Ölkəmizdə təhsilin
inkişafı Ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır
Oğuz rayonunda YAP Gənclər
Birliyinin “Gənc liderlər” gənc siyasətçilər
üçün “Yay
məktəbi”nin IV turu çərçivəsində
təlim, diskussiya və intelektual
oyunlar keçirilib
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin IV turu uğurla davam edir. Xatırladaq ki, iyulun 27-də start götürən və avqustun 1-dək davam edəcək IV Oğuz turunda 50-ə yaxın gənc iştirak edir. Məktəbin ilk günündə qrup rəhbəri, Milli Məclisin deputatı Kamilə Əliyeva və YAP İcra Katibliyinin məsul əməkdaşı Həsən Daşdəmirovun rəhbərliyi ilə açılış mərasimi keçirilib.
Millət vəkili K.Əliyeva gəncləri salamlayaraq, layihənin əhəmiyyətindən danışıb, proqram və qaydalar haqqında məlumat verib. Bildirib ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını təmin etməkdir.
K.Əliyeva ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan geniş söz açaraq qeyd edib ki, bu qayğı Ulu öndər Heydər Əliyevin 1969-cu ildə ölkəyə rəhbərlik etdiyi dövrdən başlayıb: “Ümummilli lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu siyasət davam etdirildi. Azərbaycanda fevral ayının 2-nin Gənclər Günü elan edilməsi də, məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin siyasətini bu gün layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə dəstəyini əsirgəmir, istənilən sahədə gənclərə yardım edir”.
Qeyd edək ki, turun ilk günündə gənclər “Buta”, “Mübarizlər”, “Böyük səkkizlik”, “Ay-pi team”, “Odlar yurdu”, “Kreativ” adları altında 6 komandaya bölünüblər. Komandalar arasında praktik oyunlar təşkil olunub. Şam yeməyindən sonra isə gənclər arasında interaktiv oyunlar və “İstedad gecəsi” adlı tədbir keçirilib.
İyulun 28-də isə Oğuz “Yay məktəbi”ndə “Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilində rolu” mövzusunda diskussiya təşkil olunub.
Milli Məclisin deputatı, qrup rəhbəri Kamilə Əliyeva dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı rolundan geniş bəhs edib. O, bildirib ki, təhsil hər bir dövlətin inkişafının əsas özülünü təşkil edir: “Məhz güclü rəqabətin, qlobal inteqrasiyanın, beynəlxalq əməkdaşlığın sürətlə yayıldığı müasir dünyamızda hər bir dövlət öncül yerlərdən birini tutmağa çalışır. Azərbaycan da artıq bu qlobal dünyanın bir üzvünə çevrilib və bu baxımdan təhsilimizin müasir dünya standartları səviyyəsində olması dövlətin başlıca prioritetlərindəndir. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, atılan addımlar, qəbul edilmiş qərarlar təhsilin, elmin inkişafına ayrılan vəsaitin səviyyəsində də özünü göstərib”.
K.Əliyeva deyib ki, Azərbaycan təhsilinin uğurlu inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər bir addımında bu dahi insanı xatırlayır, Onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşdıqda Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərlik etdiyi ilk illərdə sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli lider ölkədə təhsil islahatlarının aparılmasının zəruriliyini vurğulayaraq hər bir inkişafın elm və təhsildən asılı olduğunu bəyan etdi”.
Qrup rəhbəri deyib ki, son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə Ulu öndər Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental konsepsiya olduğu aydınlaşmış olur. Onun sözlərinə görə, dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil məsələləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.
Diskussiyada bu fikir də vurğulanıb ki, xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatların aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilib. Bu mənada Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin həm birinci dönəmində, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək kifayətdir. Diskussiyada gənclərdən Günel Əkbər, Rəşad Məmmədov, Orxan Əhmədov, Elçin Əhmədov, Anar Şahmuradov, Asəf Hüseynli, Əziz Əzimov, Emil Əzizov və başqaları çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən danışıb, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Diskussiyada gəncləri maraqlandıran suallar da cavablandırılıb. Sonra gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirilib. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.
İyulun 29-da isə “Yay məktəbi”nin iştirakçılarına YAP fəalları Aysel Həsənli və Fidan Abasovanın moderatorluğu ilə “İKT-Azərbaycanda prioritet sahə” mövzusunda təlim keçirilib. Öncə çıxış edən Milli Məclisin deputatı, qrup rəhbəri Kamilə Əliyeva internetin gündəlik həyatımızdakı rolundan və İKT-nin Azərbaycanın sosial və iqtisadi sahələrinə tətbiqindən bəhs edib. O bildirib ki, cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşü, baxışları, düşüncələri də dəyişir. İnternet istifadəçilərinin sayı günbəgün artır. Artıq internetsiz həyatı təsəvvür etmək mümkün deyil. Müasir şəraitdə cəmiyyətin əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. K.Əliyeva İKT-nin əhatə dairəsi-hökumət təşkilatları, qeyri-hökumət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə etməsi haqqında məlumat verib.
