4 iyun-Gəncə hadisələrindən
21 il ötdü
4 iyun qiyamı milli azadlıq hərəkatının dalğasında hakimiyyətə gəlmiş və böyük əksəriyyəti qeyri-peşəkar, təcrübəsiz insanlardan ibarət olan bir komandanın yürütdüyü siyasətin acınacaqlı nəticəsi idi
1993-cü ilin 4 iyun qiyamından 21 il ötdü. 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş Azərbaycanın müstəqilliyi və bütövlüyü məhz həmin gün təhlükə ilə üzləşmişdi. SSRİ-nin dağılmasının ardından hakimiyyətə yiyələnmiş AXC-“Müsavat” cütlüyünün siyasi səriştəsizliyi ucbatından ölkədə baş alıb gedən özbaşınalıq, xaos, hərc-mərclik hələ yaranmamış, fərdlərin nəzarətində olan ordu hissələrindəki vəziyyətə də sirayət edirdi. Bunun nəticəsi idi ki, həmin silahlı qruplaşmaların əksəriyyəti şəxsi mənafelərə xidmət göstərir, düşmənlə vuruşmaq əvəzinə maddi maraqların əsirinə çevrilirdi. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı isə 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə-Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Belə bir məqamda o zamankı Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. 709-cu briqadanı tərki-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüşün baş verməsi isə ölkənin vətəndaş qarşıdurmasına doğru sürükləndiyinin göstəricisi idi. Hakimiyyətdəki qrupların səriştəsizliyi də bu dramatik sonluğu bir az daha yaxınlaşdırırdı.
Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana idi. Vətənin bu ağır günündə xalq Ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına-müstəqilliyin itirilməsinə yol verilmədi. Məhz Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı.
Həmin hadisələrin canlı şahidlərindən olan Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 1992-ci ildə hakimiyyətə yiyələnən AXC-“Müsavat” cütlüyünün atdığı addımlarla xalqın inamını itirdiyini bildirib. Millət vəkili Ulu öndər Heydər Əliyevin dünyada böyük nüfuza sahib olduğunu və xalqın sevgisini qazandığını deyib: “Ona görə də, həmin hakimiyyət Heydər Əliyevi qəbul etmək istəmirdi və 1992-ci ilin 24 oktyabrında onlar Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Naxçıvanda Daxili İşlər Nazirliyinin binasını, televiziyanı zəbt etdilər, televiziya ilə camaata müraciət etmək istəyirdilər. Baxmayaraq ki, Xalq Cəbhəsinin üzvləri bütün yolları bağlamışdılar, Heydər Əliyevi müdafiə etmək üçün bütün kəndlərdən camaat gəlmişdi. Xalq Heydər Əliyevə sevgisini Onun ətrafında sıx birləşməklə, Ulu öndəri müdafiə etməklə göstərdi. Ulu öndər Heydər Əliyevi hakimiyyətə xalqın sevgisi, iradəsi gətirmişdi”.
1993-cü ilin yayında baş verənləri isə xalqın taleyi ilə oynayan səriştəsiz, qabiliyyətsiz hakimiyyətin dövləti təhlükəyə atması kimi dəyərləndirən millət vəkili dövlətçiliyin xilasının məhz Ulu öndərin gəlişi ilə təmin olunduğunu deyib: “Ulu öndər Heydər Əliyev Bakıya iyunun 9-da gəldi, iyunun 13-də Gəncəyə getdi, orada baş verənləri Öz gözləri ilə gördü və vəziyyəti dəqiq müəyyənləşdirdi, daha sonra müvafiq addımlar atıldı. Heydər Əliyev 15 iyunda Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişindən qurtardı. Buna görə də, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 iyun tarixi həyatımıza Milli Qurtuluş Günü kimi daxil olub. Mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də suveren dövlət olacaqdı. O zaman hakimiyyətdə olanlar bəzən bu bayrama başqa cür yanaşır, deyirlər ki, nədən qurtulduq. Tam məsuliyyətimlə deyirəm ki, məhz onlar Surət Hüseynovun “dar ağacı”ndan qurtuldular. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməklə AXC-“Müsavat” hakimiyyətinin rəhbərlərini S.Hüseynovun “dar ağacı”ndan xilas etdi. Buna görə onlar bütün həyatları boyu Heydər Əliyevə borcludurlar”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da bildirib ki, 21 il öncə baş verən iyun hadisələri tariximizdə vacib yer tutur. Onun sözlərinə görə, SSRİ dağılandan sonra 1991-ci ildə Azərbaycan müstəqil oldu və xalqımızın azadlıq arzuları reallaşdı: “Lakin müstəqilliyin ilk illərində baş verən hadisələr əsrin əvvəllərində olduğu kimi, bu dəfə də dövlətimizin müstəqilliyini sual altında qoymuşdu. 1992-ci ildə hakimiyyətdə olan səriştəsiz adamlar ölkəni idarə edə bilmirdilər. Bu hadisələr fonunda 4 iyunda Gəncədə başlanan hərbi qiyam vətəndaş müharibəsinə çevrilirdi. Digər tərəfdən, Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu. Belə bir şəraitdə xalq Ulu öndər Heydər Əliyevə müraciət edərək Onu hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ulu öndərimiz xalqımızı bütün çətinliklərdən xilas etdi. Ümummilli liderimiz bütün məsələləri sıfırdan başlayaraq müstəqil dövlətimizi qurub yaratdı. Biz müstəqilliyimizin bərpası tarixini 1991-ci ildən qeyd etsək də, əslində, müstəqilliyimizin əsası 1993-cü ildə qoyulub, onun dönməzliyi, əbədiliyi təmin edilib”.
