Azərbaycan Birləşmiş Millətlər Təşkilatında uğurla təmsil olunur

 

BMT-nin müxtəlif proqramları və ixtisaslaşmış qurumlarında fəal iştirak edən ölkəmiz bu mötəbər beynəlxalq təşkilat vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməkdədir

Müasir dünya siyasətinin nüfuzlu aktoru kimi çıxış edən Azərbaycan Respublikasının beynəlxalq mövqeyi günü-gündən daha da güclənməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, ölkəmiz özünün praqmatikrasional xarici siyasət kursunun fonunda ikitərəfli və çoxtərəfli münasibətlərini möhkəmləndirməklə regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.

Ümumiyyətlə, Azərbaycan beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən islahatlar nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan, eyni zamanda, özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycan Respublikasının beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Heç şübhəsiz, bütün bunlar ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir.

Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan, həmçinin, regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin, mötəbər beynəlxalq təşkilatlar da Azərbaycan Respublikasının mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Bununla bərabər müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar kimi çıxış edir.

Azərbaycan Respublikasının xarici siyasət strategiyasının effektivliyiniuğurluluğunu dəyərləndirmək üçün ölkəmizin beynəlxalq münasibətlər sisteminin aktorları ilə rasional münasibətlərinə nəzər yetirmək məqsədəmüvafiqdir. Bu sırada nəzər yetirilməsi zəruri olan istiqamətlərdən biri də Azərbaycan-Birləşmiş Millətlər Təşkilatı (BMT) münasibətləri, başqa sözlə, ölkəmizin bu beynəlxalq təşkilat daxilindəki fəaliyyətidir.

Məlumdur ki, beynəlxalq hüququn tamhüquqlu subyekti olan Azərbaycan Respublikası 1992-ci il mart ayının 2-də Birləşmiş Millətlər Təşkilatının üzvü statusu almışdır. Lakin ilk vaxtlar müstəqil xarici siyasət strategiyasına malik olmayan Azərbaycan BMT-də rasional surətdə təmsil oluna bilmədi. Beləliklə, 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycan çoxvektorlu, rasionalpraqmatik xarici siyasət kursu yeritməyə başladı ki, bunun da sayəsində ölkəmiz beynəlxalq təşkilatlarda, xüsusilə də Birləşmiş Millətlər Təşkilatında uğurla təmsil olunmağa başladı. Sistemli, ardıcıl və praqmatik xarici siyasət kursu Azərbaycan-BMT münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olmasını şərtləndirdi. Mövcud münasibətlər çərçivəsində bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə qarşı Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin yerinə yetirilməsi üçün effektiv tədbirlərin görülməsini xahiş etdi. Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyəti bu müraciətlərə əsaslanaraq regiona səfər etdibu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi - 1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi.

Bütün bunların fonunda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı tribunasından münaqişənin həlli istiqamətində istifadə etmək uğrunda səylərini davam etdirdi. Həmin tarixi dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu sayəsində BMT miqyasında Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət verildi. Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından Ümummilli lider Heydər Əliyevin 1994-cü il sentyabr ayının 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışı əhəmiyyətli rol oynadı. Bu, müstəqil Azərbaycanın dövlət başçısının BMT tribunasında ilk çıxışı idi. Ulu öndər Heydər Əliyev proqram xarakterli həmin nitqində bir sıra məsələlərə toxundu, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini ifadə edərək bildirdi: “Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olaraq belə hesab edir ki, yalnız Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək yolu ilə təcavüzün nəticələrini aradan qaldırmaq, uzunmüddətli sülhün bərqərar edilməsi və regionun bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sabit və əməli danışıq prosesi aparmaq olar”.

