Azərbaycan Yaponiya
ilə əlaqələrin inkişafına böyük
əhəmiyyət verir
Ölkəmizin bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Xəbər verdiyimiz kimi, Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri gündoğar ölkənin xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takano Makino ilə görüşüb. Görüşdə Azərbaycan nümayəndə heyətinin Yaponiyaya işgüzar səfərinin nəticələri və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir müavini cari ilin aprelində ölkəmizə səfərini böyük məmnuniyyətlə xatırladıb, səfər təəssüratlarını bölüşüb. Azərbaycanın sürətli inkişafının onda xoş təəssürat doğurduğunu diqqətə çatdıran T.Makino Yaponiya-Azərbaycan münasibətlərinin uğurla davam etdiyini vurğulayıb. Bildirib ki, iki ölkənin regionları arasında formalaşmaqda olan dostluq münasibətləri qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-birinə daha da yaxınlaşmasına, əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verəcəkdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə şöbəsi müdirinin müavini Hüseyn Mövsümov səmimi qəbula və səfərin yüksək səviyyədə təşkilinə göstərilən köməyə görə Yaponiya tərəfinə minnətdarlığını bildirib. Azərbaycanın son illərdəki nailiyyətləri barədə məlumat verən H.Mövsümov Prezident İlham Əliyevin Yaponiya ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və diqqət mərkəzində saxladığını vurğulayıb. Azərbaycan ilə Yaponiyanın regionları arasında əməkdaşlığın böyük potensialı olduğunu qeyd edən şöbə müdirinin müavini iki ölkə arasında elm, mədəniyyət, təhsil və yüksək texnologiyalar sahələrində də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Mövsümov Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinə əsaslanan prinsipial mövqe nümayiş etdirdiyinə görə Yaponiya tərəfinə təşəkkürünü çatdırıb. Görüşdə Yaponiyanın regionlarına səfər vaxtı şəhərlərin meriyalarına verilmiş dostluq mübadiləsi və tərəfdaşlıq barədə niyyət protokollarının layihələri nazir müavininə də təqdim olunub, məsələnin müsbət həlli üçün Yaponiya Xarici İşlər Nazirliyinin öz köməyini əsirgəməyəcəyinə inam ifadə edilib.
Nazir müavini T.Makino iki ölkənin regionları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini təsdiq edərək, bu məqsədə çatmaq üçün Yaponiya tərəfinin mümkün olan bütün addımları atmağa hazır olduğunu bildirib.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan bu gün iqtisadi inkişaf səviyyəsinə görə dünyanın ən güclü dövlətlərindən biri olan Yaponiya ilə əlaqələrə mühüm əhəmiyyət verir. İki ölkə arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulub. Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb. 1 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın Yaponiyadakı səfirliyinin təsis olunmasına dair qanun qəbul edib. 12 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyi açılıb. Azərbaycanda Yaponiya səfirliyi 21 yanvar 2000-ci ildə təsis edilib. Dövlət başçıları səviyyəsində ilk rəsmi səfər isə 1998-ci ildə reallaşıb. Həmin il fevral ayının 24-28-də bu gündoğar ölkədə səfərdə olan Ümummilli liderimiz Heydər Əliyev Yaponiya imperatoru ilə yanaşı, dövlət və hökumət təmsilçiləri ilə görüşüb.
2006-cı ilin 7-10 mart tarixlərində isə Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyaya rəsmi səfər edib. Səfər zamanı Azərbaycan dövlətinin başçısı Yaponiya imperatoru Akixito, baş nazir Dzyunitiro Koidzumi, xarici işlər naziri Taro Aso, Yaponiya Beynəlxalq Agentliyinin prezidenti Sadako Aqato ilə görüşlər keçirib, Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edib, Azərbaycan-Yaponiya iqtisadi forumunda iştirak edib, Azərbaycanın Tokiodakı səfirliyinə baş çəkib, Yaponiya Xarici Ticarət Təşkilatının rəhbərliyi ilə danışıqlar aparıb.
Səfər çərçivəsində Prezident İlham Əliyev NHK radioteleviziya korporasiyasına müsahibə verib, Yaponiyanın bir sıra tanınmış şirkət və bank rəhbərlərini qəbul edib.
Əlbəttə ki, qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin inkişafına əlverişli şərait yaradır. Əlaqələrin daha da inkişafını təmin etmək üçün bu il fevralın 26-da Tokioda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi komissiyanın VIII birgə iclası keçirilib. Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyasının həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşi iclasda müzakirə edilmiş məsələlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb. VII iclasın 2011-ci ilin noyabrında Bakıda keçirildiyini xatırladan Y.Kobayaşi deyib: “Ötən dövr Azərbaycanın sürətli inkişafı ilə xarakterizə olunur. Həm də bu inkişaf yalnız neft-qaz sənayesini deyil, iqtisadiyyatın digər sahələrini də əhatə etmişdir. Ötən iclasda Azərbaycan öz niyyətlərini bildirmişdi və biz artıq onların reallığa çevrilməsinin şahidiyik. Buna artıq fəaliyyətə başlamış sənaye parkını misal göstərə bilərik. Azərbaycan rəhbərliyinin iqtisadiyyatın şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi xətti reallığa çevrilməkdədir. Tokioda keçirilən iclasda Azərbaycanın Yaponiya tərəfi qarşısında konkret istiqamətlər üzrə irəli sürdüyü təkliflər də təsdiqləyir ki, ölkənizin iqtisadiyyatı yalnız neft-qaz sahəsində deyil, digər sahələrdə də uğurla irəliləyir. Bu, deməyə əsas verir ki, növbəti iclas tərəflər arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyacaqdır”.
