Azərbaycan Prezidenti bütün məmurlardan vətəndaş müraciətlərinə həssas yanaşma tələb edir

 

Müstəqillik tarixinə yeni quruculuq səhifələri yazan Azərbaycan dövlətinin iqtisadi potensialı artdıqca onun vətəndaşlarının da güzəranı yaxşılaşır, onları narahat edən problemlər getdikcə azalır, ölkədə gedən böyük abadlıq və quruculuq işləri insanları sevindirir, bütövlükdə əhalinin irəli sürdüyü məsələlər öz həllini daha tez tapır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ardıcıl davam etdirilməsi, ölkənin bugünkü və gələcək inkişafını təmin edən dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi Azərbaycanı regionun ən güclü dövlətinə çevirmiş, onun beynəlxalq nüfuzunu xeyli gücləndirmiş və Azərbaycanın təmsil olunduğu bütün beynəlxalq qurumlarda nümayiş etdirdiyi prinsipial mövqe ilə bu nüfuz daha da yüksəlməkdədir.

Azərbaycanın keçən il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında, bu il isə Avropa Şurasının Nazirlər Komitəsində sədr kimi təmsil olunması onun müstəqillik tarixinin çox şərəfli səhifələrindən biridir. Dövlətimizin başçısının bu il iyunun 24-də Avropa Şurasının Parlament Assambleyasında etdiyi dərin məzmunlu və qətiyyətli çıxışı Azərbaycan dövlətinin əsas inkişaf istiqamətlərini əks etdirməklə yanaşı, həm də onun siyasi platformasının, beynəlxalq məsələlərin həllinə düzgün və prinsipial yanaşmasının, hazırda dünyada hökm sürən ikili standartlara qarşı barışmaz mövqeyinin nümayişi hesab edilə bilər. Ölkəmizin Prezidentinin geniş əks-səda doğuran bu çıxışı istər Azərbaycanda, istərsə də xarici ölkələrdə yaşayan soydaşlarımızın qəlbində böyük qürur hissi yaratmışdır.

ATƏT-in 2014-cü il iyunun 28-də Bakı şəhərində keçirilən növbəti sessiyası da Azərbaycanın dünya siyasətində artıq özünə məxsus yer tutduğunu, Bakı şəhərinin mühüm beynəlxalq forumların və yüksək səviyyəli görüşlərin keçirilməsi üçün çox əlverişli bir yer olduğunu bir daha sübut etmişdir.

Bütövlükdə Azərbaycanın iqtisadi və siyasi həyatında baş verən hadisələri, ölkə rəhbərliyinin yeritdiyi daxili və xarici siyasəti, dövlətimiz və xalqımız qarşısında duran vəzifələri Azərbaycan Respublikasının Prezidenti 2014-cü il yanvarın 9-da, aprelin 13-də və iyunun 10-da respublika Nazirlər Kabinetinin 2013-cü ilin, 2014-cü ilin birinci rübünün və birinci yarısının yekunlarına, qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə 2014-cü il mayın 27-də keçirilmiş rəsmi qəbulda və digər mühüm tədbirlərdə geniş şərh etmişdir.

Ölkə Prezidenti Azərbaycanda son 10 ildə qazanılmış nailiyyətlərin kökündə Azərbaycan dövləti ilə Azərbaycan xalqının birliyinin dayandığını, Azərbaycanın dövlət siyasətinin ilk növbədə, xalqın maddi rifahının, onun güzəranının yaxşılaşdırılmasına, sabitliyin, ərazi bütövlüyümüzün qorunmasına yönəldiyini bildirmişdir. Ölkə Prezidenti haqlı olaraq qeyd edir ki, qazanılmış nailiyyətlər böyük zəhmət hesabına əldə edilmişdir. Cənab Prezident bildirir: “Bu, göydən düşən nemət deyildir. Buna biz özümüz nail olmuşuq. Buna Azərbaycan xalqı nail olub. Bizim siyasətimiz bu sahədə də öz səmərəsini bir daha göstərmişdir”.

Azərbaycan Prezidenti böyük iftixar hissi ilə bildirir ki, “...Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur”. Ölkə Prezidenti haqlı olaraq qeyd edir ki, bu gün hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O dövlətin ki, vətəndaşlarını darda qoymur. O dövlətin ki, öz vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz vətəndaşının rifahı üçün əlindən gələni əsirgəmir. Milli dəyərlərin üzərində müasir dövlətin qurulması, əlbəttə ki, bizi fərqləndirən cəhətlərdən biridir.

Azərbaycan dövlətinin başçısı, eyni zamanda, “cəmiyyəti incidən, narazılıq yaradan xoşagəlməz hallara qarşı mübarizənin də” daha ciddi aparılacağını, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı aparılan ciddi mübarizə nəticəsində son illərdə əldə olunmuş nailiyyətlərin xalqı sevindirdiyini də vurğulayır, Azərbaycanda xoşagəlməz halların olmayacağını, Azərbaycan cəmiyyətinin nümunəvi, azad, müstəqil və güclü dayaqları olan cəmiyyətə çevrilməsinin bir daha əsas məqsəd kimi qarşıda durduğunu bildirmişdir.

