15 iyun Azərbaycan
dövlətçiliyinin Qurtuluş günüdür
Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov www.yap.org.az saytına müsahibə verib
- Ziya müəllim, bu günlərdə ölkəmizin hər yerində 15 iyun-Milli Qurtuluş Günü qeyd olunur. Siz, Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində yeri və əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun-Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, Onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur.
Böyük bir imperiyanın çökməsi səbəbindən XX əsrin sonlarına doğru yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Həmin dövrdə iqtidarda olanların səbatsız, səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya həddinə çatmış, xaos və anarxiya ölkəni bürümüş, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Öz mürəkkəbliyi və ziddiyyətləri ilə səciyyələnən son on illiklərdə dünyanın siyasi xəritəsində baş vermiş dəyişikliklər, yeni müstəqil dövlətlərin yaranması qüdrətli milli liderlərin siyasi səhnəyə çıxmasını zəruri etmişdi. Belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev kimi şəxsiyyət yerinə yetirə bilərdi. Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini yenicə əldə etmiş Azərbaycan 1993-cü ilə qədər problemlər, ziddiyyətlər, daxili çəkişmələr məkanına çevrilmişdi. 15 iyun-Milli Qurtuluş Günü də məhz bu məziyyəti və mahiyyəti etibarilə Azərbaycanın digər dövlət bayramlarından fərqlənir, böyük siyasi əhəmiyyət kəsb edir. 1993-cü ilin 15 iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Bu səbəbdən də Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür.
Son illər Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sferalarında əldə olunmuş uğur və nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Onun respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın müxtəlif sahələrində tənəzzülü dayandırmaq, inkişafı, eləcə də, ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək mümkün olub. Qurtuluşun sayəsində Azərbaycan özünü bütün dünyada demokratik ölkə kimi tanıdıb, dünya birliyində özünəlayiq yer tutub.
- 1990-cı illərin əvvəlində Azərbaycanda son dərəcə ağır və böhranlı vəziyyət yaranmışdı. Həmin dövrü necə xatırlayırsınız?
- Dünya sivilizasiyasını, bəşər xəzinəsini çoxsaylı elm və sənət nümunələri, misilsiz mədəniyyət abidələri, qüdrətli qələm dahiləri ilə zənginləşdirən Azərbaycan xalqının ağır faciəli məqamları, sarsıdıcı böhranları məhz 90-cı illərin əvvəllərinə təsadüf edirdi. Hər halda, 1993-cü ilin iyun ayının əvvəllərində Azərbaycanda yaranan son dərəcə ağır və böhranlı vəziyyət heç bir tarixi şəraitlə müqayisəyə gəlmir. Həmin vaxt Azərbaycan xalqı min bir əzabla, əziyyətlə qazandığı müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqı milli süqut, iflas mərhələsinə daxil olmuşdu. Daxili və xarici qüvvələrin təsiri altında baş qaldıran “Sadval”, “Talış-Muğan” separatizmi, bu qanlı separatizmə məkrlə dəstək verənlərin xəyanətkar əməlləri Azərbaycanı diz çökdürmüşdü. Azərbaycan xalqı öz tarixinin ən faciəli “ölüm-qalım mərhələsi”ni yaşayırdı. Və bu dəhşətli tarixi şəraitdə bütün ümidlər Naxçıvana, böyük dövlət xadimi Heydər Əliyevə idi. Xalqımız Azərbaycanın yeganə xilas yolunu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görür, təkidli, çoxsaylı çağırışlarla Onu gözləyirdi. Bu böyük ümumxalq inamını, etibarını, etimadını Heydər Əliyev Azərbaycan xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Ümumiyyətlə, Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğur və nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.
- Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan hansı uğurlara imza atdı?
- Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi. Bu qayıdışın daha bir nəticəsi xalqın özünəinam hissinin bərpası idi. Təsadüfi deyil ki, Heydər Əliyev Naxçıvandan Bakıya dönən gün bütün Azərbaycan sevinc içərisində idi. Ürəklərin kədərinə, həsrətinə, ümidsizlik və iztiraba son qoyulmuşdu. Xalq inandığı, etibar etdiyi oğlunu və rəhbərini gül-çiçəklə, qəlbinin ən böyük sevinci ilə qarşılayırdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın bir sıra ciddi problemləri həllini tapdı. Azərbaycan ən əvvəl vətəndaş müharibəsi təhlükəsindən-daxili parçalanmadan, sonra isə beynəlxalq aləmdən təcrid olunmaqdan xilas oldu. Ötən müddət ərzində respublikada baş verənləri tək-tək sadalamağa ehtiyac yoxdur. Böyük zəhmət, gərgin fəaliyyət sayəsində başa gələn daxili, ictimai-siyasi sabitlik, sosial inkişaf və nəhayət, olduqca böyük iqtisadi tərəqqi... Məhz Ümummilli lider Heydər Əliyevin xalqa, millətə hədsiz sevgisi və bu sevginin əməli nəticəsi olan yorulmaz fəaliyyəti nəticəsində bu gün respublikamız öz inkişaf tempinə görə nəinki MDB ölkələrindən, hətta dünyanın bir çox iri və inkişaf etmiş dövlətlərindən də öndədir. Əslində, bugünkü uğur və nailiyyətlərimiz də məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. Çünki dövlətimizin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də məhz Ulu öndərin layiqli yetirməsidir.
