Azərbaycan-Aİ: strateji əməkdaşlığın yeni modelinə doğru
(II yazı)
Qlobal miqyasda geosiyasi proseslərin dinamikası sürətlə dəyişir. Meydana narahatlıq yaradan ciddi problemlər çıxır. Həmin kontekstdə Avropa İttifaqının (Aİ) müstəqilliyini əldə etmiş ölkələrlə münasibətlərinin perspektivləri məsələsi aktuallaşır. O cümlədən, Azərbaycanla bu təşkilatın əlaqələrinin taleyi üzərində düşünməyə dəyər. Baş verən proseslər göstərir ki, Bakı Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlar kimi inkişaf etdirməkdə israrlıdır. Bununla bağlı yeni əməkdaşlıq proqramının hazırlanması məsələsi maraq doğurur. Həmin istiqamətdə Azərbaycan-Aİ əlaqələrinin inkişafının Cənubi Qafqazda hansı dəyişikliklərə səbəb ola biləcəyi üzərində düşünməyə dəyər.
Brüssel-Bakı xətti: əməkdaşlığın əsas mərhələləri
Bunlar Qərbin aparıcı dövlətlərinin yeritdiyi xarici siyasətdə ortaq bir meyilin mövcud olduğunu deməyə əsas verir. O cümlədən, Avropa İttifaqının geosiyasi kursunda yeni elementlərin varlığından bəhs etmək olar. Aİ-Azərbaycan münasibətlərinə də qlobal geosiyasi trendlərin Avropa dövlətlərinin xarici siyasətinə proyeksiyalaşmış incəlikləri aspektində yanaşmaq daha doğru olardı.
Əvvəlcə onu vurğulayaq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr bir neçə mərhələdən keçib. Onlar 1992-1998, 1999-2003, 2004-2008, 2008-2013-cü illəri əhatə edir. Bu 4 mərhələnin hər birinin öz məzmunu, qarşıya qoyduğu məqsədləri və proqramlarının həyata keçirilməsi üsulları olub. 2014-cü ildən isə yeni mərhələ başlayır.
Birinci mərhələdə (1992-1998-ci illər) Azərbaycan üçün əsasən texniki proqramlar hazırlanmışdı. Müxtəlif formalarda ölkəyə maddi-texniki və maliyyə yardımları edilirdi. Burada “MDB ölkələrinə Texniki Yardım” (TACIS) proqramını, “Avropa-Qafqaz-Asiya Trans-Nəqliyyat Dəhlizi” (TRACECA) layihəsini və “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ni (TƏS) qeyd etmək olar. Bu proqramlar Azərbaycanda əsasən iqtisadi islahatların aparılmasına, demokratiya və insan hüquqlarının dəstəklənməsinə və s. xidmət edib.
Həmin mərhələdə məqsəd kimi qarşıda başlıca olaraq Azərbaycanın sosial-iqtisadi, energetik, nəqliyyat və mədəni sahələrdə yeni səviyyəyə keçməsi qoyulmuşdu. Avropa İttifaqı bu proqramlarla bir növ postsovet məkanında hansı ölkələrdə dövlətçiliyin uğurlu alına biləcəyini “test edirdi”. Göstərilən maddi, maliyyə və texniki yardımlar ünvanlı idi. Eyni zamanda, birinci mərhələdə Avropa ilə Qafqaz və Mərkəzi Asiya arasında etibarlı nəqliyyat dəhlizi yaradılması nəzərdə tutulurdu. Bu mərhələdə Azərbaycanda sabitlik yaradıldı, iqtisadi islahatlar həyata keçirildi.
İkinci mərhələ 1999-2003-cü illəri əhatə edir və “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin qüvvəyə minməsi ilə başlayır. Həmin sənəd tərəflər arasında münasibətlərin hüquqi bazasını təşkil edir. Burada siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, sosial, mədəni və başqa sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi əsas məqsədlərdən biri olub. Bu mərhələdə əməkdaşlıq növbəti səviyyəyə qalxıb. Aİ ilə Azərbaycan bərabərhüquqlu tərəfdaşlar kimi əlaqələrini inkişaf etdiriblər.
Həmin dövrdə Aİ-nin fəaliyyətində siyasi və təhlükəsizlik aspektləri üstünlük təşkil etməyə başladı. Bu bağlılıqda təşkilat əməkdaşlıq etdiyi ölkələri üç qrupa böldü. Birinci qrupa Aİ-yə üzv olmaq tələblərini ödəyənlər, ikinciyə üzvlüyə potensial namizədlər, üçüncü qrupa isə “yaxın qonşular” daxil edilmişdi. Göründüyü kimi, Aİ faktiki olaraq tərəfdaşlıq etdiyi dövlətlərə fərqli yanaşırdı. Sonrakı proseslər göstərdi ki, bu, düzgün strategiya deyil. O cümlədən, Azərbaycan-Aİ əlaqələrinin təcrübəsi burada bir çox incəliklərin nəzərə alınması zərurətini ortaya qoydu. Bu, əməkdaşlığın 3-cü və 4-cü mərhələsində özünü daha çox büruzə verməyə başladı.