Ölkə əhalisinin normal həyat şəraitini təmin etmək üçün yeridilən sosial siyasətin nəticələri günbəgün özünü göstərir. Şəhər və kəndlərimizin görkəmi tamamilə dəyişir, tikilən sənaye müəssisələri yeni iş yerlərinin açılmasını təmin edir, istifadəyə verilən yüzlərlə məktəb, mədəniyyət ocağı, magistral yollar, qaz xətləri, rayon mərkəzlərində yenidən qurulan su və kanalizasiya sistemləri, sürətlə çəkilən və təmir edilən kənd yolları, sözsüz ki, əhalini narahat edən problemlərin həlli deməkdir.

Ölkənin iqtisadi potensialı imkan verir ki, əhalinin daha çox köməyə ehtiyacı olan kateqoriyasının, yəni müharibə veteranları və əlillərin, məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşdırılsın. Hər il 20 mindən artıq köçkün yeni mənzillərə köçür, müharibə veteranları və əlillər üçün mənzil tikintisi gündən-günə genişlənir.

Bu gün Azərbaycan dövlətinin digər ölkələr, o cümlədən Avropa ölkələri ilə müqayisədə inkişafı göz qabağındadır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının plenar iclasında 57 ölkənin 500-dən artıq nümayəndəsinin təmsil olunduğu iclasında qeyd etdiyi kimi, müharibə şəraitində olmasına və torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artmış, yoxsulluq faizi 5 faizə enmiş, ölkənin maliyyə durumu tam sabitdir. Beynəlxalq reytinq agentlikləri ölkənin kredit reytinqini çox yüksək səviyyədə təsdiq edib. Son 10 ildə təxminən 170 milyard dollar səviyyəsində sərmayə qoyulan Azərbaycan bu gün artıq özü xarici ölkələrə investisiya yatırır, özünün kosmik sənayesinə malik olan bir ölkədir.

Bu uğurlar fonunda ölkə vətəndaşlarının problemləri də müvəffəqiyyətlə həll olunur, onların Prezident Administrasiyasına ünvanladıqları müraciətlər diqqətlə araşdırılır, vətəndaşların haqlı tələblərinin yerinə yetirilməsi üçün respublikanın bütün dövlət hakimiyyəti orqanları, xüsusilə də yerli icra hakimiyyəti orqanları ardıcıl və mütəmadi iş aparırlar. Hər bir vətəndaşın haqlı müraciətinin obyektiv araşdırılıb həll edilməsinə, ölkə həyatının ən müxtəlif sahələrində işin təkmilləşdirilməsi, yaxud yeni müəssisələrin, sənaye sahələrinin və texnologiyaların yaradılması, tətbiq edilməsi barədə verilmiş təkliflərin həyata keçirilməsinə böyük diqqət yetirilir.

Sevindirici haldır ki, vətəndaşların müraciətlərinə ildən-ilə artan diqqət və həssas münasibət nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 2014-cü ilin birinci yarısında Prezident Administrasiyasına daxil olmuş müraciətlərin sayı azalmışdır. Vətəndaş müraciətlərinin ildən-ilə azalması səbəbləri üzərində dayansaq, ilk növbədə, əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin uğurlu daxili və xarici siyasətini, insanları narahat edən halların getdikcə aradan qaldırılmasını, qayda-qanunun möhkəmləndirilməsini, kənd və şəhərlərimizin gündən-günə abadlaşdırılmasını, bir sözlə, insanlara artan qayğını, ölkədə aparılan abadlıq və quruculuq işlərini qeyd etməliyik.

Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzularına, növlərinə, həmçinin vətəndaşların hansı kateqoriyası tərəfindən yazıldığına diqqət yetirərkən məlum olur ki, əvvəlki illərdən fərqli olaraq indi vətəndaşları öz şəxsi problemlərindən daha çox yaşadığı şəhərin, qəsəbənin, kəndin problemləri düşündürür. Onlar öz müraciətlərində Azərbaycanın qazandığı nailiyyətlərlə fəxr etdiklərini, ölkə Prezidentinin gördüyü nəcib və xeyirxah işlərdən böyük sevinc duyduqlarını ifadə edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli, ardıcıl və yorulmaz fəaliyyətinin uğurlu nəticələri sadə vətəndaşların minnətdarlıq məktublarında səmimi sözlərlə ifadəsini tapır. Belə məktubların mövzularının və coğrafiyasının genişliyi görülən işlərin miqyasından xəbər verir. Demək olar ki, hər gün respublikanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən onlarla belə məktub daxil olur.

Sayca çox olan həmin məktubların hər birini ayrı-ayrılıqda oxucuların diqqətinə çatdırmaq mümkün olmasa da onların bəziləri barədə qısaca bəhs etmək lazımdır.

Bakı şəhərinin Səbail rayonundan Xalq artisti A.Nikuşina, habelə İ.Hüseynov, Gədəbəy rayonu Slavyanka kəndindən M.Hüseynova mənzillə, Zaqatala rayonundan R.Şabanov fərdi yaşayış evi ilə təmin edilmələrinə, Gəncə şəhərindən E.Hüseynov və başqaları “İmamzadə” kompleksinin bərpası, E.Abbasov “Əməkdar artist” fəxri adına layiq görülməsi, N.Həmzəyev böyük mütəfəkkir Mirzə Şəfi Vazehin 220 illik yubileyinin, Rusiyanın Moskva şəhərindən F.Abbasov, Bərdə rayonunun Ləmbəran kəndindən N.Əfəndiyev, N.Abdullayev, R.Məmmədov və başqaları tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin 100 illik, Bakı şəhərinin Nərimanov rayonundan Zümrüd və Aqşin Dadaşzadələr akademik Məmməd Arif Dadaşzadənin 110 illik, bəstəkar Tofiq Bakıxanov görkəmli ictimai-siyasi xadim Abbasqulu Ağa Bakıxanovun 220 illik, Ağstafa rayonundan İ.Əliyev Xalq şairi Hüseyn Arifin 90 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, Suraxanı rayonu Hövsan qəsəbəsindən Y.Abdurəhimov 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə birdəfəlik maddi yardım verilməsi, Bakı şəhərinin Nəsimi rayonundan M.Almaszadə Bakı Xoreoqrafiya Akademiyasının yaradılması barədə müvafiq sərəncamlara görə ölkə rəhbərinə minnətdarlıqlarını çatdırırlar.

