Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

 

Əli Həsənov: Ötən illərdə həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-lərin kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərmişdir

 

Sirr deyil ki, Azərbaycan mətbuatının hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin mediaya yüksək səviyyəli diqqəti mətbuat nümayəndələrinin söz, fikir özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin, əlverişli şəraitin mövcud olmasıdır.

Ümumiyyətlə, ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda tətbiq edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına strateji töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.

Azərbaycan mediasının inkişafını, yeni keyfiyyət dəyişikliklərini şərtləndirən ən mühüm addımlardan biri mətbuatın böyük hamisi olan Ümummilli liderimiz Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi oldu. Sonrakı dövrdə də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə informasiya üzərində inzibatçılığı aradan qaldırmaq, onun sərbəst şəkildə yayılmasını, vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnun bərqərar olunmasını təmin etmək üçün bir sıra addımlar atıldı. Bundan başqa, 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəviümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu.

2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.

Məhz Prezident İlham Əliyevin 2003-cü ildən bəri ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi əsas oldu. Kütləvi informasiya vasitələrinin (KİV) “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Beləliklə, məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi isə mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi.

Bundan başqa, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan büdcə Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını bəzi neqativ tendensiyalardan müəyyən mənada ayırdı.

Yeri gəlmişkən, iyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu məsələ ilə əlaqədar qeyd edib ki, İlham Əliyevin Prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olmuşdur: “Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı Fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçmişdir”.

Bundan başqa, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Bu kontekstdə Azərbaycan dünyada analoqu olmayan bir hadisəyə ev sahibliyi etdi. Belə ki, 2013-cü il iyulun 22-də - Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın açılışı oldu. Bununla yanaşı, jurnalistlər üçün yeni binanın təməli atıldı. Bir sözlə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi, bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar: “Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2010-cu il 22 iyul tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bir bina inşa edilmişdir. 2013-cü il iyulun 22-də Azərbaycan Prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilmiştam təmirli mənzillər jurnalistlərə paylanmışdır. Elə həmin gün cənab Prezident KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoymuşdur”.

Nəticə etibarilə, dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Media qurumları mövcud şəraitdən səmərəli istifadə etməklə həm sağlam ictimai rəyin formalaşmasına və istiqamətlənməsinə, həm də Azərbaycan mətbuatının inkişafına özünəməxsus töhfələr verir. Əli Həsənovun bildirdiyi kimi, ötən illərdə həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-lərin kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərmişdir: “Hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın fəal internet informasiya resursu, 50-dən artıq televiziyaradio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir”.

Nurlan QƏLƏNDƏRLİ   

Yeni  Azərbaycan.-2014.- 24 iyul.- S.3.