Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradıb və milli dövlətçiliyimizin ideya təməlini qoyub

 

Təkzibolunmaz bir həqiqətdir ki, Azərbaycan tarixində çox böyük şəxsiyyətlər, dövlət xadimləri olub. Onların hər biri buya başqa şəkildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, xalqımızın firəvan gələcəyinə yönəlmiş xidmətlər göstərmişlər. Amma onların heç birini Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevlə müqayisə etmək mümkün deyildir. Ona görə yox ki, olduqca mürəkkəb bir dövrdə hakimiyyət olimpinin zirvəsində dayanan Ulu öndər Heydər Əliyev yalnız millətinin maraqları naminə fəaliyyət göstərib, xalqın xidmətində dayandığını nümayiş etdiribbir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib. Həm də ona görə ki, təbiətin Ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər, dərin zəkası və dünyagörüşü, səriştəsi sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini əvvəlcədən təhlil edərək müəyyən qənaətlər əldə edə bilir, milli dövlətçiliyimiz üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoyub. Onun dövlətçilik səriştəsi və bacarığı bütün sədləri yararaq və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.

Bütün ömrünü Azərbaycan xalqının firəvan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ulu öndər Heydər Əliyev Öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, Vətənini, xalqını sevən əsl vətəndaş olduğunu sübuta yetirib. Bəlkə də bu, bir alın yazısı, taleyin qismətidir ki, xalqımızın ən çətin günlərində, tariximizin ən mürəkkəb dövrlərində məhz Ulu öndər Heydər Əliyev məsuliyyəti Öz üzərinə götürərək süqutun astanasında olan bir dövləti yenidən inkişaf yollarına çıxarıb, çox çətin bir situasiyada təhvil aldığı estafeti parlaq, işıqlı günlərdə təhvil verib. Ona görə də, bu gün müasir Azərbaycan tarixindən danışarkən tam əminliklə qeyd edirik ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub. Ulu öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirib. Zəngin hadisələrlə dolu gərgin dövrdə Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Tariximizi qısaca vərəqləmək, həmin məşəqqətli günlərə yenidən nəzər salmaq nə dərəcədə haqlı olduğumuzu təsdiq edəcəkdir.

Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası SSRİ-nin tərkibindən çıxıb müstəqilliyini elan etdikdən sonra təbii olaraq, bir sıra böyük problemlərlə üzləşmişdi. Sovetlərin dağılmasından sonra düzəni, sistemi tamamilə dəyişmiş dövlətin yeni düzəndə irəliləməsi üçün yeni proqramlara, layihələrə və hər şeydən önəmlisi, düşünən beyinlərə ehtiyacı var idi. Ölkədə çox sayda həllini gözləyən çox ciddi problemlər özünü göstərirdi. Təkcə iqtisadi sferada inflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsiri 100 dəfəyə qədər artmışdı. Ölkənin borcları durmadan artır, vətəndaşların əməkhaqlarının və pensiyalarının dəyəri düşürdü. Bahalaşma, aclıq baş alıb gedirdi. Bu da azmış kimi hər məmur bir silahlı qruplaşma qurub, hərə bir dövlət yaradacağını bəyan edirdi. Bütün bu problemləri həll etmək missiyasını daşıyan hakimiyyət nümayəndələri hansısa tədbir görməkdə aciz qalırdılar. Dövlətin başında duranların bu problemləri həll etmək potensialı yox idi. Hakimiyyət dövləti idarə etməkdənsə, şəxsi mübahisələrin, imtiyaz və mənafe uğrunda gərgin mübarizənin qaynaq nöqtəsinə çevrilmişdi. Ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Hər addımları nöqsanlı, hər çıxışları qüsurlu olan AXC-”Müsavat” komandası həm özlərini, həm də Azərbaycanı fəlakətə sürükləyirdi.