Rusiyanın Həştərxan şəhərindən L.Boqdyuk Azərbaycanın uğurlarından və bəzi xarici ölkələrdə, o cümlədən Rusiyada atdığı humanist addımlardan söz açır, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətin təşəkkülündə və inkişafında xidmətlərini layiqincə qiymətləndirmək üçün söz tapmadığını bildirir.

Ukraynanın Odessa şəhərində yaşayan həmvətənimiz S.Kərimov da ailəsi adından yazdığı məktubunda Vətəninin nailiyyətlərindən duyduqları sevinci ifadə edir: “Bizim ailə Vətənimizin qazandığı möhtəşəm uğurları fəxrlə izləyir. Gördüyünüz böyük işlərə görə Sizinlə qürur duyur və Sizi dəstəklədiyimizi bildiririk”.

Səhhətində ciddi problemlər yaranmış vətəndaşların xarici ölkələrə göndərilərək müalicə olunması nəinki onların özləri və ailə üzvləri, demək olar ki, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən dövlət başçımızın hər bir vətəndaşa verdiyi yüksək dəyər kimi qiymətləndirilir. 2013-cü il iyulun 21-də Nabranda ağır bədən xəsarətləri almış 3 yaşlı İmran Cəfərzadənin müalicəsini Öz üzərinə götürərək onun Almaniyada 8 ay müalicə kursları keçməsi və sağalaraq bu ilin martında Vətənə dönməsi ilə əlaqədar valideynləri - İbrahim və Nuridə Cəfərzadələr yazırlar: “Möhtərəm cənab Prezident! Siz balaca İmranın xilaskarı, onun ikinci dəfə anadan olmasının, həyata, bizlərə dönməsinin səbəbkarısınız...”

Minnətdarlıq məktublarının əksəriyyətində Azərbaycan Prezidentinin möhkəm iradəli və qətiyyətli lider olduğunu xüsusi vurğulayan vətəndaşlar bundan hədsiz qürurlandıqlarını, ölkəmizin gələcəkdə daha da qüdrətlənəcəyinə əmin olduqlarını bildirirlər. Xüsusilə, bu ilin aprel ayında Praqa şəhərində keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidentinin qondarma “erməni soyqırımı” ilə əlaqədar qardaş Türkiyə dövləti haqqında səsləndirdiyi fikirlərə tutarlı cavab verən Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətli mövqeyi nəinki ölkə əhalisini, bütövlükdə türk millətini çox təsirləndirmişdir. Respublikanın Bakı, Lənkəran, Şirvan, Abşeron, Şəmkir, Goranboy, Tərtər, Masallı, Daşkəsən şəhər və rayonlarından, həmçinin Türkiyənin Ankara, İstanbul, Bursa, Manisa, Samsun, Qaziantep, İzmir, Amasya və s. şəhərlərindən daxil olmuş çoxlu sayda minnətdarlıq məktublarında insanlar öz fərəh hisslərini ifadə edirlər.

Bursa şəhərindən Sami Kanat Aktaş yazır: “Hörmətli Prezident İlham Əliyev! Türkiyə-Azərbaycan dostluğuna verdiyiniz töhfəyə görə Sizə - Ali Baş Komandana bir hərbçi kimi ürəkdən təşəkkür edirəm”.

İstanbul şəhərindən Oğuz Tolqa, Ankara şəhərindən Enes Kul və başqaları da bu qətiyyətli addımına görə dövlətimizin başçısına təşəkkür edirlər.

Respublikamızda həyata keçirilən abadlıq-quruculuq işləri bütün regionları, vətəndaşların dediyi kimi ən ucqar yaşayış məntəqələrini belə əhatə edir. Kəndarası avtomobil yollarının təmir və bərpası, yenilərinin salınması son illər geniş vüsət almışdır. Əvvəlki illərdə olduğu kimi cari ilin birinci yarısında da bununla bağlı daxil olmuş onlarla minnətdarlıq məktublarında vətəndaşlar öz sevinc hisslərini bölüşürlər. Təkcə Ağstafa rayonundan Ağstafa-Böyükkəsik-Sadıqlı yolunun keyfiyyətlə tikilərək təhvil verilməsinə görə onlarla məktub daxil olmuşdur. Saatlı rayonu Dədə Qorqud kəndindən S.Rəşidov və S.Hüseynovun, Əhmədbəyli kəndindən R.Babayev, H.Balayev və C.Behbudovun, Heydərabad kəndindən E.Hənifəyevin, Lerik rayonundan E.Ramazanov, İ.Babayev, S.Şərbətov və başqalarının (512 nəfər), Conu kəndindən M.Məhərrəmov və başqalarının, Vijager kəndindən S.Şərifovun, Gədəbəy rayonundan C.Məmmədov və başqalarının, Daşkəsən rayonunun Xoşbulaq, Qabaqtəpə, Astaf kəndlərinin sakinləri adından S.Tağıyevin, Hacıqabul rayonundan Ə.Zeynalovun, Astara rayonundan M.Qənbərov, Ə.Qafarov, R.Hacızadə və Ə.İbayevin, İsmayıllı rayonundan Ə.Vahabova və başqalarının, Neftçala rayonundan E.Əzizov və başqalarının (27 nəfər) məktublarında da kəndarası avtomobil yollarının istifadəyə verilməsinə və ya tikinti işləri üçün lazımi vəsaitin ayrılmasına görə minnətdarlıq bildirilir.