2004-cü ildə Avropa İttifaqına daha 10 ölkənin üzv olması ilə əlaqədar təşkilat Avropa Qonşuluq Siyasəti (AQS) adlı proqram həyata keçirməyə başladı. Bu sənəd faktiki olaraq qurumun qonşu ölkələrlə əməkdaşlığına yeni məzmun gətirməli idi. Azərbaycan üçün də 3-cü mərhələ 2004-cü ildən başlayır və 2008-ci ilə qədər davam edir. Bu mərhələdə Aİ əməkdaşlıq etdiyi ölkələri fərqli qruplara bölməyin səmərəsiz olduğunu dərk etdi. AQS-ə daxil olan dövlətlərin “üzv ola bilən” və “üzv olmaya bilən” kimi fərqli qiymətləndirilməsi reallıqda süni təsir bağışladı. Aİ potensial olaraq həmin ölkələrin hər birinin təşkilata daxil olmaq imkanının olduğunu nəzərə almağa başladı.
Bu mərhələdə siyasi, inzibati və iqtisadi islahatları bir-birinə uyğun şəkildə aparmaqla Aİ ilə inteqrasiyanı dərinləşdirmək əsas hədəf kimi müəyyənləşdirilmişdi. Burada demokratiya, insan hüquqları və davamlı inkişafın təşviqinə üstünlük verildi. Bunlarla yanaşı, 3-cü mərhələdə enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətinə də xüsusi diqqət yetirilirdi. Bir sıra beynəlxalq layihələrin fəal iştirakçısı olan Azərbaycan həmin məsələnin həllinə öz töhfələrini verdi. Mədəniyyətlər və dinlər arası dialoqun təşkili işində Bakının xüsusi yeri vardı. Bütün bunlar ölkənin Aİ dövlətləri ilə iqtisadi əlaqələrinin və ticarət dövriyyəsinin sürətli inkişafı ilə müşayiət olunurdu.
2009-cu ildə Aİ-nin “Şərq tərəfdaşlığı” təşəbbüsünü qəbul etməsi ilə Azərbaycanla əlaqələrin inkişafında növbəti mərhələ başlandı. Bu, 2009-2013-cü illəri əhatə edir. Onun başlıca xüsusiyyəti “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrlə vahid əməkdaşlıq formatının tətbiq edilməsindədir. Burada əsas hədəflər assosiasiya sazişlərinin bağlanması, azad ticarət zonalarının yaradılması, vizaların tədricən liberallaşdırılması və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində daha dərin əməkdaşlığın həyata keçirilməsindən ibarətdir.
Bu mərhələdə Aİ-Azərbaycan əlaqələrində ciddi irəliləyiş oldu. Demək olar ki, bütün sahələr üzrə tərəflər arasında əməkdaşlıq yeni səviyyəyə qalxdı. Xüsusilə, enerji təhlükəsizliyi sahəsində Azərbaycan nəhəng təşəbbüslərlə çıxış etdi. Təkcə TANAP və TAP layihələrini xatırlamaq kifayətdir. Bu enerji layihələrinə ölkəmiz 50 milyard ABŞ dolları həcmində sərmayə qoymağı planlaşdırır. Artıq bu istiqamətdə konkret addımlar atılır. Hazırda Aİ ticarət və iqtisadiyyat sahələri üzrə Azərbaycanın əsas tərəfdaşıdır. Hətta bir sıra konkret sferalarda Avropa İttifaqı ABŞ, Türkiyə və Rusiyanı da ötüb keçib.
Dördüncü mərhələ əvvəlkilərlə müqayisədə daha çox dramatik proseslərlə yadda qalıb. Məsələ bundadır ki, son bir neçə ildə qlobal geosiyasətə ciddi təsir göstərən hadisələr baş verib. Burada ilk növbədə Ukrayna ətrafında gedən gərgin geosiyasi mübarizəni vurğulamaq lazımdır. Bunun nəticəsində assosiativ üzvlük məsələsində problemlər meydana gəlib. Azərbaycanın da bu məsələ ilə bağlı öz mövqeyi vardır.
Yeni strategiya: əməkdaşlıqda
strateji modernləşmə
modeli
Ölkə Prezidenti İlham Əliyev assosiativ üzvlüyün dəqiq
anlayışının olmadığını
vurğulayıb. Konkret desək, assosiativ
üzvlük bərabərhüquqlu
tərəfdaşlıq prinsipinə
uyğun gəlmir.