- Ziya müəllim, ölkəmizdə müasir nəqliyyat sisteminin formalaşdırılması, bütövlükdə nəqliyyat xidmətinə olan tələbatın keyfiyyətlə ödənilməsi və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə nə kimi işlər görülür?
- Bu gün Azərbaycanda sosial-iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, orada nəzərəçarpacaq irəliləyiş hiss olunmasın. Azərbaycan iqtisadiyyatının çox mühüm bir sferası olan nəqliyyat-yol kompleksindəki inkişaf isə göz qarşısındadır. Ölkə Prezidentinin “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir, biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik” sözləri məhz dövlətin bu sahəyə olan xüsusi diqqət və qayğısının təzahürüdür. Eyni zamanda, bu diqqət biz nəqliyyatçıların üzərinə böyük məsuliyyət qoyur və bizi daha əzmlə çalışmağa səsləyir.
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanları ölkəmizin nəqliyyat-yol kompleksinin də gələcək inkişaf istiqamətlərini müəyyən edir. Bu fərmanların icrası ilə bağlı olaraq ölkəmizin vahid nəqliyyat siyasətinin formalaşdırılması, nəqliyyat-yol kompleksinə daxil olan dövlət və özəl nəqliyyat qurumları infrastrukturlarının yeniləşdirilməsi, həmçinin, beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq, sosial problemlərin həlli kimi məsələlər daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Fərman və sərəncamları əsasında nəqliyyat-yol kompleksində aparılan islahatlar, dəniz və hava limanlarının, yük terminallarının, avtovağzalların tikintisi, infrastrukturun yeniləşdirilməsi, avtomobil yollarının yenidən qurulması, körpülərin tikilməsi bu gün çox böyük sürətlə davam etdirilir.
Azərbaycan Respublikasının sosial-iqtisadi həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər nəqliyyat sektorunu da geniş əhatə etmiş və 2013-cü il ərzində nəqliyyat-yol kompleksinin fəaliyyətinin daha səmərəli təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramları və qəbul olunmuş Tədbirlər Planına uyğun olaraq nəqliyyat sektorunun gələcək inkişafına yönəldilmiş tədbirlərin yerinə yetirilməsi istiqamətində kompleksin bütün sahələri üzrə məqsədyönlü işlər aparılmışdır.
Ölkəmizdə müasir nəqliyyat sisteminin formalaşdırılması, daşımaların asanlaşdırılması, təhlükəsizliyin təmin edilməsi, bütövlükdə nəqliyyat xidmətinə olan tələbatın keyfiyyətlə, ödənilməsi və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə nəqliyyat-yol kompleksində hazırda icra olunan layihələr bu dövrdə də sürətlə davam etdirilmişdir. Dəmir yollarının, respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması, infrastrukturun müasirləşdirilməsi yeni infrastruktur obyektlərinin yaradılması, Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Bakı-Tbilisi-Qars dəmiryolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər irimiqyaslı layihələrin icrası, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat parkının yeniləşdirilməsi və bu istiqamətdə həyata keçirilən digər tədbirlər nəqliyyat sektorunun inkişafının prioritet istiqamətləri olaraq daim diqqətdə saxlanılmışdır.
- Bütün bunlar statistik göstəricilərdə necə ifadə olunur?
