Bu gün su təsərrüfatı
və meliorasiya işçilərinin
peşə bayramıdır
Azərbaycanın su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir
Hazırda öz inkişafına görə Cənubi Qafqaz regionunun liderinə çevrilən Azərbaycanda bütün sahələrin inkişafı dövlətin diqqət mərkəzindədir. Hər bir sahənin təmsilçiləri də öz növbələrində bu diqqət və qayğını hiss etməklə yanaşı, dövlət siyasətinin yerlərdə uğurla reallaşdırılması istiqamətində üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təbii ki, bu sırada su təsərrüfatı və meliorasiya işçiləri də var. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamına əsasən, hər il iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi qeyd olunacaq. Və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 12 mindən artıq işçisi bu il ilk dəfə peşə bayramlarını qeyd etməyə hazırlaşır. Özü də ikiqat sevinclə. Çünki iyunun 11-də “Azərsu” ASC-nin yaradılmasının 10 ili tamam olur. Beləliklə, “Azərsu” ASC-nin çoxminli kollektivini hər iki əlamətdar gün münasibətilə təbrik etməklə yanaşı, ötən 10 ildə bu sahədə görülmüş işlər və qazanılmış uğurlara qısaca nəzər salmaq yerinə düşər.
Ulu öndərin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yarandı
Öncə onu vurğulayaq ki, şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. Öz növbəsində SSRİ dövründə yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemlərinin mərhələli şəkildə həlli istiqamətində addımlar atılıb. Daha doğrusu, Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranıb, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilib. Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə 30 aya görülməli işlər 12 aya başa çatdırılıb və 1970-ci ilin 27 sentyabrında istifadəyə verilib. Kəmərin istismara verilməsi ilə bağlı keçirilmiş mərasimdə Ulu öndər bu layihənin tarixi əhəmiyyətini xüsusi qeyd etmişdir: “Əgər bu gün Kür suyu Bakıya axırsa, bu, böyük sevinc və səadət bayramıdır, bunu təmin etmiş adamların hamısı isə nəcib hünər göstərmişdir. Kür su kəmərinin birinci növbəsinin, gələcəkdə isə bütün kompleksinin işə salınması Bakı, Sumqayıt şəhərlərində və bütün Abşeronda əhalinin və xalq təsərrüfatının suya artan tələbatının ödənilməsində, sözsüz, böyük rol oynayacaqdır”.
Ulu öndərin xeyir-duası ilə 1980-ci ildə tikintisinə başlanmış Kür su kəmərləri sisteminin ikinci növbəsi isə 1988-ci ildə təhvil verilib. Beləliklə, bu layihənin hesabına Bakıdakı yeni yaşayış massivlərinin su təchizatı təmin edilib. Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da Ümummilli liderin adı ilə bağlıdır. Belə ki, məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib.
Paytaxt Bakının tullantı infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük kanalizasiya” layihəsinin işlənib hazırlanması və reallaşdırılması da 1970-1980-ci illərə təsadüf edir. Bir sözlə, ölkəmizin əksər şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya infrastruktunun yaradılması Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin illərdə bölgələrdə yeni su mənbələri yaradılıb, su anbarları, su və kanalizasiya xətləri, nasos stansiyaları tikilib.
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi Ulu öndər Heydər Əliyevdir
Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra da içməli su təchizatının yaxşılaşdırılmasını diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən dərhal sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı danışıqlara başlandı. Danışıqların nəticəsi olaraq Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. Bu, nəinki Azərbaycanda, hətta postsovet məkanında infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan alınmış ilk böyük məbləğli kredit idi. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. Eyni zamanda, Bakı şəhərinin su təchizatının dayanıqlılığını təmin etmək üçün mərkəzi nasos stansiyalarında reabilitasiya tədbirləri görüldü.
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də Ulu öndər Heydər Əliyevdir. Məhz Onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı.
Prezident İlham Əliyev bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir
Öz növbəsində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. Dövlət başçısının 2004-cü ilin 11 iyununda imzaladığı Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncama əsasən, buna qədər sərbəst qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin Bakı kanalizasiya istehsalat birliyinin əsasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bununla da içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırıldı.
Ulu öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin aktiv tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirildi. Prezident İlham Əliyev bir neçə dəfə tikinti sahələrinə səfər edərək inşaat işlərini şəxsən nəzarətdə saxladı. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı və yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırıldı. Bu kəmərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev demişdir: “Biz bundan sonra da çalışacağıq ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək. Oğuz-Qəbələ-Bakı su kəməri bunu çox açıq-aydın göstərir. Bu, bir daha demək istəyirəm ki, böyük maliyyə vəsaiti, böyük texniki peşəkarlıq tələb edən layihədir. Biz indiyədək bu ölçüdə, bu həcmdə su kəmərləri tikməmişik. Ancaq bu gün biz bunu uğurla həyata keçirə bilmişik”.
Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 4-də 3-dən çoxu fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.
“Azərsu” ASC üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır
Beləliklə, 10 il əvvəl yaradılan “Azərsu” ASC üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Məsələn, “Azərsu” ASC yaranandan sonra Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli bir layihə-Hövsan Aerasiya Stansiyasının yenidən qurulması layihəsi reallaşdırılıb. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikilib, istifadə müddəti tamamlanmış avadanlıqlar yeniləri ilə əvəz olunub. Nəticədə stansiyasının məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı suların bioloji təmizlənməsi prosesi avtomatlaşdırılıb. Layihənin tərkib hissəsi olaraq Zığ kanalizasiya nasos stansiyası yenidən qurulub və yeni təzyiqli kanalizasiya xətləri inşa olunub.
Eyni zamanda, regionların 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı, Bakı şəhəri və onun qəsəbələrinin 2011-2013 və 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafı, həmçinin, 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı geniş miqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi reallaşdırılıb.
Proqramların icrası ilə əlaqədar Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə 2035-ci hədəf ilinə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. 18 bölmədən ibarət sənəd işlənərkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı nəzərə alınmaqla su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı suların təkrar istifadəsi, ekoloji tarazılıq və digər amillər əsas götürülüb. Sənədə əsasən, Abşeron yarımadasında 550 km uzunluğunda magistral, 8100 km paylayıcı su xətləri, həcmi 1150 min kubmetr olan su anbarları, 150 km tunel tipli kanalizasiya kollektorları, 680 km kanalizasiya kollektorları, 6400 km kanalizasiya, 3400 km yağış kanalizasiya şəbəkəsi, 900 km yağış kollektorları və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu layihələndirilib.
Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu, həmçinin, layihənin tərkib hissəsi olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin istismara verilməsi ilə Abşeron yarımadasının su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Unikallığı ilə seçilən bu layihənin icrası nəticəsində yarımadanın şərq hisəsində mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan qəsəbələrin və yeni salınmış yaşayış massivlərinin su problemi birdəfəlik həll ediləcək. 2013-cü ildə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəmərinin Qala qəsəbəsinə qədər olan hissəsinin inşası tarixən yeraltı və daşınan sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri, həmçinin, Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərinin su təminatını ciddi şəkildə yaxşılaşdırıb.
Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində su təminatı zəif olan ərazilər əsas götürülməklə 1340 km uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan su anbarları tikilib. Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan “69 Şərq” və “110 Şərq” anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.
Ölkə başçısının əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq 900-dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulub, hər bir mənzil smart-kart tipli sayğacla təmin edilib. Görülən işlər nəticəsində həmin binaların su təminatı yaxşılaşıb, stabil hidravlik rejim təmin edilib, dəqiq uçot qurulub, zirzəmilərə axan suların qarşısı tam alınıb.
Proqramın icrası müddətində Abşeron yarımadasının yaşayış məntəqələrində 195 min smart-kart tipli sayğac quraşdırılıb. Məişətdə və sənayedə istifadə olunan su sayğaclarının kalibrlənməsi və təmiri məqsədilə inşa olunan su sayğaclarının sınağı laboratoriyasının tikintisi yekunlaşmaq üzrədir.
Beləliklə, son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılıb. Bununla da paytaxtda xidmət göstərilən əhalinin 78 faizi fasiləsiz içməli su ilə təmin olunub.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Beynəlxalq maliyyə qurumlaının krediti hesabına 13, dövlət büdcəsi vəsaiti hesabına isə 11 şəhərdə infrastruktur yenidən qurulur. Bu layihələr 350-dən artıq kəndin su probleminin həllini də nəzərdə tutur. Layihələrin icrasını daim diqqətdə saxlayan dövlət başçısı bəzi şəhərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib. Dövlət başçısının diqqət və qayğısı nəticəsində işlər sürətlə və keyfiyyətlə aparılıb.
İçməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış Şirvan-Muğan qrup su kəmərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu layihədən 5 şəhər və 121 kəndin 470 min sakini faydalanacaq. Oğuz-Qəbələ-Bakı kəməri ilə Abşeron yarımadasına saniyədə 5 kubmetr suyun nəqli imkan verib ki, Kür Təmizləyici Qurğular Kompleksində emal olunan suyun bir qismi Muğan istiqamətinə yönəldilsin. “Azərsu” ASC-nin əməkdaşlarının əzmkarlığı nəticəsində 107 km uzunluğunda Hacıqabul-Biləsuvar kəməri 1 il ərzində tikilərək istismara verilib. Bu gün Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri bu mənbədən su alır.
