“Azərbaycan” sözü
onun vizit vərəqəsi
idi
9 iyun böyük sənətkarımız Rəşid
Behbudovun anım günüdür
Uşaqlıq illərimizdə adətən
ağ-qara televizoru açanda otağa tez-tez bu musiqi
sədaları dolardı:
Yurdum, yuvam, məskənimsən,
Azərbaycanım!
Anam, doğma Vətənimsən,
Azərbaycanım!
Həmin musiqi sədalarını səsləndirən görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüş, Dağıstanın Xalq artisti, Gürcüstanın Əməkdar incəsənət xadimi Rəşid Behbudovun dünən anım günü idi.
Rəşid Behbudov getdiyi bütün xarici və o dövrlərdə Sovetlər Birliyinə daxil olan ölkələrdə “Azərbaycan” sözünü özünün vizit kartına çevirmişdi. Virtuoz sənətkar yüksək səs tembri ilə dinləyicilərini özünə valeh etməyi bacarırdı. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə musiqimizi, mədəniyyətimizi məharətlə təmsil etmişdi. İndiyə kimi bir sıra görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünyanın 50-dən çox dilində səslənib.
Musiqi yollarında ilk addımlar...
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib. Sənətkarın atası, Məcid Behbudov məşhur xanəndə, Azərbaycan muğamının parlaq ifaçısı olub. Anası Firuzə Abbasqulu qızı Vəkilova isə ömrünün sonlarına kimi Tbilisidə yerləşən Azərbaycan məktəblərində rus dilini tədris edib.
1933-cü ildə orta məktəbi bitirən Rəşidi Tbilisi parkında olan “Müstaid” yay konsertinə iştirak etməyə dəvət ediblər. O, böyük müvəffəqiyyətlə instrumental ansamblın müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edib. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid, 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Və orada müstəqil tələbə orkestri yaradıb. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayıb.
Əsgər rolu sənətkara dünya şöhrəti gətirdi...
Daha sonra Rəşid Behbudov İrəvan konsert kollektivlərinin birindən dəvət alıb. Bakıda qastrol səfərində olarkən isə quruluşçu rejissorlar Üzeyir Hacıbəylinin operettasında ifa etdiyi parçaları dinlədikdən sonra ona “Arşın mal alan” filmində Əsgər obrazını ifa etməyi təklif ediblər. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən və 1945-ci ildə efirə çıxan “Arşın mal alan” filmi qısa müddət ərzində nəinki Azərbaycanda, hətta bütövlükdə Sovet İttifaqında böyük uğur qazandı. 1946-cı ildə isə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif olundu.
“Arşın mal alan” filmi sənətkara dünya şöhrəti gətirdi, ona yeni yaradıcılıq yolları açdı.
“1001-ci qastrol”...
1946-cı ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb. Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrinin - Tofiq Quliyevin, Fikrət Əmirovun mahnıları R.Behbudovun repertuarını bəzəyib. Tofiq Quliyevin “Azərbaycan”, “Neftçi mahnısı”, “Züleyxa-xanım”, Fikrət Əmirovun isə “Gülüş”, “Ulduz” romanslarını, “Sevdiyim yardır” mahnılarını ifa edən müğənniyə 1959-cu ildə SSRİ Xalq artisti adı verilib. 1961-ci ildə Behbudov respublikanın bir çox şəhərlərində konsertlər verib. Geniş dinləyici auditoriyasına musiqili tamaşaların yeni təsir vasitələri üçün yaradıcılıq axtarışları aparan R.Behbudov 1965-ci ildə ölkədə ilk mahnı teatrını yaradıb, ömrünün axırınadək həmin teatrda solist və bədii rəhbər kimi fəaliyyət göstərib. 70-ci illərdə isə, Rəşid Behbudov yenə ekranlarda “1001-ci qastrol” filmində görünüb. 1980-ci ildə ona “Sosialist Əməyi Qəhrəmanı” adı verilib. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Və sonda...
Qeyri-adi ilahi səsə, əvəzsiz ifaya malik Rəşid Behbudov Azərbaycan musiqi tarixində özünəməxsus iz qoyan sənətkarlardandır. Ölkəmizin bir çox sənətçiləri onun səsləndirdiyi musiqilərə zaman - zaman müraciət edirlər. Rəşid Behbudov isə səsləndirdiyi mahnılara çoxdan öz möhrünü vurub...
Oktay
Yeni Azərbaycan.-2014.- 10 iyun.- S.3.