məhərrəmov (Fred), Allahverdi Bağırov, Yelmar Edilov, Əlabbas İsgəndərov, Faiq Ağayev, Muxtar Qasımov, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasımov, Rövşən Hüseynov, Canpolad Rzayev, Nadir Əliyev, Rövşən Əkbərov.

1996-cı ildə Ağdam ictimaiyyəti ilə görüşündə Ümummilli lider Heydər Əliyev rayonun işğalına belə münasibət bildirmişdi: Ağdam şəhəri heç vaxt işğal oluna bilməzdi. 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan təcavüz - ilk atışmalar, ilk qığılcım, təcavüzün ilk addımları məhz Ağdama tərəf yönəldilmişdi. Bu da təbiidir, çünki Dağlıq Qarabağa gedən yolların hamısı Ağdamdan keçir. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan ermənilər Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanlarının nə qədər dəyanətli, nə qədər cəsarətli olduqlarını da yaxşı bilirdilər. Strateji nöqteyi-nəzərdən isə Ermənistan təcavüzünün qarşısının alınması üçün Ağdam, şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi. 1992-ci ilin sentyabrında Abdal-Gülablı kəndinin işğal olunması, ondan sonra da rayonun digər kəndlərinə hücumlar, Ağdama qarşı yönəldilmiş təcavüzkar planlar, nəhayət, Ağdam şəhərinin işğalına gətirib çıxardı”.

Ağdamlı məcburi köçkünlərin sosial durumu, mənzil şəraitinin yaxşılaşdırılması Ulu öndərin daim diqqət mərkəzində saxladığı məsələ olub. Bu məqsədlə təkcə 2001-2002-ci illər ərzində imzalanan üç Fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərini həll etmək üçün Dövlət Neft Fondundan 359 milyon manat vəsait ayrılıb və bunun müqabilində 18 qəsəbə salınıb, 6076 mənzil tikilib, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilib, beş mindən artıq ailəyə birdəfəlik yardımlar olunub. Heydər Əliyevin 2001-ci ilin sentyabr ayında imzaladığı Fərmandan ağdamlı məcburi köçkünlərə də böyük pay düşdübu ərazidə 4 yeni qəsəbə salındı. Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Erge ərazilərində inşa edilən 500 mənzillik qəsəbələr ağdamlılara dövlət tərəfindən göstərilən qayğının təzahürü idi. Qeyd olunan yaşayış məntəqələrində hər cür kommunal xidmətlər təşkil edilib, orta məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər zəruri infrastruktur obyektləri tikilib.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 2004-cü ilin fevral ayının 4-də Ağdamda yeni qəsəbələrin salınması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Bərdə və Ağcabədi rayonlarındakı çadır düşərgələrində və yük vaqonlarında müvəqqəti yerləşdirilən 3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi ərazisində yeni qəsəbələr salınıb, onlara maliyyə yardımı və torpaq sahəsi ayrılaraq məşğulluqları təmin edilib. Ölkə başçısının 1 iyul 2004-cü il tarixində təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən, bu kateqoriyalı insanların yeni mənzillərlə təmin olunması istiqamətindəki işlər mərkəzləşdirilib.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişafı özündə ehtiva edən Dövlət proqramları Ağdam rayonunun da həyatında müstəsna rol oynayıb. 2014-2018-ci illəri əhatə edən yeni sosial-iqtisadi inkişaf proqramında da cəbhə bölgəsində yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yeni infrastrukturların yaradılması kimi mühüm məsələlər öz əksini tapıb.

Bu gün torpaqlarından məcburi şəkildə qovulmuş ağdamlıların böyük arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır ki, Prezident İlham Əliyev bu yöndə qətiyyətli siyasət yürüdürAğdam ictimaiyyəti ölkə başçısının siyasi kursunu birmənalı olaraq dəstəkləyir.

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 23 iyul.- S.6.