Bununla yanaşı, 1993-cü illərin əvvəllərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən qızğın həddə çatır, düşmənin işğal etdiyi rayonların sıraları genişlənirdi. Xarici qüvvələr isə səbirsizliklə parçalanmağa doğru gedən Azərbaycandan pay almaq üçün fürsət gözləyirdilər. Eyni zamanda, xüsusi xidmət orqanları vasitəsilə bu istiqamətdə ciddi aparırdılar. Gəncədə sabiq korpus komandiri və AXC-”Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun başçılığı ilə qiyam baş qaldırmışdı. O, tabeliyindəki 709-cu briqadanın ləğvi ilə bağlı əmrə və təhvil-təslim olması barədə qərara tabe olmayaraq rəhbərlik etdiyi qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini vermişdi. İlk hədəf dövlət strukturlarını ələ keçirmək, dövlətin süqutunu elan etmək idi. AXC-“Müsavat” hakimiyyəti isə baş verənləri, sadəcə, izləyirdi. Çünki onlar hadisələrin qarşısını almaqda aciz idilər. Bu acizlik isə həmin dövrdə hakimiyyət kürsüsünə yiyələnmiş siyasətbazları heç də istəmədikləri bir qərarı qəbul etmək məcburiyyətində qoymuşdu - Ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmək. Bu vaxta qədər xalqımızın Ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtması, dövlətin idarəçilik sükanı arxasına keçməsi, dövlətçiliyimizi xilas etməsi yönündəki tələblərinə, çağırışlarına məhəl qoymayan AXC-”Müsavat” nümayəndələri artıq böyük siyasətçinin qarşısını almağa nəinki cəhd etmədilər, əksinə, onlar özlərinin xilası üçünbu addımı dəstəkləməyə məcbur oldular. Tam məsuliyyətlə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin qayıdışı həm də onların xilası oldu. Əgər Heydər Əliyev olmasaydı, bu şəxslər özləri də qurduqları oyunun qurbanına çevrilərdilər. Ulu öndər Heydər Əliyev təkcə o zamankı hakimiyyətin seçimi deyildi. Azərbaycan xalqının iradəsi bunu tələb edirdi, tarixi şərait hakimiyyəti buna məcbur edirdi.

Bakıya gəldikdən 4 gün sonra Ulu öndər Heydər Əliyev Gəncəyə gedərək qiyamı yatırdı, vətəndaş qarşıdurmasının qarşısını aldı. Daha sonra 1993-cü il 15 iyunda Azərbaycan Respublikası Ali Sovetində keçirilən səsvermədə Ümummilli lider Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Bununla da Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Heç də təsadüfi deyil ki, 15 iyun müasir tariximizə Qurtuluş Günü kimi daxil oldu. Ulu öndər Heydər Əliyev dühası, əzəməti, Heydər Əliyev rəhbərliyinin qeyri-adiliyi onda idi ki, dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi. O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Xilas yolunu, ilk növbədə, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə, qruplararası ziddiyyətlərə son qoymaqda, ədavət hissini unutmaqdabununla da, xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə nail olmaqda görür və haqlı olaraq məhz bu istiqamətdə uğurlu tədbirlər həyata keçirirdi. Bütün bu ağır məqamlarda Ümummilli lider xalqın gücünə arxalanır, millətin Ona olan sonsuz inamına bel bağlayırdı. Bu isə Ona bütün çətinlikləri aradan qaldırmaq, maneələri dəf etmək üçün ən böyük dəstək idi.

Ulu öndərin ilk üç ay ərzindəki gərgin fəaliyyəti böhran vəziyyətində dövlət idarəçiliyinin klassik nümunəsi, dövlətçilik dərsləri idi. Milli Məclisin televiziya ilə birbaşa yayımlanan iclasları zamanı aparılan kəskin siyasi diskussiyalar, ayrı-ayrı siyasiictimai xadimlərlə görüşlər, cəsarətli qərarlar və konstruktiv təkliflər Heydər Əliyevə həmin üç ay ərzində dərin siyasiictimai böhran prosesini dayandırmağa imkan verdi. Bu, möcüzəyə bənzər bir hadisə idi. Əslində, tabeliyində heç bir mütəşəkkil hərbi qurum olmayan, yalnız Öz sözünə və zəkasına arxalanan siyasi xadim məhz Öz zəngin rəhbərlik təcrübəsinə əsaslanaraq, dövlətin dağılmasının qarşısını ala bildi. “Fəaliyyətini donduran” dövlət məmurlarının sabotajı, ancaq öz bölgə komandirlərinə tabe olan silahlı qurumlar, iqtisadiyyatı iflic vəziyyətinə düşmüş bir məmləkət - bunların hamısı acı gerçəklik idi. Belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin oktyabrında Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi öz Prezidenti seçdi. Artıq demək olar, Azərbaycanda dövlət var idi, dövlət qurumları fəaliyyət göstərirdi. Respublikada həyat tədricən normal məcrasına qayıdırdı.

Ulu öndər 1993-cü ildə ölkədəki ağır siyasi, sosial, iqtisadi durumu qiymətləndirərək vəziyyətdən çıxış üçün potensial imkanların olmasını da əminliklə qeyd edərək gələcək inkişaf barədə nikbinliyini gizlətmirdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır vəziyyətdən çıxarmağa imkan verir. Digər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

Müəyyən olunmuş bu hədəflər istiqamətində vaxt itirmədən geniş fəaliyyətə start verildiçox qısa zaman ərzində artıq görülən işlər öz məntiqi nəticəsini verməyə başladı. Ölkədə silahlı dəstələr zərərsizləşdirildi. Qanunlar bərpa olundu, əmin-amanlıq, sabitlik yarandı. Ulu öndərimiz o çətin dövrdə, Öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəvət etdi. 2 il ərzində neft, qaz və digər iqtisadi sahələrdə 21 beynəlxalq layihə imzalandı. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzuna görə xarici dövlətlər Azərbaycana külli miqdarda sərmayə qoymağa başladılar.