Ümumiyyətlə, cari ilin birinci yarısında ölkə başçısının 13 Sərəncamı ilə 296 min nəfər əhalinin yaşadığı 152 yaşayış məntəqəsini birləşdirən kəndarası yolların tikintisi və yenidən qurulması üçün dövlət büdcəsindən 64,8 milyon manat vəsait ayrılmışdır.

Bakı şəhərinin Yasamal rayonunda “Sovetski” adlanan ərazidə yenidənqurma işləri ilə əlaqədar sökülən evlərin sahiblərinə lazımi kompensasiyanın ödənilməsi barədə də xeyli minnətdarlıq məktubları alınmışdır. Söküntü ərəfəsində həqiqətə uyğun olmayan informasiyalar yayan bəzi mətbuat orqanlarına yerli sakinlərin məktubları ən yaxşı cavabdır. Z.Babayeva, F.Həmidova, S.Qəribova və başqaları yazırlar: “...bu məhəllələrdə yaşayan minlərlə vətəndaşın mənzillə təmin edilməsi çox böyük maliyyə vəsaiti tələb etdiyinə görə, uzun illər bu problemin həlli mümkün olmurdu. Hörmətli cənab Prezident, biz bir daha şahidi olduq ki, Sizin həll edə bilmədiyiniz problem yoxdur”. Digər sakinlər F.Qasımzadə, K.Məmmədov və başqaları da bu fikirləri bölüşürlər.

Ümumiyyətlə, respublikanın sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərlə bağlı minnətdarlıq məktubları yuxarıda göstərilənlərlə yanaşı bir sıra digər sahələri də əhatə edir. Salyan rayonu Xıdırlı kəndindən İ.Feyzullayev, V.Hüseynov, H.Xasıyev və başqaları kəndlərinə yeni su xəttinin çəkilməsinə, Lənkəran şəhərindən A.Yaqubov, Şəki şəhərindən M.Hacıyev, Zaqatala rayonundan G.Məmmədova, Balakən rayonundan N.Əsgərov və X.Ramazanov, Hacıqabul rayonundan M.Hacıyev və başqaları kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlara, Binəqədi rayonundan H.Quliyev yaşayış binalarının fasadlarının müasir üzlüklərlə üzlənməsinə, Sabirabad rayonundan Əhmədabad kənd sakini P.Niyazov kəndlərinə qaz xəttinin çəkilməsinə və yollarının asfaltlanmasına, Nərimanov rayonundan F.Məmmədova yüksək şəraitə malik uşaq bağçasının fəaliyyətinə, Almaniyanın Köln şəhərindən E.Hüseynov və Kəlbəcər rayonundan məcburi köçkün G.Camalzadə təhsil sahəsində aparılan islahatlara, gənclərin xaricdə təhsil almalarına şərait yaradılmasına görə cənab Prezidentə minnətdarlıq edirlər.

Ekologiya sahəsi də ölkə başçısının xüsusi diqqətindədir. Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı İlham Əliyevin ictimaiyyəti də, Onu da narahat edən məsələ - ağacların kəsilməsi və bunun yolverilməzliyi haqqında xəbərdarlığını ölkə vətəndaşları yüksək qiymətləndirir və müvafiq qurumlar tərəfindən belə neqativ hallara qarşı vaxtında lazımi tədbir görüldüyünü qeyd edirlər. Məsələn, Bakı şəhərindən E.Babayev, A.Fərəczadə, A.Hacıyev və başqaları (42 imza) yazırlar: “...Bu yaxınlarda çox sevdiyimiz parkımızda şam ağaclarının bir neçəsi kəsilmişdi. Dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə zəng edib onları məlumatlandırdıq. Vaxtında ölçü götürüldü. Kəsilmiş ağacların yerində iki dəfə artıq şam ağacları əkildi. Parkımız daha da abadlaşdırıldı”.

Sosial müavinətlərin və müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması, respublikanın ərazi bütövlüyünün, Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil və həlak olmuş vətəndaşların uşaqlarının təhsil haqqının bu ildən etibarən dövlət hesabına ödənilməsi haqqında müvafiq Sərəncam və fərmanlar Novruz bayramı ərəfəsində belə ailələrin ikiqat sevincinə səbəb olmuşdur. Bakı şəhərinin Qaradağ rayonundan A.Məmmədov, Sumqayıtdan M.Əliyev, Şəkidən R.Mustafayev, Şərurun Kərimbəyli kəndindən V.Həsənov, Ağcabədidən R.Nağıyev, Qazaxdan Q.Qurbanov və Ş.İsmayılov, Xaçmazdan Ş.Dadaşzadə, Saatlıdan E.Səməndərov, Sabirabaddan F.Paşayev, Bərdədən E.Hüseynova, X.Babayev, T.Qəhrəmanov və başqaları, Neftçaladan A.Aslanov, Zərdabdan N.Yediyarov, Qusardan C.Hörmətov və D.Fətəliyev, Laçından X.Abbasov və N.Süleymanov, habelə digər şəhər və rayonlardan olan vətəndaşlar belə humanist addıma görə ölkə başçısına öz səmimi təşəkkürlərini bildirmişlər.

