Azərbaycan daxili
və xarici siyasətdə sözü ilə əməli arasında heç bir fərq olmayan ölkədir
Prezident İlham
Əliyev: Ona görə bizim
sözümüz imzamız qədər dəyərlidir
və əhəmiyyətlidir. Əgər söz
veririksə, onu yerinə yetiririk.
Əlbəttə ki, qarşı tərəflərdən
də eyni yanaşmanı gözləyirik
Bu gün regionun lider dövləti olan Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət əsasında ölkəmiz təbii imkanlarından və intellektual resurslarından daxili inkişafının təmin olunmasında və beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Məlum olduğu kimi, ölkəmizin qazandığı yüksək beynəlxalq hörmət və mühüm diplomatik uğurlar Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin nəticəsidir. Məhz bu siyasətin əsasında milli maraqların müdafiəsi dayanır. Həmçinin, ölkəmiz xarici tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və səmərəlilik, bərabərhüquqlu əməkdaşlıq üzərində qurur. Bu ondan irəli gəlir ki, Azərbaycanın xarici siyasət xəttində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dünyanın bütün regionlarındakı dövlətlərlə əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri də ölkəmizin bütün məsələlərdə mövqeyinin aydın və birmənalı olmasıdır. Prezident İlham Əliyevin 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində söylədiyi kimi, hər bir məsələ ilə - istər daxili siyasət, istər xarici siyasət ilə bağlı ölkəmizin konkret mövqeyi var. Azərbaycan hər bir məsələdə öz niyyətini, siyasətini açıq şəkildə bəyan edir və atdığı addımlar da aydın siyasətin davamıdır. Azərbaycan daxili və xarici siyasətdə sözü ilə əməli arasında heç bir fərq olmayan ölkədir. Dövlət başçısının da bəyan etdiyi kimi: “Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik”.
Bu həm də onun göstəricisidir ki, Azərbaycan həqiqi müstəqil siyasət yürüdən dövlətdir.
GÜCLÜ İQTİSADİYYATA ƏSASLANAN MÜSTƏQİL SİYASƏT
Azərbaycanın həqiqi dövlət
müstəqilliyini şərtləndirən amillərin təməlində
heç şübhəsiz, güclü iqtisadiyyat və
sosial rifah dayanır. Bildiyimiz kimi, Azərbaycan
iqtisadiyyatının artım tempinə görə 2006-cı
ildən başlayaraq dünyada
ilk yerlərdə qərarlaşıb.
Dövlət başçısının da
söylədiyi kimi, son
on il ərzində iqtisadi sahədə, regionların
inkişafı sahəsində, infrastruktur
layihələrin icrası istiqamətində tarixi
nailiyyətlər əldə edilib. Son on ildə
Azərbaycanın dövlət
büdcəsi 1,5 milyard dollardan 25 milyard dollaradək artıb. Bu müddətdə
20 dəfəyə yaxın
artan büdcə xərcləmələri iqtisadiyyatın
şaxələndirilməsinə, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına, qaçqın
və məcburi köçkünlərin sosial
vəziyyətinin yaxşılaşdırılmasına,
sahibkarlığın, özəl
sektorun inkişafına,
ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə
yönəlib. Eyni zamanda,
həyata keçirilən
abadlıq və quruculuq işləri sayəsində Azərbaycanın
sürətli inkişafını
ölkənin hər bir yerində əyani şəkildə
müşahidə etmək
mükündür.
Yüksək daxili inkişaf və sabitlik inamlı xarici siyasətin aparılmasına
da şərait yaradır.
BEYNƏLXALQ
MÜNASİBƏTLƏR SİSTEMİNDƏ LAYİQLİ
YER
Onu da qeyd edək ki, xarici əlaqələrini
qarşılıqlı hörmət
və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri
əsasında quran Azərbaycan beynəlxalq münasibətlər sistemində
layiqli yerə sahib olub. Təkcə, 155 dövlətin dəstəyini qazanması
və BMT Təhlükəsizlik
Şurasının (TŞ) qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi Azərbaycanın
dünyadakı nüfuzunu
və yerini göstərən mühüm
amildir. BMT TŞ-də qeyri-daimi üzv kimi fəaliyyət
göstərdiyi 2012-2013-cü illərdə Azərbaycan
müxtəlif dövlətlərlə
ikitərəfli əlaqələri
daha da möhkəmləndirib,
ayrı-ayrı qitələrdəki
ölkələrlə yeni
münasibətlər qurub.
