Milli Qurtuluşdan başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir

 

Milli Məclisin deputatı Ayaz Orucov www.yap.org.az saytına müsahibə verib

- Ayaz müəllim, 15 iyun 1993-cü ildən başlanan yola qısa nəzər salaq. Qurtuluş bu günümüzün reallıqlarını özündə necə əks etdirir?

- Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı durum hər kəsin yaddaşındadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi böhran yaşanırdı. Silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin bir-birinin ardınca işğalına səbəb olurdu. Belə çətin məqamda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması da həmin dövrün səciyyəvi xüsusiyyətlərini, eyni zamanda, həmin tarixdən başlanan Qurtuluşu özündə əks etdirir.

Artıq həmin tarixdən bizi 21 illik zaman fasiləsi ayırır. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək baxımından yaddaşdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqillik yolunda ilk addımını atan Azərbaycanın gələcəyini düzgün müəyyənləşdirən yolu seçdi, dövlətçilik konsepsiyasını hazırladı.

Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əldə olunan uğurlar bir-birini əvəzlədi. Dövlət müstəqilliyimizi möhkəmləndirmək, xarici dövlətlərlə iqtisadi-siyasi münasibətləri yeni müstəvidə inkişaf etdirmək, Ermənistan-Azərbaycan döyüş bölgəsində atəşkəsə nail olmaq, güclü ordu yaratmaq üçün imkanları artırmaq qarşıda dayanan əsas vəzifələr idi ki, bu istiqamətlərdə bir-birindən əhəmiyyətli addımlar atıldı. 1994-cü ilin mayında atəşkəs əldə olundu, həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artması fonunda yeni-yeni layihələr gündəmə gətirildi, Azərbaycan bu layihələrin əsas iştirakçısına və təşəbbüsçüsünə çevrildi. “Əsrin müqaviləsi”nin əsas tərkib hissəsi olan BTC neft kəmərinin marşrutu ətrafında aparılan müzakirələrə, Azərbaycan dövlətinə bununla bağlı təzyiqlərin göstərilməsinə baxmayaraq, Ulu öndər Heydər Əliyev qətiyyət nümayiş etdirərək, BTC marşrutunun seçildiyini bildirdi, bununla da Azərbaycan öz siyasətində müstəqil olduğunu, heç bir ölkənin diktəsi ilə oturub-durmadığını dünyaya nümayiş etdirdi. Qeyd edək ki, Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərdən biri məhz dövlətimizin siyasətində müstəqil olmasıdır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, iqtisadi siyasətində müstəqil olan dövlət müstəqil siyasət həyata keçirə bilər. Azərbaycan bu sahədə nümunə göstərir.

- Uğurlar bir-birini əvəzlədikcə, bu reallıq öz təsdiqini tapdı ki, düzgün qurulan siyasət ölkənin qarşısında geniş imkanlar açır...

- Təbii ki, möhtəşəm, uğurlu başlanğıc gələcəyin də möhtəşəmliyini, uğurların davamlılığını şərtləndirmiş olur. Azərbaycanın bugünkü mənzərəsi keçilən yoldan daha qürurla danışmağa böyük əsas verir. 23 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan bu qısa dövr ərzində böyük uğurları ilə dünyanın diqqətindədir. İqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verən Ulu öndər Heydər Əliyev qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını, səylərin birləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoyaraq, çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar ataraq, bugünkü Azərbaycanın reallıqlarının əsasını qoymuşdur. Sabitlik diyarı kimi tanınan Azərbaycan, eyni zamanda, böyük investisiyalar məkanına çevrildi.

İqtisadi tərəqqi demokratikləşmə prosesinin daha da sürətləndirilməsini təmin etdi. Ümummilli lider Heydər Əliyev demokratiyanı strateji kursumuzun əsas mahiyyəti kimi qəbul edərək, bu istiqamətdə mühüm addımlar atdı. Müstəqil Azərbaycanımızın 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini göstərdi. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyərək əldə etdiyi təcrübə ilə dünyanın diqqətində dayandı. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə örnəkdir.

Beləliklə, Heydər Əliyev yolu Azərbaycan xalqına arzuladığı bütün uğurları bəxş etdi. Azərbaycanın üçrəngli bayrağı dünyanın tanınmış təşkilatlarının qarşısında dalğalanmaqla beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salır. Bu uğurlara yol açan təbii ki, 15 İyun 1993-cü il tarixidir.

- Azərbaycanın uğurlarının bələdçisi olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu necə xarakterizə edərdiniz?

- Azərbaycanın bugünkü uğurlarından bəhs edərkən Yeni Azərbaycan Partiyasının da keçdiyi inkişaf yoluna nəzər salmaq zərurəti duyulur. Çünki YAP-ın tarixi müstəqil Azərbaycanın tarixi kimi dəyərləndirilir. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını dövlətə, xalqa xidmət prinsipi təşkil edir. Məhz bu xəttə sadiqlik partiyaya xalqın sevgisini günbəgün artırır. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” tezisi hər bir dövr üçün aktuallığını qoruyur. Bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirən YAP Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, qələbələr partiyası olduğunu ölkədə keçirilən seçkilərdə uğur qazanmaqla bir daha təsdiqləyir. Partiyanın gələcəyinə inam böyükdür. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi partiyanın fəaliyyətinə hər zaman bələdçilik edir, gələcək prioritetlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev bu tezisin davamı olaraq bildirir ki, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır.

- Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən daha mühüm bir məqama toxunmaq mütləqdir. Ümummilli lider özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli, praqmatik düşüncəli siyasətçi cənab İlham Əliyevə tapşırdı...

- Qeyd etdiyimiz kimi, Azərbaycanın tutduğu bu yol Ulu öndərimizin 21 il əvvəl xilaskarlıq missiyasını üzərinə götürməklə başlanıb. Bu yol Milli Qurtuluş yoludur. Milli Qurtuluşdan başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir. 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdir ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir.

Hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması cənab İlham Əliyevin 2008 və 2013-cü il prezident seçkilərində yenidən qələbəsini şərtləndirdi. Son 10 ilin statistikasına diqqət yetirən hər kəsin gözü qarşısında ölkə rəhbərinin xalq, dövlət, vətən naminə gördüyü böyük işlərin geniş mənzərəsi canlanır.

Qeyd etdiyimiz kimi, əldə olunan uğurlar yeni-yeni vəzifələrə yol açdı. Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, əldə olunan uğurlar bizdə arxayınlıq yaratmamalıdır, daim yeni hədəflərə nail olmaq üçün səy göstərməliyik. 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Nazirlər Kabinetinin ilk iclasındakı çıxışında diqqəti ölkə qarşısında duran qlobal vəzifələrə yönəldərək “Biz hər şeyə müvəffəq olacağıq” söyləmişdir. Gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı üçün böyük işlər görüləcəyini xatırladan Prezident, ilk növbədə, ölkədə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması üçün hamının səfərbər olmasının vacibliyini qeyd etmişdir.

- İnkişafın Azərbaycan modelinin mövcudluğunu şərtləndirən əsas amil bugünkü reallıqlarımızdır. İqtisadiyyatın inkişafında neft amilini önə çəkən Prezident İlham Əliyev şaxələndirmə siyasətinin vacibliyini bəyan etdi. Bu istiqamətdə atılan addımlar barədə fikirlərinizi bilmək istərdik.

- Cənab İlham Əliyevin hələ ölkə Prezidenti seçilməzdən əvvəl dediyi bir fikir Azərbaycanın hansı inkişaf istiqaməti seçəcəyinə aydınlıq gətirmişdir: “Biz neftdən əldə olunan gəlirləri hara gəldi sərf edə bilmərik. Bu pullarla gələcək nəsillər üçün yeni şəhərlər salmaq, yollar salmaq, zavod və fabriklər tikmək, neftlə bağlı olmayan yeni infrastruktur yaratmaq lazımdır. Çünki neft nə vaxtsa tükənir. Həmin proqram bu gün həyata keçirilərsə, gələcək nəsillər neft hasilatından və neftin dünya bazarında qiymətlərindən asılı olmayacaqlar. Beləliklə, neft bizim üçün məqsəd deyil, güclü iqtisadiyyat, güclü infrastruktur yaratmaq vasitəsidir”. Proqram xarakterli bu fikir bu gün reallıqda öz əksini tapıb. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafın dinamikasına görə dünyada ön sıradadır. Bir faktı da qeyd edək ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması nəticəsində Azərbaycan 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranını hiss etmədi. Əksinə iqtisadi inkişafı ilə dünyanın diqqətində dayandı.

Ötən 10 ildə Prezidentin həm andiçmə mərasimlərində, həm ölkə, həm də beynəlxalq tədbirlərdə çıxışlarında Azərbaycanın hərtərəfli inkişafa nail olduğu konkret faktlar, rəqəmlər əsasında diqqətə çatdırılır. Bu illərdə əhalinin sosial vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılması, əməkhaqları və müavinətlərin artırılması, məcburi köçkünlərin çadır düşərgələrindən normal şəraiti olan yeni binalara köçürülməsi, eyni zamanda, ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsi, demokratik ab-havanın beynəlxalq standartlara uyğunlaşdırılması və digər genişmiqyaslı işlərin görülməsi təbii ki, düzgün qurulan siyasətin nəticəsidir. Qlobal enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycana inam gündən-günə artır. Bu gün Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Bu fikir vaxtilə “Əsrin müqaviləsi”nin gerçəkliyə çevrilməsinə şübhə ilə yanaşan daxili və xarici qüvvələr tərəfindən də etiraf olunur ki, enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycan təbii ki, bununla əsl söz sahibi olduğunu təsdiqləyir. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də deyilənlərin təsdiqidir. Bu günlərdə keçirilən XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgi-konfransında Azərbaycanın neft siyasətinin uğurlarından geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirdi ki, gerçəkləşdirilən və icrası nəzərdə tutulan layihələr ölkəmizə investisiya axınını artırır. Ən böyük uğurumuz əldə olunan gəlirlərin xalqın rifah halının yaxşılaşdırılmasına, ölkəmizin inkişafına yönəldilməsidir. Regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün Azərbaycanın hər bir bölgəsi, qəsəbəsi inkişaf dövrünü yaşayır. Quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bir sözlə, bölgələr arasında sağlam rəqabət gedir. Bu gün böyük fəxr hissilə qeyd edirik ki, nəinki paytaxt, bölgələrimiz beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan seçilir. Azərbaycana beynəlxalq baxışın, eyni zamanda, dövlət başçısı İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyətinə yüksək dəyərin fonunda bu reallıq bir daha diqqətə çatdırılır. Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanı uğurlu gələcəyə inamla aparır.

 

Yeni  Azərbaycan.-2014.- 7 iyun.- S.5.