Məlum bir həqiqəti bir daha xatırlatmaq istəyirəm ki, müstəqilliyi əldə etmək, qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Lakin Ulu öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda, möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu öndərimizə borcluyuq.

Bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. İndi Heydər Əliyev siyasəti Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, çox böyük uğurla, həm də daha səmərəli davam etdirilir. Xalqımızın milli maraqlarına söykənən və ardıcıl davam etdirilən xarici siyasətimiz Azərbaycanın nüfuzunu getdikcə artırır. Bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Artıq dünyanın ən aparıcı dövlətləri Azərbaycanla daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Bu gün Azərbaycanın haqq səsi dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bax bütün bunlar Heydər Əliyev siyasətinin qələbəsidir. Bütün bunlar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətinin, mövcud siyasətin uğurlu, məntiqli davamının nəticəsidir. Məhz bu siyasət nəticəsində ölkəmiz inkişaf edir, abadlaşır, gözəlləşir.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən respublikamızın bütün şəhər və rayonlarına, o cümlədən Daşkəsənə də qayğı və diqqət göstərilir. Bir faktı demək istəyirəm ki, möhtərəm Prezidentimiz son bir ildə Daşkəsənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı 4 Sərəncam imzalayıb. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsəndə “Azərbaycan Polad istehsalı kompleksinin” yaradılması haqqında Sərəncam imzalayıb. Bu Sərəncamın icrası nəticəsində rayonumuzda 2000-dən artıq yerləri açılacaq və bu Sərəncamın icrası rayonumuzun iqtisadi inkişafına çox güclü təkan verəcək. Bu, cənab Prezident İlham Əliyevin daşkəsənlilərə olan xüsusi qayğısına əyani sübutdur. Mən bütün bunlara görə dövlətimizin başçısına, cənab İlham Əliyevə bütün daşkəsənlilər adından dərin minnətdarlığımı bildirirəm. İndi bütün daşkəsənlilərin qəlbində çox böyük məhəbbətlə cənab Prezidentimiz İlham Əliyevin əbədi heykəli ucalıb. İndi hər bir daşkəsənli bu diqqətə və qayğıya əməli işlə cavab verməyi özlərinin vətəndaşlıq borcu hesab edir.

Hazırda Daşkəsəndə 25-ə yaxın yaşayış məntəqələrini birləşdirən əsaslı yollar çəkilir, Rayon İcra Hakimiyyətinin yeni inzibati binası, avtovağzal kompleksi, məktəblər, bağçalar tikilir. Yeni istehsal sahələri yaradılır, Yeni Daşkəsən layihəsi uğurla icra olunmaqdadır. Müdrik və qədirbilən daşkəsənlilər hər zaman taleyini etibar etdiyi rəhbərə sədaqətlə, ruhən inanmışlar.

Bütün bunlar Heydər Əliyev siyasətinin nəticəsi və bu siyasəti böyük uğurla davam etdirən Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətləridir.

Beləliklə, sadalananlar bir daha bu reallığı aydın ifadə edir ki, tarixdə böyük şəxsiyyətlərin rolu əvəzolunmazdır və onlar tarixi proseslərə ciddi şəkildə təsir göstərmək imkanına malik olublar. O xalq xoşbəxtdir ki, o xalqın tarixi şəxsiyyətləri böhranlı vəziyyətlərdə böyük addımlar ataraq öz xalqını, öz millətini xilas edə biliblər. Ulu öndər Heydər Əliyev də Azərbaycan xalqı üçün belə tarixi şəxsiyyətlərdən olub. Ona görə də Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Dünya miqyasında müstəqil Azərbaycandan danışanda onun qurucusu Heydər Əliyevin adı da həmişə çəkilir, uca tutulur. Ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Çünki Ulu öndər Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi dahi tarixi şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyev bütün varlığı ilə Azərbaycanın, onun bu gününün və gözəl gələcəyinin təcəssümüdür. O, müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradıb və milli dövlətçiliyimizin ideya təməlini qoyub.

 

ƏHƏD ABIYEV,

Daşkəsən rayon İcra

Hakimiyyətinin başçısı

Yeni  Azərbaycan.-2014.- 11 iyun.- S.5.