MÜASİR İNKİŞAFDA NAXÇIVAN TƏCRÜBƏSİ

 

Məlum olduğu kimi, 2013-cü il noyabrın 27-də Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqaviləyə əsasən hər iki universitet tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq və Bolonya sisteminin tələblərini həyata keçirmək üçün tələbə və müəllim mübadiləsi, qarşılıqlı elmi əməkdaşlıq və s. kimi tədbirlər sisteminə əməl etməlidirlər. Bütün bunları və bizim istəyimizi də nəzərə alaraq universitetimizin rektoru, professor İ.H.Cəfərov aqronomluq fakültəsinin dörd əməkdaşını bu çiçəklənən diyara ezamiyyətə göndərdi.

Bu məqamda xatırladaq ki, Gəncə Beynəlxalq Hava Limanına gedərkən yolüstü bir daha Heydər Əliyev park-kompleksini və Heydər Əliyev Mərkəzini ziyarət etdik. Parkın girişində möhtəşəm “Zəfər tağı” ucaldılıb. Orijinal layihə əsasında inşa olunan bu istirahət ocağının seyrəngahından şəhərin bütün mənzərəsini seyr etmək olur. Parkda yaradılan süni gölorijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Ümummilli liderimiz Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. Həmin ağaclar parka xüsusi gözəllik verir.

Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin, keyfiyyətli və müasir materiallardan istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli Mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Burada Ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərini əks etdirən kitablar və qəzetlər nümayiş etdirilir.

Elə ziyarət əsnasında bu ilin əvvəlində Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyevin dediyi sözləri xatırladıq: “Bu böyük parkın yaradılması bir möcüzədir. Deyə bilərəm ki, Azərbaycanın ən böyük parkıdır. Ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Gəzinti, istirahət üçün bütün imkanlar vardır. Dünyada bir neçə böyük park vardır. Onlardan biri də Gəncə parkıdır. Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Eyni zamanda, Gəncə müasirləşir, burada yeni binalar tikilir, o cümlədən, sənaye inkişaf edir, böyük sənaye kompleksləri yaradılır, yerləri açılır. Gəncə Azərbaycanın sənaye mərkəzinə çevrilir”.

Belə gözəllikdən ayrılmaq çətin olsa da təyyarəyə gecikməmək üçün hava limanına tələsdik.

Beləliklə, Gəncə Beynəlxalq Hava Limanında Braziliya istehsalı olan EMBRAR-190 markalı, 106 sərnişin tutumu olan təyyarə ilə havaya qalxdıqdan 35 dəqiqə sonra Naxçıvan Beynəlxalq Hava Limanında yerə endik. Yeri gəlmişkən, artıq bizə məlum idi ki, ölkə Prezidenti aprelin 7-də bu hava limanının yeni inzibati binasının açılışında iştirak edib. Doğrudan da, bu hava limanı haqqında mətbuatda oxuduqlarımızı, televiziyada seyr etdiklərimizi gözümüzlə gördük, qürurlandıq və əhsən dedik.

Bizi hava limanında qarşılayan sabiq tələbəmiz və dostumuz Fərhad bəy Naxçıvan Dövlət Universitetinə gələnə qədər bütün yol boyu yerləşən bir-birindən yaraşıqlı inzibati binalar haqqında geniş məlumat verdi. Prezidentimizin yenicə açılışında olduğu Naxçıvan Biznes Mərkəzi, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi, Gənclər Mərkəzi müasir memarlıq üslubu ilə göz oxşayırdı. Nəhayət, NDU şəhərciyinə gəlib çatdıq.

Bizi öz kabinetində qarşılayan universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov NDU-nun uğurlarından, xarici ölkələrin ali təhsil ocaqları ilə tələbə-müəllimin mübadiləsindən bəhs etdibu təhsil müəssisəsinə göstərilən dövlət qayğısını xüsusi olaraq vurğuladı.

