Ulu öndər Heydər Əliyev tarixi
şəxsiyyətlər zirvəsinə qalxan
siyasi lider və
dövlət xadimidir
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
- Novruz müəllim, məlum olduğu kimi, hazırda 15 İyun - Qurtuluş Günü ərəfəsindəyik. Bildiyimiz kimi, 1993-cü ildə xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Siz həmin dövrü necə xatırlayırsınız?
- Ulu öndər Heydər Əliyev XX əsrin dövlət xadimləri içərisində tarixi şəxsiyyətlər zirvəsinə qalxan siyasi lider və dövlət xadimidir. Heydər Əliyev Azərbaycanın ən taleyüklü və çətin məqamında xalqın xilasına yetişdi. Bunun üçün isə əvvəlcədən çox möhkəm əsas var idi. Bildiyimiz kimi, keçmiş Sovetlər Birliyi dönəmində Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Ulu öndər ölkəmiz üçün çox böyük işlər gördü, bu müddətdə Azərbaycanın sovet sosialist respublikaları içərisində zirvəyə qalxaraq qabaqcıl respublikalardan birinə çevrilməsinə nail oldu. Ulu öndər xalqın rifahı naminə ölkədə yeni infrastrukturun yaradılmasını, təhsil ocaqlarının, istehsal müəssisələrinin tikintisini həyata keçirdi. Heydər Əliyev 1978-ci ildə ölkəmizin konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ilə bağlı müddəanı daxil etdi. Bu, həmin dövr üçün çox nadir hadisə idi. Şübhəsiz, bütün bunları xalq görürdü və dəyərləndirirdi. Ulu öndərin sovet Azərbaycanına rəhbərliyinin sona çatması ilə müstəqil Azərbaycana qayıdışı arasındakı dövr sanki xalqımız üçün ölkəni necə pis idarə etməyin mümkünlüyünü göstərən acı təcrübə oldu. 1988-1993-cü illərdə ölkədə tamamilə yeni situasiya yarandı, bir tərəfdən ölkədəki, siyasi hərc-mərclik, digər tərəfdən Ermənistanın öz işğalçı niyyətini gerçəkləşdirməyə başlaması vəziyyəti xeyli gərginləşdirmişdi. Burada bir məqamı xatırladaq ki, sovet hakimiyyəti illərində bir çoxlarından fərqli olaraq, Ulu öndər ermənilərin məkrli niyyətlərindən xəbərdar idi və ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan ərazilərinə qarşı erməni iddialarının qarşını ala bilmişdi.
Lakin Ermənistanın işğalçı siyasəti Sovetlər Birliyinin süqutu ilə daha açıq hal aldı. Beləliklə, Ulu öndərin qayıdışı ərəfəsində ölkədə vəziyyət kritik həddə çatmışdı. Ölkəyə həqiqi xilaskar lazım idi. Xatırladaq ki, SSRİ-nin dağılma ərəfəsində cəmiyyətdə eyforiya yaranmışdı, müəyyən ictimai fəallıq özünü göstərirdi. Lakin çox keçmədən xalq anladı ki, bu vəziyyətdən yararlanaraq ölkə rəhbərliyinə gələnlər dövləti idarə etmək səriştəsinə sahib deyillər. Mən həmin dövrdəki prosesləri yaxından izləmişəm. Görürdüm ki, 1992,1993-cü illərdə müəyyən partiyaların üzvləri belə anlayırdılar ki, Azərbaycanı düşdüyü çətin vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. Yadımdadır, 1992-ci il 14 may günündə Bakıda möhtəşəm bir hərəkat oldu. Keçmiş 26 Bakı komissarı parkı ərazisindən Milli Məclis binasının qarşısınadək irəliləyən on minlərlə adamın hər birinin dilində Heydər Əliyevin adı var idi. Onlar Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı tələbi ilə çıxış edirdilər. Ölkənin durumunun pisləşməkdə davam etməsi nəticəsində, hətta o zaman dövlətin rəhbər şəxsi belə respublikanı idarə edə bilmədiyini etiraf etdi. Həmin dövrdə xalqdan gələn çağırış da belə bir inama əsaslanırdı ki, Azərbaycanı yalnız Ulu öndər xilas edə bilər.