- 2013-cü il ərzində boru nəqliyyatı vasitəsilə daşınan yüklər istisna olmaqla nəqliyyat-yol kompleksi üzrə 160 milyon ton, əvvəlki ilə nisbətən isə 4,3 faiz çox yük daşınmışdır. Sərnişin daşınma 6,7 faiz artaraq 1,5 milyard nəfər təşkil etmişdir. Yüklərin 23,2 milyon tonu dəmir yolu, 11,8 milyon tonu su, 125,0 milyon tonu isə avtomobil nəqliyyatı ilə daşınmışdır. Limanlarda 12,4 milyon ton yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmiş, beynəlxalq tranzit yüklərin həcmi isə 10,5 milyon ton olmuşdur. Sərnişinlərin 1512,6 milyon nəfərinin avtomobil, 2,4 milyon nəfərinin dəmir yolu, 1,7 milyon nəfərinin isə hava nəqliyyatı vasitəsilə daşınmışdır. Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi üzrə 2013-cü ilin 11 ayı ərzində 53,6 milyon ton yük daşınmışdır. Yüklərin 19,3 milyon tonu dəmir yolu, 9,4 milyon tonu su, 24,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır. Dəhliz vasitəsilə daşınan tranzit yüklərin həcmi 13,4 milyon ton təşkil etmişdir. Tranzit yüklərin 6 milyon tonu dəmir yolu, 7,4 milyon tonu isə su nəqliyyatı ilə daşınmışdır. Ötən dövr ərzində bütün növ nəqliyyat infrastrukturlarının davamlı və səmərəli istismar işi üzrə bir sıra tədbirlər həyata keçirilmişdir. Dəmir yolu nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi əvvəlki ilə nisbətən 1,5 faiz artaraq 23,2 milyon ton təşkil etmiş və 2,5 milyon nəfər sərnişin daşınmışdır. Dəmir yollarının inkişafına 166,3 milyon manat investisiya yönəldilmiş, 25 ədəd elektrik və dizel lokomotivləri, 770 ədəd sərnişin vaqonu, 3377 ədəd yük vaqonu müxtəlif həcmli təmirdən keçirilmiş, 588 konteyner cari təmir 165 konteyner isə əsaslı təmir edilərək istismara verilmişdir. Su nəqliyyatı sahəsində yük daşımalarının həcmi əvvəlki ilə nisbətən 5,7 faiz azalaraq 11,8 milyon ton təşkil etmiş, daşınan sərnişinlərin sayı 14,3 min nəfər olmuşdur. Yük dövriyyəsi 4698,2 milyon ton.km, sərnişin dövriyyəsi isə 5,2 milyon sərnişin.km təşkil etmişdir. Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmi parkının yeniləşdirilməsi və donanmanın imkanlarının artırılması məqsədilə müvafiq işlər aparılmışdır. Hava nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi əvvəlki ilə nisbətən 2 dəfə artaraq 121,7 min tona bərabər olmuşdur. Bu nəqliyyat növü vasitəsilə sərnişin daşınmışı 6,2 faiz artaraq 1,7 milyon nəfərə çatmışdır. Yük və sərnişin dövriyyəsi müvafiq olaraq 44195 milyon ton.km və 2598,4 milyon sərnişin.km təşkil etmişdir.
Avtomobil nəqliyyatı vasitəsilə 125,0 milyon ton yük, 1512,6 milyon sərnişin daşınmışdır ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 5,8 faiz və 6,7 faiz çox təşkil etmişdir. Yük dövriyyəsi 14053,3 milyon ton.km, sərnişin dövriyyəsi isə 21475,2 milyon sərnişin.km təşkil etmiş və əvvəlki ilə nisbətən müvafiq olaraq 5,6 faiz və 7,2 faiz artmışdır.
2013-cü il ərzində avtomobil yollarının saxlanmasına ayrılmış 222,0 milyon manat vəsait də daxil olmaqla, ümumilikdə avtomobil yollarının inkişafına 2,1 milyard manat vəsait yönəldilmişdir. Bu dövrdə 584,7 km, o cümlədən 266 km respublika əhəmiyyətli, 318,7 km yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 39 ədəd körpü tikilmiş, 17 ədəd körpü təmir edilmişdir.
- Nəqliyyat infrastrukturunun yenidən qurulması, müasirləşdirilməsi ilə bağlı perspektiv planlar nədən ibarətdir?
- Bu istiqamətdə işlər sistemli şəkildə həyata keçirilir. 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ilə bağlı nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq, Nəqliyyat Nazirliyində imzalanan əmrə əsasən “Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planı avtomobil yolları, intellektual nəqliyyat sisteminin fəaliyyəti də daxil olmaqla avtomobil nəqliyyatı və dəmir yolu nəqliyyatı sahələrini əhatə edir.
Ümumiyyətlə, nəqliyyat-yol kompleksində həyata keçirilən yeniliklər, görülən işlər çoxdur. Respublikanın nəqliyyat-siyasətini formalaşdıran bir qurum olaraq Nəqliyyat Nazirliyinin gördüyü işləri tək-tək sadalamağa ehtiyac yoxdur. Görüləsi işlər, perspektiv planlarsa daha çoxdur. İstənilən nəticəni əldə etməyin yeganə yolu problemlərin aradan qaldırılmasına nail olmaq və bütünlükdə Azərbaycanın yol-nəqliyyat kompleksini beynəlxalq standartlara cavab verəcək səviyyəyə çatdırmaqdır. Qarşımızda duran ən vacib məsələlərdən biri də sosial problemlərin həll edilməsinə nail olmaqla yanaşı, ölkəmizin vahid nəqliyyat siyasətinin təkmilləşdirilməsi, islahatların aparılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir.
Yeni Azərbaycan .-2014.- 11 iyun.- S.4.