Qazax rayonu Qazaxbəyli kəndindən II qrup Qarabağ müharibəsi əlili K.Salmanov yazır: “Bizim ailənin övladımızın təhsil haqqını ödəməyə imkanı artıq tükənmişdi. Belə bir anda Siz bizə sanki ikinci həyat bəxş etdiniz. Biz sadə vətəndaşlar ömrümüzün sonunadək Sizin yürütdüyünüz siyasətə sadiq qalacağıq”.

Əhalinin sağlamlığının qorunması və onların keyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Tibb sahəsində infrastrukturun yaxşılaşdırılması və yüksək səviyyəli tibbi personalın hazırlanması üçün son illər ərzində böyük işlər görülmüş, 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. Bakı şəhərindən II qrup əlillər C.Dadaşov və V.Pirəliyev yazırlar: “Sağlamlığımızı bərpa etmək üçün müraciət etdiyimiz Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında gördüklərimiz bizi valeh etdi. Belə ki, yüksək səviyyədə təmir olunmuş xəstəxana, orada yaradılmış şərait, sözün həqiqi mənasında, Azərbaycan səhiyyəsinin müasir inkişafından xəbər verirdi”. Quba rayonunun Rustov kəndindən S.Əliyev, Abşeron rayonu Xırdalan şəhərindən milliyyətcə alman olan V.Niftəliyeva-Zommer də onlara göstərilən tibbi xidmətin səviyyəsindən razılıq edirlər.

2014-cü il fevralın 17-dən mayın 1-dək respublikada əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıq da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmışdır. Bununla bağlı Lerikdən Veteranlar Şurasının sədri H.Bəşirov yazır: “Əhalinin tibbi müayinəsinin aparılması ilə əlaqədar verdiyiniz tapşırıq Sizin uzaqgörən siyasi xadim olduğunuzu bir daha təsdiq etdi. Mən bir ağsaqqal kimi bizim qayğımıza bizdən çox qaldığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Mingəçevirdən İ.Həsənovanın, İsmayıllıdan F.Bəşirovun və digər vətəndaşların müraciətləri də bu qəbildəndir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin aprel ayından başlayaraq şəhər və rayonlarda vətəndaşları qəbul etmələri əhali tərəfindən çox müsbət qarşılanmışdır.

Bakı şəhərinin Sabunçu rayonundan R.Əzizovun, Neftçaladan B.Ağamalıyev və V.Dadaşovun, Goranboydan T.Abbasovun, Sabirabaddan E.Məmmədov və Ə.Xəlilovun, həmçinin Qusar, Xaçmaz, Abşeron, Quba, Oğuz və sair rayon sakinlərinin məktublarında bunu görmək mümkündür.

Şirvan şəhərində məskunlaşan Füzuli rayonundan məcburi köçkün B.Əliyev ölkə başçısına ünvanladığı məktubunda yazır: “Sizin göstərişinizlə nazirlərin və digər rəhbər şəxslərin yerlərdə vətəndaşları qəbul etməsi, bir çox məsələləri operativ həll etməsi və Sizə dərhal hesabat verməsi bir daha göstərir ki, Siz hər bir vətəndaşın probleminin həllinə böyük qayğı göstərirsiniz”.

Vətəndaşların dövlət hakimiyyəti orqanlarına ünvanladıqları müraciətlərinə ciddi yanaşılması və qaldırılan məsələlərin əksəriyyətinin müsbət həll olunması minnətdarlıq məktublarında xüsusi qeyd edilir. Mingəçevirdən S.Rəsulova yazır: “Siz hər bir vətəndaşın qayğısına qalır, dövlət orqanlarından da bunu tələb edirsiniz. Mən özüm bu yaxınlarda torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət edərkən, həmin məsələ yerindəcə və dərhal həll edildi”.

Digər məktublardan da aydın olur ki, ölkə rəhbərinə ünvanlanan müraciətlərin heç biri diqqətdən kənarda qalmır və qaldırılan əsaslı məsələlər vaxtında öz həllini tapır. Bakı şəhərindən M.Manafova övladlarının ali təhsillərini davam etdirmələri, E.Sadıxova mənzillə, Mingəçevir şəhərindən S.Alxanova və Gədəbəy rayonu Novoivanovka kəndindən S.Verdiyev işlə, Saatlı rayonu Genişkənd kəndindən U.Quliyeva qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin yenidən tikilməsi, Salyan rayonundan M.Rzayev ürək əməliyyatının həyata keçirilməsi, Gəncə şəhərindən H.Qocayev əməkhaqqının ödənilməsi, Biləsuvar rayonundan Ovçubərə kənd sakini H.Süleymanov sosial yardımın verilməsi ilə bağlı cənab Prezidentə ünvanladıqları müraciətlərinin müsbət həll olunmasını xüsusi qeyd edirlər.

