Azərbaycan
dilinin zənginləşməsi prosesi uğurla davam edir
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, filologiya elmləri doktoru Nizami Cəfərov
- Nizami
müəllim, 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə
Azərbaycan Əlifbası və Azərbaycan dili Günü
kimi qeyd olunur. Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən belə bir qərarın verilməsinin
əhəmiyyəti nədən ibarətdir?
- Bu
günün təsis olunması müstəqil dövlətimizin
dil məsələsinə nə qədər ciddi
yanaşdığını göstərən amildir. Hələ 1990-cı illərin ortalarında ilk milli
Konstitusiya hazırlanarkən dil məsələsi xüsusi
olaraq müzakirə olundu. Bu müzakirələr
şəraitində müxtəlif mülahizələr ortaya
çıxırdı. Fikrimcə, bu
Ümummilli liderimiz Heydər Əliyev bununla dünyaya göstərdi
ki, müstəqil, demokratik milli dövlət dil məsələsinə
nə qədr ciddi yanaşır və onun milli
mövcudluğunun böyük göstərici hesab edilir.
Həmin müzakirələrdə böyük
mütəxəssislər iştirak edirdi. Və sonra da dil məsələsi həmişə
diqqət mərkəzində oldu. Həmin
illərdə çox ciddi proseslər baş verirdi. Latın qrafikasına keçid də mürəkkəb
hadisə idi. Bu proses üç mərhələdə
həyata keçirldi. Belə ki, bu əlifbaya keçid ən
mobil sahə olan məktəbdən başladı, sonra
dövlət idarələri, sonda isə mətbuat tam olaraq latın qrafikalı əlifbaya keçdi.
Dil məsələsinə
gəlincə, bu sahədə çox ciddi sənədlər
qəbul olundu. Onlardan ən mühümü
2001-ci ilin iyul ayında Ulu öndər Heydər Əliyev tərəfindən
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə
sənəd qəbul olunmayıb. Çünki
sənəddə çox ciddi, strateji münasibət ortaya
qoyulub. Sənəddə dilin tarixindən
başlamış, müasir dövrümüzə qədər
olan məsələlər geniş şəkildə öz əksini
tapır. Konstitusiyada dövlət dili kimi Azərbaycan
dili yazılanda, bəzi
dairələr bundan sui-istifadə etməyə
çalışdılar. Yəni bununla da
ictimai rəyə belə fikir yeritməyə
çalışırdılar ki, guya biz türk deyilik.
Amma Ümummilli lider Heydər Əliyev onlara açıq
şəkildə cavab verdi ki, Azərbaycan
xalqı türk xalqlarından biridir, dilimiz türk dillərindən
biridir, biz hər mənada türk mənşəliyik. Hətta
Ulu öndər bu sözü də dedi ki,
antitürkçülükdən söhbət gedə bilməz.
Ümumiyyətlə, Heydər Əliyev dil məsələsinə
böyük həssaslıq göstərirdi. O, həmişə
vətəndaşlara, xüsusilə gənclərə
müxtəlif dilləri öyrənməyi tövsiyə
edirdi. Amma onu da vurğulayırdı ki, ilk
növbədə dövlət dili öyrənilməlidir.
Ümumiyyətlə, Ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət
quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu öndər
sovetlər hakimiyyəti dövründə də Azərbaycan
dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər
göstərib. Ali məktəblər üçün
yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin
Respublika Dövlət mükafatına layiq görülməsi,
anadilli ədəbiyyatın inkişafı üçün hər
cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı
klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
O zaman
sovetlərin tərkibində olan türk dövlətlərinin
mərkəzi şəhərlərində demək olar ki, ana
dilində məktəb yox idi. Amma Azərbaycanda
rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb
çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə
Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti
birləşdirəcək bütün dəyərləri
qoruyub mühafizə edirdi və onların inkişafı
üçün proqramlar müəyyənləşdirirdi.
Bunların ən mühümlərindən biri
də dil məsələsi idi.
Ümumiyyətlə, dilin müxtəlif prolbleməri həmişə
var. Qloballaşan dünyada belə vəziyyət təbiidir. Bu gün
dilimiz ən çox publisistikada, kütləvi informasiya vasitələrində
inkişaf edir. Hazırda dilimizdə zənginləşmə
prosesi gedir.
- Dilimizin
tarixi hüquqlarından biri də latın
qrafikalı əlifbaya keçiddir. Bu keçidin
üstünlükləri barədə fikirlərinizi bilmək
maraqlıdır...
- Əlifba quruculuğu məsələsində biz kifayət
qədər normal hərəkət etdik. Yəni nə
tələsdik, nə də gecikdik. Latın
qrafikasına keçid tam başa çatmayanda müxalifət
qəzetləri yazırdı ki, guya hakimiyyət bu əlifbaya
keçmək istəmir. Amma keçəndə
də müxalifət yazdı ki, bu əlifbaya ona görə
keçildi ki, camaat müxalifət mətbuatını
oxumasın. Amma bu iddiaların heç bir əsası
yox idi. Əlifbaya keçid
düşünülmüş şəkildə, problemsiz həyata
keçirildi.
