Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli və prinsipial mövqe sərgiləyir

 

Prezident İlham Əliyev: Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət qismində çıxış edir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağaya pozmağa cəhd göstərir.

Tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz!

Vurğulamaq gərəkdir ki, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Amma bir çox hallarda Azərbaycana ikili standartlarla yanaşılır. Xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli məsələsində beynəlxalq təşkilatlar laqeydlik nümayiş etdirir, hüquq və ədalətdən kənar yanaşmaya istinad edirlər. Hətta bir sıra regionlarda baş verən separatizmi qınaq obyektinə çevirsələr də, qondarma “Dağlıq Qarabağ respublikası”nın bölücülük əməllərinə, qeyri-qanuni fəaliyyətinə qarşı heç bir reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir.

Belə olan halda, Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Başqa sözlə, ikili standartlar Ermənistanı neqativ kontekstdə ruhlandırır. Bunun nəticəsidir ki, işğalçı Ermənistan ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratını təyin edərək Ermənistan dövləti yaradıblar.

Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək. 28 May-Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı nitqində Prezident İlham Əliyev məsələ ilə əlaqədar qeyd edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək: “Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcəkdir”.

Azərbaycan diplomatik cəbhədə ciddi nailiyyətlər əldə edib

Qeyd etmək yerinə düşər ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinibir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin, xüsusilə də, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosialiqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib.

O da qeyd edilməlidir ki, Azərbaycan öz qətiyyətli mövqeyiprinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə edib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.

Başqa sözlə, Azərbaycanın diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi böhranın dərinləşməsini şərtləndirib. Bu faktı Prezident İlham Əliyev də çıxışında vurğulayıb: “Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaqdır. Ona görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə bu ölkənin taleyi çox qaranlıq olacaqdır.

Biz isə öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq. Orduya daha da böyük dəstək veriləcəkdir, daha da böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və bölgədə gedən proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin əsasıdır”.

Azərbaycanın növbəti diplomatik qələbəsi və Sarkisyanın acizliyi

Azəbaycanın qətiyyətli mövqeyininrasional diplomatiyasının növbəti nəticəsi bu yaxınlarda müşahidə olundu. Bəlli olduğu kimi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Ermənistanın Gömrük İttifaqına qoşulacağı təqdirdə BMT-nin rəsmən tanınmış sərhədlərlə bağlı prinsiplərinə riayət olunmasının əhəmiyyətini qeyd edib: “Əgər bütün ticari məsələlər həll olunarsa, onda Ermənistanın lideri bir məsələni həll etməlidir ki, siz Gömrük İttifaqına Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində daxil olursunuz”.

N.Nazarbayev daha sonra vurğulayıb ki, Qazaxıstan Ermənistanın Gömrük İttifaqına qoşulması haqqında “yol xəritəsi”ni imzalamağa hazırdır. Amma xüsusi rəylə: “Çünki Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri haqqında məsələ aydınlaşma tələb edir. Ermənistan üzrə “yol xəritəsi” ümumilikdə razılaşdırılıb, güman edirəm ki, onu qəbul etmək mümkündür. Bununla yanaşı, Gömrük İttifaqının Ermənistandan keçəcək sərhədi barədə məsələ Dağlıq Qarabağ problemi ilə əlaqədar açıq qalır. Ona görə də, biz həmkarlarımızla birlikdə “yol xəritəsi”ni imzalayacağıq. Lakin sənədə əlavə olunacaq xüsusi rəylə”.

“Azərbaycan tərəfi üç ölkənin prezidentlərinə belə bir tələblə müraciət edib ki, Ermənistan Gömrük İttifaqına bir şərtlə daxil ola bilər ki, Dünya Ticarət Təşkilatının və Gömrük İttifaqının əsasnamələri ölkənin beynəlxalq qanunlarla nəzərdə tutulmuş sərhədləri daxilində qüvvədə olacaqdır” - deyə, Nursultan Nazarbayev bildirib.

Bunun ardınca isə Ermənistan prezidenti Serj Sarkisyan özünün Respublika Partiyasının gənclər təşkilatının Tsakadzorda keçirilən toplantısında çıxışı zamanı “Kim demişdi ki, biz Gömrük İttifaqına Qarabağla birlikdə girəcəyik? Belə şey olmayıb və ola da bilməz” deyib. Əslində, Ermənistan prezidentinin bu bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsi və Sarkisyanın acizliyinə dəlalət edir. Beləliklə görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası və qətiyyətli xarici siyasət kursu Ermənistanın həm regional miqyasda iqtisadi baxımdan təcrid olunmasını, həm də dünya ictimaiyyətinin bu dövlətə qarşı haqlı tələblər irəli sürərək prinsipial mövqe tutmasını şərtləndirib.

ATƏT-in Minsk qrupu işğalçıya qarşı təzyiqi artırmalıdır

Amma hələ ki, bütün bunlar münaqişənin həlli istiqamətində yekun nəticənin əldə olunması-Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün kifayət etmir. Məhz buna görə də münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı, eyni zamanda, Ermənistana qarşı xüsusi təzyiq mexanizmindən və vasitələrindən istifadə etməlidir. Bu danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər.

Nəticə etibarilə, müasir beynəlxalq münasibətlər sistemidünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, həmçinin, bu qurumlarda təmsil olunan güc mərkəzləri (aparıcı milli dövlətlər nəzərdə tutulur- N.Q.) münaqişənin həlli ilə bağlı imperativoperativ səciyyəli tədbirlər görməlidirlər. Məsələn, BMT bundan öncə qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı daha effektiv islahedici metodlara istinad etməli və prinsipial mövqe sərgiləməlidir.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional təhlükəsizliyə ciddi təhdid kimi

Digər bir məqam isə budur ki, dünya ictimaiyyəti, xüsusilə də, müvafiq beynəlxalq təşkilatlar nəzərə almalıdırlar ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir. Qeyd etmək lazımdır ki, mövcud vəziyyət regional təhlükəsizliyə təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl olur. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 7 iyun.- S.2.