Heydər Əliyev liderlik əzmini
bütün dünyaya nümayiş etdirdi
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev www.yap.org.az saytına müsahibə verib
- Abdin müəllim, Milli Qurtuluş Günü ərəfəsindəyik. Öncə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yoluna nəzər salmağınızı xahiş edirik. Partiyanın yaradılmasını bugünkü uğurlarımızın təməli, Qurtuluşa gedən yolun başlanğıcı kimi necə şərh edərdiniz?
- Aradan ötən 22 il bizə daha əsaslı təhlil aparıb, konkret nəticələrdən bəhs etməyə tam şərait yaradır. Həqiqətin müqayisədə meydana çıxması ilə bağlı mülahizəyə əsaslanaraq, deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası (YAP) ümumiyyətlə dövlətçilik tariximizdə ümummilli mənafeləri tam əks etdirən, bütün xalqın səfərbəredici siyasi gücünə çevrilən, birbaşa demokratiya və müstəqillik ideyaları ilə çıxış edən yeganə partiyadır. Yəni indiyədək və elə bu gün də YAP qədər Azərbaycançılıq ideyalarına bağlı olan, siyasi proseslərdə əsl xalq partiyası kimi iştirak edən təşkilat olmayıb, hazırda da yoxdur və gələcəkdə də mümkün deyil. Çünki Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bu günün və sabahın partiyasıdır.
Bu gün Yeni Azərbaycan Partiyasına haqlı olaraq Heydər Əliyev partiyası da deyirlər. Mən bu yanaşmanı tam düzgün sayıram və hesab edirəm ki, bu məsələyə iki aspektdə - siyasi və mənəvi konteksdə yanaşmaq lazımdır. Əgər dövlətimizin fəaliyyət kursu məhz Heydər Əliyev siyasi kursuna əsaslanırsa, Heydər Əliyev ideoloji xətti ölkədə yeganə istinad mənbəyidirsə, onda Azərbaycanın alternativsiz siyasi gücünə çevrilən, Ulu öndərin ideyalarının tərənnümçüsü olan YAP da haqlı olaraq Heydər Əliyev partiyası adlanmalıdır.
Mənəvi tərəfə gəlincə isə, - bu, mənim üçün daha əsasdır, - daim 1990-1992-ci illəri xatırlayıram. Siyasi və iqtisadi böhran içində olan, müstəqilliyindən bəhrələnə bilməyən, Qarabağda erməni separatçılarının işğalı, şimal və cənubda isə etnik yönümlü təxribatlarla üzləşən, vətəndaş müharibəsi ərəfəsində olan respublikamızda əhali ümidsizlik ovqatında, bədbin əhvalda, sabaha inamsızlıq ruhunda idi. Vətəndaşlarımız birmənalı olaraq, belə hesab edirdilər ki, Azərbaycanı məhvolma təhlükəsindən xilas edəcək yeganə amil məhz Heydər Əliyev faktorudur. Hələ 1991-ci ilin ortalarından etibarən ölkəmizin müxtəlif bölgələrində insanların kütləvi şəkildə toplantıları keçirilir və Heydər Əliyevin fəal siyasətə qayıtması tələb olunurdu. Yüz minlərlə insan məhz Ulu öndərin yaradaraq, rəhbərlik edəcəyi təşkilatda, yeni siyasi gücdə - Heydər Əliyev Partiyasında təmsil olunmağı arzulayırdı. O zaman heç Heydər Əliyevin Özünün fəal siyasətdə iştirak etmək və partiya yaratmaq istəyi yox idi. Amma insanlar artıq bu arzularını israrla gündəmə gətirirdilər.
Yeni Azərbaycan Partiyasının fəaliyyət salnaməsi, əslində, elə məhz müstəqil Azərbaycan dövlətinin tarixidir. YAP-ın yaranması xalqın və zamanın tələbi idi. Partiyamızın yaranmasının ilk rəsmi çağırışı “91-lər”in müraciəti idi. Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ulu öndər Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” müraciətində də həmin dövrün acınacaqlı mənzərəsi öz əksini tapırdı: “Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün dəyərləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir... İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada Öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz”.
Ümummilli lider Heydər Əliyev müraciətə cavabında “Əgər belə partiya yaradılmışsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram” söyləməklə Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmadığını, hər zaman xalqla bir olduğunu təsdiqlədi.
Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 600 mindən artıq üzvün birləşməsi, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilməsi Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi və hər zaman partiyanın fəaliyyətinə bələdçilik edən “Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, hörmətə malik olan siyasi partiyadır” fikrinin təsdiqidir.
Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyununda ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə, Cənubi Qafqazın parlayan ulduzuna, dünyanın 10 xoşbəxt ölkəsindən birinə çevrilən Azərbaycandan danışa bilməzdik
YAP müxalifət partiyası kimi fəaliyyətə başladı. Amma bizim müxalifətçiliyimiz sivil, prinsipial və Azərbaycançılıq amalına xidmət edən siyasət idi. Hesab edirəm ki, bu barədə danışarkən, möhtərəm Prezidentimiz, cənab Sədrimiz İlham Əliyevin fikirləri mülahizəmi daha da əsaslandırar: “...Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq. Azərbaycan xalqı hər şeyi görürdü, o vaxt da belə idi, bu gün də belədir. Ulu öndərin hakimiyyətə gəlməsi, Azərbaycanın rəhbərliyinə gəlməsi, Yeni Azərbaycan Partiyasının ölkədə siyasi proseslərə başçılıq etməsi Azərbaycanın uğurunu təmin edən ən başlıca şərt olmuşdur. 1993-2003-cü illər Azərbaycan üçün dirçəliş illəri olmuşdur”.