Beləliklə, Heydər Əliyevin gəlişi ilə Azərbaycanda sabitlik təmin olundu, Ermənistan ilə atəşkəs barədə razılaşma imzalandı. Bu, çox mühüm addım idi. Azərbaycanın son bir neçə yüzillik tarixinə nəzər salsaq, tarixi torpaqlarımızın bir hissəsinin başqa dövlətlərin əlinə keçdiyini görürük. Heydər Əliyevin dahiliyi həm də ondadır ki, O, bir neçə yüzildir gedən prosesin qarşısını aldı. Bu, Azərbaycan qarşısında böyük bir tarixi vəzifənin yerinə yetirilməsi deməkdir. Ulu öndər eyni zamanda, ölkədə vətəndaş müharibəsi təhlükəsinin, müxtəlif kənar qüvvələrin Azərbaycanı parçalamaq istəyinin qarşısını almaq kimi mürəkkəb vəzifələrin də öhdəsindən çox qısa zamanda gələ bildi. Tam səmimiyyətlə deyirəm ki, indiyədək görüşlər apardığım 70-dək ölkənin dövlət xadimləri arasında indiyədək Heydər Əliyevə bərabər şəxsiyyət görməmişəm. Ulu öndər dövrün geosiyasi, iqtisadi proseslərini nəzərə alaraq, müstəqil dövlətin təməlini qoydu. O, tədricən ayrı-ayrı dövlətlərə öz iradəsini qəbul etdirərək onlarda Azərbaycanın sabit inkişafa nail olacağına inam formalaşdırdı. Azərbaycan bu gün də Ulu öndərin qoyduğu təməl üzərində irəliləyir. Bu səbəbdən də bu gün də ölkədə qazanılan bütün uğurlarda Heydər Əliyevin töhfəsi var. Bu, Heydər Əliyev dühasının göstəricisidir.
- Ulu öndərin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursu hansı prinsiplərə söykənir?
- Ümumiyyətlə, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun başlıca xüsusiyyəti onun müstəqilliyidir, yəni, bu siyasətin yalnız Azərbaycan xalqının maraqları üzərində, xalqın firavan gələcəyi naminə həyata keçirilməsidir. Heydər Əliyevin daxili və xarici siyasət kursu dünyada gedən mürəkkəb proseslərin içərisində özünü təsdiq edib. Bu gün heç də hər dövlət başçısı dövlətlərarası sıx münasibətlərdən ölkələrinin, xalqlarının mənafeyi naminə yararlana bilmir. Onlar bir çox hallarda müəyyən meyillərin, cərəyanların təsir dairəsinə düşürlər. Nəticədə, dövlətin xarici dairələrdən asılılığı meydana gəlir. Azərbaycan isə sözüh həqiqi mənasında müstəqil siyasəti ilə milli maraqlarını təmin edir.
Azərbaycan xarici siyasət kursunun digər bir prinsipi işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə qarşılıqlı faydalı, bərabərhüquqlu dostluq, əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Burada birinci növbədə, qonşu dövlətlərlə sıx münasibətlərin qurulmasına diqqət yetirilir. Ermənistan da bu sırada ola bilərdi, lakin işğalçı ölkə rəhbərliyinin faciəvi səhvi nəticəsində bu ölkə Azərbaycanla yanaşı sürətli inkişaf imkanından məhrum olub.