Beləliklə, universitetin qonaq evində yerləşdikdən və qısa istirahətdən sonra çoxdan arzusunda olduğumuz, müqəddəs kitabımız Qurani-Kərimdə adı çəkilən “Əshabu-Kəf” ziyarətgahına getdik. Onu da qeyd edək ki, Fərhad bəy bu dəfə bizi tamam başqa yolla apararaq bir-birindən yaraşıqlı binalarla tanış edirdi.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə bu müqəddəs ziyarətgah heyrətamiz dərəcədə səliqəli və gözoxşayan idi. Ziyarətgaha çəkilmiş asfalt yol və ən yüksək zirvəyə kimi rahat pilləkənlər bura gələn zəvvarları tam razı salırdı.

Universitetlərimiz arasında bağlanmış müqaviləyə əsasən ertəsi günü NDU-nun fakültə və şöbələri ilə tanış olduq. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin ekologiya, biologiyakimya ixtisaslarında interaktiv formada mühazirələr apardıq. Fakültə dekanı Akif Mərdanlının metodunu çox bəyəndik. Həmin gün işdən sonra arzusunda olduğumuz Batabat yaylağını seyr etmək üçün ora yola düşdük.

Yol boyu bir daha əmin olduq ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının inkişafının 2003-cü ildən sonrakı dövrü Ümummilli liderimiz Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün daha bir əyani ifadəsidir. Bu xəttin davam etdirilməsi blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında dinamik inkişafı təmin edib.

Biz Batabata gedərkən başımızın üstündə helikopterlər uçuryollarda tez-tez hərbi texnikalara rast gəlirdik. Öyrəndik ki, 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimləri keçirilir.

Onu da bildirək ki, ezamiyyətdə olduğumuz müddətdə hər yerdə gülərüz, mehriban, qonaqpərvər naxçıvanlılar qayğımıza qalırdılar. Nuh Peyğəmbərin məqbərəsini ziyarət etdikdən sonra Möminə xatun məqbərəsində möcüzələr yaratmış ustad Əcəminin əlləri ilə yazdığı “Biz gedirik yalnız qalır rüzgar, Biz ölürük əsər qalır yadigarbeytinin həmişə aktual olacağına bir daha inandıq. Ulu öndər Heydər Əliyevin elə həmin seyrangahdakı büstü önünə gül dəstələri qoyub, Ümummilli liderimizin əziz xatirəsini ehtiramla yad etdik.

Ertəsi günü universitetin bütün fakültələri və elektron kitabxanası ilə tanış olduqdan sonra Muxtar Respublikada çox böyük nüfuz qazanmış Akademik H.Ə.Əliyev adına “ArazElm İstehsalat Birliyində olduq. Bizə məlum oldu ki, bu Elm İstehsalat birliyi keçən əsrin 30-cu illərində Kompleks Zona Təcrübə Stansiyası adı ilə yaradılıb. Birliyin yaradılmasında məqsəd Muxtar Respublikanın torpaq-iqlim şəraitinə uyğun bitkiçilik və heyvandarlıq sahələrində elmi-tədqiqat işləri aparmaq, qazanılmış müsbət nəticələri təsərrüfatlara tövsiyə etməkdir. 1988-ci ildə birliyə “ArazElm İstehsalat Birliyi adı verilib.

