Yeniliklər Azərbaycan vətəndaşlığının
əhəmiyyətini, dəyərini daha da yüksəldir
Mübariz Qurbanlı: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklər zəruridir
Məlum olduğu kimi, Milli Məclisin mayın 30-da keçirilən iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər qəbul edilib. Hazırda bu məsələ ictimaiyyətdə geniş müzakirə mövzusudur. Bəzi şəxslər isə sənədə edilmiş yeniliklərin mahiyyətini təhrif etməyə çalışırlar. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının mövqeyini öyrəndik. M.Qurbanlı qanunvericilikdə Azərbaycan vətəndaşlığına yüksək dəyər verildiyini bildirib:
- Azərbaycan Respublikasında vətəndaşlıq məsələləri Konstitusiyamızda öz əksini tapıb. Konstitusiyanın 52-ci və 53-cü maddələrində bu məsələlər əhatə olunub. Hamıya bəllidir ki, Konstitusiyadan irəli gələn normalara uyğun olaraq qanunlar qəbul olunur. Bilirsiniz ki, Konstitusiyamızın maddələrinin üçdə biri insan hüquq və azadlıqları ilə bağlıdır. Bu baxımdan, ölkəmizdə vətəndaşlıq məsələləri “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunla tənzimlənir.
Milli Məclis sözügedən qanuna əlavə və dəyişikliklər edib. Bununla bağlı mətbuatda müxtəlif fikirlər səslənir. Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycan Konstitusiyası və qanunları ikili vətəndaşlığı qəbul etmir. Dünyanın bir çox ölkələrində yalnız bir vətəndaşlıq üstünlük təşkil edir. Bəzi ölkələr var ki, orada ikili vətəndaşlıq var, hətta daha çox. Amma Azərbaycan ikili vətəndaşlığı qəbul etməyən ölkələr sırasındadır. Bunun isə insan haqları ilə bağlı heç bir əlaqəsi yoxdur. Yəni, dövlət özü vətəndaşlıq məsələlərini müəyyənləşdirir. Bir çox ölkələrdə vətəndaşlıq almaq həddindən artıq çətindir. Məsələn, ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirliyində vətəndaşlıq almaq çətindir. Biz müstəqilliyin 22 ilini arxada qoymuşuq, hazırda dövlətimizin inkişafı üçün böyük işlər görülür. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial, siyasi və iqtisadi xətt bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan bölgədə lider dövlət olub, iqtisadi potensialını gücləndirib. Bütün bunlara paralel olaraq, Azərbaycan vətəndaşlarının mövqeləri möhkəmlənib. Azərbaycan vətəndaşı olmaq hər birimiz üçün şərəfdir. Xalq şairi Məmməd Araz deyib ki, “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”. Göründüyü kimi, şair Azərbaycan vətəndaşı olmağının dəyərini necə gözəl təsvir edib. Azərbaycan Konstitusiyası vətəndaşın dövlət tərəfindən himayə olunduğunu təsbit edir. Hər bir vətəndaş harda olmasından asılı olmayaraq, Azərbaycan dövlətinin himayəsini öz üzərində hiss edir. Xaricdə vətəndaşımız hansısa problemlə üzləşirsə, bizim diplomatik nümayəndəliklərimiz vasitəsilə kömək alır.
- Bu qanunda həmin yeniliklərin olunmasını zəruri edən amillər nədən ibarətdir?
- Məlumdur ki, Azərbaycan vətəndaşı olmaq istəyən əcnəbilər də var. Azərbaycan varlı, inkişaf edən ölkədir. Burada xeyli sayda əcnəbilər yaşayıb işləyir və onların da arasında vətəndaşımız olmaq istəyənlər var. Azərbaycanda miqrasiya ilə bağlı dövlət qurumu fəaliyyət göstərir və bu məsələləri tənzimləyir. Eyni zamanda, bizim də vətəndaşlarımız var ki, ayrı-ayrı ölkələrə gedərək həmin ölkələrdə müxtəlif sahələrdə çalışır və çalışdığı ölkənin vətəndaşı olmaq üçün müraciət edir. Bəzi ölkələr var ki, vətəndaşlıq məsələsinə çox yumşaq yanaşır və istənilən şəxsin müraciətini nəzərə alır. Yəni, əcnəbiləri öz vətəndaşlığına asan qəbul edən ölkələr də var. Belə vəziyyətdən də kimlərsə istifadə etməyə çalışır. Təbii ki, bu cür sadə vətəndaşlıq verən ölkənin başqa məqsədləri ola bilər. Ona görə də, bizim qanunvericiliyimizə müəyyən dəyişikliklərin edilməsi zəruridir. Dəyişikliyə əsasən, hansısa vətəndaşımız başqa ölkənin vətəndaşlığını alırsa bir ay müddətində Azərbaycanın müvafiq qurumlarına məlumat verməlidir. Bu məlumatı verdikdən sonra həmin insan seçim etməlidir. Ya Azərbaycan, ya da o biri ölkənin vətəndaşlığını qəbul etməlidir. Azərbaycanda ikili vətəndaşlıq olmadığına görə, başqa ölkənin vətəndaşlığını alan şəxs avtomatik olaraq Azərbaycan vətəndaşlığını itirir. Seçimi həmin şəxsin özü etməlidir. Yəni, burada kimsə həmin şəxsi vətəndaşlıqdan məhrum etmir. Qanun da vətəndaşlıqdan məhrumetməni qadağan edir. Amma şəxs könüllü şəkildə başqa ölkənin vətəndaşlığını qəbul edirsə, avtomatik olaraq Azərbaycan vətəndaşlığını itirir. Bu çox normal məsələdir və qanunvericiliyə də zidd deyil. Digər bir məqam isə əcnəbilərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi ilə bağlıdır.