Minnətdarlıq məktublarını oxuyarkən diqqəti cəlb edən əsas cəhət budur ki, görülən bütün işlər ölkə vətəndaşlarında böyük nikbinlik hissi, gələcəyə böyük inam yaradır. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçın rayonundan məcburi köçkün Z.Alıyev yazır: “Möhtərəm Prezident, mən Qarabağ müharibəsi veteranı kimi Sizin fəaliyyətinizi ürəkdən bəyənir və dəstəkləyirəm, istənilən məqamda yenə də döyüşlərdə öndə getməyə hazıram. Biz əminik ki, işğal altında olan torpaqlarımız Ali Baş Komandanımız olaraq Sizin rəhbərliyiniz altında tezliklə azad ediləcək və bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Prezident Administrasiyasına daxil olan minnətdarlıq məktubları ilə yanaşı, vətəndaşların müxtəlif məsələlərlə əlaqədar verdikləri təkliflərin də sayı getdikcə artmaqdadır. Bu təkliflərdə vətəndaşlar həm də müxtəlif məsələlər barədə fikirlərini bölüşürlər. Təbiidir ki, bu təklif və arzular diqqətlə öyrənilir və aidiyyəti qurumlarda baxılır.

Vətəndaşların müraciətlərinə artan diqqətdən danışarkən Azərbaycan Respublikası Prezidentinin bilavasitə tapşırıq və tövsiyəsi ilə 2013-cü ilin aprel ayından başlayaraq respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumlarının rəhbərlərinin təsdiq olunmuş qrafik üzrə respublikanın bölgələrində keçirdikləri qəbulların rolunu qeyd etməmək olmaz.

2013-cü ilin aprelindən dekabrınadək respublikanın 48 şəhər və rayonunda 24 mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri tərəfindən keçirilmiş qəbullarda 64 şəhər və rayondan 10 minə yaxın vətəndaş iştirak etmiş, onları maraqlandıran məsələlər barədə 9500-dən artıq müraciətə baxılmışdır. Qeyd etmək lazımdır ki, bu qəbullarda edilən müraciətlərin 81 faizi bilavasitə həmin qəbulları keçirən mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olmuş və əsaslı hesab edilən müraciətlər həllini tapmış, digərlərinə isə əsaslandırılmış cavablar verilmişdir.

2013-cü ildə vətəndaşların bu qəbullarda etdikləri müraciətlərin 32 faizi müsbət həll edilmiş, 32,5 faizinə müvafiq izahatlar verilmiş, bu müraciətlərin 6,4 faizində qaldırılan məsələlər əsassız hesab edilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin təsdiq olunmuş qrafik üzrə keçirilən qəbulları bu il də mütəmadi davam etdirilmiş, 2014-cü ilin birinci yarısında respublikanın 31 şəhər və rayonunda 65 şəhər və rayonun əhalisini əhatə edən 4700-dək vətəndaş bu səyyar qəbullarda iştirak etmiş, ümumilikdə bu vətəndaşlar tərəfindən qaldırılan 4500-dən çox məsələyə baxılmışdır. Baxılan müraciətlərin 24 faizi müsbət həll olunmuş, 35 faizinə izahat və tövsiyə verilmiş, bir qismi hazırda icra olunmaqdadır və aidiyyəti üzrə baxılmaq üçün göndərilmişdir, qalanları isə əsassız sayılmışdır.

Vətəndaşların daha çox müraciət etdikləri və qəbul edildikləri dövlət hakimiyyəti orqanlarından Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, İqtisadiyyat və Sənaye, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərini, həmçinin Respublika Baş Prokurorluğunu, Əmlak Məsələləri Dövlət Komitəsini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini, Dövlət Sosial Müdafiə Fondunu göstərmək olar.

Baxılan müraciətlərin müsbət həlli Fövqəladə Hallar, Vergilər, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərində daha çox olmuşdur. Təhlil göstərir ki, izahat verilən və əsassız sayılan müraciətlər 40 faizə yaxın olmuşdur.

Mərkəzi dövlət hakimiyyəti orqanlarının rəhbərləri ilə yanaşı, yerli icra hakimiyyəti başçıları da hər həftə rəhbərlik etdikləri rayonların kənd və qəsəbələrində səyyar qəbullar keçirir, hər bir kəndin və qəsəbənin vətəndaşlarının problemləri ilə yaxından maraqlanırlar. Əlbəttə, bu, vətəndaşların qayğı və istəklərinin, hər bir yaşayış məntəqəsinin problemlərinin daha yaxından öyrənilməsinə imkan verir. Lakin bizi narahat edən cəhət odur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, o cümlədən yerli icra hakimiyyəti başçılarının keçirdikləri qəbulların və burada iştirak edənlərin sayı kifayət qədər yüksək olsa da, bilavasitə Prezident Administrasiyasının struktur bölmələri rəhbərlərinin qəbulunda olmaqla əlaqədar müraciətlər hələ də daxil olmaqdadır.

Ümumiyyətlə, qəbulla əlaqədar müraciətlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz azalsa da, 2014-cü ilin birinci yarısında qəbulla əlaqədar Prezident Administrasiyasına Lənkəran, Ağcabədi, Ağdam, Balakən, Bərdə, Biləsuvar, Binəqədi, Cəlilabad, İmişli, Qaradağ, Laçın, Sabunçu, Suraxanı, Yasamal şəhər və rayonlarından daha çox müraciət daxil olmuşdur.

Bəzən qəbullarda əsassız tələblər də qoyulur. Əsassız tələblər qoyulan müraciətlərin olmaması üçün ilk növbədə, vətəndaşın müraciət etdiyi birinci instansiyada, yəni yerli bələdiyyə orqanından tutmuş, idarə, müəssisə, təşkilatlarda, şəhər, rayon icra hakimiyyətinə qədər olan bütün pillələrdə vətəndaşa tələbinin nə dərəcədə əsaslı olması barədə qaneedici izahat verilməlidir.

