Müstəqil xarici siyasət Azərbaycanı regionun siyasi və iqtisadi mərkəzinə çevirib
Prezident İlham
Əliyev: Biz ikitərəfli formatdan maksimum dərəcədə
fayda götürməliyik. Eyni zamanda, Azərbaycanın
təşəbbüsü ilə artıq bir
neçə üçtərəfli format
da yaradılmışdır
Məlum olduğu kimi, Azərbaycan beynəlxalq aləmdə öz müstəqil siyasət xətti ilə çoxsaylı tərəfdaşlar, böyük nüfuz və hörmət qazanan dövlətdir. Ölkəmizin xarici siyasəti beynəlxalq hüquq normaları, eləcə də, qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, çoxvektorluluq prinsipləri əsasında milli maraqların təmin olunmasına yönəlib. Ölkəmizin qazandığı yüksək beynəlxalq hörmət və mühüm diplomatik uğurlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin nəticəsidir.
Bu siyasətin tərkib hissəsi olaraq, Azərbaycan beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərməklə yanaşı, ikitərəfli və üçtərəfli formatda əlaqələrin qurulmasına böyük diqqət yetirir. İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycan regiondakı bütün dövlətlərlə sıx əməkdaşlıq edir. Xüsusən də, regional əməkdaşlıq sahəsində Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr uğurla icra edilir. İstər enerji, istər nəqliyyat, istərsə də humanitar sahələrdə ölkəmizin təşəbbüsləri regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Real nəticələr də onu göstərir ki, Azərbaycan regionda qarşılıqlı hörmət, faydalılıq əsasında qurulmuş münasibətlərin dərinləşməsinə nail ola bilib.
ƏMƏKDAŞLIĞIN İKİTƏRƏFLİ VƏ ÜÇTƏRƏFLİ FORMATINDAN UĞURLU İSTİFADƏ
Qeyd olunduğu kimi, Azərbaycan xarici siyasətində ikitərəfli və üçtərəfli formatda əməkdaşlıqdan geniş yararlanır. Xatırladaq ki, bu məqamı Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqi zamanı Prezident İlham Əliyev xüsusi vurğulayıb. Azərbaycanın xarici siyasətlə bağlı təşəbbüslərinin gözəl nəticələr verdiyini deyən dövlət başçısı xarici siyasətdə birinci növbədə, ikitərəfli formata üstünlük verildiyini söyləyib: “Mən hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən böyük səmərə verən formatdır. Bütün ölkələrlə bizim yaxşı münasibətlərimiz vardır. Biz çalışırıq, çalışacağıq ki, ikitərəfli münasibətləri həm region ölkələri ilə, həm də başqa ölkələrlə inkişaf etdirək. Buna nail olmaq üçün böyük imkanlar vardır”.
Həqiqətən də, Azərbaycanın artan maliyyə imkanları, iqtisadi inkişafı ölkəmizi beynəlxalq aləmdə və regionda daha cəlbedici tərəfdaşa çevirib. İndi başqa dövlətlər Azərbaycana təkcə investisiyaların yatırımı üçün əlverişli ölkə kimi deyil, həm də investor ölkə kimi yanaşırlar. Dövlət başçısının da söylədiyi kimi, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə siyasi mərkəz kimi yox, eyni zamanda, investisiya mənbəyi kimi də maraqlıdır.
Həmçinin, Avropa ilə Asiya qitələrinin qovuşuğunda yerləşən Cənubi Qafqaz regionunun strateji əhəmiyyəti, Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatları irimiqyaslı layihələrin həyata keçirilməsi üçün daha geniş formatda əməkdaşlığa imkan və zərurət yaradır. Bu istiqamətdə də, Azərbaycan kifayət qədər yüksək göstəricilərə nail olub.
Xatırladaq ki, Prezident İlham Əliyev sözügedən rəsmi qəbuldakı çıxışında region ölkələri ilə əməkdaşlıq imkanlarının böyük olduğunu deyib: “Biz ikitərəfli formatdan maksimum dərəcədə fayda götürməliyik. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə artıq bir neçə üçtərəfli format da yaradılmışdır”.