Sonra təlimin moderatoru, YAP Yasamal rayon təşkilatı GB-nin üzvü Fidan Abasova “İKT-Azərbaycanda prioritet sahə” mövzusunda çıxış edərək deyib ki, İKT dünyada ən inkişaf etmiş və neft sahəsindən sonra II prioritet olan sahədir. İKT-nin inkişafı neftsiz iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də, Azərbaycanda neft sahəsinə alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur. Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin geniş inkişafı Ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət aldı. Bu gün regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün böyük imkanlara malikdir. Hazırda ölkəmizdə “Evədək optika” layihəsi həyata keçirilməkdədir. Hətta bölgələrimizin ucqar kəndləri də genişzolaqlı sürətli internet xidməti ilə təmin edilməkdədir.
F.Abasova xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən deyib ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz informasiya və kommunikasiya texnologiyaları olmalıdır: “Çıxışlarında “Qara qızılın insan kapitalına” çevrilməsinin vaxtının çatdığını qeyd edən Azərbaycan Prezidenti informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsini daim önə çəkir. Bu transformasiyanın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır”.
Təlimin moderatoru, YAP Yasamal rayon təşkilatı GB-nin üzvü Aysel Həsənli “İnformasiya cəmiyyəti” və “Elektron hökumət” haqqında danışaraq deyib ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. İnformasiya cəmiyyətinin müsbət xüsusiyyətlərinə toxunan Aysel Həsənlinin sözlərinə görə informasiya böhranı aradan qaldırır, informasiya axını və informasiya “aclığı” arasındakı ziddiyyət həll olunur, insanlar hər bir şey haqda çox məlumatlı olurlar.
Bu fikir də vurğulanıb ki, son illər inkişaf etmiş ölkələrdə demokratiyanı inkişaf etdirən amillərdən biri də “Elektron hökumət” hesab olunur. Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və uğurla həyata keçirilir. Bu gün İKT sahəsində Azərbaycan inkişaf etmiş ölkələrlə əməkdaşlığı genişləndirir. Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiqlənən “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT-nin inkişafı məsələsinə geniş yer ayrılıb. Belə ki, burada İKT sahəsində gəlirlərin 2 dəfə artırılması, neft sektorunu üstələməsi, 2020-ci ilə qədər “Elektron hökumət” xidmətlərinin ölkə ərazisində 100 faiz tətbiqi və informasiya cəmiyyətinə keçidin təmin edilməsi öz əksini tapıb.
Diskussiya şəklində davam edən təlimdə gəncləri maraqlandıran suallar da cavablandırılıb. Daha sonra gənclər arasında idman yarışları və interaktiv oyunlar keçirilib.
İyulun 30-da, “Yay məktəbi”nin dördüncü günündə YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvü Günel Əkbərin moderatorluğu ilə motivasiya xarakterli təlim keçirilib. “Sən, sən ol!” adlı təlimin mövzusu “İnsanın daxili sakitliyi” və bu daxili sakitliyin necə əldə edilməsi barəsində olub. G.Əkbər qeyd edib ki, həyatda uğur qazanmaq üçün səbəbiyyət və zamanlama prinsiplərinə əsaslanmaq və bunları həyatda tətbiq etmək lazımdır. Bu halda insan daxili sakitliyi əldə edərək xoşbəxtliyə nail ola bilər.
Mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib. Gənclər tərəfindən olduqca maraqla qarşılanan təlimdə Orxan Əhmədov, Asəf Hüseynli, Fidan Abasova, Şirin Şirinov, Elxan Əliyev, Əzizov Emil, Anar Şahmuradov və digərlərinin fikirləri dinlənilib.
Təlimdən sonra gənclər Oğuz rayonunun görməli yerləri ilə tanış olublar. Gəzinti zamanı bir sıra əyləncəli oyunlar keçirilib, ziyafət təşkil olunub. Şam yeməyindən sonra gənclər arasında interaktiv, intellektual, praktik oyunlar keçirilib. Günə “İstedad gecəsi” adlı tədbir ilə yekun vurulub.
Cavid Əkbərov
Yeni Azərbaycan.-2014.- 31 iyul.- S. 5.