Yeni Azərbaycan Partiyası yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirdi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkənin, eyni zamanda, Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin əsasını qoydu. Bu fikri böyük inam və qətiyyətlə qeyd edirəm ki, dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli istəyi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə, Cənubi Qafqazın parlayan ulduzuna, dünyanın 10 xoşbəxt ölkəsindən birinə çevrilən Azərbaycandan danışa bilməzdik.
Vaxtilə yeni, müstəqil Azərbaycan uğrunda mübarizə aparan Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallaşması istiqamətində görülən işlərə öz töhfəsini verir
- Yeni Azərbaycan Partiyası Azərbaycan siyasətinə hansı yenilikləri, töhfələri gətirdi?
- Bir zəruri məqamı qeyd edim ki, YAP-ın 22 illik fəaliyyət dövrünü məhz Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətləri çərçivəsində təhlil etmək lazımdır. Çünki Ulu öndər Azərbaycanın dövlət quruculuğu prosesində həm də YAP-ın Sədri kimi iştirak edirdi. Eyni zamanda, Prezident İlham Əliyev ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək strategiyasının icrasında həm də YAP-ın Sədri kimi iştirak edir. Bu baxımdan, bu gün Azərbaycan dövlətinin inkişafında əldə olunan misilsiz nailiyyətlər, siyasi proseslərdə bərqərar olan mühüm təkmilləşmələr və demokratikləşmə də qüdrətli Sədrlərimizin - Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərinin nəticəsi və həm də YAP-ın siyasi töhfələri kimi səciyyələnməlidir.
Ümumiyyətlə isə, tarixə qayıdaraq qeyd etmək istərdim ki, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması hələ 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların formalaşması prosesi ötən əsrin 80-ci illərinin sonundan başlanan xalq hərəkatı dövrünə təsadüf etmiş, 90-cı illərin əvvəlində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin müəyyən konyuktur məqsədlər naminə yaradılan bu qurumlar respublikanı üzləşdiyi ağır iqtisadi, siyasi, hüquqi, mənəvi böhrandan nəinki qurtara bilmədilər, əksinə, mövcud vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Xüsusən də, AXC-“Müsavat” cütlüyünün hakimiyyəti dövründə ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi.
Yuxarıda söylədiyim fikri bir qədər də genişləndirərək, vurğulamaq istərdim ki, məhz bu səbəblərdən Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edir, xalqın lideri Heydər Əliyevin ətrafında birləşirdilər. Bunun digər obyektiv səbəbləri də var idi: əvvəla, hələ keçmiş ittifaq dövründə respublikaya inamla rəhbərlik edən Heydər Əliyevin necə böyük strateq, peşəkar siyasətçi və lider olduğu ölkə vətəndaşlarına yaxşı məlum idi. İkincisi, 1991-ci ilin iyul ayında böyük dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana dönüşü ilə ölkənin ağır böhrandan çıxarılması yolunda mühüm mərhələ başlanmışdı. Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan Ümummilli liderin belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən bu, tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz tarixi zərurət idi. Həmin dövrdə Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı günlərini yaşayırdı. Lakin Ulu öndərin Naxçıvana qayıdışı sabaha ümidini itirən, acınacaqlı vəziyyətdə yaşayan biz gənclərdə müəyyən nikbinlik yaratmışdı.
Ümumiyyətlə, Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, hakimiyyətdə xalqın etimad göstərdiyi, dəstəklədiyi siyasi qüvvənin olmaması ilkin mərhələdə özünü ciddi problem kimi göstərirdi, ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşməsinə, vətəndaşların hüquq və azadlıqlarının addımbaşı pozulmasına, dövlətçiliyə potensial təhdid olan cinayətkar qruplaşmaların baş qaldırmasına gətirib çıxarırdı. Həmin illərdə respublikanın günbəgün uçuruma yuvarlandığı, insanların çörəklə imtahana çəkildiyi bir vaxtda Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatlar, qonşu dövlətlərlə qurulan iqtisadi-siyasi münasibətlər, iqtisadiyyatda əldə edilən müsbət dəyişikliklər fonunda Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gəlməsi ölkə vətəndaşlarının ümumi arzusuna çevrilmişdi.
O zamankı böhranlı və ağır şəraitdə respublikanın gələcəyini düşünən, reallığı adekvat qiymətləndirməyi bacaran nüfuzlu ziyalılarla yanaşı, biz gənclər də xalqın düçar olduğu bəlalardan qurtulması üçün çıxış yolunu məhz Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdük. Heç şübhəsiz, Heydər Əliyevin cəmiyyətdə artan nüfuzu hakimiyyətdə olan qüvvələri ciddi narahat edirdi. Onlar Ulu öndərin ən qısa zamanda ümumxalq dəstəyi qazanmasından, hakimiyyətə gəlməyə ən real namizəd olmasından ciddi təşvişə düşmüşdülər. Məhz bu səbəbdən də o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Konstitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Eyni zamanda, biz mübariz ruhlu gənclər, ziyalılarla birgə Azərbaycan Respublikası Ali Sovetinin qarşısında 13 gün davam edən mitinq keçirərək Konstitusiyadan yaş senzi ilə bağlı qondarma maddənin çıxarılmasını, Heydər Əliyevin prezident seçkilərində namizədliyinin qeydə alınmasını tələb edirdik. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq Ulu öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün Ondan kömək istəyir, Azərbaycanın müxtəlif bölgələrində mitinqlər keçirməklə müdrik siyasətçinin respublika rəhbərliyinə qayıtmasını tələb edirdilər.