Üçtərəfli formatda əlaqələrə nümunə olaraq, dövlət başçısı Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatlarını, həmçinin, mayda Bakıda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşünü qeyd edib. Hər üç formatda Azərbaycanın öz yerini tutduğunu deyən dövlət başçısı regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatların çox böyük məna daşıdığını, gələcəkdə bu üçtərəfli görüşlərin davam etdiriləcəyini söyləyib.
Sadalanan formatlar içərisində Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Üç ölkə arasında tərəfdaşlığın fasiləsiz olaraq genişləndirilməsinin təsdiqi olaraq, cari ilin fevralında Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə Gəncədə görüş baş tutub. Görüşün yekunları əsasında qəbul olunan birgə Bəyannamədə nazirlər ölkələr arasında həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluqlarını bildiriblər və əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Üç ölkə perzidentinin iştirakı ilə mayda Tbilisidə baş tutan Sammit də dövlətlərin əlaqələri bundan sonra da genişləndirmək əzmini ortaya qoyub. Sammitdə çıxış edən Prezident İlham Əliyevin də söylədiyi kimi, bu əməkdaşlığın təməlində ortaq maraqlar dayanır və mövcud əlaqələr regional və qlobal səviyyədə əhəmiyyət daşıyır.
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli formatda yaradılan əlaqələrin inkişafı isə Xəzərin şərq sahillərindən enerji daşıyıcılarının və digər ticarət məhsullarının Avropaya çıxarılmasına geniş imkan yaradan əlamətdar prosesdir.
Əlbəttə, sadalanan əməkdaşlıq formatları üzrə görüşlərin bir qisminin Azərbaycanda keçirilməsi ölkəmizin regional siyasi mərkəz kimi rolunu təsdiq edir. Bundan əlavə, şübhəsiz, mövcud əməkdaşlığın əsasında təhlükəsizlik, siyasi, iqtisadi tərəfdaşlıqla yanaşı, enerji maraqları da dayanır. Enerji faktoru isə bildiyimiz kimi, Azərbaycan xarici siyasətinin təməl sütunlarındandır.
XARİCİ SİYASƏTİN ENERJİ SÜTUNU
Qeyd olunduğu kimi, Azərbaycanın dünya iqtisadiyyatındakı yerini müəyyənləşdirən başlıca amillərdən biri enerji siyasəti ilə bağlıdır. Azərbaycanın enerji strategiyası hər zaman olduğu kimi, bu gün də dünyanın diqqət mərkəzindədir. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycan, həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də, özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur.
Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. 30-dək ölkəyə neft ixrac edən Azərbaycan təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Bu baxımdan, “Şahdəniz-2” layihəsi üzrə Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin inşası Azərbaycanın Avropa enerji bazarlarındakı mövqeyini möhkəmləndirəcək.
Hazırda, əsas diqqət “Cənub qaz dəhlizi” layihəsinin mühüm tərkib hissəsi olan TANAP layihəsinin gerçəkləşdirilməsinə yönəldilib. Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutan TANAP layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Saziş bu layihənin icrası istiqamətində mühüm addım olub.
Prezident İlham Əliyevin sözügedən nitqində də söylədiyi kimi, bu layihə məhz Azərbaycanın təşəbbüsünün nəticəsidir: “TANAP layihəsi bu gün bölgənin enerji xəritəsini dəyişdirən bir layihədir. Azərbaycan bu layihənin əsas səhmdarıdır, əsas təşəbbüskarıdır və əsas icraçısıdır. Əminəm ki, bu qlobal layihə vaxtında - 2018-ci ilə qədər icra ediləcəkdir. Bunu etmək üçün bütün imkanlarımız - həm maliyyə, həm də texniki imkanlarımız vardır. Bizim peşəkar mütəxəssislərimiz vardır. Bu layihəni icra etmək üçün bizim siyasətimiz davam etdirilməlidir”.
Bildiyimiz kimi, qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün 2013-cü ilin iyununda “Şahdəniz” Konsorsiumu TAP qaz kəməri layihəsini seçib. TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da qərbi Avropaya qaz nəqlini nəzərdə tutur.
Göründüyü kimi, hər iki layihənin gerçəkləşəcəyi təqdirdə, Azərbaycan Avrasiya iqtisadi məkanında ən mühüm iştirakçılardan birinə çevriləcək. Əlbəttə, bütün bu nailiyyətlər Azərbaycanın uğurlu xarici siyasətinin məhsuludur.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 10 iyun.- S.2.