Azərbaycan-Litva münasibətləri
uğurla inkişaf edir
İki ölkə arasında əlaqələr qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulub
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Energetika Nazirliyində Litva Respublikasının energetika naziri Yaroslav Neveroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə energetika naziri Natiq Əliyev Azərbaycanın Litva ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini, münasibətlərin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğunu deyib. Nazir hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Energetika naziri Azərbaycanın Litva, o cümlədən Avropa İttifaqı üçün mühüm ölkə, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.
O, Litva nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirib və bunun iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə edib.
Litva Respublikasının energetika naziri Yaroslav Neveroviç Azərbaycanda müşahidə etdiyi inkişafın onda xoş təəssürat yaratdığını deyib, ölkəmizə səfərindən məmnunluğunu bildirib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu vurğulayıb.
Qonaq Litva iqtisadiyyatı barədə məlumat verib, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Litvanın energetika naziri hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətlərini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də energetika sektorunda əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə Litva arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, Litva Respublikası Avroatlantik məkana inteqrasiya siyasəti yürüdən Azərbaycanın sıx əlaqələrə malik olduğu dövlətlərdən biridir. İki ölkə arasındakı əlaqələrin mövcud durumuna nəzər salmaq, perspektivləri dəyərləndirmək və atılacaq addımları müəyyənləşdirmək üçün mütəmadi görüşlər, tədbirlər keçirilir.
Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 20-də tanıyan Litva ölkəmizin müstəqillik yolunu dəstəkləyən ilk dövlətlərdən biridir. İki dövlət arasında diplomatik münasibətlər isə 1995-ci ilin noyabr ayında qurulub. Litva Respublikasının Azərbaycandakı səfirliyi 3 aprel 2007-ci il tarixindən fəaliyyətə başlayıb, Azərbaycan Respublikasının Litvadakı səfirliyi isə 2007-ci ilin sentyabr ayında açılıb. Bundan əlavə, iki ölkə arasında prezidentlər səviyyəsində dəfələrlə görüşlər baş tutub, qarşılıqlı səfərlər təşkil olunub. İlk belə səfərlərdən biri kimi, 2006-cı il 8-9 iyun tarixlərində Litva Respublikasının keçmiş prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfərini qeyd etmək olar. Prezident İlham Əliyevin isə 2007-ci ildə bu ölkəyə iki səfəri baş tutub. Dövlət başçıları səviyyəsində səfərlər sonrakı illərdə də davam edib.
Litva ilə Azərbaycan arasında siyasi dialoq çox fəaldır və müxtəlif səviyyələrdə inkişaf edir. Bunun təsdiqi olaraq 2013-cü ildə Litvanın Baş naziri və xarici işlər nazirinin Azərbaycana səfərini qeyd etmək olar. Bu, o deməkdir ki, qarşılıqlı münasibətlərin inkişafı hər iki ölkənin maraq dairəsindədir.
Eyni zamanda, Azərbaycan-Litva münasibətləri hökumətlərarası və parlamentlərarası səviyyələrdə də inkişaf edir. 2011-ci ildə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 20 yanvar 2009-cu ildə isə Litva Seymində 21 deputatdan ibarət Litva-Azərbaycan Parlamentlərarası dostluq qrupu fəaliyyətə başlayıb. Həmçinin, Azərbaycan Respublikası ilə Litva Respublikası arasında 30-dan artıq sənəd imzalanıb. Bunlarla yanaşı, ölkələrarası münasibətlər çoxtərəfli əməkdaşlıq çərçivəsində, xüsusilə, Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində də inkişaf edir. Litvanın Aİ-dəki rolu bu ölkə ilə əməkdaşlığı Azərbaycan üçün maraqlı edən faktorlardan biridir. Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpasıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpasına münasibətdə ölkələrin tutduğu mövqe onların Azərbaycanla münasibətlərinə təsir edən amildir. Bu nöqteyi-nəzərdən, Litvanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması Azərbaycan üçün önəm daşıyır. Litvanın Xarici İşlər Nazirliyindən bununla bağlı mətbuata bildirilib ki, Cənubi Qafqazda dondurulmuş münaqişələr bu regionun inkişafına mane olur: “Regionda sabitlik və təhlükəsizlik böyük bir problemə çevrilmişdir. Litva ATƏT-də sədrlik edən dövrdə bizim məqsədimiz Cənubi Qafqaz regionunda münaqişələrin tənzimlənməsinə kömək etməkdən ibarət idi”.
Litva rəsmiləri hesab edir ki, Aİ ilə üç Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin möhkəmlənməsi həm islahatlar və demokratikləşmə prosesinə müsbət töhfə verir, həm də münaqişələrin tənzimlənməsi üçün yeni imkanlar yaradır və regionda sabitliyi möhkəmləndirir. Rəsmi Vilnüsdə belə hesab edirlər ki, Avropa İttifaqı icmalar səviyyəsində dialoqa şərait yaratmaqla, etimad tədbirlərindən daha səmərəli istifadə edilməsi yolu ilə bu prosesdə iştirak edə bilər. Litva ATƏT-in Minsk qrupunun danışıqlar aparmaq səylərini dəstəkləyir, tərəflərin mövqelərini yaxınlaşdırmağa, münaqişənin tənzimlənməsinin dinc və davamlı həllini tapmağa çalışır.
