Azərbaycan-Aİ: strateji əməkdaşlığın yeni modelinə doğru
(I yazı)
Qlobal miqyasda geosiyasi proseslərin dinamikası sürətlə
dəyişir. Meydana narahatlıq yaradan
ciddi problemlər çıxır. Həmin kontekstdə
Avropa İttifaqının
müstəqilliyini əldə
etmiş ölkələrlə
münasibətlərinin perspektivləri
məsələsi aktuallaşır.
O cümlədən, Azərbaycanla
bu təşkilatın
əlaqələrinin taleyi
üzərində düşünməyə
dəyər. Baş verən
proseslər göstərir
ki, Bakı Aİ ilə münasibətlərini
bərabərhüquqlu tərəfdaşlar
kimi inkişaf etdirməkdə israrlıdır.
Bununla bağlı yeni əməkdaşlıq proqramının
hazırlanması məsələsi
maraq doğurur. Həmin istiqamətdə Azərbaycan-Aİ əlaqələrinin
inkişafının Cənubi
Qafqazda hansı dəyişikliklərə səbəb
ola biləcəyi
üzərində düşünməyə
dəyər.
Yeni trendlər: müasir geosiyasətin dinamikası
Dünyanın geosiyasi mühitində meydana çıxan yeni trendlər bütövlükdə mənzərəni
dəyişir. Böyük dövlətlər fərqli oyun qaydaları tətbiq etməyə çalışırlar.
Qlobal güc olmaq iddiası ilə hərəkət edənlər
arasında rəqabət
getdikcə daha kəskin və amansız məzmun alır. Avropa İttifaqı (Aİ) belə vəziyyətdə
xarici siyasətində
müəyyən düzəlişlər
etməyə məcburdur.
Çünki bu təşkilatın
öz qarşısına
dünyanın əsas
geosiyasi mərkəzlərindən
biri olmaq məqsədini qoyduğu sirr deyil.
Həmin kontekstdə Avropa üçün ciddi əhəmiyyət kəsb
edən regionlardan biri Cənubi Qafqazdır. Bunun bir sıra səbəbləri vardır.
Cənubi Qafqaz ilk növbədə
enerji daşıyıcıları
ilə zəngindir.
Digər
tərəfdən, o, Rusiya,
Türkiyə və İrana qonşu, Mərkəzi Asiyaya açılan körpüdür.
Cənubi Qafqaz Qara dəniz və Xəzər dənizi hövzələrini birləşdirir.
Bu səbəblərdən Cənubi Qafqazda geosiyasi nüfuz sahibi olmağa çoxları can atır.
Lakin burada qlobal səviyyədə müşahidə edilən
geosiyasi trendləri nəzərə almaq lazım gəlir. Onların sırasında
birbaşa regiona təsir göstərən
məqamlara ayrıca diqqət yetirmək gərəkdir. Burada ilk olaraq
Ukrayna hadisələri
yada düşür.
Əsas proseslər bu ölkənin Aİ ilə
assosiativ üzvlük
haqqında sənədi
imzalamamasından sonra
başladı. Kiyevin bu
addımı “Avropada ümidləri üzdü,
Rusiyanı sevindirdi, üçüncü tərəfləri
isə çaşdırdı”.
Əslində, burada ciddi geosiyasi
dəyişiklikdən söhbət
gedir. Hətta Qərbin və Rusiyanın bəzi analitikləri sualı belə qoyurlar: “Ukrayna böhranı fonunda Avropa təhlükəsizlik sistemi
necə olacaq?”. Bu mövqedə
olanlar hesab edirlər ki, Avropa “soyuq müharibə”dən
tam çıxmamış yenisini ona “sırıyırlar”.
Qərb təhlilçiləri və
politoloqları yaranmış
vəziyyəti daha dramatikləşdirirlər. Onlar Ukrayna
hadisələrinin yeni
dünya müharibəsinə
gətirib çıxara
biləcəyindən ehtiyatlanır,
bu barədə fikirlərini açıq
şəkildə bildirirlər.
Belə ki, məsələn, Q.Allison
yazır: “...Ukraynada başlayan Ukrayna ilə məhdudlaşmayacaq”.
Tanınmış siyasi analitik Corc Fridman da
faktiki olaraq eyni mahiyyətli suallar qoyur. O, xüsusi
olaraq Rusiya ilə Avropa arasında yerləşən
ölkələrin daxil
olduğu “sərhəd
torpaqları” terminini daxil edir. C.Fridman hesab
edir ki, həmin məkanda “yeni strateji mənzərə”
formalaşır. Həmin
dəyişikliyi I və
II Dünya müharibələri
ərəfəsində yaranmış
vəziyyətlə müqayisə
edən “Stratfor”un qurucusu maraqlı fikirlər irəli sürür. O yazır: “Proses başlanğıc mərhələsindədir
və artıq Almaniyanın 1914-cü ildə
düşdüyü xəttə
“bağlanıb”. Güclər
toparlanır və əgər proses gedirsə, o, xeyirxah niyyətləri olanların
nəzarəti altında
olmayacaq”.
Dünya
müharibəsi: keçmişlə
paralellər və indiki şərtlər?
