Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir
YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında olduqca mühüm rol oynayır
Xəbər verdiyimiz kimi, Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu başa çatıb. “Yay məktəbi”nin sonuncu günü bağlanış mərasimi və istedad gecəsi keçirilib. Çıxış edən qrup rəhbəri, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova bildirib ki, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Hər bir xalqın inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı məhz intellektual kadrların yetişdirilməsindən, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə uğurla təmsil olunurlar”.
Qrup rəhbəri qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən təşkil olunan “Yay məktəbi” gənclərin inkişafına xidmət edən layihədir. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır.
Yeri gəlmişkən, “Yay məktəbi”ndə iştirak edən gənclər də məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları yüksək qiymətləndiriblər.
YAP Nərimanov rayon təşkilatının təlimatçısı Nərminə Yunusova hesab edir ki, YAP Gənclər Birliyinin bu layihəsi gənclərin intellektual inkişafına xidmət edir: “5 gün ərzində müxtəlif fəal insanlarla daha yaxından tanış oldum və sıx dostluq münasibətləri formalaşdı. Hər gün təşkil olunan təqdimatlar və təlimlər burada iştirak edən gənclər kimi, məndə də böyük maraq doğurdu. Gənclər öz fəallıqları ilə seçilirdilər. Müxtəlif siyasi-ictimai, sosial-mədəni mövzular haqqında keçirilən təlimlər mühüm bilik mənbəyi rolunu oynadı. Öz növbəmdə, Yeni Azərbaycan Partiyasına təşəkkür edirəm”.
Mədinə Əliyeva da “Yay məktəbi”ndən olduqca xoş təəssüratlarla ayrıldığını bildirib: “Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təşkil edilmiş “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III Oğuz turu çərçivəsində gözəl, mehriban kollektivlə birlikdə olduq, səmərəli fikir mübadiləsi apardıq. Burda olduğumuz 5 gün ərzində bir-birindən maraqlı diskussiyaların şahidi olduq”.
YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri Şənlik Əliyevin fikrincə, “Yay məktəbi” layihəsi bütün parametrləri ilə cəmiyyətimizin gələcəyi olan gənclərin intellektual potensialının artması baxımından olduqca önəmlidir: “Yay məktəbində olmaq və Yeni Azərbaycan Partiyası, onun siyasəti haqqında məlumat əldə etmək müstəsna əhəmiyyət kəsb edir”.
Cəbrayıllı məcburi köçkün gənc Taryel Əlizadə hesab edir ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Yay məktəbi” dedikdə insanın ağlına ilk olaraq səmərəli şəkildə keçən dəyərli 5 gün gəlir: “Əvvəlki illərdə keçirilən yay məktəblərinə baxanda həmişə bu proqramın iştirakçısı olmaq arzusunda olmuşam və seçilənlər siyahısında öz adımı gördükdə, nəhayət ki, arzuma çatdığım üçün çox sevindim. Tur çərçivəsində iştirakçıların bir çoxu ilə səmimi münasibət formalaşdı, asudə vaxtlarımızdan səmərəli istifadə etdik. Layihə iştirakçıları ilə sərbəst şəkildə ünsiyyət qurmaq, fikirlərimizi bölüşmək, doğrudan da, çox faydalı oldu”.
Oktay
Yeni Azərbaycan.-2014.- 26 iyul.- S. 4.