Həmin illərdə müəyyən səbəblərdən Naxçıvana gedə bilməyənlər isə NMR Ali Məclisinin Sədri Heydər Əliyevin ünvanına minlərlə müraciət, teleqram göndərərək xalqı düşdüyü bu bəlalardan qurtarmağı xahiş edirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları, o cümlədən gənclər 1992-ci ilin ortalarından etibarən yeni siyasi mübarizə yolu seçərək Ümummilli liderin rəhbərliyi ilə partiya yaratmaq qərarına gəldilər. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası bu məqsədlə yaranmış və 22 ilə yaxın dövr ərzində atdığı addımları ilə siyasi xəttinə, yoluna sadiqliyini təsdiqləmişdir. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri partiyanın nüfuzunun, siyasi çəkisinin açıqlanmasında yardımçı rolunu oynayır. Hər bir seçki prosesindən qələbə ilə çıxan partiyaya milyonların sevgisi şəksizdir. Ulu öndər Heydər Əliyevin partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının gələcəyinə inam onun sıralarında birləşən üzvlərin sayından da aydın görünür.
Bu gün partiyanın sıralarında 600 mindən artıq üzv birləşir. Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisi olan bu fakt, eyni zamanda, bir reallığı da ortaya qoyur ki, YAP populizmdən uzaq olan partiyadır. Hər bir vəd konkret əməli işdə öz təsdiqini tapır. Vaxtilə yeni, müstəqil Azərbaycan uğrunda mübarizə aparan Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallaşması istiqamətində görülən işlərə öz töhfəsini verir. Dövlətin möhkəmlənməsi, qüdrətlənməsi, xalqın rifah halının daha da yaxşılaşması partiyanın həyata keçirdiyi siyasətin əsasını təşkil edir.
Ötən
il tarixə prezident seçkiləri ili
kimi daxil oldu. Təkcə Yeni Azərbaycan
Partiyasının 600 mindən artıq üzvünün deyil,
xalqın böyük əksəriyyətinin namizədi olan cənab
İlham Əliyevin prezident seçkilərində növbəti
dəfə qələbəsi xalqın Prezidentinə
inamını və etimadını bir daha ortaya qoydu. Xalq-Prezident birliyinin, həmrəyliyinin möhkəm
olması uğurların əldə olunmasında açar
rolunu oynayır. Möhtərəm
Prezidentimiz İlham Əliyev hər zaman
çıxışlarında xalqa
arxalandığını, atılan hər addımın əsasında
vətəndaş amilinin dayandığını bəyan
edir və bu amil əldə olunan nəticələrdə
özünü qabarıq şəkildə büruzə
verir. Ulu öndər Heydər Əliyevin
bildirdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək,
dövlətə, xalqa xidmət etmək deməkdir. Milyonların sevgisini qazanan, Ulu öndər Heydər
Əliyevin yaradıcısı olduğu, Prezident İlham
Əliyevin rəhbərliyi altında inamla irəliləyən
Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan
böyük qürur hissi keçirirəm.
Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Qarşıdakı illərdə
ölkəmizi daha böyük uğurlar gözləyir
- Tarixə
Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun ölkəmizin həyatında
oynadığı rolu necə şərh edərdiniz? Bu günün reallıqları, inkişaf tempi,
perspektivlər həmin günün Azərbaycan tarixində
yerini necə müəyyənləşdirir?
- Bu
günlərdə 28 May - Respublika Gününü qeyd etdik.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəsmi qəbulda
söylədiyi fikirləri bir daha qeyd etmək istərdim:
“...Azərbaycan xalqının böyük xoşbəxtliyi
ondan ibarət idi ki, xalqımız həlledici anlarda
düzgün seçim etmişdir, müdriklik göstərmişdir
və Ulu öndərə üz tutub, Onu hakimiyyətə dəvət
etmişdir. Əgər Heydər Əliyev o illərdə
Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə
tamamilə dağıla bilərdi. Ona görə
1993-cü il əslində real müstəqilliyimizin
ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti,
cəsarəti, təcrübəsi,
dünyagörüşü və
düşünülmüş siyasəti nəticəsində
Azərbaycan o ağır vəziyyətdən çıxa
bildi, sabitlik yarandı və inkişaf dövrü
başlandı... 1993-2003-cü illər tarixdə sabitlik,
inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın
müstəqil ölkə kimi yaşamasını təmin edən
bir dövr kimi tarixdə qalacaqdır. Biz
bu gün öz fəaliyyətimizi o illərdə müəyyən
edilmiş strategiya çərçivəsində
aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə
aparılan, dərinləşən siyasi və iqtisadi
islahatlar bu gün Azərbaycanı çox güclü bir
ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim
edir”.