Vətəndaşların müraciətlərinin mövzularına gəldikdə isə qeyd etməliyik ki, əvvəlki illərdə olduğu kimi, yenə də ünvanlı sosial yardımlar verilməsi, ümumiyyətlə sosial məsələlər, hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, mənzil, torpaq, şəhərsalma və tikinti, səhiyyə, enerji daşıyıcıları və su təchizatı, şəhər və rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti, dövlət qulluğu və kadr, elm və təhsil, nəqliyyat, kənd təsərrüfatı və digər məsələlər üstünlük təşkil etmişdir.

Prezident Administrasiyasına daxil olan müraciətlər mütləq həmin gün qeydə alınır, 34 əsas, 135 alt mövzu üzrə sistemləşdirilərək 40-dan artıq parametr üzrə təhlil olunur. Xüsusilə vətəndaşların kollektiv müraciətləri nəzarət qaydasında araşdırılır, hər bir müraciətə vaxtında, obyektiv və əsaslı cavab verilməsi hər bir dövlət orqanından tələb olunur, bu məsələlər vaxtaşırı mərkəzi və yerli icra hakimiyyəti orqanlarında öyrənilir, bunun nəticələri barədə hazırlanmış arayış və icmallar tanış olmaq və icra edilmək üçün müvafiq dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına göndərilir.

Son vaxtlar bu məsələlərə diqqət daha da artırılmış, bilavasitə vətəndaşların müraciətlərinə baxılması, həmçinin sənədlərlə işin təşkili vəziyyəti respublikanın Beyləqan, Lerik, İmişli, Biləsuvar və başqa rayonlarında müvafiq dövlət qurumları nümayəndələrinin iştirakı ilə araşdırılmışdır. Bu araşdırmalar nəticəsində müəyyən edilən qüsurlar və çatışmazlıqlar hərtərəfli təhlil edilib ümumiləşdirilərək müvafiq məlumatlar bütün şəhər və rayon icra hakimiyyətlərinə göndərilmiş, yol verilən nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülməsi tapşırılmışdır.

Belə araşdırmaların bundan sonra mütəmadi aparılacağını nəzərə alaraq respublikanın digər şəhər və rayon icra hakimiyyətləri üçün də səciyyəvi olan bəzi nöqsanları qeyd etmək yerinə düşərdi.

Adı çəkilən rayonlarda vətəndaşların müraciətlərinin yaranmasına səbəb olan amillər araşdırılarkən, ilk növbədə, vətəndaşlara onların tələbinin haqlı olub-olmaması, nəyə görə icra edilməməsi barədə vaxtında və əsaslandırılmış cavab verilmədiyini qeyd etmək lazımdır. Bəzi hallarda vətəndaşlara cavab verilməsi ümumiyyətlə unudulur.

Göstərilən rayonların icra hakimiyyəti orqanlarının fəaliyyətində torpaqayırma, dövlət ehtiyacları üçün istifadə olunan torpaqlara görə ödənişlərin aparılmaması, dövlət meşə fondunda, həmçinin torpaq islahatı zamanı damazlıq və toxumçuluq təsərrüfatları üçün saxlanmış torpaqların digər məqsədlər üçün paylanması və istifadəsi, xüsusilə kənd təsərrüfatı təyinatlı pay torpaqlarında qum, çınqıl karxanaları, istirahət mərkəzləri və digər istehsalat obyektləri tikilməsinə icazə verilməsidir. Təəssüf ki, hələ də bəzi şəhər və rayon icra hakimiyyətlərinin başçıları torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasına lazımınca diqqət yetirmirlər.

Şəhər və rayon icra hakimiyyətlərində vətəndaşların müraciətlərinə baxılmasında kargüzarlıq qaydalarına əməl edilməsində də nöqsanlar nəzərə çarpır. Çox vaxt yerli icra hakimiyyəti orqanlarının işçiləri, eləcə də onların yerli nümayəndələri, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının rəhbərləri kargüzarlıq qaydalarını lazımınca öyrənmir, bu işi tənzimləyən normativ hüquqi aktların tələblərinə riayət etmirlər.

Belə nöqsanların aradan qaldırılması üçün şəhər və rayon icra hakimiyyətlərində, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarında müraciətlərin müvafiq mövzular və növlər üzrə təhlillərinin aparılması, müraciətlərə nəzarət qaydasında, ayrı-ayrı hallarda bilavasitə yerində baxılması vacib məsələlərdən biridir. Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri barədə verilən məlumatların dəqiq olmadığı, hətta yanlış məlumatların verildiyi üzə çıxır ki, bu da yolverilməzdir.

Vətəndaşların müraciətlərinə baxılmasına göstərilən diqqət və qayğının, həmçinin tələbkarlığın artırılmasının nəticəsidir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin sayı 2014-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrünə nisbətən ümumiyyətlə 22,5 faiz, kollektiv müraciətlərin sayı isə 24,8 faiz azalmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı Gəncə, Sumqayıt, Binəqədi, Gədəbəy, Xətai, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabirabad, Sabunçu, Səbail, Şəmkir, Yasamal, Zaqatala şəhər və rayonlarında azalmışdır. Lakin Kəlbəcər, Kəpəz, Qobustan, Laçın, Samux rayonlarında müraciətlərin sayı nisbətən artmışdır.