Etiraf edək
ki, bu, kifayət
qədər ciddi iddiadır. Söhbət dünya geosiyasətinin
məzmununda baş verən köklü dəyişikliklərdən gedir.
Əgər hazırda Ukrayna
məsələsi 1914 və
1940-cı illəri xatırladırsa,
onda III Dünya müharibəsinin başlaması
ehtimalı mövcuddur.
Qlobal güclər artıq sülh yolu ilə münasibətlərin
aydınlaşdırılmasında “qırmızı xətti”
keçirlər? Belə isə,
nəyə görə
beynəlxalq təşkilatlar
konkret addımlar atmır? Həqiqətən də, BMT kimi
qurumların passivliyi və zahirən laqeydliyi çox düşündürücüdür. Bu fakt da göstərir ki, hələ də böyük geosiyasi güclər meydana gələn problemləri beynəlxalq hüquq çərçivəsində həll etməyin təkmil mexanizmini tapmayıblar.
Yuxarıda Rusiya və Qərb analitiklərindən
verdiyimiz fikirlər açıq təsdiq edir ki, tərəflər
sərt mübarizə
yollarına baş vurmağa meyillidirlər. Demək olar
ki, hər iki tərəf yeni böyük müharibə təhlükəsindən
dəm vurur. Əcəba,
doğrudanmı, bu məqam qlobal geosiyasətin əsas trendinə çevrilir?
Bizcə,
belə təhlükə
artıq mövcuddur.
Bəs bu cür vəziyyətin yaranmasının səbəbi
nədir? Qərbdə hesab edirlər
ki, sürətlə inkişaf edən dövlətlər arasında
“təftişçilər” meydana gəlib və onlar “cavab zərbəsi” endirirlər. Nəticədə “geosiyasətin qayıdışı”
baş verir. Bunun əsas əlaməti kimi beynəlxalq münasibətlərin “rəqabətə
sürüklənməsi”, hərbi güc tətbiqinin vasitə olaraq seçilməsi, amansız yarışmanın
başlaması göstərilir.
Bütün bunlar son nəticədə
dünyanın gələcək
geosiyasi düzənini
“dumanlara bürüyür”
(U.Rassell Mid).
Onu qeyd edək ki, U.Mid
“revanşist təftişçilər”
deyəndə əsasən
Rusiya, Çin və İranı nəzərdə tutur. Təbii ki,
siyahını genişləndirmək
də olar. Lakin burada əsas olan yanaşmadır.
Məsələ bundan
ibarətdir ki, U.Midin ifadə etdiyi mənada “revanşizm” faktiki olaraq “soyuq müharibə”
dövrünün geosiyasi
mübarizə üsullarının
qayıdışı deməkdir.
Bu da digər
analitiklərin qiymətləndirmələri
ilə üst-üstə
düşür. Konkret olaraq,
bu, qlobal geosiyasətdə qarşıdurma,
sərt vasitələrdən
istifadə, hərbi gücə arxalanma kimi amillərin aktuallaşması deməkdir.
Prosesin təhlükəli tərəfi
məhz budur.
Lakin məsələ
bundadır ki, dünya səviyyəsində
geosiyasi çətinliklərin
yaranmasına olan bu yanaşma ilə hamı razılaşmır. Məsələn, bəzi ekspertlərə
görə, Qərb ekspansionist siyasət yeritdiyindən əsas
problem ABŞ-ın dünya
ağalığı iddiasından
əl çəkməməsindədir.
Bəzi ekspertlər Vaşinqtonun bu iddiasına haqq qazandırırlar.
Deyək
ki, Z.Bjezinski, H.Kissincer və C.Fridman bu mövqedədirlər.
Onlar arasında fərq yalnız ABŞ-ın dünya liderliyinin optimal modelini tapmasında özünü göstərir.
Maraqlıdır ki, hələlik
Amerikanın bu vəzifənin öhdəsindən
gələ bilmədiyi
qənaəti vardır.
Bunlarla yanaşı, dünya liderliyi iddiasının faktiki olaraq bəşəriyyəti “iki
hüquqi məkana” böldüyünü vurğulayanlar
da az
deyil. Onların fikirlərinə görə, indi geosiyasət “qanunçuluq
və əxlaq” pərdəsi altında aparılır.
Əslində, R.Müllerson yaranmış
vəziyyətə bütövlükdə
Qərb siyasətçilərinin
geosiyasi iddiaları prizmasından yanaşır. O yazır:
“Vladimir Putini qeyri-real
mövqe tutmaqda ittiham etməklə Qərb analitikləri,
KİV-i və ekspertləri özlərinin
yaratdıqları “beyin
yuma” sisteminin təsiri altına düşürlər”. Konkret ifadə
etsək, R.Müllerson
kimi analitiklər qlobal geosiyasətdə müşahidə edilən
qeyri-müəyyənliyi təkcə
Rassel Midin “revanşist təftişçilər”inin
boynuna atmırlar.
Onlar başda ABŞ olmaqla Qərbin geosiyasi ambisiyalarının təsirinin
daha çox olduğunu deyirlər.
Kamal AdıgözƏlov
Yeni Azərbaycan.-2014.- 4 iyun.- S.7.