Əlifbaya keçid həmişə çox mürəkkəb
məsələ olub. Azərbaycanda çoxlu sayda əlifbalar dəyişib,
amma bu dəyişiklik millətin mədəniyyətinə,
dilinə ziyan vuran məsələdir. Amma latın qrafikasına keçidin isə
müsbət cəhətləri var. Bu baxımdan, əlifba məsələsi
üzərində möhkəm dayanmaq, əlifba stabilliyi və
normativliyi çox mühüm məsələdir. Ona görə də, eyni zamanda, Əlifba
Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir.
Bilirsiniz ki, Azərbaycanda yeni əlifbaya keçid 10 il davam etdi. Bu proses 1990-cı illərin əvvəlindən
başladı və 2001-ci ildə yekunlaşdı.
Ümummilli
lider Heydər Əliyev siyasi uzaqgörənliyinin nəticəsi
idi ki, latın əlifbasına ilk olaraq məktəblər,
ikinci dövlət müəssisələri, sonuncu olaraq isə
mətbuat keçdi. Mətbuatın sonuncu
keçməsinin də ciddi səbəbləri var idi. Çünki cəmiyyətin müəyyən hissələri
var idi ki, bu əlifbaya tədricən keçməli idi və
belə də oldu.
Yeri gəlmişkən,
qeyd edim ki, latın əlifbasına
keçid məsələsində bizim təcrübəmiz
aşqa türk respublikalarında öyrənilir. Məsələn,
bir neçə il öncə
Qazaxıstandan böyük nümayəndə heyəti gəldi,
müxtəlif mütəxəssislərlə
görüşüb suallar verdilər. Latın
əlifbasında keçəndə hansı çətinliklərin
olduğunu da maraqlandılar. Hətta din xadimlərinin bu
məsələyə necə yanaşdığını, gənc
və yaşlı nəsillərin reaksiyalarını
soruşdular. Onlar da tədricən bu əlifbaya
keçməyə qərar verdilər.
Qeyd edim ki, Ümummilli lider Heydər Əliyevin həyata
keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti
İlham Əliyev uğurla davam etdirir. Latın
qrafikasında kütləvi nəşrlərin meydana
çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının
Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin -
ümumxalq dilinin tərəqqisi üçün elə bir
tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər
uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli liderin
ideyalarını layiqincə yerinə yetirən Azərbaycan
Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə,
qədim mədəniyyətimizə böyük həssaslıqla
yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı
düşüncəsini əks etdirən sanballı əsərlərin
latın qrafikasında yenidən nəşr
edilməsi məhz dövlət başçısının
təşəbbüsü ilə baş tutdu. Prezidentin
2004-cü il yanvarın 12-də
imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” Sərəncamı, həm də
əlifba ilə bağlı problemləri tamamilə həll
etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin
latın qrafikasına keçirilməsi təmin
olundu. Dövlət başçısının sonrakı sərəncamları
əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı
kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı
kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı
kitabxanası” seriyasından olan yeni nəşrlər respublika
kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat
fondunu zənginləşdirdi.
- Dil sahəsində
qanunvericilik bazası da zaman-zaman təkmilləşdirilir. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək
mümkündür?
-
Bilirsiniz ki, Milli Məclis “Dövlət dili haqqında” qanunu
zaman-zaman təkmilləşdirir. Bu sənəd
mövcud olan müəyyən
çatışmazlıqları aradan qaldırır. Təbii ki, bizim ən uğurlu sənədimiz “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı”dır. Prezident İlham
Əliyev tərəfindən təsdiq olunmuş bu proqram həm
milli xüsusiyyətləri, həm də qloballaşmanın
təsirini çox aydın izah edir. Ən
mühüm məsələlərdən biri budur ki, dövlət
və cəmiyyət arasında dilin qorunması ilə
bağlı əlaqə gücləndirilir. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ictimai-siyasi təfəkkür
yüksəliş həddindədir. Bununla
əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi
xüsusi əhəmiyyət kəsb etməyə
başlayır. Daha doğrusu, dil məsələsi
milli, ictimai təfəkkürün və düşüncənin
inkişafı fonunda diqqətdən kənarda qala bilməz.
Dünyada müşahidə edilməkdə olan
qloballaşma prosesi şəraitində dilin qorunması və
inkişaf etdirilməsi probleminə iki cür yanaşma
mövcuddur. Bu yanaşmalardan biri milli
xüsusiyyətlərin, o cümlədən dilin qorunub
saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin
və onun dilinin dünyaya açıq olması məsələsidir.
- Nizami
müəllim, sizcə, qloballaşma prosesləri dilin təkmilləşdirilməsi
prosesinə nə dərəcədə təsir göstərəcək?
