Milli Qurtuluş Günü dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu

 

Ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdi

 

Hər bir ölkənin tarixində dönüş nöqtəsi sayıla biləcək hadisələr mövcuddur. Məhz belə məqamlarda xalqın qəbul etdiyi doğru qərarlar, düzgün nəticəyə gətirib çıxaracaq addımlar həm millətin, həm də dövlətin gələcəyini müəyyənləşdirir. Bu baxımdan 1993-cü ilin iyun ayında, 21 il öncə ölkəmizdə baş verən hadisələri xatırlamaq və heç vaxt unutmamaq zəruridir.

Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik yolu çətinliklərlə dolu olub. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varlığına rus imperiyasının işğalı son qoydusa, 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş ölkəmizi həm xaricdən, həm də daxildən təhlükə öz ağuşuna almışdı. SSRİ-nin dağılması ilə çətin, müəmmalı iqtisadi-siyasi vəziyyət yaranmışdı, ölkə başdan-başa idarəsizliyin əsirinə çevrilmişdi. Bu azmış kimi, Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişə Azərbaycan xalqını növbəti bir sınaqla üz-üzə qoymuşdu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı... Hakimiyyətə yiyələnmiş AXC-“Müsavatcütlüyünün səriştəsizliyi addımbaşı öz ağır nəticələrini büruzə verirdi. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət günü-gündən ağırlaşır, fərarilik halları getdikcə artır, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmurdular. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görünürdübu qruplaşmaların mübarizəsi silahlı qarşıdurma həddinə çatmışdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən AXC-“Müsavat” iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Ölkənin bir sıra ərazilərində-Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.

Belə çətin bir məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da gərginləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-“Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşandı. 709-cu briqadanı tərki-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş baş verdi. Beləliklə, ölkədə vətəndaş müharibəsi başlamışdı.

Bu cür çətin zamanda xalqın nəzər-diqqəti Naxçıvana yönəlmişdi. Düşmən blokadasında belə Muxtar Respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev müstəqil dövlətçiliyimizin nicatı idi. Vətənin bu ağır günündə xalq Naxçıvandan Azərbaycanın dahi oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ümummilli lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına-müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Arif Rəhimzadə 1993-cü ilin iyun ayının həm faciəvi, həm də məsuliyyətli bir dövr olduğunu ifadə edib. O, qeyd edib ki, həmin dövrdə Azərbaycan parçalanaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi: “Yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri Azərbaycana qarşı ərazi iddiaları üçün əlverişli şərait əldə etmişdilər. Ayaz Mütəllibovun hakimiyyəti dövründə ağır olan vəziyyət 1992-ci ildə AXC-“Müsavat” iqtidarının dövründə fəlakət həddinə çatmışdı. Cəmiyyətdə mənəvi aşınma prosesi başlanmış, insan hüquqlarının tapdanması, başqa cür düşünənlərə fiziki təzyiq göstərilməsi adi hal almışdı”.

1993-cü ilin əvvəlində səriştəsiz rəhbərlik nəticəsində həyatın bütün sahələrini böhran bürüdüyünü, müstəqilliyimizin süquta uğramaq təhlükəsi ilə üzləşdiyini bildirən A.Rəhimzadə ölkədəki xaos və anarxiyanın son akkordunun Gəncə hadisələri olduğunu xatırladıb: “Gəncə hadisələrindən iki gün keçməsinə baxmayaraq, rəhbərlikdəkilərin vəziyyət haqqında heç bir xəbəri yox idionlar prosesləri idarə edə bilmirdilər. Real təhlükə təkcə dövlətçiliyimizə deyil, həm də hər bir vətəndaşa qarşı yönəlmişdi. Əhali evdən bayıra çıxa bilmirdi. Xarici havadarlarının köməyi ilə cənubda “Talış-Muğan Respublikası” yaratmağa cəhd göstərilir, şimalda separatçılıq meyilləri güclənirdi. Cəmiyyətdə böyük bir ümidsizlik yaranmışdı. Bu faciəli günlərdə xalq gözünü böyük oğlu, daim qəlbində və yaddaşında yaşatdığı Heydər Əliyevə dikmişdi. Xalqın yaddaşında Heydər Əliyev təkcə ötən əsrin 70-80-ci illərindəki quruculuq fəaliyyəti ilə deyil, eyni zamanda, blokada şəraitində yaşayan Naxçıvanda gördüyü işlərlə yaşayırdı və onlara Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas verirdi. Ziyalılar, sadə əmək adamları Naxçıvanda Ulu öndəri ziyarət edir, Onu təkidlə hakimiyyətə dəvət edirdilər. 1992-ci ilin oktyabrında Azərbaycan ziyalıları Ona müraciət edərək Ulu öndərin rəhbərliyi ilə siyasi partiya yaradılmasını təklif etdilər”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, xalqın təkidli tələbi və iqtidarın dəfələrlə xahişindən sonra Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Onun sözlərinə görə, iyunun 13-də Milli Məclisin iclasında Ulu öndər Heydər Əliyevin Gəncəyə getmək barədə təklifi o dövr üçün son dərəcə təhlükəli və eyni zamanda, cəsarətli bir addım kimi qiymətləndirilməlidir:Bir gün sonra Gəncədən qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan üçün əsl qurtuluş günü oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini əvvəlcədən görmək, Öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, güclü şəxsi nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı Azərbaycanın başının üstünü alan təhlükələri aradan qaldırdı. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı Azərbaycanın siyasi, iqtisadi, mədəni inkişafının əsasını qoydu”.

Milli Məclisin deputatı Rauf Əliyev 21 il öncə Azərbaycanda böhranlı vəziyyətin yaranmasını o vaxtkı hakimiyyətin səriştəsizliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, heç bir dövlət idarəçiliyi səriştəsi olmayan şəxslərin naşı siyasəti Azərbaycanı uçuruma doğru aparırdı: Bu səbəbdən də xalqımız çox ağır vəziyyətlə üzləşmişdi. Ölkədə vətəndaş müharibəsi təhlükəsi isə vəziyyəti daha da çətinləşdirir, erməni işğalının daha da genişlənməsinə imkan yaradırdı. Belə bir zamanda xalqımız çıxış yolunu haqlı olaraq Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü”.

Millət vəkili Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda bütün sahələrdə inkişafın başlandığını vurğulayıb. O qeyd edib ki, Ümummilli liderin hakimiyyətə gəlişi ilə ölkədə siyasi, iqtisadi stabillik yaranıb və Azərbaycanın inkişaf dövrü başlanıb. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik, iqtisadi inkişaf, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı qiymətli fikirlərini xatırladan R.Əliyev vurğulayıb ki, bu gün bizim əldə etdiyimiz uğurlar, nailiyyətlər görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlıdır: “Hər birimiz həyatımızdakı inkişafa görə Milli Qurtuluş Gününə borcluyuq. Haqlı olaraq bu gün Azərbaycanın tarixində bayram kimi qeyd olunur”.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 12 iyun.- S.4.