Bir faktı unutmayaq ki, hələ ötən əsrin
70-ci illərindən başlayaraq Ulu öndər Heydər
Əliyevin strategiyasına uyğun respublikamızda həyata
keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi
potensialın formalaşdırılmasına, sosial-mədəni
həyatın canlandırılmasına və milli-mənəvi
dəyərlərin dirçəldilməsinə yönəldilərək
gələcək müstəqilliyimizin təmin olunması
üçün zəmin hazırlamışdı. Ulu öndər
Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra
seçdiyi düzgün yolla Azərbaycanı xaosdan sabitliyə,
iqtisadi tənəzzüldən tərəqqiyə doğru
apardı. Ümummilli lider Heydər Əliyev bildirirdi: “Mənim
həyatım da, fəaliyyətim də yalnız və
yalnız Azərbaycanın müstəqilliyinin qorunub
saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən
qalxmasına həsr olunacaqdır. Mənim
başqa məqsədim, amalım yoxdur. Bunu
isə mən xalqla birlikdə, xalqın dəyərli
insanları, hörmətli adamları ilə, xalqın irəli
çəkdiyi nümayəndələri ilə birlikdə edə
bilərəm”.
Ümummilli lider iyunun 9-da Naxçıvandan Bakıya gəldi,
sonra isə qanlı hadisələrin mahiyyətini öyrənib
vətəndaş müharibəsinin alovlanmasının
qarşısını almaq üçün Gəncəyə
getdi. Heydər
Əliyevin həm Bakıda, həm də Gəncədə əhali
ilə görüşlərinin, AXC-“Müsavat” hakimiyyəti
üzərinə qalxmış Surət Hüseynovla
apardığı danışıqların nəticəsi bu
oldu ki, Bakıya yürüş edən silahlı dəstələr
geri qaytarıldı, vətəndaş müharibəsi təhlükəsi
sovuşdu, xalqda sabaha inam yarandı. Xalqına
arxalanan Ulu öndər Heydər Əliyev bu birlik sayəsində
bugünkü inkişafın təməlini qoydu.
İnkişafa yol açan əsas amillərdən biri
1994-cü il mayın 12-də atəşkəs
sazişinin imzalanması oldu. Azərbaycan dövləti bu
addımı ilə həm ölkəmizin sonrakı
inkişafına zəmin yaratdı, həm də ermənilərin
əsassız torpaq iddiası nəticəsində yaradılan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında sülh siyasətinə
üstünlük verdiyini, problemin danışıqlar əsasında
çözülməsinin vacibliyini bəyan etdi. Qeyd etdiyimiz kimi, atəşkəs sazişinin
imzalanması ilk növbədə ölkəmizdə sabitliyi
möhkəmləndirdi. Hərtərəfli
inkişaf üçün bu amilin rolu inkaredilməzdir. “Sabitlik bütün inkişafın əsasıdır”
söyləyən Ulu öndər Heydər Əliyev bildirirdi
ki, heç bir vətəndaş ictimai-siyasi həyata biganə
qalmamalıdır.
Ulu öndər Heydər Əliyevin
düşünülmüş daxili siyasəti nəticəsində
Azərbaycan çox qısa zamanda sabitlik diyarına
çevrildi ki, bu da əlverişli biznes mühitinin
yaradılmasına stimul oldu. Daim yerləşdiyi coğrafi məkana
və malik olduğu təbii resurslara görə
dünyanın diqqətində olan Azərbaycana müstəqilliyimizin
ilk illərində maraq az olsa da, 1994-cü
ildən bəri ölkədə yaradılan sabitlik bu diqqətin
artmasında əhəmiyyətli rol oynadı. Məlum
olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanla
iqtisadi əlaqələrin qurulmasında maraqlı olan
dövlətlər ölkədə ictimai-siyasi durumun gərginliyindən
qoyacaqları investisiyaların təhlükəsizliyinə tam
əmin deyildilər. Dahi şəxsiyyət
Heydər Əliyevin hakimiyyətə qayıdışı,
ölkədə daxili sabitliyin yaradılması bu tərəddüdləri
aradan qaldırdı. Azərbaycan qısa
müddətdə böyük investisiyalar məkanına
çevrildi. Bu gün böyük fəxr
hissi ilə qeyd ediriksə ki, ölkə iqtisadiyyatına
qoyulan investisiyaların həcmi 160 milyard dolları
ötüb, bu məhz həmin dövrdə əsası
qoyulan sabitliyə əsaslanır. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin
imzalanması ölkəmizin iqtisadi imkanlarının
genişlənməsinə, dünya iqtisadi sisteminə
inteqrasiyaya yol açdı. “Əsrin müqaviləsi”nin imzalanması mərasimində
çıxış edən Ulu öndər Heydər
Əliyev bildirmişdir: “Biz bu müqaviləni imzalamaqla Azərbaycan
Respublikasının suveren hüquqlarının bərqərar
olduğunu, xalqımızın öz sərvətlərinə
sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan
Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri,
onların ən böyük şirkətləri arasında əlaqələr
yaradır, Azərbaycan iqtisadiyyatının dünya
iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması
üçün əsas yaradırıq. Biz
bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş
etdiririk ki, Azərbaycan Respublikası demokratik və hüquqi
dövlətdir”.
Ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında
aparılmış son dərəcə gərgin fəaliyyət
nəticəsində Azərbaycan xalqının taleyini sual
altına alacaq pərdəarxası oyunlara, siyasi anarxiyalara son
qoyulmuş, ölkədə cinayətkarlığın
qarşısı alınmış, bütün qanunsuz
silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar
da bütövlükdə Azərbaycanda dövlət
quruculuğu prosesinin uğurla aparılması
üçün şərait yaratmışdı. Azərbaycan
dövlətçiliyinin mövcudluğuna böyük təhlükə
olan 1994-cü il oktyabr və 1995-ci il mart
dövlət çevrilişi cəhdlərinin
qarşısı Ümummilli liderin qətiyyəti sayəsində
alınmış, dövlət müstəqilliyi qorunub
saxlanılmışdır. Ölkəmizdə
müstəqil dövlət təsisatlarının
yaranması və dövlət quruculuğu prosesi böyük
vüsət almışdı ki, bunun da əsasını
müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil
edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda
dövlətçiliyin möhkəmlənməsi və
demokratik prinsiplərin bərqərar olması, demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin
uğurla, sürətlə həyata keçirilməsi Ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər Heydər
Əliyevin apardığı daxili siyasət Azərbaycanın
hər bir vətəndaşına azad, sərbəst
yaşamaq hüquqlarını təmin etmək və öz
rifahını yaxşılaşdırmaq imkanları
yaratmaqdan ibarət olmuşdur. Ulu öndər
demokratik, hüquqi dövlət quruculuğu istiqamətində
davamlı siyasət yeridərək, ölkədə insan
hüquq və azadlıqlarının başlıca prinsiplərinin
bərqərar olması üçün əsaslı zəmin
yaratmışdır. Ümummilli lider
bildirirdi ki, əgər hər hansı ölkənin
xalqları öz hüquqlarını anlayır və
onları qoruya bilirsə, o zaman ən kiçik dövlət
belə ən böyük məmləkət qədər
güclü olar.
Daxili siyasətin davamı kimi dəyərləndirilən
xarici siyasət sahəsində də uğurlu
addımların əsası məhz Ümummilli liderin hakimiyyətə
qayıdışından sonra qoyulub. Heydər Əliyevin rəhbərliyi
altında Azərbaycan dövlətinin xarici siyasəti,
dünyanın aparıcı dövlətləri və beynəlxalq
təşkilatları ilə əlaqələri milli maraqlara və
uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə
inkişaf etməyə başlamışdır. Onun xarici siyasət məsələlərinə
müstəsna əhəmiyyət verməsi, beynəlxalq
miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar
atması, milli məqsədlər naminə ən nüfuzlu
tribunalardan bacarıq və məharətlə istifadə etməsi
Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi
baxımından son dərəcə əhəmiyyətli
olmuşdur.
Ümummilli
liderin fəal diplomatiyası nəticəsində Azərbaycan
dünyanın demokratik dövlətlərinin və
aparıcı ictimai təşkilatlarının ölkəmizə,
onun zorla cəlb olunduğu silahlı münaqişəyə
münasibətinin əsaslı surətdə dəyişməsinə
nail ola bilmişdir. Dövlətimizin
xarici siyasətinin əsasını sülh, beynəlxalq
hüquq normalarına, sərhədlərin
bütövlüyünə və toxunulmazlığına,
dövlətlərin ərazi bütövlüyünə
hörmət və qarşılıqlı surətdə
faydalı əməkdaşlıq prinsipləri təşkil
edir. Ulu öndərin dünya təcrübəsinin
bütün nailiyyətlərini, sivil beynəlxalq normaları
özündə tam əks etdirən sülhsevər xarici
siyasətinin əsasında isə, ilk növbədə, milli
müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin
hüquqlarına hörmətlə yanaşılması,
bütün mübahisəli məsələlərin sülh
və danışıqlar yolu ilə həll edilməsi,
qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və
mədəni əməkdaşlıq yaradılması,
dövlətlərarası əlaqələrə mane olan hər
cür məhdudiyyətlərin aradan qaldırılması
prinsipləri dayanırdı. İqtisadi tərəqqi
demokratik islahatların sürətini artırdı. Demokratik cəmiyyətin varlığını
şərtləndirən bütün amillər ölkəmizdə
bərqərar olundu. Qeyd etdiyim kimi, 1995-ci il
noyabrın 12-də müstəqil dövlətimizin ilk
Konstitusiyasının qəbulu Azərbaycanın hüquqi,
demokratik dövlət quruculuğu yoluna işıq saldı. Konstitusiyada əksini tapan maddələrin
üçdə iki hissəsi insan hüquq və
azadlıqlarının qorunmasına xidmət edir. Ölkədə vətəndaşlara bütün
azadlıqlar verilib. Sərbəst
toplaşmaq azadlığı yüksək səviyyədə
təmin edilir. Çoxpartiyalı sistem
yaradılıb. Bu gün ölkəmizdə
40-dan artıq siyasi partiyanın, 3 minə yaxın
qeyri-hökumət təşkilatının qeydiyyatdan
keçməsi, onların normal fəaliyyəti
üçün təkmil qanunvericilik bazasının
yaradılması da demokratik inkişafın əsas göstəricilərindəndir.
Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə
qədər partiya olur olsun, onların hamısı bir məqsədə
- Azərbaycanın müstəqilliyini qorumaq,
torpaqlarımızı düşməndən azad etmək
işinə xidmət etməlidir. Ölkədə
seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq
standartlara uyğun keçirilməsi üçün təkmil
seçki sistemi formalaşdırılıb. 2003-cü
ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin,
Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı
nəticəsində Seçki Məcəlləsi qəbul
olunub. Bu sənəd ölkədə prezident,
parlament və bələdiyyə seçkilərinin beynəlxalq
standartlara uyğun keçirilməsini şərtləndirir.