Birmənalı şəkildə qeyd edilməlidir ki, Ümummilli lider Heydər Əliyevin Birləşmiş Millətlər Təşkilatının tribunasından səsləndirdiyi bu fikirlər Ermənistanın işğalçı əməllərinin əsl mahiyyətinin ifşa edilməsi baxımından atılan mühüm addımlardan biri idi. İlk dəfə olaraq beynəlxalq aləmin ən nüfuzlu təşkilatının kürsüsündən Dağlıq Qarabağ münaqişəsi, həmçinin, Cənubi Qafqaz bölgəsindəki vəziyyət haqqında tutarlı faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. Bundan sonra dünyanın nəzəri bu bölgədə cərəyan edən hadisələrə yönəldi və problemlərin həlli yönündə addımlar atılmağa başlandı.

Eyni zamanda, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmdə də Azərbaycan Birləşmiş Millətlər Təşkilatında uğurla təmsil olundu və ölkəmizin təşkilat daxilindəki ikitərəfli, çoxtərəfli münasibətləri dinamik inkişaf tendensiyasına malik oldu. Həmçinin, ölkəmiz BMT müstəvisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə aktiv səylərini davam etdirdi. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrə xüsusi önəm verdiyini qeyd edən Prezident İlham Əliyev iştirak etdiyi BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında da bu münasibətlərə yüksək qiymət verdi. Belə ki, həmin çıxışında Prezident İlham Əliyev sülhün qorunması və münaqişələrin aradan qaldırılması istiqamətində Birləşmiş Millətlər Təşkilatının rolunun artırılması məsələsindən danışarkən qeyd etmişdir: “Ümdə məsələ BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasından ibarətdir”.

Sözügedən çıxışında Prezident İlham Əliyev xüsusilə vurğulamışdı ki, Azərbaycan dünyada sülhün qorunması istiqamətində səylərini daim davam etdirəcəkdir: “Biz daha sülhsevər, təhlükəsiz və ədalətli dünya üçün çox zəruri olan BMT və onun Nizamnaməsinə inamımızı bir daha təsdiqləmişik”.

Onu da qeyd etmək lazımdır ki, BMT-nin Baş Assambleyasının 60, 61 və 62-ci sessiyalarında Azərbaycan Respublikasının maraqlarına xidmət edən məsələlər müzakirəyə çıxarılıb, 63-cü sessiyasında isə Azərbaycanın işğal edilmiş ərazilərindəki durum müzakirəyə çıxarılıb, bununla bağlı, müxtəlif qərarlar qəbul olunub. Qurumda Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə layihəsi yayılıb. Sənəddə işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, eləcə də, ATƏT-in faktaraşdırma missiyasının məruzəsi, ekoloji məruzə barədə məlumatlar öz əksini tapıb. Azərbaycan bu addımla Dağlıq Qarabağ məsələsinin həllində Birləşmiş Millətlər Təşkilatının da rolunu artırmaq fikrindədir. Baş Assambleyanın 65-ci sessiyasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı həm BMT-nin fəaliyyətini qiymətləndirib, həm də Azərbaycanın bu mötəbər təşkilatdan gözləntilərini ifadə edib. Ölkəmizin davamlı inkişaf, dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunu tanıdığını bir daha bəyan edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan hesab edir ki, BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır. Dövlət başçısı, həmçinin, qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir.

Prezident İlham Əliyev onu da bildirib ki, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyib və ərazi əldə etmək üçün gücdən istifadə etməyin yolverilməzliyini bəyan edib. Dövlət başçısı, həmçinin Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını və ölkənin bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılması haqqında tələbin mövcud olduğunu qeyd edib. BMT Baş Assambleyası, ATƏT və Avropa Şurası da daxil olmaqla, digər beynəlxalq təşkilatlar, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı buna oxşar qətnamələr qəbul ediblər: “Təəssüf ki, beynəlxalq ictimaiyyətin öz mövqeyini bəyan etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altında qalmaqda davam edir. Ermənistan vicdanla danışıqlar aparmaq əvəzinə gözlənilməz nəticələri ilə təhlükəli olan daha da böyük gərginlik yaratmaq siyasəti yolunu tutub”.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 24 iyul.- S. 8.