Azərbaycanda dövlətçiliyin
möhkəmlənməsi və demokratiyanın
inkişafı Ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Proseslər getdikcə daha da gərginləşdi və 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınıb, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin son dərəcə gərgin fəaliyyəti nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulub, ölkədə cinayətkarlığın qarşısı tam alınıb, bütün qanunsuz silahlı dəstələr ləğv olunub ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaradıb. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınıb, dövlət müstəqilliyi qorunub saxlanıb. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alıb ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, varislik, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Ümummilli liderin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların uğurla həyata keçirilməsi mühüm istiqamətləri təşkil etmişdir.
Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində də davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.
Eyni zamanda, Ümummilli liderin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub.
Ulu öndər Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. Bu siyasətin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq, türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərib. O, bütün Türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanıb.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərib. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılıb və onların həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olub.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin təmin edilməsi işində də Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə əhəmiyyətli qərarlar qəbul edib.
Ümummilli liderin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan dövlətçilik tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.
Bütün mənalı həyatını Öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Heydər Əliyev siyasi xəttinin alternativsizliyinə qəti əmin olan Azərbaycan xalqı 2003, 2008 və 2013-cü ilin prezident seçkilərində də məhz Yeni Azərbaycan Partiyasının namizədinə - Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevə etimad göstərdi. Bununla müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsası qoyuldu.
Cənab İlham Əliyevin fəaliyyətinin ən mühüm göstəricisi odur ki, Prezident olaraq Heydər Əliyevin əsasını qoyduğu tərəqqini, əldə edilən nailiyyətləri təkcə qoruyub saxlamadı, həm də onların miqyasını genişləndirdi, inkişaf dinamikasını qat-qat artırdı. Böyük çətinliklə qazanılan ictimai sabitlik qorundu, sosial-iqtisadi yüksəliş, mütərəqqi siyasi dəyişikliklər, hüquqi və demokratik yönümlü islahatlar uğurla davam etdirildi, demokratik prinsiplər və insan hüquqlarının prioritetliyi təmin olundu, xalqın sabaha inamı, dövlətinə və rəhbərinə etimadı daha da artdı. Ölkədə siyasi münasibətlərin sağlamlaşdırılması istiqamətində atılan konkret addımlar öz bəhrəsini verdi, milli birlik, vətəndaş həmrəyliyi möhkəmləndi, yüzlərlə insan dövlət başçımızın ali mərhəməti nəticəsində əfv olunub cəmiyyətdə yenidən özünü təsdiq etmək imkanı əldə etdi. Milli-mədəni intibah yeni yüksəliş dövrünə qədəm qoydu, azərbaycançılıq ideologiyası ətrafında mənəvi səfərbərlik təmin olundu.
Bu gün iqtisadi inkişaf dinamikasına görə Azərbaycan dünya dövlətləri arasında öncül mövqeyə çıxıb. Ümumi daxili məhsulun artımına görə isə dünyada liderliyini qoruyub saxlayır. Digər tərəfdən, regionların, qeyri-neft sektorunun yüksələn xətlə inkişafı, yeni infrastrukturların yaradılması, sosial-iqtisadi proqramların uğurla gerçəkləşdirilməsi, beynəlxalq iqtisadi sistemə inteqrasiya ölkəmizin düzgün inkişaf yolunda olduğundan xəbər verir. Bu gün ümumbəşəri problemə çevrilən qlobal maliyyə böhranından Azərbaycanın faktiki olaraq zərər çəkməməsi də Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi kimi qəbul edilməlidir.
Bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlərin siyasi aspektdə tədqiqi aşağıdakı nəticələrə gətirib çıxarır:
- Ölkə daxilində düşünülmüş siyasət yürütməklə bütün vətəndaşların, siyasi, ictimai və digər resursların Azərbaycanın müstəqil dövlətçiliyi və ərazi bütövlüyünün qorunması ətrafında səfərbər edilməsi;
- Diplomatik və siyasi imkanlardan istifadə etməklə Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, bölgədə və dünyada müttəfiqlərin qazanılması;
- Beynəlxalq həyatın bir çox problemlərinin həllinə münasibət bildirmək və Dağlıq Qarabağ münaqişəsini dünya siyasəti səviyyəsinə qaldırmaq məqsədilə dünyanın aparıcı dövlətləri ilə, beynəlxalq və regional təşkilatlarla, xarici ölkələrdə Azərbaycanın qlobal maraqlarını müdafiə edə biləcək institutlarla, diaspor mərkəzləri və başqa qurumlarla hərtərəfli işin aparılması və s.
Məhz bu istiqamətlər Prezident kimi fəaliyyətə başladığı ilk günlərdən cənab İlham Əliyevin xarici siyasət kursunun leytmotivini təşkil edir. Bu gün beynəlxalq reallıqları qiymətləndirərkən belə bir amil unudulmamalıdır ki, dövlətlərarası münasibətlər daim dinamikada və planetin ictimai-siyasi həyatının bütün sahələri ilə təmasda olan bir prosesdir. Bu müstəvidə dövlətimizin başçısı Özünün xarici siyasətində Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi kontekstində işləyib hazırladığı, qlobal əhəmiyyət kəsb edən sülh diplomatiyasına üstünlük verir və düşünülmüş xarici siyasət strategiyasını həyata keçirmək üçün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ali kürsülərindən, böyük səkkizliyə daxil olan, habelə dünyanın digər aparıcı dövlətlərinin diplomatik vasitələrindən səmərəli şəkildə istifadə edir.
Müstəqil Azərbaycan dövlətçiliyinin yaradılmasının və inkişafının haqlı olaraq Heydər Əliyev epoxası adlandırıla bilən bu dövrü tarixi sərvət və olduqca qiymətli bir irsdir. Xalqımız bu sərvəti, bu irsi qoruyub saxlamalı, inkişaf etdirməli və nəsildən-nəslə çatdırmalıdır.
Azər
SÜLEYMANOV,
YAP Nəsimi rayon təşkilatının
Aparat rəhbəri
Tarix üzrə fəlsəfə doktoru
Yeni Azərbaycan.-2014.- 10 iyun.- S.4.