Növbəti mərhələdə Salyan və Neftçala şəhərlərinin, həmçinin kəndlərin Şirvan-Muğan qrup su kəmərinə qoşulması təmin olunacaq. Bununla yanaşı Kür Təmizləyici Qurğular Kompleksindən Saatlı və Sabirabad şəhərlərinə 65 kilometr uzunluğunda yeni kəmərin inşası davam etdirilir. Bu layihə magistral kəmər boyu yerləşən 42 kəndi də əhatə edəcək.
Mərkəzi Aran bölgəsinin su azlığından əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyi son illər reallaşdırılmış ən böyük infrastruktur layihələrindəndir. Layihə çərçivəsində Girdmançayın yatağında suqəbuledici qurğu, anbar kompleksi tikilib, Zərdab şəhərinə 72, Kürdəmir şəhərinə 27, Ucar şəhərinə 57, Ağsu şəhərinə isə 15 km uzunluğunda magistral kəmər çəkilib. Hər 4 şəhərə yeni mənbədən suyun verilməsi təmin edilib, Zərdab və Kürdəmir şəhərlərinə suyun verilməsi mərasimlərində ölkə başçısı iştirak edib. İşlər tam başa çatandan sonra ətraf kəndlərin əhalisi də daxil olmaqla ümumilikdə 170 min nəfər bu layihədən faydalanacaq.
“Azərsu” ASC şəhər və rayon mərkəzləri ilə yanaşı su qıtlığı müşahidə olunan kəndlərin problemlərinin həlli istiqamətində də xeyli iş görüb. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq kəndlərdə 690 kilometr su xətti quraşdırılıb, 36 su anbarı tikilib, 135 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də layihələr həyata keçirilib. Hazırda Masallı rayonunun Muğan bölgəsinin ciddi su problemi olan 23, Yardımlı rayonunun isə 17 yaşayış məntəqəsinin su təminatı layihələri icra edilir.
Statistikaya nəzər salsaq, görərik ki, son 10 ildə “Azərsu” ASC tərəfindən regionlarda 3430 km su, 1225 km kanalizasiya xətti, 96 su anbarı 39 su və kanalizasiya-nasos stansiyaları tikilib. Nəticə etibarı ilə regionlarda fasiləsiz su alanların xüsusi çəkisi 2 dəfədən çox artaraq 55 faizə çatdırılıb.
Su təchizatı sahəsində aparılan böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bu baxımdan, yeni Mərkəzi Laboratoriyanın yaradılması xüsusilə vurğulanmalıdır. Açılışında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirak etdiyi laboratoriyada quraşdırılmış müasir avadanlıqların köməyi ilə içməli suyun 84, tullantı sularının 54 olmaqla 138 parametrini təyin etmək mümkündür.
İnfrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin yenidən qurulması zamanı SCADA sisteminin tətbiqinə başlanılıb. Bu sistem infrastrukturun vahid mərkəzdən idarə olunmasını təmin etməklə, suyun mənbədən istehlakçıya ötürülməsini onlayn rejimdə tənzimləməyə imkan verir. Eyni zamanda, Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində fundamental işlər görülüb.
Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən “Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması tədbirlərində də fəal iştirak edir. Cəmiyyətə məxsus müəssisə və təşkilatların, anbar və digər qurğuların ərazisində yaşıllaşdırma tədbirləri həyata keçirilir. Təkcə son 3 ildə bu tədbirlər çərçivəsində 220 mindən artıq müxtəlif növ ağac, bundan başqa kol və bəzək bitkiləri əkilib.
Beynəlxalq əlaqələrini genişləndirən “Azərsu” ASC ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. Cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə Bakıda ilk dəfə ixtisaslaşmış Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirilib. Prezident İlham Əliyevin ziyarət etdiyi debüt sərgisində 23 ölkədən 70-dən çox şirkətin təmsil olunması tədbirə marağın böyük olmasından xəbər verir. Sərgi ilə paralel təşkil olunmuş konfransa dünyanın tanınmış elm adamları, Dünya Su Şurasının, 7-ci Dünya Su Forumunun, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri qatılıb. Bütün bunlar isə Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi-konfransının artıq beynəlxalq brendə çevrildiyini təsdiqləyir.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycanın su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, içməli su təchizatı və kanalizasiya xidmətləri sahəsində fəaliyyət göstərən vahid qurum olaraq “Azərsu” ASC bu sahədəki dövlət siyasətini, həmçinin, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrini uğurla yerinə yetirir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2014.- 5 iyun.- S.7.