Digər
tərəfdən, İlham
Əliyev açıq
bildirib ki, “istənilən inteqrasiya prosesinə əlavə üstünlüklər qazanmaq
üçün getmək
lazımdır”.
Assosiativ üzvlük çərçivəsində
isə məsələnin
bu tərəfi aydın deyil. Həmin səbəbdən
Azərbaycan özü
fərqli əməkdaşlıq
modeli təklif edib. Prezident İlham Əliyev
vurğulayıb ki, strateji tərəfdaşlığı
nəzərdə tutan
proqram maraqlı olardı. Azərbaycan rəhbərinin bu
təklifini Aİ qəbul
edib və bəzi informasiyalara görə, təşkilat
Strateji Modernləşən
Tərəfdaşlıq (SMT) adlı proqram hazırlayır.
Söhbət faktiki olaraq yeni əməkdaşlıq
formatından gedir. Aİ Avropa Qonşuluq Siyasətinə keyfiyyətcə
yeni çalar gətirməli olur. Regionun lider dövləti kimi Azərbaycan bərabərhüquqlu və
strateji olaraq inteqrasiyanı nəzərdə
tutan əməkdaşlığa
üstünlük verir.
Buraya siyasi islahatlar və Aİ-yə uyğunlaşma; təhlükəsizlik
sahəsində əməkdaşlıq
və məsləhətləşmələr;
ticarət və biznes mühiti; enerji, ətraf mühit və nəqliyyat; insanlar arasında əlaqələr
kimi məqamlar daxildir.
Göründüyü kimi, Azərbaycan bir tərəfdən cəmiyyətin bütün
sahələri üzrə
modernləşməni yeni
səviyyəyə qaldırır,
digər tərəfdən
də qlobal geosiyasətin sürətlə
dəyişən dinamikasına
uyğun xarici siyasət yeridir. Bu prosesi rəsmi Bakı tam müstəqil aparır. Hesab edirik ki, indiki mərhələdə
Azərbaycanın Aİ siyasətinin
əsasını bu prinsip təşkil edir.
Bu aspektdə aşağıdakı
fikirlə razılaşmaq
olar: “...Azərbaycan üçün əlverişli
imkanlar vəd edən, amma eyni zamanda, ciddi
təhlükə mənbəyi
olan “coğrafiya, neft və geosiyasət”
amilləri böyük
məharətlə əlaqələndirilərək
biri digərini tamamlayacaq formada vahid strategiya əsasında həyata keçirilmiş, uzunmüddətli
dövr və perspektiv gələcək
üçün hazırlanmışdır
ki, zaman keçdikcə onun bəhrələri daha aydın şəkildə
ölkəmizin beynəlxalq
miqyasda əldə etdiyi uğurlarında və sürətli inkişafında özünü
göstərməkdədir”.
Qlobal geosiyasi
dinamika müstəvisində
Bakının Aİ ilə
strateji modernləşmə
kontekstində əməkdaşlıq
modelinə üstünlük
verməsinin ciddi əhəmiyyəti vardır. Bunu yuxarıda
qısaca təhlil etdiyimiz dünya geosiyasi trendlərinin məzmunu kontekstində aydın görmək mümkündür. Kifayət qədər
mürəkkəb və
ziddiyyətlərlə zəngin
olan geosiyasi mühitdə hansısa təşkilatın təsiri
altına düşmək
xeyli dərəcədə
risklidir. Digər tərəfdən,
böyük güclərin
bir-biri ilə amansız mübarizə apardığı şəraitdə
bu cür seçim səmərəli
nəticələr verməz.
Lakin məsələ bundadır
ki, müstəqilliyini
əldə etmiş ölkənin kənar təsirlərə məruz
qalmaması üçün
uğurlu xarici siyasət kursu qurmaq lazımdır.
Cənubi Qafqazda bunun
öhdəsindən yalnız
Azərbaycan gələ
bilib.
Strateji modernləşmə modeli bütün bunlara görə Azərbaycan-Aİ münasibətlərində növbəti mərhələ ola bilər. Bu modelin nümunə kimi digər ölkələr tərəfindən də qəbul edilməsi mümkündür, çünki müasir dünyanın geosiyasi mühitində müşahidə edilən trendlərin məzmunu təsdiq edir ki, əməkdaşlıqda iqtisadi, energetik, nəqliyyat, mədəni sahələrdə təhlükəsizliyin təmin edilməsinin optimal modeli vacib məsələlərdəndir. Bu istiqamətdə ilk addımı Azərbaycan ata bilib.
Kamal AdıgözƏlov
Yeni Azərbaycan.-2014.- 5 iyun.- S.6.