1993-cü ilin iyun hadisələrinin heç zaman yaddaşlardan silinməyəcəyini deyən M.İbrahimqızı xatırladıb ki, tarix sübut edir ki, güclü lideri olmayan dövlət çətinliklərdən xilas olmağa qadir deyil: “Dünyada çox ciddi proseslər baş verir, müəyyən güclər öz maraqları naminə ölkələri dağıdırlar. Ukrayna hadisələri buna sübutdur. Bu hadisələri müşahidə edərkən Heydər Əliyev siyasətinin nə qədər doğru olduğuna bir daha əmin oluruq. Çünki bu siyasət milli maraqlarımıza xidmət edir”.
Məsələ ilə bağlı “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, 4 iyun qiyamı milli azadlıq hərəkatının dalğasında hakimiyyətə gəlmiş və böyük əksəriyyəti qeyri-peşəkar, təcrübəsiz insanlardan ibarət olan bir komandanın yürütdüyü siyasətin acınacaqlı nəticəsi idi. Onun sözlərinə görə, pafos, ritorika və daha bərkdən çığırmaq bacarığı vətənpərvərlik nümunəsi deyil: “Gerçək vətənpərvərlik özünü əməldə büruzə verir. Bu baxımdan, 4 iyun hadisələrini həm də Azərbaycan xalqının düşüncəsinə, dünyagörüşünə ciddi şəkildə təsir göstərən bir hadisə kimi də dəyərləndirmək olar. Surət Hüseynov, Rəhim Qazıyev kimilərdən mif düzəldənlər sonradan öz yaratdıqları miflərin qurbanına çevrildilər və təəssüf ki, həm də Azərbaycanın müstəqilliyini təhlükə altına qoydular. Əgər Ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, qətiyyəti, ekstremal vəziyyətlərdə doğru qərar qəbul etmək bacarığı olmasaydı, şübhəsiz ki, 4 iyun hadisələrinin daha ağır nəticələri ilə qarşı-qarşıya qalmalı olacaqdıq”.
“Lider” televiziyasının aparıcısı Mətanət Ağamirli isə bildirib ki, XX əsrin sonlarında, Azərbaycan müstəqillik qazandığı ilk illərdə çox keçməkeşli yol keçib. Eyni zamanda, bu yolda tariximizə yazılan və heç vaxt unudulmayacaq günlərin də az olmadığını deyən M.Ağamirlinin sözlərinə görə, 1993-cü ilin 4 iyununda Gəncədə baş verən qiyam ölkədə o zaman baş alıb gedən anarxiyanın, qarşıdurmanın göstəricisi idi: “Həmin dövrdə ölkədə yaranan xaos o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti, səbatsızlığı, eyni zamanda, ermənilərin torpaqlarımıza amansız müdaxiləsi vəziyyəti daha da kritikləşdirmişdi. Ölkədə yaranan gərgin vəziyyət fonunda xalqın tələbi ilə respublika rəhbərliyi çıxış yolu kimi o zaman Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyevi Bakıya dəvət eməkdə gördü. Məhz Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycanı öz dövlət müstəqilliyini növbəti dəfə itirmək təhlükəsindən xilas etdi. Ulu öndər Heydər Əliyevin o zaman qarşıdurma vəziyyətində olan ölkədə prosesləri stabilləşdirməsi və Azərbaycanı dağılmaq təhlükəsindən xilas etməsi tariximizdə mühüm yer tutur. Əslində, 4 iyunda baş verənlər nə qədər acı olsa da, ondan sonra cərəyan edən siyasi proseslər, 15 iyunda Ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi tariximizdə şərəfli gün kimi qeyd olunur”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 5 iyun.- S.6.