Azərbaycan nümayəndə
heyəti AŞPA-nın işində fəal iştirak
edir
Millət vəkilləri qurumun komitə iclaslarında iştirak etmək üçün Parisə səfər ediblər
Azərbaycanın hazırda öz inkişafına görə regionun lider dövləti olması təkzibolunmaz reallıqdır. Məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində ölkəmiz regionda başlıca söz sahibinə çevrilib. Onu da qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu beynəlxalq aləmdə nümunə göstərilir. Bunun da əsasında beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə qarşılıqlı, həmçinin, bərabərtərəfli əməkdaşlıq dayanır. Vurğulamaq yerinə düşər ki, beynəlxalq təşkilatlarla qarşılıqlı və bərabərtərəfli əməkdaşlıq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla davam etdirilən xarici siyasət kursunun mühüm komponentini təşkil edir. Məhz bu siyasətin uğurla reallaşdırılması nəticəsində Azərbaycan Respublikası bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvlüyünə qəbul edilib və həmin qurumların kürsülərindən geniş istifadə edilərək ölkəmiz haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Belə beynəlxalq qurumlardan biri də Avropa Şurasıdır. Hazırda Azərbaycan Respublikasının Avropa Şurası ilə münasibətləri normal məcrada inkişaf edir. Tərəflər bir sıra sahələrdə fəal əməkdaşlıq edir. Eyni zamanda, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti də qurumun işində çox fəaldır. Yeri gəlmişkən qeyd edək ki, Milli Məclisin deputatları Sahibə Qafarova və Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfərdədirlər. Millət vəkili Sahibə Qafarova qurumun iyunun 2-də keçirilən Gender bərabərliyi komitəsinin toplantısında iştirak edib. Tədbirdə ərəb inqilablarından sonra yaranan demokratiyalarda qadınların vəziyyəti, Avropada dini zəmində diskriminasiyanın aradan qaldırılması, qadınlara qarşı zorakılıqla mübarizə, fiziki çatışmazlığı olan insanların hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunub. Deputat Rafael Hüseynov isə iyunun 4-də keçiriləcək Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasına qatılacaq, “Etiqad azadlığı və dini praktika” mövzusunda məruzə ilə çıxış edəcək. Yığıncaqda həmçinin mədəniyyətlərarası dialoqun təşviqi, qarışıq mədəniyyətlər dönəmində kitabxanalar və muzeylər, böhran və böhrandan sonrakı durumlarda mədəniyyətin mühafizəsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Həmçinin, xatırlatmaq yerinə düşər ki, təşkilatın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrex bu yaxınlarda ölkəmizdə səfərdə oldular. Səfər çərçivəsində məruzəçilər bir sıra görüşlər keçiriblər. Belə ki, mayın 20-də Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexlə görüşü olub. Qonaqları salamlayan Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, Milli Məclisin tərkibi Azərbaycanın siyasi palitrasını özündə tam şəkildə əks etdirir. Parlamentdə 10-a yaxın siyasi partiya təmsil olunur. O, qonağa parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığı barədə məlumat verib. Eyni zamanda, millət vəkili Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, qurumla əlaqələrin daha da inkişaf etməsinə tərəfdar olduğumuzdan söz açıb.
Görüşdə çıxış edənlər onları düşündürən məsələlərdən və ölkənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən söhbət açıblar. Qeyd olunub ki, 20 ildən artıqdır ki, davam edən münaqişə bütün regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır. Görüşdə o da bildirilib ki, Azərbaycanın Venesiya Komissiyası və Avropa Şurasının digər təsisatları ilə qarşılıqlı əməkdaşlığı yüksək səviyyədədir. Parlamentdə qanun layihələri hazırlanarkən bu qurumlardan gələn bütün təkliflərə həssaslıqla yanaşılır. Öz növbəsində Pedro Aqramunt səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanda müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirib. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonaq bildirib ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir. Söhbətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmməruzəçilərin sualları cavablandırılıb.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri də məruzəçilərlə görüşüblər. Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizlə AŞPA arasındakı əməkdaşlığın tarixindən söz açaraq quruma üzv olduğumuz 13 ildə münasibətlərin inkişafından danışıb. S.Seyidov Avropa dəyərlərinin ölkəmizdə, Azərbaycan dəyərlərinin isə Avropada yayılması üçün yeni sənədin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra Avropa Şurası Parlament Assambleyasının ölkəmizdə faktaraşdırıcı səfərdə olan həmməruzəçilərindən Pedro Aqramunt Font de Mora ikitərəfli əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.