Azərbaycan tərəfinin əvvəllər irəli sürdüyü təkliflər içərisində infrastruktur layihələrinin üstünlük təşkil etdiyini xatırladan Y.Kobayaşi bildirib ki, həmin layihələr neft-qaz hasilatı nəticəsində əldə olunmuş gəlir hesabına həyata keçirilirdi. O vaxt Yaponiya şirkətlərinin də qoşulduğu layihələr, onların texniki və avadanlıq təchizatı məhz dövlətçiliyin özülünün möhkəmləndirilməsinə xidmət edirdi. Bu gün isə həmin mərhələ geridə qalıb, Azərbaycan qüdrətli dövlətə çevrilib. Bunu Tokioda keçirilən iclasda Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərin kosmik sənaye, kosmosun mənimsənilməsi, süni peyklərin buraxılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, səhiyyənin müasir standartlar səviyyəsinə qaldırılması kimi istiqamətləri də təsdiqləyir. Bundan əlavə, enerji layihələri neft-qaz yataqlarından yalnız hasilatı deyil, eyni zamanda, emal sənayesini əhatə edir. Həmçinin, humanitar əməkdaşlıq sahəsində kadrların hazırlanması kimi məsələlər də gündəmə gəlib. Bütün bunlar deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr çox geniş şəkildə şaxələnib və zənginləşib.
Azərbaycanın TANAP və TAP kimi nəhəng beynəlxalq layihələrə imza atmağa başladığını qeyd edən Y.Kobayaşi deyib ki, bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir. Yaponiya şirkətlərinin həmin layihələrə həm maliyyə mexanizmləri, həm də texnologiya və təcrübəli kadrlarla qatılacağını diqqətə çatdıran yaponiyalı həmsədr bunun iki ölkə arasında əməkdaşlıq münasibətlərini daha da yaxşılaşdıracağını vurğulayıb.
Bundan əvvəl isə Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gündoğar ölkədə rəsmi səfərdə olub. Səfərin məqsədi iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin daha da genişləndirilməsi olub. Beş gün davam etmiş səfər çərçivəsində Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri, təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, daxili işlər və rabitə üzrə dövlət katibi ilə görüşlər keçirilib, Azərbaycan-Yaponiya İKT əməkdaşlığı, xüsusilə İT park, telekommunikasiya və kosmik sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Danışıqlar zamanı iki dost ölkə arasında bu sahədə müqavilə-hüquq bazasının inkişafı haqqında tərəflər müsbət mövqe nümayiş etdiriblər. Eyni zamanda, nümayəndələr Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin, Yüksək Texnologiyalar Mərkəzinin (TEPIA), Radio-televiziya Yayım Korporasiyasının (NHK) fəaliyyəti ilə də tanış olublar. İKT və elektronika sahəsində avadanlığın istehsalı ilə məşğul olan “Mitsubishi”, “NEC”, “Panasonic” kimi tanınmış şirkətlərdə keçirilən görüşlərdə istehsal prosesləri müşahidə olunub, qonaqlara son layihələr barədə ətraflı məlumat verilib. Həmin görüşlərdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin səfəri Yaponiya KİV-ləri tərəfindən maraqla qarşılanıb, “İbaraki Shimbun”, “Sankey Shimbun” və “Nikkey Shimbun” qəzetlərində səfər haqqında məlumatlara, nümayəndə heyətinin rəhbəri nazir Əli Abbasovun müsahibələrinə geniş yer verilib.
Beləliklə, qeyd etmək olar ki, bu gün dünya iqtisadiyyatında kifayət qədər əhəmiyyətə malik olan Cənubi Şərqi Asiya regionu dövlətləri ilə əməkdaşlığı genişləndirmək istiqamətində ardıcıl siyasət yeridən Azərbaycan dövlətinin əməkdaşlıq etdiyi və dinamik əməkdaşlıq qurduğu ölkələrdən biri də Yaponiyadır. Göstərilən faktlar isə bir daha onu deməyə əsas verir ki, möhkəm təmələ və qarşılıqlı maraqlara söykənən münasibətlərin bundan sonra da inkişafı üçün lazımi iradə və güclü hüquqi baza formalaşdırılıb.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-2014.- 12 iyun.- S.8.