Qanunun 12-ci maddəsinin adı və məzmunu dəyişdirilib. Maddənin hazırkı variantına görə, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı sayılmır. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyninin vətəndaşlığı olmayan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.
Eyni zamanda, qanunun 18-ci maddəsinin (Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi) mətni dəyişdirilir. Beləliklə, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün əsas hesab edilə bilər.
Eyni zamanda, nəzərə almalıyıq ki, başqa ölkələrin vətəndaşlığını qəbul edən şəxsin həmin ölkə qarşısında vətəndaş kimi öhdəliyi də olur. Belə bir məqam da qanuna dəyişikliklər zamanı nəzərə alınıb. Bir sözlə, Milli Məclisdə aparılan təhlillərdən sonra bu yeniliklər qəbul edilib. Hesab edirəm ki, yeniliklər Azərbaycan vətəndaşlığının əhəmiyyətini, dəyərini daha da yüksəldir.
- Bu qanun qəbul olunana qədər xarici ölkələrdən vətəndaşlıq almış və ikili vətəndaşlığı olan insanların taleyi necə olacaq? Yeniliklər həmin şəxslərə də şamil olunacaqmı?
- Qanunun geriyə qüvvəsi yoxdur. Ona görə də, həmin şəxslər üçün heç bir problem mövcud deyil. Amma bu insanlar Azərbaycan vətəndaşlığını da saxlayıbsa, təbii ki, müvafiq qurumlara məlumat verməlidirlər. Amma qanun qüvvəyə mindikdən sonra xarici ölkələrin vətəndaşlığını alanlar mütləq müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Əks halda, onları məsuliyyət gözləyir. İkili vətəndaşlığı olmayan ölkələrdə qayda belədir, yəni, bunu təkcə Azərbaycan etmir.
Bilirsiniz ki, Azərbaycan vətəndaşları xarici ölkələrdə müxtəlif sahələrdə çalışırlar. Təbii ki, elm, təhsil sahəsində çalışanlar müqavilə əsasında xaricdə işləyirlər. Eləcə də, biznes və digər fəaliyyətlə məşğul olan vətəndaşlarımız həmin ölkələrdə yaşamaq icazəsi alırlar. Yəni, onların hamısı həmin ölkələrin vətəndaşlığını qəbul etməyib və xaricdə işləmək üçün həmin ölkələrin vətəndaşlığını almaq şərt deyil.
Amma kimlərsə ki, əvvəlki illərdə xarici ölkə vətəndaşlığı alıb və buna paralel olaraq Azərbaycan pasportunu da daşıyırlar, dediyim kimi onlarla bağlı heç bir problem yoxdur. Çünki qanunun geriyə qüvvəsi yoxdur. Eyni zamanda, bu qanuni tələblər onların övladlarına da aiddir. Əgər əvvəllər həmin şəxslərin övladları da başqa ölkənin vətəndaşlığına qəbul olunubsa, yeni qanun onlara tətbiq edilməyəcək. Əgər bundan sonra onlar xarici ölkə vətəndaşlığını qəbul etmək istəyəcəklərsə, qəbul etdiyimiz qanunun tələblərinə əməl etməlidirlər.
- Bu məsələ ilə bağlı konkret hansı dövlət qurumuna məlumat verilməlidir?
- Sözügedən qanuna edilən əlavə və düzəlişlər dövlət başçısı tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Eyni zamanda, qanunun tətbiqi ilə əlaqədar da müvafiq sənədlər qəbul olunacaq. Həmin sənədlərdə konkret olaraq bu məsələ ilə hansı dövlət qurumunun məşğul olacağı göstəriləcək.
- Mübariz müəllim, xarici ölkələrin vətəndaşlığını alan Azərbaycan vətəndaşları bu haqda ölkəmizin müvafiq qurumlarına məlumat verməzlərsə, konkret olaraq hansı məsuliyyəti daşıyacaqlar?
- Hər bir kəs qanunun tələblərinə əməl etməlidir. Əgər əməl etməyəcəklərsə, məsuliyyət daşıyacaqlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər qüvvəyə mindikdən sonra bu məsuliyyəti müəyyən etmək üçün digər qanunlara müvafiq düzəlişlər edəcək. Bu inzibati və ya cinayət məsuliyyəti də ola bilər.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 7 iyun.- S.4.