Ümumiyyətlə, ölkəmiz Avropa Şurasına 2001-ci ildən tamhüquqlu üzv kimi qəbul olsa da, bu münasibətlərin tarixi həmin ildən bir qədər də əvvələ gedib çıxır. Belə ki, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın xarici siyasətində Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər müstəqil Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumun təcrübəsindən faydalanmaq, öyrənmək meyillərini daha bariz şəkildə büruzə verirdi. Məhz həmin dövrdən başlayaraq, Ümummilli lider Heydər Əliyevin ölkəmizin vahid Avropa ailəsinə daxil olması istiqamətində apardığı məqsədyönlü siyasəti nəticəsində, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması üçün zəmin yaradıldı. Və 2001-ci ilin yanvarında ölkəmiz bu beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi. Bu hadisə beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu.
Ötən dövr ərzində Azərbaycan bu nüfuzlu təşkilatın imkanlarından istifadə edərək Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində ciddi səylər göstərib. Görülən işlər nəticəsində bu təşkilat Ermənistanın təcavüzünü pisləyən sənəd qəbul edib. 25 yanvar 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə və 1690 (2005) saylı tövsiyə qəbul olunub. Həmçinin, nümayəndə heyətimizin üzvləri ardıcıl olaraq bu yöndə sənədlər hazırlayaraq, Avropa parlamentariləri arasında yayıblar. Qeyd etdiyimiz kimi, 1416 saylı qətnamə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana diplomatik üstünlük verən vacib beynəlxalq sənədlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bu sənədin əhəmiyyətini vurğulayıb. Qətnamədə bildirilir ki, Avropa Şurası Parlament Assambleyası silahlı əməliyyatların başlamasından illərlə vaxt keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Təşkilatın bu məsələ ilə bağlı atdığı addımlar yalnız həmin qətnamə ilə bitmir. AŞ PA-nın sülh prosesini irəli aparmaq üçün Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılmasına qərar verməsi də önəmli faktorlardan biridir. Doğrudur, Ermənistan nümayəndələri bu komitənin işindən boyun qaçırırlar. Amma nəzərə alınmalıdır ki, nüfuzlu beynəlxalq təşkilatın qərarlarına hörmətsizlik göstərilməsi Ermənistana yaxşı heç nə vəd etmir.
Ötən 13 il ərzində üzərinə düşən vəzifələri Avropa Şurasında dəqiqliklə yerinə yetirən Azərbaycan bu mötəbər qurumun layiqli üzvü olmaqla yanaşı, Avropa ölkələri qarşısında duran problemlərin həllində də yaxından iştirak edir. Bu gün Azərbaycana maraq təkcə ölkəmizin strateji-coğrafi mövqeyi və zəngin təbii ehtiyatları ilə deyil, eyni zamanda, möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Prezident İlham Əliyevin vaxtilə Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizə rəhbərliyi dövrü, xüsusilə, əlamətdardır. Məlum olduğu kimi, 24-27 aprel 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq qurumun bu iclasında tamhüquqlu üzv kimi iştirak edib. Beləliklə, nümayəndə heyətimiz elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçı siyasətinin beynəlxalq hüquqa zidd nəticələrini konkret faktlarla ifşa etməyə müvəffəq olub.
Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə cənab İlham Əliyev hər bir çıxışında avropalılara erməni təcavüzünün mahiyyətini açıqlayır, faktlarla sübut edirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası bizim ölkəmizə hansı təhlükələri yaradıb və Avropaya necə təhlükə yarada bilər.
Əslində, Azərbaycanın digər beynəlxalq qurumlara nisbətən daha çox Avropa Şurasında uğur qazanması da məhz Prezident İlham Əliyevin Azərbaycan parlament nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlıdır. Belə ki, cənab İlham Əliyevin AŞ PA-da gördüyü işlər nəticəsində Azərbaycan nümayəndə heyətinin qurumda rolu əhəmiyyətli dərəcədə artıb və nümayəndə heyətimizin mövqeyi ilə hesablaşırlar. Avropa Şurası Parlament Assambleyasının 2004-cü il yaz sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı isə Azərbaycan tarixinin çox əlamətdar bir dövrünə qiymət vermək baxımından xüsusi əhəmiyyətə malik olub. Onu da bildirmək yerinə düşər ki, bu gün dövlətimizin xarici siyasət kursu ölkənin müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunması, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi üçün mövcud əlverişli şəraitin qorunub saxlanılması, digər dövlətlərlə formalaşmış bərabərhüquqlu və faydalı münasibətlərin sərhədlərinin genişlənməsi və balanslaşdırılmış praqmatik xarici siyasətin həyata keçirilməsindən ibarətdir. Bu baxımdan, Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar ölkəmizin beynəlxalq imicini daha da möhkəmləndirib, dünya iqtisadi sisteminə sıx inteqrasiya uğurlarımızı şərtləndirib. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla bərqərar olması, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının makroiqtisadi nəticələri, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmlənməsi düzgün müəyyən edilən siyasi kursun məntiqi nəticəsidir. Məhz bunların nəticəsində son illər Azərbaycan-Avropa Şurası əlaqələri daha da genişlənib, ölkəmiz bu təşkilatda böyük nüfuza sahibdir.
N.BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 4 iyun.- S.8.