Azərbaycanın xarici siyasət kursunun xüsusiyyətlərindən biri də onun çoxvektorlu olmasıdır. Bildiyimiz kimi, müstəqil Azərbaycan Ümummilli liderin rəhbərliyi altında ilk dövrlərdən etibarən Qərb ölkələri ilə sıx əlaqələr qurdu, regiondakı təşkilatlar vasitəsilə Qərbə inteqrasiya yolunu tutdu, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əməli addımlar atdı. Bu mövqe həm də Azərbaycan iqtisadiyyatının inişafına böyük həcmdə investisiyaların cəlb edilməsinə imkam verdi. Lakin biz Qərblə güclü əməkdaşlığımıza baxmayaraq, Şərqdən də ayrılmamışıq, bizim Çin Xalq Respublikası, Yaponiya, Cənubi Koreya ilə çox gözəl əlaqələrimiz var. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvlərindəndir, həmçinin, Qoşulmama Hərəkatına üzv olmaqla biz bir çox dövlətlərin dəstəyini qazanmışıq. Dövlət başçımızın bu yaxınlarda Vyetnama səfəri göstərdi ki, bu ölkə Azərbaycanı özünün strateji tərəfdaşı kimi görür. Ölkə başçısı daha sonra Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə toplantısında da iştirak etdi. Azərbaycan beynəlxalq qurumlar çərçivəsində, demək olar ki, bütün dövlətlərlə əməkdaşlıq edir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə qeyr-daimi üzv seçilməsi ölkəmizə olan böyük beynəlxalq etimadın və hörmətin göstəricisidir.
- Dünyada gedən mürəkkəb geosiyasi proseslər və münaqişələr fonunda Azərbaycanın inkişaf tempini və daxili sabitliyini qoruyub saxlamasında mövcud xarici siyasətin rolu nədən ibarətdir?
- Dünyada gedən prosesləri nəzərə alsaq, Azərbaycanın ən böyük nailiyyəti başqa bir dövlətlə müharibə vəziyətinə baxmayaraq, sabitliyin təmin olunmasıdır. Hazırda, dünyada yeni bir situasiya yaranıb. Təxminən, 20 il ərzində informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində insan fəaliyyətinin bütün sahələrində proseslər olduqca intensivləşib. Siyasi sahədə bu proseslər özünü birqütblü dünyanın yaranması ilə göstərdi. Bundan sonra beynəlxalq hüquq sanki unuduldu, insan hüquqları və demokratiya anlayışlarına yanaşma tamamilə dəyişdi, bu anlayışlar elan edilən məqsədlərə deyil, alt qatda olan başqa məqsədlərə xidmət etməyə başladı. Nümunə olaraq qeyd edə bilərik ki, bu gün dünyanın 20-dək ölkəsində "qaynar nöqtə" var. Bir çox ölkələr bu gün daxili qeyri-sabitlikdən əziyyət çəkir. Lakin ən mürəkkəb geosiyasi məkanlardan birində yerləşən Azərbaycanda isə sabitlik və sürətli inkişaf təmin olunub. Bununla da, Azərbaycan bir çox ölkələrlə müqayisədə sabitlik adası, möcüzə təsiri bağışlayır. Doğrudur, bu, bəzi xarici siyasi dairələrdə qısqanclıq doğurur. Çünki Azərbaycan nümunəvi müsəlman dövlətidir. Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun, Asiya ilə Avropanın və müxtəlif sivilizasiyaların kəsişdiyi nöqtədədir. Azərbaycanın region çərçivəsindən kənara çıxaraq müxtəlif iqtisadi layihələrdə aparıcı rol oynaması, dünyada gedən siyasi proseslərdə, terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın fəal iştirakçısına çevrilməsi məhz müstəqil daxili və xarici siyasət xəttinin aparılması sayəsində mümkün olub. Bütün bunları gerçəkliyə çevirən isə Heydər Əliyev irsinə sahib çıxan, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevdir.
- Azərbaycan Prezidentinin Avrasiya İttifaqı üzvlərinə məktubu və həmsədrlərin regiona artan səfərləri, danışıqlar prosesinin son zamanlar intensivləşməsi münaqişənin həllini uzatmağa çalışan Ermənistanın dalana dirəndiyini deməyə əsas verirmi?
