Azərbaycan gəncliyinin birmənalı
seçimi Yeni Azərbaycan
Partiyasıdır
Oğuz rayonunda YAP Gənclər
Birliyinin “Gənc liderlər” gənc siyasətçilər
üçün “Yay
məktəbi” layihəsinin III turu başa çatıb
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu başa çatıb. İyulun 24-də ənənəvi olaraq seminar-diskussiya keçirilib, “Yay məktəbi”nin iştirakçıları arasında müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb, interaktiv oyunlar və idman yarışları təşkil edilib.
İlk olaraq Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yaradılmasının 21-ci ildönümü ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən YAP Gəncə şəhər təşkilatının fəalı Esmira Rəcəbli bildirib ki, 1993-cü il iyulun 23-də Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təsis konfransı keçirilib. Bu, həmin dövrün tələbi idi: “1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da Azərbaycan tənəzzüldən xilas olaraq inkişaf yoluna qədəm qoydu. Ölkəmizin əldə etdiyi uğurlar ümumxalq partiyası olan YAP-ın adı ilə bağlıdır. Bundan başqa, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 21 illik mübarizə tarixində çətin və şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların layiqli xidmətləri unudulmazdır. Şəhər təşkilatı fəaliyyət göstərdiyi 21 il ərzində mühüm uğurlara imza atıb, inkişaf edib və ideoloji iş təcrübəsini təkmilləşdirib, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir”.
Daha sonra “Zamanın idarəolunması” mövzusunda keçirilən seminarda çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri, Oğuz III tur qrupunun rəhbəri Təranə Kərimova bildirib ki, Ümummilli lider Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə gənclər siyasətinin təməlini qoymuşdu: “Çünki Ulu öndər Azərbaycanın gələcəyinin gənclərə məxsus olduğunu önə çəkərək yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atmışdı. Yüzlərlə Azərbaycan gəncinin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi də bu məqsədə xidmət edirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da gənclərə diqqət və qayğı dövlətin siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1999-cu ildə Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalandı. Hər bir gənc bu sənəddəki tələblərə uyğun olaraq - təsdiqlənmiş tədbirlər planına əsasən, öz vaxtından dövrün tələblərinə uyğun səmərəli şəkildə istifadə etməyə başladı”.
“Zamanın idarəolunması” mövzusunda çıxış edən məruzəçi Bəhram Əfsəlovun fikrincə, bu gün nəinki ölkədə, regionda aparıcı siyasi təşkilata çevrilən YAP-ın 630 mindən çox üzvünün 40 faizini gənclər təşkil edir: “Gənclərin partiyaya axını bir daha bu reallığı təsdiqləyir ki, onlar YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətçiliyə, milli maraqlara xidmət etmək üçün geniş imkanlar qazanırlar. Qeyd etmək lazımdır ki, gənclərin yaradılan imkanlardan səmərəli istifadə etmələri ilə bağlı görülən işlər, bölgələrdə gənclər mərkəzlərinin, idman və olimpiya komplekslərinin yaradılması ölkə rəhbərliyinin gənclərə olan diqqət və qayğısının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bütün bunlar bir daha bu həqiqəti təsdiqləyir ki, dövlətin gənclərə diqqət və qayğısı davamlıdır”.
Yeri gəlmişkən, gənclər YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirirlər. Məsələn, YAP Nizami rayon təşkilatının üzvü Namiq Muradın fikrincə, yay məktəbləri gənclərin inkişafı üçün yeni imkanlar yaradır: “Bu layihənin iştirakçıları ictimai-siyasi fəallıqları, intellektual səviyyələri, dünyagörüşləri ilə fərqlənirlər. Məktəb çərçivəsində gənclər yeni dostlar qazanır, bilik mübadiləsi aparmaqla bir-birilərinə dəstək olurlar. Keçirilən seminarlarda, təlimlərdə gündəmə çıxarılan mövzular ətrafında çıxışlar, müzakirələr gənclərə daha dolğun məlumatlar əldə etmələrinə şərait yaradır”.
Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının fəal gənci Şamxal Məmmədovun fikrincə, demokratik dəyərlərə söykənən hər bir cəmiyyətdə siyasi partiyalarin rolu şəksizdir: “Üzvü olduğum üçün fəxarət hissi keçirdiyim Yeni Azərbaycan Partiyası da müasir tariximizin mütərəqqi ideyalara tələbatından, cəmiyyətin sosial sifarişindən yaranmışdır. Yarandığı gündən isə əhalinin bütün təbəqələrinin, xüsusən gənclərimizin ideya - siyasi tərbiyəsində xüsusi rol oynamışdır. Qeyd etmək istəyirəm ki, yay məktəblərinin təşkili gənclər arasında dostluq, qarşılıqlı etimad hisslərinin gücləndirilməsi amalına xidmət edir. Yay məktəblərinin rolu gənclərin həyatında çox böyük əhəmiyyətə malikdir. Burada gənclər siyasi əqidəsinə uyğun yeni dostlar qazanır, asudə vaxtlarını faydalı şəkildə keçirirlər. Qənaətim ondan ibarətdir ki, yay məktəbləri siyasi dünyagörüşümüzün formalaşmasında xüsusi rol oynayır”.
Bir sıra beynəlxalq yarışların qalibi, karate üzrə idman ustası Nərmin Camalzadə hesab edir ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün təşkil etdiyi yay məktəbləri Azərbaycan gəncliyinə, ümumilikdə ölkəmizin gələcəyinə qoyulmuş ən böyük sərmayələrdən biridir: “Biz bu məktəblər çərçivəsində keçirilən müzakirələr, diskussiyalar əsasında əsl liderliyi, idarəetməni, birliyi və ən əsası, dostluğu öyrənir, bilik və bacarığımızı, dünyagörüşümüzü artırırıq. Mehriban, səmimi, intellektual və enerjili, ən önəmlisi də, vətənpərvər gənclərin arasında olmaq, biri-birimizlə fikir mübadiləsi aparmaq çox maraqlı və faydalıdır”.
YAP Yasamal rayon təşkilatının üzvü Səxavət Hidayətoğlu isə deyib ki, “Yay məktəbi” gənclər üçün bilik və bacarıqlarının mübadiləsinə xidmət edən bir layihədir: “Səmimi ünsiyyət, maraqlı diskussiyalar, praktiki oyunlar, flaşmoblar, təlimlər layihəni daha da maraqlı edir. Ümumilikdə deyə bilərəm ki, bu “Yay məktəbi”ndə yeni dostlar qazandım, dəyərli biliklər və təcrübə əldə etdim”.
OKTAY
Yeni Azərbaycan.-2014.- 25 iyul.- S. 11.