Kollektivin xahişini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 23 dekabr 1997-ci il tarixli 482 saylı sərəncamı ilə birliyə görkəmli ictimai xadim, təbiətşünas alim, akademik Həsən Əlirza oğlu Əliyevin adı verilib. Birliyin nəzdində 7 şöbə, dayaq məntəqələri və yardımçı təcrübə təsərrüfatı fəaliyyət göstərir. Birliyin fəaliyyəti dövründə təkcə istehsalatla deyil, kadr yetişdirilməsi ilə də ciddi məşğul olunub. Belə ki, birliyin elmi işçiləri Azərbaycan Aqrar Elm Mərkəzinin müxtəlif Elmi Tədqiqat İnstitutlarının doktorant və dissertantları olaraq onlarca fəlsəfə doktoru dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıblar. Hazırda kənd təsərrüfatı üzrə fəlsəfə doktoru B.S.Bayramovun rəhbərliyi altında mövcud ənənələr qorunaraq elmi-tədqiqat və təsərrüfat fəaliyyətləri davam etdirilir. Birliyin 2011-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin və Azərbaycan Elmlər Akademiyası, Elmi İnnovasiyalar Mərkəzinin təsdiqlədiyi 2011-2015-ci illərə dair mövzu planı əsasında 9 mövzu üzrə elmi tədqiqat işləri aparılır. Bir sözlə “ArazElm İstehsalat Birliyi Muxtar Respublikaya əsl əkinçilik mədəniyyəti gətirmişdir və sahibkarlarla yanaşı hər bir fərdi təsərrüfatçılara belə öz köməkliyini əsirgəmir.

Beşgünlük ezamiyyətin sonuncu günü universitet əməkdaşları ilə xüdahafizləşib Nehrəm kəndində fəaliyyət göstərən böyük ədibimiz Cəlil Məmmədquluzadənin ev muzeyini də ziyarət etdik. Çağdaş zamanımızda belə öz aktuallığını itirməyən “Ölülər”i, “Dəli yığıncağı”nı, “Bəlkə də qaytardılar”ı və s. xatırladıq. Fürsətdən istifadə edib 86 yaşlı Hacı Adil kişi ilə də görüşdük və bizə məlum oldu ki, bu kənd ağsaqqalı Həcc ziyarətindən qayıtdıqdan sonra “Xəndək” məhəlləsində olan köhnə məscidi öz şəxsi hesabına təmir etdirib. Bütün bunları qeyd etməkdə məqsədimiz onu deməkdir ki, Muxtar Respublikanın çiçəklənməsində böyükdən-kiçiyə qədər hər kəs əlindən gələni əsirgəmir.

Beləliklə, biz bir daha əmin olduq ki, Naxçıvan Muxtar Respublikasında müasir səviyyədəki yüksək inkişaf Azərbaycanda Heydər Əliyev siyasətinin böyük imkanlarının və geniş üfüqlərinin möhtəşəm təntənəsidir. Heydər Əliyev yolu - Azərbaycanın dünəni kimi bu günününböyük reallıqları və daha parlaq sabahları deməkdir.

Bütün bunlar Azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikasının bundan sonra da böyük addımlarla irəliləyib inkişaf edəcəyinin real təminatıdır. Bu isə torpağını və vətənini sevən hər bir Azərbaycan vətəndaşının böyük arzusu və inamıdır.

Nəhayət, bu gözəl və müqəddəs diyardan ayrılmaq vaxtı yetişdi. Bir daha möhtəşəm hava limanını gözdən keçirdik və ürəyimizdə bizə müstəqil Azərbaycanı miras qoyub gedən Ulu öndərə, Onun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə, Naxçıvan Muxtar Respublikasının gözəl bir diyara çevrilməsində böyük zəhməti olan Vasif Talıbova, gözəl Gəncəmizi daha da gözəlləşdirən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə, ezamiyyətə göndərdiyinə görə rektorumuz professor İ.Cəfərova və Naxçıvan Dövlət Universitetinin rektoru professor S.Məhərrəmova təşəkkür edərək, Azərbaycan dövlətinin vətəndaşı olduğumuza görə qürur duyurduq.

 

Zaur Hümbətov,

Namiq Hüseynov,

Hacı Bəhmən Əliyev,

Hacı Arif Hüseynov,

ADAU-nun əməkdaşları

Gəncə-Naxçıvan-Gəncə

Yeni  Azərbaycan.-2014.- 3 iyun. - S.5.