Xatırladaq ki, rəsmi qəbuldakı nitqində
bu məsələyə
də toxunan dövlət başçısı
Azərbaycanın quruma
üzv seçilməsinin
böyük dəstək,
inam hesabına mümkün olduğunu söyləyib: “Biz bu şərəfli missiyanı
ləyaqətlə icra
etmişik. Bizə hörmət daha
da artmışdır
və bu gün biz nəinki regional
məsələlərin həllində,
qlobal məsələlərdə
də öz sözümüzü deyirik”.
Həqiqətən də, Azərbaycan
istər BMT TŞ-dəki
fəaliyyəti dövründə,
istərsə də, digər beynəlxalq qurumlar və müzakirələr çərçivəsində
daim beynəlxalq sülh və təhlükəsizliyin təmin
olunması məqsədinə
uyğun olaraq beynəlxalq təhlükə
törədən münaqişələrə
münasibətini bildirib,
beynəlxalq terrorçuluq,
Suriyada qarşıdurma,
müxtəlif regionlarda
humanitar böhran və hazırda aktual olan digər
problemlərlə bağlı
müzakirələrdə iştirak
edib, mövqeyini ortaya qoyub.
Bütün bunlar onu göstərir
ki, ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli
maraq və mənafelərini qarşılqlı
hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində
həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını
təmin etməklə
yanaşı, öz gücünə inamını,
eləcə də ölkəmizə olan etimadı artırır.
ETİBARLI
TƏRƏFDAŞ
Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının inkişaf
tempinə görə
dünya üzrə ön pillədə dayanan ölkələr sırasındadır. Bu sahədə
əldə olunan nailiyyətlər həm ölkə daxilində sosial-iqtisadi siyasətin yüksək səviyyədə
həyata keçirilməsi,
həm də xarici siyasi əlaqələrin
iqtisadi əməkdaşlıq
sferasına uğurlu transformasiyası sayəsində
mümkün olub.
Nəticədə, artıq Azərbaycan
beynəlxalq iqtisadi əməkdaşlığın mühüm və etibarlı tərəfdaşı
kimi tanınır.
Azərbaycanın dünya iqtisadiyyatındakı
yerini müəyyənləşdirən
başlıca amil isə enerji siyasəti ilə bağlıdır. Azərbaycanın enerji strategiyası
hər zaman olduğu kimi, bu gün də
dünyanın diqqət
mərkəzindədir. Həyata keçirilən çoxşaxəli
enerji siyasəti ilə ölkəmiz
regional və qlobal əhəmiyyətli aktora
çevrilə bilib.
Azərbaycan, həmçinin, enerji üzrə əlaqələrdə regional və
qlobal əhəmiyyətini,
eləcə də özünün enerji potensialını düzgün
qiymətləndirərək əlaqələri də bu əsasda qurur.
Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı
olan Avropa region ölkələrinin enerji
təhlükəsizliyi baxımından
çox böyük önəm kəsb edir. Dünya enerji bazarında
ara-sıra baş verən proseslər göstərir ki, bəzi dövlətlər
neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün
yararlanmağa çalışırlar.
Azərbaycan isə bütün
tərəfdaşları ilə
səmimi, real bazar prinsiplərinə uyğun
əlaqələr qurmaqla
etibarlı partnyor imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması
və tarazlaşdırılmış
siyasət aparması Azərbaycanın özünün
enerji ehtiyatlarından
güclü tərəfdaşlıq
qurmaq üçün
istifadə etdiyini sübut etmiş olur.
Bildiyimiz kimi, 30-dək ölkəyə
neft ixrac edən Azərbaycan təbii qaz ehtiyatlarına görə
də diqqəti cəlb edir. Ölkənin
mövcud qaz ehtiyatları bundan sonrakı 100 il
ərzində respublikanın
və tərəfdaş
dövlətlərin “mavi
yanacağa” olan tələbatının ödənməsinə
imkan verə bilər. “Şahdəniz-2” layihəsi üzrə Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin
inşasına Avropa İttifaqı ölkələrinin
böyük marağı
və bu istiqamətdə addımları
ölkənin təbii
resursları ilə yanaşı, etibarlı tərəfdaş imicinin də nəticəsidir.
Beləliklə, digər məsələlərdə
olduğu kimi, enerji üzrə beynəlxalq əməkdaşlıq
təcrübəsi də
Azərbaycanın siyasətdə
sözü ilə əməlinin üst-üstə
düşdüyünü təsdiq edir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 31 may.- S.2.