-
Qloballaşan müasir dünyada Azərbaycan dilinin taleyi,
tamamilə təbiidir ki, hər bir azərbaycanlını
milli təəssübkeşlik baxımından dərindən
düşündürən məsələdir. Azərbaycan
Respublikasının mərkəzdən (Bakıdan,
Naxçıvandan, Gəncədən və s.) uzaq bir kəndində
müasir tipli böyük bir mağaza açılıb
üzərinə "supermarket" yazılırsa, buna
tamamilə təbii baxmaq lazım gələcəkdir. Çünki qloballaşma milli dillərə və
ümumən mədəniyyətlərə, birinci növbədə,
paradokslarla daxil olur, ziddiyyətlər, görünən və
ya görünməyən qarşıdurmalar yaradır.
Bizim
fikrimizcə, təbii-tarixi bir proses olun qloballaşmadan çəkinmək,
yaxud onu dərhal lənətləmək
çıxış yolu deyil. Biz hər hansı milli
mövqedən, o cümlədən də milli dil mövqeyindən
qloballaşmanı təqdir etməsək, hətta ona
müharibə elan eləməyə qalxsaq belə, bu təbii-tarixi
proses-hərəkat qarşısına çıxan
bütün maneələri vurub dağıdacaq və bəşəriyyətin
çoxdan arzusunda olduğu və artıq kifayət qədər
populyar ifadə ilə desək, "sərhədsiz
dünya"nı reallaşdıracaq.
Qeyd edim
ki, "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"nın
hazırlanıb Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel
tarixli Sərəncamı ilə təsdiq edilməsi çox
mühüm tarixi hadisədir. Müasir dövrün tələblərini,
konkret olaraq, qloballaşma prosesinin fəlsəfəsini nəzərə
alan Dövlət Proqramının məqsədi "Azərbaycan
dilinin istifadəsi və tədqiqinə dövlət
qayğısının artırılmasını, Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsini, ölkədə dilçilik
araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılmasını, dilçiliyin
aparıcı istiqamətlərində fundamental və tətbiqi
tədqiqatların inkişafına yönəldilmiş
yaradıcılıq səylərinin birləşdirilməsini
və dilçiliyin müasir cəmiyyətin aktual problemləri
ilə əlaqələndirilməsini təmin etməkdir".
Dövlət
Proqramında "qloballaşma" anlayışının,
tamamilə doğru olaraq, geniş izahı, bu barədəki
biri digərinə çox zaman zidd olan mülahizələrin
icmalı verilməyib, lakin bu mühüm dövlət əhəmiyyətli sənədin
meydana çıxmasının tarixi səbəbinin məhz
qloballaşma (onun qaçılmazlığı) olması
Proqramın, demək olar ki, hər bir müddəasında
öz əksini tapmış, nəticə etibarilə,
ümumdünya miqyaslı – bütün bəşəriyyəti
düşündürən proses-hadisəyə kifayət qədər
dərindən münasibət bildirib: Bu gün Azərbaycan
dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən
olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə
dilçilik elmi sahəsində vəziyyətin
yaxşılaşdırılması üçün əlverişli
zəmin yaradılıb. Eyni zamanda, elm və
texnikanın sürətlə inkişaf etdiyi hazırki
qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi
və tətbiqi imkanlarının genişləndirilməsi
istiqamətində aparılan işlərin yeni səviyyəyə
yüksəldilməsini tələb edir. Çıxış
yolu hər bir millətin, sözün geniş mənasında,
dünya birliyinə tarixin müəyyənləşdirdiyi
imkan, şərəf və ləyaqətlə
qovuşmasından ibarətdir. Bu elə
bir universal-tarixi prosesdir ki, ondan qaçmaq yox, qorxmadan, çəkinmədən
ona doğru getmək lazımdır.
Azərbaycan xalqı (ümumən türk xalqları)
heç zaman dünyaya qovuşmaqdan, yaxud beynəlxalq
inteqrasiyadan imtina etməmişlər. Və dilimizdə olan minlərlə
ərəb, fars, Avropa sözləri də
bunu təsdiq edir. Həmin sözlər o
sözlərdir ki, bütün xalqlar üçün səciyyəvi
olan məişət-etnoqrafiya həyatına aid olan
anlayışları deyil, intellektual-elmi idrak sahələrini əhatə
– ifadə edir ki, bu da Azərbaycan türklərinin ümumbəşəri
dəyərlərə heç vaxt biganə
qalmadıqlarını və bundan sonra da biganə
olmayacaqlarını göstərir.
Əslində,
biri digəri ilə sıx bağlı olan səviyyələrin
hər birində Azərbaycan dilinin müvafiq şəkildə
mövqeyinin möhkəmləndirilməsi üçün zəruri
şərtlər də mövcuddur ki, buraya, birinci növbədə,
əhali potensialı, xalqın intellektual-mədəni
imkanları və müstəqil Azərbaycan dövlətinin
kifayət qədər mükəmməl dil siyasəti
daxildir. Biz şübhə etmirik ki,
qloballaşan dünya Azərbaycan dilinin qarşısına
yalnız məlum maneələr, yaxud problemlər
çıxaracaq, eyni zamanda təkmilləşmə və
inkişaf istiqamətində geniş imkanlar da açacaq.
Yeni
Azərbaycan.-2014.- 31 iyul.- S. 6.