Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir

 

Prezident İlham Əliyev: Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil

 

Məlum olduğu kimi, Azərbaycan xalqı qədim milli, eləcə , dini ənənələrə sahib olan, onların bir çoxunu qoruyub yaşadan toplumdur. Milli identikliyin mühüm tərkib hissəsi olan millidini dəyərlər sayəsində Azərbaycan xalqı bu günədək özünəməxsusluğunu, eləcə də, milli dövlətçiliyini hifz edib.

DİNİ DƏYƏRLƏR MİLLİ MƏDƏNİYYƏTİMİZİN TƏRKİB HİSSƏSİDİR

Yeri gəlmişkən, müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev dini dəyərlərin milli dəyərlərimizdən ayrılmaz olduğunu vurğulayıb: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil”.

Dövlət başçısının vurğuladığı kimi, dini dəyərlərə milli dəyərlərin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Həqiqətən də, xalqın dini mənsubiyyətindən irəli gələn dünyagörüşü, bəzi dini mərasimlər əsrlər boyunca milli şüurda, məişət həyatında, adət-ənənələrimizdə, maddi və mənəvi xalq yaradıcılığında dərin iz salaraq mədəniyyətimizin ayrılmaz parçasına çevrilib, onunla üzvi vəhdət yaradıb.

Eyni fikri ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini ilə yanaşı, ölkəmizdə mövcud olan digər dinlərlə də bağlı söyləmək mümkündür. Bu, o deməkdir ki, ölkəmizdəki müxtəlif dinlərə mənsub icmaların mədəniyyətləri həm özünəməxsus cəhətlərə malikdir, həm də ümumi Azərbaycan mədəniyyətinin tərkib hissəsi olmaqla bir çox ortaqoxşar xüsusiyyətləri bölüşür. Buna görə də Azərbaycan toplumu öz fərqlilikləri ilə vəhdət, ahəng təşkil edir.

DÖVLƏTÇİLİYİMİZ MİLLİ DƏYƏRLƏRİMİZƏ ƏSASLANIR

Bildiyimiz kimi, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır. Tarix boyu Azərbaycan xalqı özünün milli, dini mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb.

Müstəqil və müasir Azərbaycan dövlətçiliyinin xalqımızın milli dəyərlərinə hörmətlə yanaşması və bu dəyərlər üzərində formalaşması ölkəmizi daha da gücləndirir. Dövlət başçısının sözügedən nitqində söylədiyi kimi, milli dəyərlərimiz dövlətçiliyimizin təməlini təşkil edir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.

Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşımaqla bərabər, xalqımızın milli mənəvi dəyərlərinə uyğun şəkildə müəyyənləşdirilir. Bunun təsdiqini, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında, Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda görmək mümkündür. Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi qanunvericiliklə müəyyən edilib. Dövlətin dini məsələlərə, eləcə də, ayrı-ayrı dini icmalara olan diqqətinin göstəricisi olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bütün bunlar bir daha təsdiq edir ki, müstəqil Azərbaycan dövlətçiliyi xalqımızın milli, mənəvi dəyərləri əsasında formalaşdırılıb.

Beləliklə, dini tolerantlıq ənənələrinə söykənən birgəyaşayış formasından cəmiyyətimizin hər bir üzvü faydalanır, bu cür yaşayış hər kəsin təhlükəsizliyini, azadlığını təmin edir. Azərbaycanda tolerantlıq sonradan qanunlarla, normalarla yaradılan ictimai nizam deyil, toplumun təbii vəziyyəti, həyat tərzidir. Bu səbəbdən də Azərbaycanda müxtəlif dinlərin nümayəndələri özlərini tam sərbəst hiss edirlər.

AZƏRBAYCAN DİNİ İRSİN QORUNMASINA TÖHFƏ VERİR

Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də, milli mədəniyyətin harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən, İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur.