Azad mətbuatın inkişafı dövlətin siyasətinin
əsas tərkib hissəsinə çevrildi. Bütün
bunlar ölkəmizin beynəlxalq nüfuzunu gücləndirdi,
Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına
üzv qəbul edildi. 2001-ci ilin yanvarında
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul
olunması dövlətimizin demokratik prinsiplərə
sadiqliyinin bariz nümunəsi idi. Ulu
öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim
strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə
bilməz.
Sonrakı
mərhələlərdə Azərbaycanın müstəqilliyimizin
ilk illərində yaşadığı duruma bir daha diqqət
yönəldən Ulu öndər Heydər Əliyev bildirirdi:
“Biz bütün bu çətinliklərdən keçdik,
bütün maneələrin qarşısını aldıq,
Azərbaycanın düşmənlərinə layiqli cavablar
verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq,
Azərbaycanı parçalanmaq təhlükəsindən
xilas etdik. Azərbaycanın dövlət
müstəqilliyini yaşadırıq və bundan sonra da
yaşadacağıq!”
Azərbaycanın uğurları dünyanın müxtəlif
ölkələrinə səpələnmiş
soydaşlarımızın da diqqətindən kənarda
qalmadı. Ümummilli liderin “Kim Azərbaycanı sevirsə, kim
Azərbaycanın müstəqil dövlət
olmağını istəyirsə, kim Azərbaycanın
işğal edilmiş torpaqlarının azad olunmasını
istəyirsə, kim Azərbaycanın ərazi
bütövlüyünü istəyirsə, o, bu bayraq
altında, bu sözlər altında, bu amal ətrafında
birləşməlidir” çağırışı
bütün dünya azərbaycanlılarını Azərbaycançılıq
ideyası ətrafında sıx birləşdirdi.
Azərbaycanın qazandığı mühüm
uğurlardan biri kimi güclü ordunun yaradılmasında da
sabitliyin rolu inkaredilməzdir. Bu gün tam əminliklə
deyə bilərik ki, Azərbaycan Ordusu işğal altında
olan torpaqlarımızı azad etməyə qadirdir. Ordunun maddi-texniki bazası möhkəmləndirilmiş,
dünya standartlarına
uyğunlaşdırılmışdır. Hazırda hərbi büdcəmiz 3 milyard dollardan
çoxdur. Bunu Azərbaycanın suveren
hüququ kimi dəyərləndirən dövlət
başçısı İlham Əliyev Azərbaycanın
işğal altında olan torpaqlarını istənilən
yolla azad etməyə tam haqqının olduğunu bəyan
edib. Prezident İlham Əliyevin söylədiyi: “Bizə
heç kim təzyiq göstərə bilməz,
heç kim öz iradəsini bizə qəbul etdirə bilməz”
fikri belə bir həqiqəti təsdiq edir ki, Azərbaycan
dövlətinin mövqeyi dəyişməzdir, ərazi
bütövlüyü danışıqlar mövzusu deyil. Ölkəmiz öz prinsipial mövqeyindən bir
addım da olsun geri çəkilməyəcək.
Təbii ki, Qurtuluşun ölkəmizə
qazandırdığı uğurları bir müsahibədə
qeyd etmək qeyri-mümkündür. Uğurlarımıza
qısa baxış bu gerçəkliyi bir daha təsdiqləyir
ki, möhkəm təməl üzərində qurulan Azərbaycan
inkişaf yolunda inamla irəliləyir. Qarşıdakı
illərdə ölkəmizi daha böyük uğurlar
gözləyir. Bu inama əsas verən əsas
amil isə Heydər Əliyev siyasəti və xalqın bu
siyasətə böyük dəstəyidir. Dövlət
başçısı İlham Əliyevin Yeni Azərbaycan
Partiyasının V qurultayında səsləndirdiyi bu fikirləri
bir daha xatırlatmaq istərdik: “Qürur hissi ilə deyə
bilərəm ki, bugünkü Azərbaycan Ulu öndərin
görmək istədiyi kimi inkişaf edir, Onun qoyduğu yolla
gedir, güclənir, möhkəmlənir və çox
güclü regional amilə çevrilibdir”.
Ötən
10 il Azərbaycanın iqtisadi, siyasi, sosial,
mədəni və mənəvi inkişafının əlamətdar
bir mərhələsi olaraq tariximizə daxil olub
-
2003-cü ildən sonrakı dövr tarixdə Böyük
Yolun davamı kimi qeyd edilir. Sizcə, bu qiymətləndirməni
şərtləndirən amillər hansılardır?
- Bu
mövzuda danışarkən, bir mühüm məqama nəzər
salmalıyıq. Möhtərəm İlham Əliyev
2003-cü ildə keçirilən andiçmə mərasimində
Prezidentlik missiyasının əsas məramını belə
izah etmişdi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə
inanıram. Əminəm ki, ölkəmiz bundan
sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.
Azərbaycanda demokratiya daha da inkişaf edəcək,
siyasi plüralizm, söz azadlığı təmin
olunacaqdır. Ölkəmiz müasir
dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda
çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək
və Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün ən başlıcası
ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir.