Qeyd edək ki, rəsmi Vilnüs qarşılıqlı əlaqələrin müxtəlif sferalarda, xüsusən də iqtisadi sahədə dərinləşdirilməsinə maraq göstərir. Xatırladaq ki, Litvanın xarici işlər naziri Linas Linkeviçius AzərTAc-a müsahibəsində bildirib ki, Litva ilə Azərbaycan arasında çox sıx dostluq əlaqələri yaranıb. Litva Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın fəaliyyəti iki ölkə arasında əməkdaşlıq üçün, o cümlədən, iqtisadi münasibətlər və ortaq iqtisadi maraqlar üçün çox vacibdir. Təsadüfi deyil ki, Azərbaycan ilə Litva energetika, sənaye, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, turizm, təhsil və başqa sahələrdə bu tərəfdaşlığın nəticələrinin ilbəil yaxşılaşmasına nail olur.
Eyni zamanda, iqtisadiyyat və biznes sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların yaradılmasına da ehtiyac var. Litva şirkətləri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün uğurlu tətbiq sahələri tapırlar. “Bizim informasiya texnologiyaları müəssisələrimiz Azərbaycanda maliyyə, mobil texnologiyalar, tədqiqatlar və digər sektorlarda öz həllərini artıq indi uğurla tətbiq edirlər. Lakin işgüzar münasibətlərin bütün potensialından istifadə edilmir. Litva Azərbaycandan daha çox sərmayə almaq istərdi” - deyə, Litvanın xarici işlər naziri bildirib. Nazirin sözlərinin təsdiqi olaraq xatırladaq ki, 2013-cü ildə Vilnüsdə Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İclasda çıxış edən komissiya həmsədrləri - Litvanın xarici işlər naziri Linas Linkeviçius və Azərbaycanın vergilər naziri Fazil Məmmədov Litva ilə Azərbaycan arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsində komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək, müasir dövrdə iki ölkənin iqtisadi tərəqqisi, dövlətlərin ikitərəfli iqtisadi münasibətlərinin vəziyyəti və perspektivlərini qeyd edərək, qarşılıqlı ticarət imkanlarının inkişafı və diversifikasiyası üçün səy göstərilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyinin nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Hazırda isə qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənir.
Komissiya iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, iqtisadi vəziyyət və ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişaf perspektivləri, sənaye və energetika, kənd təsərrüfatı, gənclər və idman, mədəniyyət və turizm, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib. Komissiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib. Müzakirələrdən sonra Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın 3-cü iclasının protokolu imzalanıb.
İki ölkə münasibətlərinin inkişaf tempi 2014-cü ildə də sürətlə davam edir. Belə ki, fevral ayının əvvəlində Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov Litva Baş nazirinin müşaviri xanım İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyi, respublikamızla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb.
Görüşdə, eləcə də, Azərbaycan və Litva arasında qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanların olduğu diqqətə çatdırılıb, iki ölkə arasında indiyədək biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyi qeyd edilib və iş adamları arasında mövcud əlaqələrin genişlənməsinin münasibətlərin inkişafına müsbət töhfə verəcəyi bildirilib.
Öz növbəsində Litva Baş nazirinin müşaviri İrina Urbonaviçuten ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu vurğulayıb. İ.Urbonaviçuten, həmçinin, Litva iqtisadiyyatı barədə məlumat verərək, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Qonaq iqtisadi münasibətlərin inkişafı istiqamətlərini vurğulayıb və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.
Qeyd etməliyik ki, Litva və Azərbaycan təkcə siyasi və iqtisadi səviyyədə əməkdaşlıq etmir. İki ölkə arasında mədəniyyət, təhsil, elm sahələrində də münasibətlər inkişaf edir. Hər iki ölkədə həm azərbaycanlı, həm də litvalı rəssamların sərgiləri, ifaçıların konsertləri təşkil edilir. Bu, xalqların bir-birinin mədəniyyətinə daha yaxından bələd olması, o cümlədən qarşılıqlı maraqlar əsasında reallaşdırılan mədəni inteqrasiya baxımından olduqca mühüm məqamdır. Təhsil sahəsinə gəldikdə, burada da əməkdaşlıq səmərəli qurulub. Azərbaycan və Litva tələbələrinin iki ölkənin universitetlərində təhsilini davam etdirməsi üçün yeni imkanlar yaranır. 2011-2012-ci tədris ilində Litva universitetlərində 100-dən çox Azərbaycandan gələn tələbə təhsil alıb.
Litvanın Azərbaycandakı səfirliyinin məlumatına görə, hər il Azərbaycandan Litvaya səfər edənlərin sayı artır. Statistikaya əsasən, 2011-ci illə müqayisədə 2012-ci ildə Litvaya səfər edən turistlərin sayında 76 faiz artım qeydə alınıb. 2013-cü ildə isə müvafiq göstərici 55 faiz artıb. Bir sözlə, yuxarıda sadalananlardan da göründüyü kimi, Azərbaycan-Litva münasibətləri ən müxtəlif sahələrdə qarşılıqlı maraqlar əsasında inkişaf edir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 5 iyun.- S.8.