Müraciətlərin ümumi sayında olduğu kimi, əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayında da ötən ilə nisbətən azalma nəzərə çarpır. Lakin ümumi azalma ilə yanaşı, 2014-cü ildə digər şəhər və rayonlara nisbətdə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Astara, Beyləqan, Biləsuvar, Binəqədi, Xəzər, Xocalı, İmişli, Kəlbəcər, Qaradağ, Laçın, Lerik, Sabunçu, Yasamal, Zəngilan, Zərdab şəhər və rayonlarında bir qədər yüksək olmuşdur.

Vətəndaş müraciətlərinin təhlilində onların növlər üzrə bölgüsü mühüm əhəmiyyət kəsb etdiyindən, xüsusilə şikayətlərin hansı rayondan daha çox daxil olması üzərində bir qədər ətraflı dayanmaq lazımdır. 2014-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə təhlili göstərir ki, əvvəlki ilə nisbətən şikayətlərin sayında böyük azalma baş vermişdir. Bu azalma Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Abşeron, Ağcabədi, Binəqədi, Gədəbəy, Xətai, Xəzər, Quba, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Şəmkir, Yasamal şəhər və rayonlarında daha çox nəzərə çarpır.

Bununla belə qeyd etməliyik ki, bütövlükdə 2014-cü ilin birinci yarısında isə daxil olan müraciətlərin ümumi sayında şikayətlərin faizi Astara, Zərdab, Samux, Zəngilan, Beyləqan, Laçın, Yevlax, Tərtər, Cəlilabad şəhər və rayonlarında nisbətən yüksək olmuşdur.

Vətəndaşların müraciətlərinə baxılmasında hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında nəzarətin təşkili mühüm rol oynayır. Harada ki, bu iş “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa və müvafiq kargüzarlıq qaydalarına uyğun təşkil edilmişdirsə, burada narazılıq yaranmır, müraciətlərə baxılma müddətlərinə əməl olunur, vətəndaşlara vaxtında cavab verilir, ən başlıcası, əsaslı tələblər yerinə yetirilir, səhlənkarlığa yol vermiş şəxslər barəsində müvafiq tədbirlər görülür.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində nəzarət qaydasında baxılan vətəndaş müraciətlərinin sayı ildən-ilə artırılır və bunun səmərəsi özünü göstərir. 2014-cü ilin birinci yarısında nəzarət qaydasında baxılmış müraciətlərin 21 faizi müsbət həll olunmuş, 23 faizi icraya yönəldilmiş, 22 faizinə əsaslı izahat verilmiş, 24 faizi əsassız sayılmış və bir sıra vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirləri görülmüşdür.

Müraciətlərin mövzularında əhalinin bilavasitə ünsiyyətdə olduğu şəhər, rayon icra hakimiyyətlərinin, onların aparatlarının, həmçinin bələdiyyələrin fəaliyyəti ilə əlaqədar müraciətlər daha çox diqqəti cəlb edir. Göstərilən mövzu üzrə müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Beyləqan, Binəqədi, Cəlilabad, Qaradağ, Qazax, Laçın, Lerik, Sabunçu, Şamaxı, Suraxanı şəhər və rayonlarında daha yüksək olmuşdur. Bu mövzuda müraciətlərin sayı Naftalan, Şirvan, Ağstafa, Xızı, Xocalı, Qax, Qəbələ, Qubadlı, Qusar, Oğuz, Pirallahı, Siyəzən, Şabran, Ucar, Yardımlı şəhər və rayonlarında daha az olmuşdur.

Respublikanın müraciət göndərən kənd və qəsəbələrinin sayı üzrə aparılan təhlil göstərir ki, Prezident Administrasiyasına müraciət göndərmiş kənd və qəsəbələr onların ümumi sayının 48,1 faizini təşkil edirsə, müraciət etməyən kənd və qəsəbələr 51,8 faizdir. Elə rayonlar var ki, onların 1 və ya 2 yaşayış məntəqəsindən başqa əksəriyyətindən müraciətlər daxil olmuşdur. Bu sahədə ən çox kənd və qəsəbəsinin müraciət etdiyi rayonlardan Lənkəran, Şəki, Balakən, Beyləqan, Göygöl, İmişli, Kürdəmir, Saatlı, Salyan, Samux, Zərdab rayonlarını göstərmək olar. Təbiidir ki, bunların səbəbləri araşdırılmalı, insanları narahat edən problemlərin, o cümlədən yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.

Bir daha qeyd etmək istərdik ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin heç biri diqqətdən kənarda qalmır, onlar ətraflı öyrənilir, yaranma səbəbləri araşdırılır, dövlət hakimiyyəti orqanlarında və onların yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, bu sahədə qanunvericiliyə əməl olunması məsələləri müntəzəm təhlil olunur, ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu sahədə işin daha da yaxşılaşdırılması üçün təsirli tədbirlər görülməsi davam etdirilir.

Bu icmalda vətəndaş müraciətlərinə baxılması sahəsində görülən bütün işləri tam əhatə etmək mümkün olmasa da, onun əsas istiqamətləri üzərində dayandıq. Yəqin ki, ilin sonunda bu sahədə görülən işlər daha ətraflı təhlil olunacaq və hörmətli oxuculara geniş məlumat veriləcəkdir.

 

Süleyman İsmayılov,

Azərbaycan Respublikası

Prezidenti Administrasiyasının

Sənədlərlə və vətəndaşların

müraciətləri ilə iş şöbəsinin müdiri      

 

 Yeni  Azərbaycan.-2014.- 25 iyul.- S.4-5.