Bu gün yüksək kürsüdən
çıxış edərkən mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq
qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Cənab İlham Əliyev son 10 ildə atdığı
biri-birindən əhəmiyyətli addımları ilə bu vədinə
sadiqliyini nümayiş etdirdi. Azərbaycan daha
böyük uğurları ilə dünyanın diqqət mərkəzində
oldu. Azərbaycanın elmi əsaslara
söykənən inkişaf modelinin mövcudluğu beynəlxalq
səviyyədə təqdir olunur. Neft gəlirlərindən
səmərəli istifadə qeyri-neft sektorunun inkişafı
istiqamətində mühüm addımların
atılmasına stimul verdi. Minlərlə
yeni iş yerinin açılması işsizlik və məşğulluq
problemlərinin həllinə öz müsbət təsirini
göstərdi. Ölkə iqtisadiyyatının düzgün əsaslar
üzərində qurulması Azərbaycanın 2008-ci ildən
dünyanı bürüyən iqtisadi və maliyyə
böhranından uğurla çıxmasında
özünü qabarıq şəkildə büruzə verdi.
Bazar iqtisadiyyatının əsas aparıcı qüvvələri
olan sahibkarlığın inkişafına dövlət dəstəyi
davamlı xarakter alaraq, bu istiqamətdə mühüm
uğurların əldə olunmasını şərtləndirdi. Ölkəmiz
qısa müddətdə keçid dövrünü başa
vuraraq yeni inkişaf mərhələsinə qədəm
qoydu. Son illərin sosial-iqtisadi göstəricilərinə
diqqət yetirdikdə həyata keçirilən iqtisadi
islahatların zamanın tələbinə yüksək səviyyədə
uyğunlaşdırıldığının şahidi
olarıq. Bu gün Azərbaycan yeni iqtisadi
və sosial çağırışların müzakirəsi
üçün ideal məkan kimi qəbul olunur və yüksək
dəyərləndirilir. Həyata
keçirilən iqtisadi islahatların əsasında Azərbaycan
vətəndaşının dayandığını nəzərə
alsaq, sosial müdafiənin gücləndirilməsi istiqamətində
görülən işlərin davamlılığı diqqətçəkəndir.
İqtisadiyyatın
inkişafının əsas göstəricilərindən olan
ümumi daxili məhsulun son on ildə 3 dəfə, qeyri-neft
sektorunun 2,4 dəfə artması
mühüm uğurdur. Son 10 ildə uğurlu
islahatların nəticəsində Azərbaycan orta gəlirli
ölkələr sırasına daxil olub. Regionda
inkişaf parametrlərinə görə liderliyi ələ alan Azərbaycan Cənubi Qafqaz
iqtisadiyyatının 85 faizindən çoxuna sahibdir. Azərbaycan
iqtisadiyyatının dünyada ən yüksək dinamikaya
malik iqtisadiyyat olduğunun sübut olunması, iqtisadi göstəricilərin
beynəlxalq aləmin diqqətində olması, iqtisadi
artımın sürətinə görə ölkəmizin
dünyada birinciliyi ələ alması, büdcəmizin 20 dəfədən
artıq yüksəlməsi və digər iqtisadi yüksəliş
möcüzələrinin nümayiş etdirilməsi məhz
yaşadımız son 10 ilin reallıqlarıdır.
Beləliklə, ötən bu dövr Azərbaycanın
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
dövlətçilik siyasətinin həyata keçirilməsində
çox önəmli addımların atılması ilə
yadda qalıb.
Bu illər ərzində əsası Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş
konsepsiyanın istinad etdiyi üç sütun əsaslı
şəkildə formalaşıb - Güclü dövlət,
müasir iqtisadiyyat, azad cəmiyyət.
Ötən
10 il Azərbaycanın iqtisadi, siyasi, sosial,
mədəni və mənəvi inkişafının əlamətdar
bir mərhələsi olaraq tariximizə daxil olub. Azərbaycan dövlətinin qüdrəti bundan sonra
daha da artacaq. Ölkəmizin müasir
iqtisadiyyatının imkanları daha da yüksələcək,
Azərbaycan vətəndaşları özünü daha
rahat hiss edəcək. Ayrı-ayrı sahələr
üzrə Dövlət proqramlarının uğurlu
icrası Azərbaycanın hərtərəfli
inkişafına böyük töhfələr verir. Bakı və Bakıətrafı qəsəbələrin,
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının uğurlu icrası nəticələrdən
də aydın görünür. Bu gün
böyük fəxr hissi ilə qeyd edirik ki, rayonlar arasında
sağlam rəqabət hərtərəfli inkişafı
sürətləndirir. Görülən
işlərin ictimaiyyətdə yaratdığı xoş
ovqat gələcəyə daha böyük inam hissi
formalaşdırır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu
tapşırığı hər bir rayon rəhbərliyinin fəaliyyətinin
əsasını təşkil edir. “Hər bir dövlət məmuru
öz xalqına xidmət etməlidir” söyləyən
Prezident İlham Əliyev bildirir ki, hər bir icra
başçısını vəzifəyə təyin edərkən
ona bir neçə əsas istiqamət göstərilir -
İnkişaf, quruculuq, səmərəli
iş, təvazökarlıq və insanlara xidmət. Birgə
səylər qarşıya qoyulan məqsədlərə
yüksək səviyyədə nail olmağa əsas
yaradır. Müstəqil Azərbaycanımızı
qarşıdakı illərdə daha möhtəşəm
uğurlar gözləyir. Ölkəmizin 20 illik müstəqillik
tarixində qazandığı uğurların fonunda işlənib
hazırlanan və təsdiq olunan “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, uğurla
başa çatan Dövlət proqramlarının növbəti
sənədlərin qəbuluna stimul verməsi və yeni-yeni hədəflərin
müəyyənləşdirilməsi bu inama əsas
yaradır.