Azərbaycanda İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər təkcə qorunub saxlanılmır, həm də genişləndirilir, inkişaf etdirilir. Sovet dövründə Azərbaycanda 17 məscid olub, bu gün isə ölkəmizdə 2000-ə yaxın məscid, habelə, kilsə və sinaqoqlar var. Son 10 il ərzində Azərbaycanda 216 məscid tikilib, 80-dən çox məscid təmir edilib. Təmiri başa çatan sonuncu belə məscidlərdən biri - Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidi tam bərpa olunub. Bu ilin əvvəllərində isə Siyəzən rayonunda insanların ən çox ziyarət etdiyi “Xıdır Zində” pirinin ərazisində yerləşən məscid əsaslı təmir olunaraq istifadəyə verilib. Məscidlərlə yanaşı, Azərbaycanda kilsələr və sinaqoqlar da təmir olunur, yeniləri inşa edilir.

Dövlət bu sahədə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə də şərait yaradır. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində 2010-2013-cü illərdə aparılan əsaslı bərpa və yenidənqurma işlərini Prezident İlham Əliyev və xanımı, Fondun prezidenti Mehriban Əliyeva mütəmadi olaraq diqqətdə saxlayıblar. Xatırladaq ki, 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olan dövlət başçısı böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar verib. Bununla əlaqədar, Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq işlər görülüb. Beləliklə, ölkə başçısı milli mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olaraq, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə daha bir töhfə verib.

Azərbaycan, həmçinin, işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardakı məscidlərin və digər dini abidələrin ermənilər tərəfindən dağıdılması, baxımsız vəziyyətdə saxlanmasına beynəlxalq qınağın formalaşmasına, bununla bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırmağa çalışır. Ölkəmiz İƏT səviyyəsində bu barədə narahatlığın ifadə olunduğu qətnamələrin qəbuluna da nail olub.

Azərbaycan həm də qlobal səviyyədə İslam mədəni irsinin dialoqa töhfələr verən addımlarına dəstək nümayiş etdirir. Bu nöqteyi-nəzərdən, 2012-ci il sentyabrın 18-də Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Ollandın da iştirakı ilə Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimini xatırlatmaq olar. Qeyd edək ki, yeni zalların açılmasında Fransa, Küveyt, Oman və Mərakeş ilə yanaşı, Azərbaycanın da mühüm rolu olub. Fransa Prezidenti Fransua Olland çıxışında muzeydə İslam incəsənəti departamentinin yaradılmasında verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirərək deyib: “Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını göstərmiş şəxslərə, xüsusilə də Azərbaycan Respublikasının Prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandır. Onlar Fransanın dostlarıdır. Onlar bu layihəyə çox böyük yardım ediblər. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcəkdir”.

Bu layihə sivilizasiyalar arasında dialoqun əldə olunmasına töhfə verməklə yanaşı, muzeyə gələnlərə Şərqi daha yaxşı tanımaq, Avropaİslam mədəniyyəti arasındakı uyğunluqları müəyyən etmək üçün şərait yaradıb. Belə bir muzeydə İslam incəsənətinin nümayiş etdirilməsi üçün bölmənin yaradılmasına verdiyi dəstək Azərbaycanın İslam mədəniyyətinin qorunmasına və düzgün təbliğinə, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdəndir.

Həmçinin, 2012-ci ilin noyabr-dekabr aylarında Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” sərgisi keçirilib. Azərbaycan ilə Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə baş tutan tədbir sayəsində Azərbaycan Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edən ilk müsəlman ölkəsi olub.

Eyni zamanda, Heydər Əliyev Fondu ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə, dinlərə aid olan abidələrin də təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpası bu qəbildən olan işlərdir. Bütün bunlar isə Fondun mədəniyyətlərarası dialoqa verdiyi əməli töhfələrin göstəricisidir.

Göründüyü kimi, Azərbaycanda bütün dinlərə ən yüksək səviyyədə hörmət və qayğı nümayiş etdirilir. Təbii ki, belə mühitdə xalqımızın dini, mədəni tolerantlıq ənənələrinin bundan sonra yaşadılmasına, daha da inkişaf etdirilməsinə gözəl imkan yaranır.

 

Hülya MƏmmƏdli

Yeni  Azərbaycan.-2014.- 24 iyul.- S.2.