Azərbaycan Birləşmiş
Millətlər Təşkilatında
uğurla təmsil olunur
Əlbəttə ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında uğurla təmsil olunmasının, rasional ikitərəfli və çoxtərəfli münasibətlər formalaşdırmasının məntiqi nəticəsidir ki, ölkəmiz 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edən yeni qeyri-daimi (müvəqqəti) üzv seçilib. 2012-ci ilin yanvar ayının 1-də isə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca həmin ilin may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev Öz çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və ölkəmizin prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb: “Terrorçuluq beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən, bütün üzv dövlətlərdə insan hüquqlarının, fundamental azadlıqların, demokratiyanın, siyasi müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və nəhayət, sosial və iqtisadi inkişafın bərqərar olunmasına ciddi təhdiddir.
Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Biz hesab edirik ki, bütün terror aktları ağır cinayətdir, onlar pislənməli və bunu törədənlər isə cəzalandırılmalıdırlar. Terrorçulara öz əməllərini əsaslandırmaq üçün heç vaxt imkan verilməməlidir. Səbəblərindən asılı olmayaraq, heç bir terror aktı əsaslandırıla bilməz. Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavüzkar separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlığa bağlılığı vardır.
Silahlı münaqişələrə məruz qalan yerlərdə, xüsusən də xarici hərbi işğal altında olan ərazilərdə terrorçuluq ilə həmin məkanda olanlar arasında bir qayda olaraq, sövdələşmənin yaranmasına şəraitlər formalaşır. Azərbaycan müxtəlif yollarla terrorçuluğa məruz qalmışdır. Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilmişdir. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törətmişdir. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirmişdir. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törətmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə etmişdir. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən, qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşmışdır. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilmişdir. Ermənistan, həmçinin, münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək, mülki əhaliyə qarşı mübarizə apardı”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin iyirmi faizinin işğalı ilə nəticələnmişdir: “Bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarından didərgin salınmışdır. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan təxminən iyirmi il ərzində bu qətnamələrə məhəl qoymur.
Azərbaycanın işğal edilmiş əraziləri terrorçuluqla separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlıq, o cümlədən, narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı arasında olan əlaqə baxımından böyük narahatlıq mənbəyidir. Ermənistanın terror hədələrinə əlavə olaraq, Azərbaycan beynəlxalq terror qruplarından irəli gələn risk və təhlükələrlə hələ də üzləşir. Ölkəmizin həssas regionlara yaxınlığı bu hədələri bizim üçün daha qabarıq şəklə salır. Buna görə Azərbaycan təbii olaraq, milli səviyyədə genişmiqyaslı tədbirləri görməkdədir və terrorçuluğun qarşısının alınması üçün beynəlxalq səylərə fəal şəkildə töhfə verir”.
Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT Təhlükəsizlik Şurasında dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edildi və səmərəli müzakirələr qeydə alındı. Dolayısıyla, Azərbaycanın BMT Təhlükəsizlik Şurasın qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan Təhlükəsizlik Şurasındakı fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirdi. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan qlobal taleyüklü məsələlərin həllində aktiv iştirak edir.
Sadalananları nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil olunması ölkəmizin təşkilat çərçivəsində təmaslarını və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırıb ki, bu da respublikamızın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc ierarxiyasında sürətli irəliləyişini təmin edən mühüm amil kimi çıxış edib. Ümumiyyətlə, bu təmsilçiliyin mahiyyətinə, əsaslarına və gətirəcəyi səlahiyyətlər və dividendlərə daha dəqiq bələd olmaq üçün bir-birilə sistematik surətdə bağlı olan bir neçə məsələyə toxunmaq məqsədəmüvafiqdir.
Öncə qeyd edilməlidir ki, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil etməsi təsadüfi xarakter daşımayıb. Məhz bu qələbəni şərtləndirən başlıca faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik əsaslı, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyasıdır. Azərbaycan özünün müstəqil və suveren xarici siyasət strategiyasının fonunda nəinki regionun ən güclü və nüfuzlu aktoru qismində çıxış etməkdədir, eləcə də, beynəlxalq münasibətlər sistemi çərçivəsində əksər milli dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşdır. Məhz bu, Azərbaycanın məlum parlaq qələbəsini şərtləndirən mühüm amil qismində çıxış edib.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasındakı münasibətlərin səmərəliliyini təmin edən mühüm strateji faktorlardan biri ölkəmizin bu mötəbər beynəlxalq təşkilatın müxtəlif proqramlarında və ixtisaslaşmış qurumlarında uğurla iştirak etməsidir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində iyulun 15-də Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Görüşdə Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışılıb. Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə aparılan islahatların yaxşı nəticələr verdiyi, fermerlərə dövlət dəstəyinin ildən-ilə artdığı qeyd olunub. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi işində qazanılan uğurlar və bu istiqamətdə gələcəkdə görüləcək tədbirlərdən danışılıb.
Görüşdə Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, Azərbaycan Birləşmiş Millətlər Təşkilatında özünün milli maraqlarına müvafiq olaraq uğurla təmsil olunur. BMT-nin müxtəlif proqramlarında uğurla iştirak edən ölkəmiz bu mötəbər beynəlxalq təşkilat vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirir.
Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Beləliklə, bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilməkdədir. Ölkəmiz digər mötəbər beynəlxalq təşkilatlarda olduğu kimi, Birləşmiş Millətlər Təşkilatında da özünün milli maraqları əsasında uğurla təmsil olunur.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 25 iyul.- S. 12.