- Abdin
müəllim, rəhbərlik etdiyiniz Nərimanov rayonunu bu
gün inkişafın hansı mərhələsində
görürsünüz?
- Qeyd
etdiyim kimi, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı gündən Bakı və Bakıətrafı
qəsəbələrin, regionların malik olduğu
potensialdan səmərəli istifadə etmək məqsədilə
Dövlət proqramlarını təsdiqlədi. Onların uğurlu icrası göz
qabağındadır. Ötən ilin sonunda Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramlarının icrasının yekunlarına həsr
olunmuş konfransında dövlət başçısı
İlham Əliyev bu inamı ifadə etmişdir ki, 2014-cü
ildən icrasına başlanılacaq üçüncü
Dövlət Proqramı nəticəsində bu günə qədər
həll olunmayan məsələlər və Bakının,
onun qəsəbələrinin bütün infrastrukturu, nəqliyyat,
sosial problemləri öz həllini tapacaq. Gözəl
Bakımızın gələcək inkişafı və
abadlaşması üçün yeni dövr başlayır.
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü
ilə təməli qoyulan, şəxsi nəzarəti
altında inşa edilən çoxsaylı obyektlər Nərimanov
rayonunun simasını daha da müasirləşdirib, gözəlləşdirib. Dövlət
başçısı Nərimanov rayonuna və sakinlərimizə
son 10 il ərzində çoxsaylı səhiyyə və təhsil
müəssisələri, yol ötürücüləri və
yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur
obyektləri, istehsalat müəssisələri, yeni inzibati
binalar bəxş edib. Əlbəttə,
rayondakı inkişaf prosesindən danışarkən, Heydər
Əliyev Fondunun misilsiz qayğısını, böyük
himayədarlığını qeyd etməmək
mümkün deyil. Çünki rayonumuzda
bu sahədə görülən işlərdə dövlətin
ən yaxın yardımçısı məhz Ulu öndərin
adını şərəflə daşıyan bu Fond olub.
Təsadüfi deyil ki, Fondun prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədr müavini Mehriban xanım Əliyeva
Azərbaycan vətəndaşlarının, xüsusən də
Nərimanov rayonu sakinlərinin inam ünvanına, mərhəmət
və xeyirxahlıq rəmzinə çevrilib.
Görülən işlərin miqyası genişdir və
onları sadalamağa ehtiyac duymuram. Çünki müstəqil
Azərbaycanımızı inkişaf etmiş ölkələr
sırasında görmək istəyiriksə, daha səylə
çalışmalı, biri-birindən əhəmiyyətli
tədbirlərin gerçəkləşməsinə səy
göstərməliyik. Yeniləşmə,
müasirləşmə, modernləşmə dövlət
siyasətimizin ana xəttini təşkil edir. Dövlət başçısı İlham
Əliyev dünyanın ən qabaqcıl ölkələrinin
təcrübəsinin tətbiqini, texnologiyalarının Azərbaycana
gətirilməsini qarşıya mühüm vəzifə kimi
qoyur. “Biz daim irəliyə
baxmalıyıq” söyləyən möhtərəm
Prezidentimizin tapşırığına uyğun olaraq,
davamlı tədbirlərin həyata keçirilməsinə
çalışırıq. Hər il
üçün nəzərdə tutulan Tədbirlər
Planında qarşıya qoyulan məqsədlərə nail
olmaq üçün görüləcək işlər
öz əksini tapır. Kompleks tədbirlər
uğurlarımızı daha da sürətləndirir. Reallıqlar görülən işlərin,
inkişafın hansı səviyyədə olmasının
göstəricisidir. Rayonumuzun simasında
günbəgün nəzərə çarpan yeniliklər, əhalidə
xoş əhval-ruhiyyə yaradan quruculuq, abadlıq işləri
davamlıdır. Bakı və Bakıətrafı
qəsəbələrin sosial-iqtisadi inkişafına dair
üçüncü Dövlət Proqramından irəli gələn
vəzifələrin icrası inkişafı daha da sürətləndirəcək,
rayonumuza daha böyük yenilik, müasirlik gətirəcək.
Hər zaman qeyd olunduğu kimi, məqsəd
inkişaf üçün başlıca amildir. Azərbaycanın 23 ilə yaxın dövr ərzində
keçdiyi inkişaf yolunun ayrı-ayrı dövrlərinə
diqqət yetirsək, zamanın tələbindən irəli gələn
çağırışların yüksək səviyyədə
həyata keçirilməsi nəticəsində
bugünkü inkişafa gəlib
çıxdığımızı görərik.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 28 May -
Respublika Günü münasibətilə keçirilən rəsmi
qəbulda ifadə etdiyi bu inamı bir daha qeyd etmək istərdim:
“Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir.
Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur,
müstəqillik yoludur. Biz müstəqillik
illərində sübut etmişik ki, müstəqil ölkə
kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik,
inkişaf edə bilərik. Ən
böyük sərvətimiz olan müstəqilliyimizi bundan
sonra da qorumalıyıq və qoruyacağıq”.
Xalqımızı Milli Qurtuluş Günü münasibətilə
təbrik edir, ölkəmizin hərtərəfli
inkişafına töhfələrini daha da
artırmağı arzulayıram.
Yeni
Azərbaycan.-2014.- 5 iyun.- S.4-5.