- Ermənistan rəhbərliyi həqiqətən də danışıqlarda dalana dirəniblər, onların prosesi bundan sonra da uzatmaları üçün arqumentləri də qalmayıb. Digər tərəfdən, Ermənistanın nə etmək istədiyi də aydın deyil. Bildiyimiz kimi, Ermənistan üç il ərzində Avropa İttifaqı ilə sıx əməkdaşlıq etdikdən, danışıqlar apardıqdan sonra, bir gün Sarkisyan yuxudan durub Ermənistanın Avrasiya İttifaqına üzv olacağını dedi. Bu ölkənin rəhbərliyinin atacağı addımları proqnozlaşdırmaq çətindir. Digər tərəfdən, Ermənistan rəhbərliyi hər vəchlə işğal siyasətini davam etdirməyə çalışır. Azərbaycan Prezidenti də Ermənistan rəhbərliyinin məkrli siyasətini nəzərə alaraq, ölkəmizlə tərəfdaşlıq edən dövlətlərə Azərbaycanın rəsmi mövqeyini bildirdi. Bu məktubun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Ermənistan silahlı qüvvələri bu işğalı indiyədək davam etdirir. BMT ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, BMT Təhlükəsizlik Şurasının və bütün nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələrinin olmasına, eləcə də, ATƏT-in Minsk qrupu həmsıdrlərinin status-kvonun dəyişdirilməsinin zəruriliyi ilə bağlı fikirlərinə baxmayaraq, Ermənistan rəhbərliyi beynəlxalq hüquqa məhəl qoymadığını nümayiş etdirir. Azərbaycan mövqeyi ondan ibarətdir ki, Ermənistan Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədlər içərisində daxil ola bilər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubla bağlı Ermənistan prezidentinə müraciəti də məktuba verilən müsbət reaksiya kimi dəyərləndirilir.
Artıq Ermənistan rəhbərliyinin başqa çıxış yolu yoxdur. 20 ildən çoxdur ki, onlar özlərini çətin vəziyyətə salıblar. Səmimiyyətlə deyirəm ki, deyəsən, Ermənistan rəhbərliyi ağlını itirib, çünki əgər onlarda normal düşüncə olsa idi, SSRİ-nin dağılmasından sonra Azərbaycanla münasibətlərə zərər vurmadan regionda sülh içərisində yaşayardılar, Dağlıq Qarabağ əhalisi Azərbaycanın tərkibində hər zaman olduğu kimi firavan ömür sürərdi. Ermənistan yalnız Azərbaycanla əməkdaşlıq şəraitində normal inkişaf edə bilər. Onsuz da Ermənistan hər zaman təbii sərvətlərlə, kənd təsərrüfatı məhsulları ilə daha zəngin olan Azərbaycana möhtac olub. Ermənistanın bugünkü uğursuzluqlarının əsas səbəbi işğalçı ölkə rəhbərliyinin ölkənin, xalqın gələcəyini deyil, öz maraqlarını düşünmələridir. Erməni lobbisini də əslində, Ermənistan əhalisinin vəziyyəti maraqlandırmır. Təsadüfi deyil ki, Ermənistanda sosial, iqtisadi, demokrafik böhran getdikcə dərinləşir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının digər bir səbəbi isə beynəlxalq münasibətlərdə ədalət prinsipinin pozulmasıdır. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar da çox zaman münaqişələrin həllində bu prinsipin tətbiqinə nail ola bilmirlər, yaxud bunu istəmirlər. Ədalət prinsipinin çatışmazlığı, beynəlxalq hüququn bir çox hallarda öz təsir gücünü itirməsi 20 ildən artıqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətin yanaşmasında da özünü göstərir. Lakin heç bir şübhə yoxdur ki, siyasi, iqtisadi, hərbi cəhətdən güclənən Azərbaycan gec-tez öz ərazi bütövlüyünü, işğal altındakı torpaqlar üzərində suverenliyini bərpa edəcək.
Yeni Azərbaycan.-2014.- 3 iyun.- S.4.